Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-473/2021 18.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 2.600 manat borc və 20 manat dövlət rüsumunun, cəmi 2.620 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) ərizə ilə məhkəməyə müraciət edərək, 2.600 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC (“xxxx” ASC) ilə borclu Cavabdeh arasında bağlanmış 2019-cu il 14 may tarixli 05/00023749 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı561368 şassi nömrəli, Z29702 mühərrik nömrəli taxılyığan kombaynı 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə borclu arasında bağlanmış05/00023749 nömrəli müqaviləyə əsasən 6 000,00 (altı min) manat öhdəlikdən 3 400,00 (üç min dörd yüz) manat ödəniş edərək 2 600,00 (iki min altı yüz) manat borcu qalmışdır. Borclunun Cəmiyyətə hal-hazırda 2 600,00 (iki min altı yüz) manat borcu vardır. Lakin, borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli, e-2-2(121)-473/2021 saylı məhkəmə əmri ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilmişdir. Borcu Cavabdeh məhkəməyə ünvanlanmış yazılı etirazında 2019-cu il tarixində Beyləqan, Xocavənd İddiaçı ASC-dən 2 aylıq müqavilə ilə taxılbiçən kombayn götürdüyünü, müqaviləyə uyğun olaraq pulun 50 faizini ödədiyini, pulun yerdə qalan 50 faizini isə kombaynın ehtiyat hissələrinə verilməsini ona bildirmişlər. Bir müddət keçdikdən sonra Kənd Təsərrüfatı Nazirliyindən Aqşin və İlyas müəllim adlı iki nəfər servisə gələrək iclas keçirmiş və bildirmişlər ki, koronavirusla əlaqədar onların qalan borcu tam silinmişdir. Borclu etirazında borcun silinməsinə baxmayaraq 2020-ci ildə müqavilə əsasında yenidən taxılbiçən kombayn götürdüyünü və 100 faiz ödəniş etdiyini qeyd etmişdir. Hazırda yenidən kombayn götürmək üçün servisə müraciət etsə də onun 2019-cu ildə 50 faiz borcu olduğu üçün ona kombayn vermirlər. Odur ki, o, servisdən narazı olaraq etirazını bildirmiş və məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Borclunun etiraz ərizəsinə əsasən Şirvan Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli, e-2-2(121)-473/2021 saylı qərardadı ilə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı 2.600 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli, e-2-2(121)-473/2021 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 14 may 2019-cu il tarixli, 05/00023749 saylı müqavilənin surətindən görünür ki, kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcluya ümumi məbləği 6.000 manat olan, biçin mövsümü müddətində (2 ay), 1 ədəd Sampo Rosenlew SR-2045 Classic markalı, 4 silindrli, 561368 şassi nömrəli, Z29702 mühərrik nömrəli kombayn taxılyığanı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən 14 may 2019-cu il tarixli, F00023749 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Sampo Rosenlew SR-2045 Classic markalı, 4 silindrli, buraxılış ili 2014-cü il, 561368 şassi nömrəli, Z29702 mühərrik nömrəli kombayn taxılyığan “xxxx” ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin rəhbəri X3 tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan RN-nin istifadəsində olan texnikanın qısamüddətli lizinqə götürəndən geri alınarkən tərtib edilən 12 iyul 2019-cu il tarixli, 8982 saylı texniki vəziyyət haqqında aktın surətindən görünür ki, Sampo Rosenlew SR-2045 Classic markalı, 4 silindrli, buraxılış ili 2014-cü il, 561368 şassi nömrəli, Z29702 mühərrik nömrəli kombayn taxılyığan Cavabdeh tərəfindən “xxxx” ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin rəhbəri X1 təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC (“xxxx” ASC) tərəfindən Cavabdeh ünvanlanmış 28.01.2021-ci il tarixli, 23/P-199 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC (“xxxx” ASC) borclu Cavabdeh pretenziya məktubu ünvanlayaraq yaranmış 2.600 manat məbləğində borcun qısa zaman ərzində İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 19.02.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Cavabdeh tərəfindən 14.05.2019-cu il tarixli 05/00023749 saylı müqavilə əsasında müəyyən edilmiş 6.000 manat ödəniş məbləğindən 3.400 manatı ödənilmiş, qalıq borc isə 2.600 manat təşkil edir. İş materiallarından olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 15-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, lizinq müqaviləsi mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28.12.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun lizinqlə bağlı qəbul olunmuş əvvəlki qərarlarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14.05.2019-cu il tarixli, 05/00023749 saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh 14.05.2019-ci il tarixli 05/00023749 saylı müqavilə əsasında müəyyən edilmiş 6.000 manat ödəniş məbləğindən 3.400 manatı ödəmiş, qalıq borc isə 2.600 manat təşkil edir. Eyni zamanda, Cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən məhkəmə əmri haqqında ərizə verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.600 (iki min altı yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, ümumilikdə 2.620 (iki min altı yüz iyirmi) manat tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-473/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-473/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver