Məhkəmə qərarları › İş №2-2(105)-175/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-175/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-175/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ilk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı; qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə kommersiya işi üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə ilk, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddialar üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1336/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Paylayıcı İddiaçı və istehlakçı "xxxx" MMC arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin Abşeron rayonunda yerləşən sahibkarlıq obyektində (abonent kodu: **********00021) müvafiq qaydada G-400 markalı 80127171 nömrəli qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir.

2. Həmin müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

3. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

4. İş materiallarında olan 26 avqust 2025-ci ildə çap olunmuş abonentin saldosu ilə müəyyən olunur ki, cavabdehə məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 188503,69 manat məbləğində borc hesablanmışdır.

5. İşdə olan 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli aktın məzmununda “Abşeron rayonu Hökməli qəsəbəsində "xxxx" MMC-ə məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80127171 nömrəli qaz sayğacının elektron hissəsinin düzgün işləmədiyi aşkar edildi və hesabat bu qaydada aparılacaq: mexaniki fərq: 3113***- *******=54530; 9328***-*******=56176; 54530x3 (keçən qazın təzyiq əmsalı)=163590; 163590-56176=107414m3 ” qeyd edilmişdir.

6. Həmin akt iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) əməkdaşları və “İbrahimov C.” adlı şəxs tərəfindən imzalanmışdır.

7. İş materiallarında olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) 31 may 2025-ci il tarixinə 251362,81 manat məbləğində borcu olduğunu tərəflər nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq etmişdirlər. İş materiallarına həmçinin çap tarixi 26 avqust 2025-ci il olan abonent saldosu əlavə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 188.503,69 (yüz səksən səkkiz min beş yüz üç manat, altmış doqquz qəpik) manat məbləğində borcun və 478,5 (dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh istifadə edilən təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, müqavilə öhdəliklərinə əməl etməyərək istifadə edilən qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 30 iyun 2025-ci il tarixinə iddiaçıya 188.503,69 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

10. Cavabdeh "xxxx" MMC 30 iyul 2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB tərəfindən "xxxx" MMC-yə akt əsasında hesablanmış 25.779,36 (iyirmi beş min yeddi yüz yetmiş doqquz manat, otuz altı qəpik) manat məbləğində borcun **********00021 nömrəli abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, abonent saldosundan da göründüyü kimi İddiaçı İB tərəfindən 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli akta əsasən 25779,36 manat məbləğində sayğac göstəricilərindən əlavə olaraq borc hesablanmışdır. Cavabdehin aktın nə zaman və kim tərəfindən tərtib edilməsi barədə məlumatı olmamış, İddiaçı bu halı iddia ərizəsində göstərməmiş, bu da öz növbəsində Birliyin öz qanunsuz əməllərinin gizlədilməsinə cəhd kimi qiymətləndirilməlidir. Həmin akt guya istifadədə olan qaz sayğacının elektron hissəsinin işləmədiyinə görə tərtib edilmişdir. Lakin qazpaylayıcı tərəfindən qaz sayğacının işləmədiyinə dair hansısa sübut akta əlavə edilməmişdir. Abonent saldosundan da göründüyü kimi 2025-ci il ərzində sayğac göstəriciləri istifadəyə uyğun hər ay dəyişir (sayğac işləməsəydi göstəricilər dəyişməz olaraq qalardı) bu da sayğacın tam işlək vəziyyətdə olması deməkdir. Bundan başqa, əlavə borc 2025-ci ilin mart ayında yazılmış və həmin aydan sonrakı ayda da eyni sayğac vasitəsilə təbii qazdan istifadə edilmişdir. Əgər sayğac işləməsəydi, növbəti ayda da əlavə hesabat gedərdi və ya qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənərdi. Görünən isə odur ki, hazırda da istifadədə olan qaz sayğacı 19 oktyabr 2022-ci il tarixdə quraşdırılmış və hər hansı qüsuru olmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh heç bir hüquqi əsası olmadan əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktdan göründüyü kimi İddiaçı İB özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə, ümumilikdə 25779,36 manat məbləğində əlavə borc hesablamışdır. Belə bir hesablama düsturunun və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyildir. Qarşılıqlı iddia üzrə cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcların ödənilməsini tələb edir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur.

12. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1336/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Həmidli) İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 188503,69 (yüz səksən səkkiz min beş yüz üç manat, altmış doqquz qəpik) manat məbləğində borc və 478,5 (dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 188.982,19 (yüz səksən səkkiz min doqquz yüz səksən iki manat, on doqquz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.

13. Qətnamədən "xxxx" MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilmiş 25.779,36 manat məbləğində borcun tutulması hissəsində ləğv edilməsini, qarışılıqdı iddia üzrə isə idda tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli akt tərtib edərək MMC-in istifadəsində olan qaz sayğacının “Düzgün işləmədiyi”ni bildirmiş və sayğacı texniki müayinədən keçirmədən, sayğacın həqiqətən düzgün işləməməsini müəyyən etmədən, sadəcə ötən aydan daha az təbii qazdan istifadə edilməsinə istinad edərək sayğac göstəricilərindən əlavə borc hesablamışdır. Akt kim tərəfindən və nə zaman tərtib edildiyindən MMC-in məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi aktı MMC-in qanuni təmsilçisi tərəfindən imzalandığını qeyd etsə də, bu həqiqətə uyğun deyil. Belə ki, sadə vizual baxışla müəyyən etmək olar ki məhkəmənin istinad etdiyi üzləşmə aktı ilə nəticəsi MMC tərəfindən mübahisələndirilən aktdakı imzalar tam fərqlidir. Bundan başqa üzləşmə aktı MMC tərəfindən imzalandıqda akt əsasında hesablanmış borcdan məlumatsız olmuşdur. İddiaçı İB tərəfindən hər ay MMC-ə təqdim edilən hesab fakturalarda borcun akta əsasən hesablandığı qeyd edilmir. Bu hal özlüyündə onu sübut edir ki, İddiaçı İB istehlakçılara təqdim etdiyi hesab fakturalarda hesablanmış borcun əsasını istehlakçılardan gizlədir və hesablanmış borcun guya qaz sayğacının göstəricilərinə əsasən hesablandığını bildirir. Bundan başqa üzləşmə aktının imzalanaraq möhürlə təsdiq edilməsi bizi məhkəməyə müraciət edərək əsassız hesablanmış borcun mübahisələndirilməsi hüququndan məhrum etmir. Həmçinin onu da qeyd etmək istəyirik ki, İddiaçı İB tərəfindən əmsal tətbiq edilərək MMC-ə əlavə borc hesablanmışdır. Abonent saldosundan da göründüyü kimi həmin sayğac vasitəsi ilə MMC aprel ayında da təbii qazdan istifadə etmişdir. Mart ayında təbii qaza ehtiyac az olduğundan sərfiyyat aşağı düşmüşdür. Yəni sərfiyyatın aşağı olması sayğacın düzgün işləməməsi anlamına gəlmir. Sayğacın qüsurlu olması yalnız texniki müayinə nəticəsində müəyyən edilə bilərdi bu da edilməmişdir. Çünki sayğacın heç bir qüsuru olmamışdır. İddiaçı İB məhs bir ay müddətinə əlavə hesabat aparsa da, bu müddətin necə müəyyən olunduğu məhkəmə tərəfindən aydınlaşdırılmamışdır, hesabatın əmsala vurularaq aparılmasının hüquqi əsasları müəyyən edilməmişdir, qaz sayğacının “düzgün işləmir” ifadəsinin nəyi ehtiva etdiyi müəyyən edilməmiş və nəyə görə sayğac qüsurlu idisə növbəti ayda həmin sayğac vasitəsi ilə sərfiyyatın aparılması araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445. Borclunun icranı gecikdirməsi Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1 və 448.2-ci maddələrinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

21. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu: 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilmiş 25.779,36 manat məbləğində borcun tutulması və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissələrində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, qaz paylayıcısı və istehlakçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

26. İş materiallarında olan tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Qeyd edilən müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı qazdan istifadə qaydalarının tələblərinə əməl etməlidir.

27. Paylayıcı İddiaçı və istehlakçı "xxxx" MMC arasında bağlanmış 18 oktyabr 2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə AMX 5096/2022 nömrəli müqavilədən müəyyən edilir ki, cavabdehin Abşeron rayonunda yerləşən sahibkarlıq obyektində (abonent kodu: **********00021) müvafiq qaydada G400 markalı 80127171 nömrəli qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

28. "xxxx" MMC-ə məxsus abonent saldosundan müəyyən edilir ki, istehlakçı "xxxx" MMC 18 oktyabr 2022-ci il tarixli müqavilə üzrə istehlak etdiyi təbii qazın dəyərini tərəflər arasında bağlanılmış müqavilənin 1.1 və 3.4-cü maddələrinin tələblərinə uyğun olaraq istehlak edilən qazın dəyərini aylar üzrə vaxtlı-vaxtıda icra etmədiyindən (son ödəniş 2025-ci ilin iyun ayında icra olunmuşdur) borc məbləği yaranmışdır ki, bunun nəticəsində İddiaçı İB qeyd olunan tarixə ümumilikdə 188.982,19 (bir yüz səksən səkkiz min doqquz yüz səksən iki manat, on doqquz qəpik) manat məbləğində pul vəsaitinin MMC-dən İddiaçı xeyrinə tutulması barədə iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

29. Məhz həmin iddia tələbindən sonra "xxxx" MMC xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli akt əsasında əlavə olaraq 107414 m3 (107414x0,24 = 25.779,36 manat) hesablanmış borcun əsassız olmasını göstərmiş və həmin məbləğin ümumi borcdan çıxılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbi rədd edildiyindən "xxxx" MMC məhz həmin tələb üzrə apellyasiya şikayəti vermişdir.

30. Göründüyü kimi "xxxx" MMC iddia tələbini qismən qəbul edir, lakin 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli aktın tərtib edilməsinə heç bir zərurət olmadığı halda, yəni tam işlək və saz vəziyyətdə olmuş sayğacın sərfiyyat göstəricisinə görə yararsız kimi qəbul edilərək həmin akt mübahisələndirilir. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayətində mart ayında təbii qaza ehtiyacın az olmasını və bu səbəbdən də, sərfiyyatın aşağı düşməsi ilə əlaqələndirir.

31. Halbuki iş materiallarında olan 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli aktın məzmununda “Abşeron rayonu Hökməli qəsəbəsində "xxxx" MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80127171 nömrəli qaz sayğacının elektron hissəsinin düzgün işləmədiyinin və hesabat aparılaraq: mexaniki fərq: 3113***- *******=54530; 9328***-*******=56176; 54530x3 (keçən qazın təzyiq əmsalı)=163590; 163590-56176=107414m3 ” qeyd edilmişdir. Həmin akt iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) əməkdaşları və “İbrahimov C.” adlı şəxs tərəfindən imzalanmışdır.

32. Eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə 31 may 2025-ci il tarixinə ilkin iddia üzrə cavabdehi istehlak etdiyi təbii qaz görə 251.362,81 manat məbləğində borcu olduğunu tərəflər nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq etmişdirlər.

33. Eyni zamanda birinci instansiya məhkəməsinin araşdırması zamanı mütəxəssis qismində dəvət edilmiş X1 izahatında bildirmişdir ki, sayğacın mexaniki və elektron göstəricilərinin nisbəti əmsalı göstərir. Əgər əlavə qaz işlədici cihazlar qoşulursa, həmin ay üçün elektron sayğac həmin hissəni qeydə almır. Buna görə də sərfiyyat hesablanarkən mexaniki göstəriciyə əsaslanılır və sonda elektronun qeydə aldığı sərfiyyat çıxılır. Sayğac müəssisədə qaz işlədici cihazların sayına uyğun olaraq quraşdırılır. Müəssisə tərəfindən müqavilədə nəzərdə tutulmayan qazişlədici cihazlardan istifadə edilərsə, bu elektron göstəricilərə təsir edəcəkdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə istixanalarda istehlak edilən hər m3 təbii qazın qiyməti 0,24 manat məbləğində olduğundan, alınmış sərfiyyat miqdarı yekunda 0,24 manata vurulur. Təqdim edilmiş 31 mart 2025-ci il tarixli akt cavabdeh şirkətlə razılaşdırılmışdır və cavabdeh şirkət hesabatın bu formada getməsinə razılıqlarını bildirmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

35. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

37. Məhkəmə kollegiyası apellyatorun dəlillərindən olan inhisarçı subyektinin müvafiq yoxlamanın həyata keçirilməsi üçün onun bu yoxlamanı ilk öncə yoxlamaların vahid məlumat reyestrində mütləq qeydə alınması şərti ilə bağlı qeyd edir ki, bu tələb Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsi ilə istisna edilmişdir ((Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir)). Belə ki, inhisarçı hazırki halda sayğaca qanunsuz müdaxilə və s. deyil, qaz sayğaçının göstəricilərinin oxunması prosesini həyata keçirmişdir.

38. Bundan əlavə məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərindən biri olan üzləşmə aktındakı imzanın onlara məxsus olmaması barədə əsaslandırmasına münasibətdə qeyd edir ki, üzləşmə aktının təsdiq hissəsi təkcə fiziki imzandan ibarət olmamaqla şirkətin möhürü ilə də təsdiqlənmişdir. Yəni möhürün saxlanması, risklərdən müdafiə olunaraq qorunması MMC-nin üzərində öhdəlik olmuş və bu halda isə təkcə imzanın mübahisələndirilməsi formal xarakter daşıması ağlabatan hesab edilməlidir.

39. Həmçinin məhkəmə kollegiyası apellyatorun digər dəlili olan qaz sayğacının qüsurlu olması nəticəsində hesablamanın düzgün aparılmaması hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında sayğacın qüsurlu olması müəyyən edilməmişdir. Qeyd edilən məsələ isə artıq axan sərfiyyatın sayğacın elektron göstəricinə daxil edilə bilməməsi olmuşdur ki, bu halda sayğacın mexaniki hissəsi həmin artıq axan yükü müəyyən edə bilmişdir. Bu isə öz növbəsində sayğacın qüsurlu olması mənasını daşımamalı, istehlakçının sərf etdiyi qaz üzrə müəyyən edilmiş borcu ödəməmək kimi sui-istifadə hallarına yol verməməlidir (ilkin iddia üzrə cavabdeh sayğacın müvafiq laboratoriya baxışına göndərilməsini təmin etməmişdir).

40. Apellyatorun şikayətinin digər hissəsi olan akt üzrə hesablanmış 25.779,36 manat məbləğinin hansı qanunvericilik normasına əsasən müəyyən edilməsi barədə şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, qeyd olunan hesablaşma qaydası Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2025-ci il tarixli Qərarı ilə istixanalarda (digər sahələr olaraq qeyd edilmişdir) istifadə olunan təbii qazın qiymətinin 1000 m3 üçün 25 qəpikdən 28,5 qəpiyə qaldırılması qərara alınmışdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

42. Məhkəmə kollegiyası həmçinin qənaətə gəlir ki, apellyatorun ilkin iddia tələbi üzrə apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmədiyindən, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan şikayətin digər hissə olan qarşılıqlı iddia tələbinin (25.779,36 manat akt üzrə hesablanmış borcun tutulması) təmin edilməməsi hissəsindən vermiş olduğu apellyasiya şikayətidə təmin edilə bilməz.

43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1336/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1336/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar