Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-172/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Firmasına qarşı verilmiş "ümumi yığıncağın çağırılması, təsisçilikdən çıxma və nizamnamə kapitalındakı payına uyğun olaraq qeyri-yaşayış binasının naturada bölünərək payının verilməsi" tələbi barədə kommersiya işi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2-2(119)- 1450/2025 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Firmasına qarşı verilmiş “ümumi yığıncağın çağırılması, təsisçilikdən çıxma və nizamnamə kapitalındakı payına uyğun olaraq qeyri-yaşayış binasının naturada bölünərək payının verilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs X3 nümayəndəsi Vəkil2 26 sentyabr 2025-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 1450/2025 nömrəli qərardadı ilə İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Firmasına qarşı verilmiş "ümumi yığıncağın çağırılması, təsisçilikdən çıxma və nizamnamə kapitalındakı payına uyğun olaraq qeyriyaşayış binasının naturada bölünərək payının verilməsi" tələbinə dair kommersiya işi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə vəsatət rədd edilmişdir. (hakim Həlimə Alıyeva)
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs X4 29 oktyabr 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2-2(119)-1450/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, işin ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 1450/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadının 11-ci bəndinə istinad olunmaqla onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi “iddiaçının təsis payına uyğun olaraq Cavabdeh Firmasının balansında olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının naturada bölünərək payının verilməsi”nə aid hissədə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin təsirinə düşür. Belə ki, iddiaçı iddia ərizəsində naturada bölünməsini tələb etdiyi əmlak üzərinə “mülkiyyət hüququnun tanınmasını” sözlə biləvasitə tələb eməsə də, əslində onun tələbi sözügedən əmlakın onun mülkiyyətinə verilməsini, dolayısıyla həmin əmlak üzərinə onun mülkiyyət hüququnun tanınmasını ehtiva edir. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Ona görə də, iddiaçının bu tələbi təmin olunacağı təqdirdə faktiki olaraq cavabdehin mülkiyyətində olan mübahisə predmeti əmlakın iddiaçının tələb etdiyi hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun müvafiq qeydiyyatı aparılacaqdır. Göstərilənlərə əsasən iş məhkəmənin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilir.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 yazılı etirazı daxil olmuşdur. Etirazda göstərilir ki, tərəflər arasında oxşar münasibətlərdən irəli gələn mübahisə üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı, həmçinin Cavabdeh Firmasının digər təsisçisi – X2 də oxşar mübahisə ilə əlaqədar Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1705/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı mövcuddur ki, həmin qərardadlar üzrə gəlinmiş nəticələrə görə də, X3 işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətləri təmin edilməmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 95. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Maddə 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
10. Maddə 40. Müqavilə aidiyyəti 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi
11. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası
12. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri
13. (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh Firmasına qarşı təsis payına münasibətdə daşınmaz əşyanın naturada bölgüsünə dair ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, təsisçilikdən çıxma və təsis payına uyğun olaraq qeyri-yaşayış binasının naturada bölünərək payın verilməsi barədə iddia qaldırmışdır.
20. Bu tələb payçının birbaşa iştirakçısı olduğu hüquqi şəxsdən ayrılması, onunla olan iştirakçılıqla bağlı hüquqi münasibətə xitam verilməsidir. Payçıların ayrılmaq və ya çıxmaqla bağlı bu hüquqları məhdud məsuliyyətli cəmiyyətinə yönəlik bir tələb olub, daşınmaz əmlak üzərində hər hansı bir əşya hüququnu (mülkiyyət və s.) və ya sahiblik hüququnu təmin etmir. Çünki hüquqi şəxsin əmlakı üzərində yalnız hüquqi şəxsin özünün mülkiyyət hüququ vardır. Hüquqi şəxsə aid daşınar, daşınmaz əşyalar, bank hesablarındakı vəsaitlər və s. bütün əmlak dəyərləri üzərində subyektiv hüquqlar məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının paylı mülkiyyətində deyil, məhz yalnız hüquqi şəxsin özünə aid olur.
21. Azərbaycan Respublikası Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən “məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi qeyd edilmişdir. Yəni çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir” müddəasına yer verilmişdir. Bu müddəadan da bir daha görünür ki, vahid tənzimləmə sisteminə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətdən ayrılan iştirakçıya məhdud məsuliyyətli cəmiyyətinin əmlakı hesabına payına uyğun əmlak dəyəri verilməlidir və verilən bu əmlak dəyərinin naturada olması şərt deyildir. Əksinə, bununla bağlı ümumi qayda: çıxan iştirakçıya məhdud məsuliyyətli cəmiyyəti əmlakı hesabına ayrılma payının naturada verilməsi deyil, verilməməsi şəklindədir. Məhz buna görə də qanun normasında xüsusi olaraq vurğulanır ki, “Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər”.
22. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya ayrılma payının verilməsini tələb etməsi məhdud məsuliyyətli cəmiyyətin əmlakında olan daşınmaz əşya üzərində onun (məhdud məsuliyyətli cəmiyyətinin) iradəsi xaricində fərdi mülkiyyət hüququna xitam verərək həmin daşınmaz əşya üzərində keçmiş iştirakçı ilə ümumi paylı mülkiyyət halının əmələ gəlməsi nəticəsini yaradan zəruri bir hüquqi əsas deyildir. Təsisçi və ya iştirakçıların məhdud məsuliyyətli cəmiyyətin balansında olan əmlak üzərində iştirakçı olmaları səbəbi ilə birbaşa heç bir hüququ, o cümlədən mülkiyyət hüququ yoxdur, onlar sadəcə nizamnamə kapitalında pay sahibidirlər. Deməli, mülki prosessual qanunvericiliyin “mülkiyyət hüququnun tanınması” ilə bağlı müstəsna aidiyyət normaları bu hallarda tətbiq edilə bilməz. Təsisçilikdən ayrılma mülkiyyət hüququnun tanınması deyil, təsis payına uyğun ona əmlak dəyərinin verilməsidir.
23. Birinci instansiyas məhkəməsinə verilmiş vəsatətdə tərəf Cavabdeh Firmasının balansında olan qeyri-yaşayış binasının özünə aid hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb etməsini və belə halda isə müstəsna məhkəmə aidiyyatı qaydalarının tətbiq edilməli olduğunu və müqavilə aidiyyatının tətbiq edilməli olmadığını bildirsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırki halda iddiaçı mülkiyyət hüququnun tanınmasını deyil, payın naturada bölünməsini tələb edir ki, qeyd olunan tələb də müstəsna aidiyyətə aid deyil.
24. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “ərazi aidiyyətinin müəyyən edilməsinə dair saziş”dən görünür ki, İddiaçı və Cavabdeh Firması aralarında yaranmış və gələcəkdə yaranacaq istənilən növ və xarakterli mübahisələr ilə bağlı işlərin baxılaraq həll edilməsində Sumqayıt Kommersiya Məhkəməsini səlahiyyətli məhkəmə olaraq müəyyən etmişlər. Tərəflər – iddiaçı X2 (nümayəndəsi Vəkil1 vasitəsilə) və Cavabdeh Firması (direktor X1 vasitəsilə) tərəfindən imzalanmışdır.
25. Mülki Prosessual Məcəllənin 40.4-cü maddəsi yalnız mübahisə müstəsna aidiyyətə aid olduğu təqdirdə müqavilə aidiyyəti sazişlərinin tətbiqini istisna edir. Hazırkı işdə müstəsna aidiyyətin predmeti olmadığından, tərəflərin xx.xx.2025-ci il tarixli ərazi aidiyyəti barədə sazişi qanuna uyğun hesab edilməlidir.
26. Şikayətçi tərəf iddia etmişdir ki, mübahisə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olduğundan, iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Lakin, bu mövqe yuxarıda qeyd olunan hüquqi əsaslara görə əsassızdır.
27. İşin predmeti hüquqi şəxsin əmlakı üzərində birbaşa sahiblik və ya pay tələbi olmayıb, təsis payının verilməsinə dair korporativ hüquqi münasibət olduğundan, bu mübahisə üzrə müstəsna aidiyyət normalarının tətbiqi üçün qanuni əsas mövcud deyildir.
28. Belə olan halda, müqavilə aidiyyəti qaydasında tərəflərin razılaşması ilə işin Sumqayıt Kommersiya Məhkəməsində baxılması qanunidir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2-2(119)-1450/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2-2(119)- 1450/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.