Məhkəmə qərarları › İş №2-2(105)-127/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-127/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-127/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, e-2-2(119)-659/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bitki mühafizə vasitələrinin dəyəri olan 5159 manat məbləğində əsas borc və 515,90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5674,90 manat məbləğində pul vəsaitinin, 46,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 100 manat məbləğində mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN **********) İddiaçındən 10 may 2020-ci il, 17 may 2020-ci il və 05 iyun 2020-ci il tarixlərində müvafiq olaraq 2110 manat, 1211 manat və 1838 manat məbləğində olmaqla, cəmi 5159 (beş min yüz əlli doqquz) manat dəyərində bitki mühafizəsi vasitələrini - dəyərini 3 ay müddətində hissəhissə ödəmək şərtilə nisyə almışdır. Lakin, bu günə qədər cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı vasitələrin dəyərini ödəməmiş və buna görə də, Cavabdeh İddiaçınə olan əsas borcu ümumilikdə 5159 manat təşkil edir. Bundan əlavə, cavabdeh 1 ildən artıq müddətdir ki, ödənişi gecikdirdiyi üçün 515,90 manat cərimə ödəməlidir (5159 x 0,1% (hər gecikdirilən gün üçün ümumi borcun 10% keçməmək şərtilə). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisəni məhkəmədənkənar həll etmək üçün cavabdehə pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün cavabdehə təklif göndərilsə də, cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məktub, telefon zəngi və watsapla məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiyasına gəlməmişdir. Ona görə də, borcun tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri - 46,75 manat məbləğində ödənilmiş dövlət rüsumundan və 100 manat məbləğində ödənilmiş mediasiya xərcindən ibarətdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, e-2-2(119)- 659/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh (VÖEN **********) 5159 (beş min yüz əlli doqquz) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 46,75 (qırx altı manat 75 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5305,75 (beş min üç yüz beş manat 75 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumunun qalığı kimi 24,84 (iyirmi dörd manat 84 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, e-2-2(119)-659/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Xaçmaz şəhərində bitki mühafizə vasitələrinin satışı ilə məşğul olur. 2019-cu ildə o, İddiaçındən üç dəfəyə (2110 manat+1211 manat+1838 manat) cəmi dəyəri 5159 manat dəyərində bitki dərmanlarını nisyə götürmüşdür. Bu barədə müvafiq olaraq 2110 manat dəyərində dərmanlara dair ******* №-li, 1211 manat dəyərində dərmanlara dair ******* №-li və1838 manat dəyərində dərmanlara dair ******* №-li qaimələr tərtib edilmiş, qaimələrdə alıcı qismində o, yəni Cavabdeh, satıcı qismində isə Şahid imza etmişlər. Ona təqdim edilmiş həmin qaimələrin surətlərində tərtibetmə tarixi göstərilməmişdir. Yuxarıda göstərilən nisyə aldığı dərmanların tam dəyərini o, 2019-cu ilin müxtəlif tarixlərdə iddiaçının nümayəndəsi olan və həmin dərmanları qaimə əsasında ona vermiş Şahid ödəmişdir. Bu barədə onun tərəfindən rəsmi sənəd tərtib olunmuş və hər dəfə pulu təhvil alarkən Şahid göstərilən məbləğdə pulun alınmasına dair imza etmişdir. Hazırki işlə bağlı o, Sumqayıt Kommersiya Məhkəməsinə birinci dəfə çağırılarkən ona qarşı olan iddianın mahiyyətindən xəbərsiz olmuş, birinci dəfə məhkəmə hazırlıq iclasında iştirak edərkən sədrlik edən tərəfindən iddia ərizəsi şifahi olaraq elan edilmiş, o, cavabdeh olaraq iddianı qəbul etmədiyini bildirərək hakimdən ona iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsini xahiş etmiş, sədrlik edən hakim iş üzrə birinci hazırlıq iclası olduğunu və ona poçt vasitəsilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini poçt vasitəsilə göndəriləcəyini və bununla da, hazırlıq iclaçının təxirə salacağını bildirməklə məhkəmə iclasını bağlı elan etmişdir. Bundan sonra ona bir neçə dəfə məhkəmə bildirişləri gəlsə də, iddia ərizəsinin surəti və ona əlavə olunmuş sənədlərin surətləri göndərilməmiş, hər dəfə məhkəmə bildirişi aldıqdan sonra o, işə baxan hakimə teleqramla müraciət edərək ona iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin göndərilmədiyini, həmin sənədlərin surətlərinin göndərilməsini və məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin hər dəfə eyni ilə məhkəmə bildirişləri ona göndərilsə də, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə ev ünvanına poçt vasitəsilə məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, e-2-2(119)-659/2022 saylı qətnamənin surəti daxil olmuşdur. Qətnamədən göründüyü kimi məhkəmə yalnız iddiaçı tərəfinin nümayəndəsinin izahatına və onların təqdim etdiyi “sübutlara” əsaslanaraq ondan 5159 manat məbləğində əsas borc və digər xərclərlə birlikdə, cəmi 5305,75 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə ona iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərini göndərməməkdə qanunun tələblərini pozmuş, cavabdeh olaraq onu iddia ərizəsi ilə tanış olub ona qarşı etirazını bildirmək və məhkəməyə mövgeyini sübut edəcək dəlilləri təqdim etmək hüququndan və imkanından məhrum etmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi iddiaçının ona nisyə mal verdiyi nümayəndəsi Şahid nisyə aldığı dərmanların dəyərinin tam ödənilməsini təsdiq edən sənədi vardır. Qətnamədə qeyd olunur ki, o, iddiaçıdan xx.xx.2020-ci il tarixli ******* №-li qaimə-fakturaya əsasən 2110 manat dəyərində, xx.xx.2020-ci il tarixli ******* №-li qaimə fakturaya əsasən 1211 manat dəyərində və xx.xx.2020-ci il tarixli ******* №-li qaimə fakturaya əsasən 1838 manat dəyərində məhsulları almışdır. Onda olan həmin nömrəli qaimə-fakturalarda onların tərtibetmə tarixləri göstərilməmişdir. Əslində o, qaimə-fakturalarda göstərilən məhsulları 2020-ci ildə deyil, 2019-cu ildə almış və həmin ildə də onların dəyərini tam olaraq Şahid ödəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və hazırki iş üzrə qətnamənin çıxarılmasına məhkəmə tərəfindən əsas götürüldüyü qaimələrə fikir verildikdə onların həqiqiliyinə şübhə yaranır. Belə ki, xx.xx.2020-ci il tarixli qaimə-fakturanın nömrəsi ******* yazılır, həmin tarixdən bir həftə sonrakı tarixə təsadüf edən xx.xx.2020-ci il tarixli qaiməfakturanın nömrəsi ******* (xx.xx.2020-ci il tarixli qaimə-fakturanın nömrəsindən 2 nömrə əvvələ), xx.xx.2020-ci il tarixli qaimə-fakturanın (xx.xx.2020-ci il tarixli qaimə-fakturanın tarixindən 26 gün sonrakı tarix) nömrəsi ******* (xx.xx.2020-ci il tarixli qaimə-fakturanın nömrəsindən 1 nömrə aşağı) göstərilmişdir. Əslində sonrakı tarixli qaimə-fakturalarının nömrəsi əvvəlki qaimə-fakturanın nömrəsindən yuxarı olmalıdır. Nədənsə işə baxmış məhkəmə ona iddia ərizəsinin və iddianın təmin edilməsində əsas götürdüyü qaiməfakturaların surətlərini göndərməməklə iddiaçıya şərait yaratmışdır ki, məhkəməyə həqiqətə uyğun olmayan “sübutları” təqdim etsin və ondan əsassız olaraq pul tələb edə bilsin. İDDİAÇİNİN NÜMAYƏNDƏSİNİN APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİ Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMM-dən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində müvafiq olaraq 2110 manat, 1211 manat və 1838 manat məbləğində olmaqla, cəmi 5159 (beş min yüz əlli doqquz) manat dəyərində bitki mühafizəsi vasitələrini və gübrələrin dəyərini 3 ay müddətində hissə-hissə ödəmək şərtilə almışdır. Lakin, bugünə qədər cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı vasitələrin dəyəri olan 5159 manat məbləğində pul vəsaitini ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, 2019-cu ildə 3 dəfəyə cəmi dəyəri 5159 manat dəyərində bitki dərmanlarını nisyə götürmüş və dəyərini ödəmişdir. Halbuki, Cavabdeh apelyasiya şikayətində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamış, 10 may 2020-ci il tarixli ******* nömrəli Qaimə-Faktura əsasında cavabdehə satılmış 2110 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələrinin, 17 may 2020-ci il tarixli ******* nömrəli Qaimə-Faktura əsasında satılmış 1211 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələrinin, eləcə də 05 iyun 2020-ci il tarixli ******* nömrəli Qaimə- Faktura əsasında satılmış 1838 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələrinin dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, həqiqətən də İddiaçı MMM tərəfindən cavabdehə yuxarıda qeyd edilən qaimə-fakturalar əsasında ümumi dəyəri 5159 manat olan müxtəlif adda bitki mühafizə vasitələri satılmış, lakin dəyəri ödənilməmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, cavabdeh tərəfindən şəxsən yazılmış və imzalanmış əlyazma ilə, eləcə də alqı-satqı prosesində birbaşa iştirak etmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsi və işin digər halları ilə müəyyən edilmişdir. Cavabdehin apelyasiya şikayətinin digər əsası isə iddia ərizəsinin surətinin ona təqdim edilməməsi ilə bağlıdır. Hesab edir ki, apelyasiya şikayətində istinad edilən bu hal da qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə ki, İddiaçı MMM tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər həm poçt vasitəsilə, həm də elektron qaydada cavabdehin müvafiq icra hakimiyyətinin elektron saytında yaradılmış elektron kabinetinə göndərilmiş, bu barədə cavabdehin istifadə etdiyi mobil nömrəsi vasitəsilə ona sms göndərilmiş, eyni zamanda mediasiyaya müraciət edilmiş və cavabdeh mediasiyaya dəvət edilmiş, bundan başqa, cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddia ərizəs barədə məlumatlı olduğunu bildirmiş, daha sonra hakim tərəfindən iddia ərizəsinin məzmunu elan edilmiş, eyni zamanda iddiaçının nümayəndəsi də iddia ərizəsi üzrə izahat vermiş və sübutların təqdim edilməsi üçün məhkəmə hazırlıq iclası təxirə salınmış, bundan sonrakı iclaslarda cavabdeh iştirak etməmiş, hər dəfə məhkəmə iclasının təxirə salınması üçün teleqram göndərmiş, məhkəmə iclası cavabdehin iştirakının təmin edilməsi üçün hər dəfə təxirə salınmış, sonda cavabdeh heç bir üzrlü səbəb göstərmədən dəfələrlə məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyi və hər dəfə məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası MPMnin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılaraq, iş üzrə qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan 10 may 2020-ci il tarixli ******* nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh (VÖEN **********) cəmi 2110 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələri satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 2110 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 17 may 2020-ci il tarixli ******* nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh cəmi 1211 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələri satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 1211 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 05 iyun 2020-ci il tarixli ******* nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh cəmi 1838 manat dəyərində müxtəlif adda bitki mühafizə vasitələri satılmış və həmin Qaimədə sadalanan və ümumi qiyməti 1838 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan və Cavabdeh adından əlyazma yazı ilə tərtib edilərək sonuncu tərəfindən imzalanmış 09 sentyabr 2020-ci il tarixli “izahat”da qeyd olunur ki, o, "Aqroservis” Şirkətinin nümayəndəsi Şahid 3 dəfəyə (2110 manat + 1211 manat + 1838 manat) = 5159 manat dəyərində bitki dərmanlarını götürmüşdür. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, “satıcı” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “alıcı” Cavabdeh (VÖEN **********) arasında kənd təsərrüfatı sahəsində istifadə edilən müxtəlif adda bitki mühafizə vasitələrin alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçınə 10 may 2020-ci ildə verilmiş 2110 manat dəyərində, 17 may 2020-ci ildə verilmiş 1211 manat dəyərində və 05 iyun 2020-ci ildə verilmiş 1838 manat dəyərində bitki mühafizəsi vasitələrinin, yəni kənd təsərrüfatı məhsulların yetişdirilməsində istifadə olunan dərman və vasitələrin pulu olan ümumilikdə cəmi 5159 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 5159 (beş min yüz əlli doqquz) manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 515,90 (beş yüz on beş manat 90 qəpik) manat məbləğində cərimənin Cavabdeh tutulması xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, “satıcı” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “alıcı” Cavabdeh (VÖEN **********) arasında kənd təsərrüfatı sahəsində istifadə edilən müxtəlif adda bitki mühafizə vasitələrin alqı-satqısı baş tutmuş, Cavabdeh 10 may 2020-ci il tarixli, 17 may 2020-ci il tarixli və 05 iyun 2020-ci il tarixli qaimə-fakturalar əsasında təhvil almış olduğu müxtəlif adda bitki mühafizə vasitələrinin dəyərini ödəməyərək, İddiaçı qarşısında öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin qaimə-fakturalar üzrə ödənilməmiş 5159 (beş min yüz əlli doqquz) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətini «nisyə aldığı dərmanların tam dəyərini 2019-cu ilin müxtəlif tarixlərində iddiaçının nümayəndəsi olan və həmin dərmanları qaimə əsasında ona vermiş Şahid ödəməsi, bu barədə rəsmi sənəd tərtib olunması və hər dəfə pulu təhvil alarkən Şahid göstərilən məbləğdə pulun alınmasına dair imza etməsi» ilə əsaslandırmışdır. Belə ki, cavabdehin qeyd edilən dəlili ilə bağlı birinci instansiya məhkəməsində İddiaçındə aqronom vəzifəsində işləyən X8 şahid qismində dindirilmiş və o, ifadəsində Xaçmaz şəhərində bitki mühafizə vasitələrinin satışı ilə məşğul olan Cavabdeh 2015-ci ildən İddiaçınə məxsus bitki mühafizə vasitələri olan müxtəlif dərman vasitələrini nisyə verdiyini və bir neçə ay sonra pulunu aldığını, lakin 10 may 2020-ci il tarixdə vermiş olduğu 2110 manat dəyərində, 17 may 2020-ci ildə vermiş olduğu 1211 manat dəyərində və 05 iyun 2020-ci ildə vermiş olduğu 1838 manat dəyərində bitki mühafizəsi vasitələrinin dəyərini Cavabdeh ödəmədiyini və dəfələrlə tələb edilməsinə baxmayaraq o, həmin pulların ödənilməsindən müxtəlif bəhanələrlə yayındığını, bununla əlaqədar onun tərəfindən 2020-ci ilin sentyabr ayında Cavabdeh izahatı alınaraq İddiaçınə təqdim edildiyini, həmin izahatında da Cavabdeh öz əli ilə məlum alqı-satqılara görə cəmi 5159 manat məbləğində borcunun olduğunu etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində yuxarıda qeyd olunan dəlillər öz təsdiqini tapmamış, eləcə də cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, e-2-2(119)- 659/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar