Məhkəmə qərarları › İş №2-2(105)-141/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-141/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-141/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 457/2023 nömrəli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli e-2-2(119)-457/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddiası təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 62135,21 (altmış iki min yüz otuz beş manat 21 qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 62535,21 (altmış iki min beş yüz otuz beş manat 21 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq X4 ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 276,40 (iki yüz yetmiş altı manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 08 avqust 2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli e-2-2(119)-457/2023 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli e-2- 2(119)-457/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. 07 sentyabr 2023-cü il tarixdə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, e-2- 2(119)-457/2023 nömrəli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 11 sentyabr 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, e- 22(119)-457/2023 nömrəli qərardadından şikayət verilərək həmin qərardadın ləğv olunması və həmin qərardadda və Mülki Prosessual Məcəllənin müvafiq maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciətin qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 457/2023 nömrəli qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sumqayıt Kommersiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, e-2-2(119)-457/2023 nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli e-2-2(119)-457/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, İş № e-2-2(119)-457/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Qətnamə və qərardadlar e-məhkəmə sisteminə prosesin olduğu gün yox, prosesin keçirildiyi gündən müəyyən müddət sonra sistemə daxil edilir və yerləşdirilir. Lakin yerləşdirmə vaxtı prosesin keçirildiyi həmin gün qeyd edilir. Həmçinin bu xx.xx.2023 tarixli qərardad dünən xx.xx.2023 tarixdə e-məhkəmə sisteminə yerləşdirilməyinə baxmayaraq, e-məhkəmə sisteminə xx.xx.2023 tarixində yerləşdirilmiş kimi qeyd olunub. xx.xx.2023 tarixli qərardad da həmçinin prosesin olduğu gün tarix ilə e-məhkəmə sisteminə yerləşdirilmişdir. Lakin buna baxmayaraq, faktiki olaraq bu tarixdən müəyyən müddət sonra yerləşdirilmişdir. Bu da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “268.1-ci maddəsinə əsasən, qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər.” Bu qeyd olunma tarixindəki nöqsanlıq onlara şamil edilməməlidir. e-məhkəmə sisteminə daxil olub qərardadı alan kimi şikayət vermişlər. Bu texniki nöqsanlar tərəflərin prosessual olaraq hüquqlarının itirilməsinə və tərəflərin bu hüquqlarını müdafiə edə bilməməsinə gətirib çıxarır. Bir tərəfin öz hüquqlarını müdafiə edə bilmədən gəlinən nəticə digər tərəf üçün haqqı olduğundan daha artığını almaqla haqsız qazanca səbəb olur., "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ zonasında işlər görməyi və oradakı texniki şəraitsizik, həmçinin internet, rabitə imkanlarının mümkünsüzlüyü və e-məhkəmə sistemində olan qeyd olunma tarixindəki qüsur və əskiklikər nəzərə alınmaqla ötürülmüş müddətin üzrlü hesab olunması xahiş olunur. Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 457/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim H.Alıyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli e-2-2(119)-457/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə 09 avqust 2023-cü il tarixli qərardadın tam mətni 09 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmışdır. Lakin cavabdeh həmin qərardaddan şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 11 sentyabr 2023-cü il tarixdə, yəni qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilmişdir. Cavabdeh şikayətində texniki nöqsanlar səbəbindən qərardaddan apellyasiya şikayətinin verilmə müddətini ötürdüyünü bildirsə də, məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir və prosessual müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən, qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 457/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar