Məhkəmə qərarları › İş №2-2(105)-35/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-35/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-35/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi Karayol Zahitin, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2-2(119)-1669/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən (iddiaçı) "MSİ“ MMC-dən icarəyə götürdüyü Bakı-Quba yolu 27-ci km ünvanında yerləşən qeyri-yaşayış sahəsini "subicarə" qaydasında icarəçiyə (cavabdeh) icarəyə verir. İcarəçi isə həmin qeyri-yaşayış sahəsinin icarəsinin əvəzi olaraq bu müqavilə ilə razılaşdırılmış qaydada və məbləğdə icarə haqqını ödəyir. Aylıq icarə haqqı hər ay üçün 300 manat müəyyən edilir. İcarə haqqı hər ay üçün həmin ayın 5-dək ödənilir. Həmin müqavilənin 9.2ci bəndinin 5-ci abzasına əsasən, müqaviləyə tərəflərin birinin təşəbbüsü ilə 30 gün əvvəl xəbərdarlıq edilməklə istənilən vaxt xitam verilə bilər.

2. 09 mart 2024-cü il tarixdə iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərilərək icarə müqaviləsinə xitam verildiyi qeyd edilmiş, ödəməli olduğu icarə haqlarının və kommunal borcların ödənilməsi və 13 mart 2024-cü il tarixdə təmir sexinin boşaldılması tələb edilmişdir.

3. İddiaçı tərəfindən 13 mart 2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək aralarında bağlanmış icarə müqaviləsinə xitam verildiyi qeyd edilmiş, 2 gün ərzində ödəməli olduğu icarə haqlarının və kommunal borcların ödənilməsi və təmir sexinin boşaldılması tələb edilmiş, əks təqdirdə icarə obyektinin hüquq mühafizə orqanlarının köməyi ilə boşaldılacağı bildirilmişdir.

4. 09 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçı icarə müqaviləsinin 5.1ci və 5.2-ci bəndlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, ətrafda olan digər icarədarları təhqir edib zor tətbiq etdiyini, icarə haqqı və kommunal borcları ödəmədiyini, transformatorun mühafizə qıfılını sındırdığını qeyd edərək müqaviləyə 01 mart 2024-cü il tarixdən xitam verildiyini bildirmişdir.

5. İddiaçının direktoru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli əmrə əsasən, icarə haqqını vaxtında ödəmədiyinə görə, İddiaçı MMC-nin istifadəsində olan avadanlığa ziyan vurduğuna, icarəçilərlə əsassız dava edərək onlara xəsarət yetirdiyinə görə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinə 01 mart 2024-cü il tarixdən xitam verilmişdir.

6. İddiaçının 22 noyabr 2024-cü il tarixdə təqdim edilmiş arayışında qeyd edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə iddiaçıya icarə müqaviləsi üzrə 3300 manat, kommunal xərclər üzrə 155 manat məbləğində borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə 05 iyun 2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh istifadəsindəki boksu boşaltması və istifadə etdiyi boksun 5 aylıq icarə haqqı olan, cəmi 1500 manat məbləğində borcun ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması, 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, 1000 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Bakı-Quba yolu 27-ci km-də olan təmir boksu aylıq 300 manat icarə haqqı ödənilmək şərtilə cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh müqavilənin 5-ci bəndinə əməl etməyərək 4 aylıq icarə haqqı olan 1200 manat borcu ödəməmiş, buna görə də ona 1 ay əvvəlcədən-xx.xx.2024-cü il tarixdə icarə haqqı borclarını ödəməsi, ödəniş olunmazsa, icarə müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh ünvanına göndərilən xəbərdarlıq məktubunu götürməkdən imtina edərək icarə haqqı borclarını ödəməkdən boyun qaçırmışdır. O, ödənişlərini etmədiyinə və icarə müqaviləsinin şərtlərini birtərəfli pozduğuna görə iddiaçının istifadəsində olan elektrik yarımstansiyasından cavabdehə icarəyə verilmiş boksun elektrik enerjisi təchizatı iddiaçı tərəfindən dayandırılmışdır. Lakin cavabdeh onun icarəsində olan boksa işıq vərən yarımstansiyanın qıfılını da icazəsiz sındıraraq işığı müqavilədən kənar və qeyri-qanuni bərpa etmiş, cəmi 1500 manat olan hazırkı borclarını da ödəməyərək fəaliyyətini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə yenidən xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh məktubu yenə də götürməkdən imtina edərək icarə haqqı borclarını ödəməkdən boyun qaçırmış, xəbərdarlıq məktubunu götürən şəxsə borcunu ödəməyəcəyini və icarə sahəsindən çıxmayacağını bildirmişdir.

9. Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(117)-799/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun və digər ödənişlərin tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.

10. İddiaçı tərəfindən 22 noyabr 2024-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh istifadəsindəki boksu boşaltması, 3300 manat məbləğində icarə haqqı borcunun, 155 manat məbləğində kommunal xərclərin, 1000 manat məbləğində maddi zərərin əvəzinin və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1669/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində əsas borcun və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli subicarə müqaviləsinin ləğv edilməsi və subicarə obyekti olan qeyriyaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının işgüzar nüfuzuna xələl gətirə biləcək hər hansı bir əmələ yol verməmişdir, onunla baglanmış icarə müqaviləsinə əsasən o, həmin sahədən istifadə etmiş və aylıq icarə haqqını da ona ödəmişdir, lakin iddiaçının təqsiri üzündən icarəyə verilən sahənin dam örtüyünün bərbad olması üzündən o, böyük məbləgdə ziyana düşmüş və iddiaçıdan həmin boksun istifadə ücün normal vəziyyətə gətirilməsini xahiş etmiş, lakin iddiacı buna məhəl qoymamış və ona maddi sıxıntılar yaşatmışdır. O, məcburiyyət qarşısında qalaraq öz vəsaiti ilə həmin boksun təmirini aparmış, artıq onun tərəfdən bu işlər görüləndən sonra iddiacı onun həmin obyektdən cıxarılmağı ilə baglı iddia qaldırmışdır. Bundan başqa bura onun iş yeridir, himayəsində azyaşlı övladları vardır və özü də maddi sıxıntılar yaşayır, bu səbəbdən də iddiacı ilə razılaşma əldə etməyə çalışmış, lakin o yenə də öz inadından əl çəkməmişdir. Lakin məhkəmə işə onun iştirakı olmadan baxmaqla və iddiaçının irəli sürdüyü dəlillərin əsassızlıgını yoxlamadan hazırki qətnaməni çıxarmışdır.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi Karayol Zahiti apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin mübahisəsiz hallarına əsasən, tərəflər arasında 01 fevral 2023-cü il tarixli Sumqayıt şəhəri Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən qeyri-yaşayış sahəsinin (avtomobillərin təmiri üçün nəzərdə tutulmuş boks) subicarə müqaviləsi bağlanmış, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək aylıq icarə haqlarını tam ödəməmiş, nəticədə onun icarə haqqı borcu yaranmışdır.

20. Bu əsasla iddiaçı icarə haqqı borcunu 3300 manat kimi qiymətləndirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

21. Məhkəmə iddianı qismən təmin etmiş və iş materiallarında olan sənədlərə, iddiaçının nümayəndələrinin izahatlarına əsaslanaraq hesab etmişdir ki, 2024-cü ilin fevral ayı da daxil olmaqla cavabdeh tərəfindən icarə haqqı üzrə ödənişlər həyata keçirildiyindən cavabdehin icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyi ayların cəmi (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr) 9 ay təşkil edir, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh bildirir ki, öz vəsaiti ilə həmin boksun təmirini aparmış, işlər görüləndən sonra iddiaçı onun qeyri-yaşayış sahəsindən cıxarılması ilə baglı iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən dəlilləri ilə bağlı hər-hansı sübut təqdim etməmişdir, digər tərəfdən həmin dəlil hazırki məhkəmə araşdırmasının predmetini təşkil etmir.

23. Məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlillərlə bağlı isə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmənin hazırlıq və baxış iclasaları barədə lazımi qaydada məlumatlandırılsa da, üzrlü səbəblər olmadan məhkəmə iclaslarında iştirak etməmişdir.

24. Məhkəmə kollegiyasının iclasında cavabdeh onun yeganə iş yeri olması əsası ilə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi ilə bağlı hissədə də qətnamə ilə razılaşmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 685.2.1-ci, 685.2.2-ci və 697.1-ci maddələrinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Cavabdeh subicarə müqaviləsi üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən məhkəmənin subicarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1669/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar