Məhkəmə qərarları › İş №2-2(105)-136/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-136/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-136/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı tərəfindən cavabdeh Samur-Yalama Milli Parkına qarşı kommersiya işi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Tofı̇ q qızının cavabdeh Samur-Yalama Mı̇ lli Parkına qarşı "icarə müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-1153/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Samur-Yalama Milli Parkına qarşı “icarə müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2- 2(119)- 1153/2023 nömrəli qərardadı (hakim Həlimə Alıyeva) ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü, 152.1.5-ci və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır.

3. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2- 2(119)-1153/2023 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraatının mümkün hesab edilməsini və işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli e-2- 2(119)- 1153/2023 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2-2(119)-1153/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci madəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 151.1, 150.1.4, 150.2, 150.1.6, 152.1.4, 152.1.6, 152.4, 108, 152.1.5, 149-152, 263, 264, 267 və 268-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri :

7. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi subyektiv mülahizələrlə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri iki dəfə geri qaytarmışdır. Hazırda mübahisələndirdiyi Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(119)-1153/2023 nömrəli qərardadından görünür ki, məhkəmə iş materialları ilə tanış olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150-152-ci maddələrinin mətnlərini həmin qərardada köçürməklə yenidən iddianı geri qaytarmışdır. Aşağıdakılara əsasən hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(119)-1153/2023 nömrəli qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: 1.Elektron məhkəmə sisteminin tətbiqi insanların, o cümlədən kommersiya təşkilatlarının məhkəmələrə asanlıqla müraciət etməsini və vaxt itkisinin qarşısının alınmasına xidmət edir. Lakin bu cür praktika, yəni formal əsaslarla iddia ərizələrinin geri qaytarılması insanların məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırır və süründürməçiliyə səbəb olur. İş materiallarından görünür ki, digər məhkəmə icraatı zamanı 6 məhkəmə prosesi keçirilmiş, həmin proseslərin ikisində cavabdehin nümayəndəsi bilavasitə iştirak etmiş, iş materiallarıilə tanış olmuş, cavabdehə həm pretenziya göndərilmiş, həm də o proseslər zamanı iş materialları ilə tanış olmuş, Ali Məhkəmənin qərarından sonra cavabdehə iki dəfə mediasiya təklifi göndərilmiş, cavabdeh həmin təklifin surətini almış, Xaçmaz şəhərində keçirilən ilkin mediasiya zamanı mediator cavabdehlə birbaşa telefon əlaqəsi yaratmış, bizim iclasa gəlməyimizə baxmayaraq cavabdehin nümayəndəsi qərəzli şəkildə ilkin mediasiya iclasına gəlməmişdir. O, fiziki şəxsdir. O nə etməlidir ki, cavabdehin nümayədəsi ilkin mediasiya iclasına gəlsin?! İş materiallarında olan poçt qəbzinin surətindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. İş materiallarında olan poçt teleqramının surətindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmışdır. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, 207 manat dövlət rüsumu köçürülmüşdür. Lakin məhkəmə qərardadında 55 manat dövlət rüsumunun köçürüldüyü qeyd edilmişdir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Samur-Yalama Milli Parkına qarşı “icarə müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2-2(119)-1153/2023 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi və işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2-2(119)-1153/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2- 2(119)-1153/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.72. Elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 150.1.4. Bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Maddə 150.1.6. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Maddə 152.1.4. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 1153/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə əməl olunmayaraq iddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunması, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını və eləcə də, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmaması ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyinə görə Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasının və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin göründüyü kimi qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Sənədlərin cavabdehə əlbə-əl təqdim edilməsi Mülki-Prosessual Məcəllənin 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməsi kimi qəbul edilə bilməz. İddiaçı şikayətində 207 (iki yüz yeddi) manat məbləğində dövlət rüsumu ödənildiyini göstərsə də, iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, 29 iyul 2023-cü il tarixdə Qusar 1 saylı Mediasiya təşkilatının hesabına 2 qəbz üzrə 5 (beş) və 50 (əlli) manat olmaqla, cəmi 55 (əlli beş) manat pul ödənilmiş, həmin gün iddiaçıya “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmiş və arayışda mediasiya xərcinin məbləği kimi 55 (əlli beş) manat qeyd olunmuşdur. İlkin mediasiya sessiyası keçirildikdən sonra - 03 avqust 2023-cü il tarixdə iddiaçı tərəfindən 150 (yüz əlli) manat pul ödənilmiş, lakin hesabın sahibi kimi yenidən Qusar 1 saylı Mediasiya təşkilatı, təyinat mediasiya xidməti göstərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə 12 avqust 2023-cü və 01 sentyabr 2023-cü il tarixlərdə hər dəfə 1 (bir) manat olmaqla cəmi 2 (iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində rüsum ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq Mülki-Prosessual Məcəlləsinin qeyd olunan tələblərinə əməl edildiyini göstərmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı:

İddiaçı Tofı̇ q qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 1153/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar