Məhkəmə qərarları › İş №2-2(105)-2/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-2/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-2/2024 12.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ż ıməT“ Şəhər” Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "borcun tutulması"̇ tələbinə dair kommersiya mübahisəci üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2-2(119)-55/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanılmış Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat məbləğində əsas borcun, öhdəliyin vaxtında və lazımınca icra edilmədiyi yubadılmış 1825 (min səkkiz yüz iyirmi beş) gün üçün hesablanmış 13871,79 (on üç min səkkiz yüz yetmiş bir manat 79 qəpik) manat məbləğində cərimənin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 205 (iki yüz beş) manat məbləğində vəsaitin Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icraçı İddiaçı ASC ilə sifarişçi Cavabdeh MMC arasında bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin tullantı daşıyan maşınlara yuma xidmətlərinin göstərilməsinə dair 13 aprel 2017ci il tarixli 004/321/m nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən, xidmət haqqı hər ay üçün həmin ay ərzində faktiki göstərilmiş zərərsizləşdirmə və yuma xidmətlərinin həcminə uyğun təqdim olunmuş hesab-faktura əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 (beş) bank günü ərzində ödənilməlidir. Cavabdehə müqavilə üzrə göstərilmiş, lakin cavabdeh tərəfindən dəyəri ödənilməmiş xidmətlərin dəyəri 04 iyul 2022-ci il tarixinə 21063,62 (iyirmi bir min altmış üç manat altmış iki qəpik) manat təşkil etmişdir. İddiaçı tərəfindən Müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklərin tam şəkildə həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən Müqavilənin tələbləri pozulmuş və göstərilmiş xidmətlərin dəyəri indiyədək tam ödənilməmişdir. Tərəflər arasında yaranan mübahisənin ilk növbədə məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi, həmçinin, dördü onlayn kargüzarlıq sistemi, ikisi poçt vasitəsilə olmaqla 6 dəfə yazılı qaydada müraciət edilmişdir (surətləri əlavə olunur). Cavabdeh isə 21 fevral 2019-cu il tarixli 3/18 nömrəli, 19 sentyabr 2019-cu il tarixli 01/37 nömrəli və 5 dekabr 2019-cu il tarixli 02/147-04 nömrəli cavab məktubları ilə (surətləri əlavə olunur) yaranmış borcun hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürsə də, götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş və bu günədək borcun tam şəkildə ödənilməsini təmin etməmişdir. Son olaraq, cavabdehə ünvanlanan 16 mart 2022-ci il tarixli TŞ-XO-166/2022 nömrəli xəbərdarlıq məktubu (surəti əlavə olunur) ilə üzləşdirmə aktının təsdiqlənməsi və yaranmış borcun bir ay ərzində ödənilməsi tələb edilmişdir. Hər iki tərəfin imzaladığı 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktına (surəti əlavə olunur) əsasən "xxxx" MMC-nin rəhbəri tərəfindən İddiaçı ASC-yə 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat məbləğində borcun olması faktı təsdiq edilmişdir. Bununla belə, cavabdeh yenə də yaranmış borc məbləğinin ödənilməsini təmin etməmişdir. Bununla bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə və tərəflər arasında mediasiya prosesinin təşkil edilməsinə baxmayaraq, müqavilə öhdəliyi yerinə yetirilməmiş və borc ödənilməmişdir. Nəticə etibarilə, tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həlli mümkünsüz olmuş və mübahisənin hüquqi müstəvidə həllinə zərurət yaranmışdır. Bundan əlavə, Müqavilənin 2.7-ci bəndinə əsasən, Sifarişçi xidmət haqqını Müqavilənin 2.5-ci bəndində göstərilən vaxtda ödəmədikdə hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0,05% həcmində İcraçı tərəfindən cərimə hesablanır. Müqavilənin həmin bəndinin tələbinə əsasən 04 iyul 2022-ci il tarixinədək cavabdeh tərəfindən öhdəlik vaxtında və lazımınca icra edilmədiyindən yubadılmış 1825 gün üçün 13871,79 manat məbləğində cərimə hesablanmışdır.

3. Cavabdeh tərəfindən 20 fevral 2023-cü ildə məhkəməyə “iddia ərizəsinə Etiraz” təqdim edilərək, əsassız olduğu üçün İddiaçı ASC-nin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz”da “iddianın rədd edilməli” olması – tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən göstərilən xidmətlərlə bağlı vaxtaşırı olaraq ödənişlərin edilməsi, “COVİD-19” pandemiyası ilə əlaqədar işlərin bir müddət dayandırılması və iddia ərizəsində əsas borc kimi 21063,62 manat pul tələb edilsə də, ərizəyə əlavə olunmuş cədvəldə əsas borc məbləğinin 20763,62 manat miqdarında göstərilməsi ilə əsaslandırılmışdır.

4. Məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanılmış Müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 20763,62 manat məbləğində əsas borcun, öhdəlik vaxtında və lazımınca icra edilmədiyinə görə yubadılmış 1825 gün üçün hesablanmış 13871,79 manat məbləğində cərimənin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - tərəflər arasında 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktı imzalandıqdan sonra cavabdeh "xxxx" MMC tərəfindən 300 manat məbləğində ödəniş edilməsi və buna görə də, 21 fevral 2023-cü il tarixinə əsas borcun ödənilməmiş qalıq hissəsinin 20763,62 (iyirmi min yeddi yüz altmış üç manat 62 qəpik) manat məbləğində olması ilə əsaslandırılmışdır.

5. Sifarişçi Cavabdeh (VÖEN **********) ilə icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqaviləyə əsasən, İcraçı özünə məxsus poliqonda Sifarişçiyə, sonuncu tərəfindən daşınan məişə təsərrüfat tullantılarının (bundan sonra “Tullantılar”) yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin (bundan sonra “Zərərsizləşdirmə xidmətləri"), həmçinin tullantıları boşaltdıqdan sonra tullantı daşıyan maşınlara yuma və dezinfeksiya xidmətlərinin (bundan sonra “Yuma xidmətləri”) göstərilməsini təmin edir (1.1ci bəndi).

6. Müqavilənin 2.2-ci bəndinin tələblərinə görə, Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən Tullantıların zərərsizləşdirmə xidmətlərinin qiyməti ("Zərərsizləşdirmə xidmətlərinin haqqı") 1 (bir) ton üçün ƏDV ilə birlikdə 5,50 manat (beş manat 50 qəpik) təşkil edir.

7. 2.3-cü bəndə əsasən, 1 (bir) tullantı daşıyan maşına yuma və dezinfeksiya xidmətlərinin qiyməti ("Yuma xidmətlərinin haqqı”) ƏDV daxıl olmaqla 3 (üç) manat təyin edilir.

8. 2.5-ci bəndə əsasən, xidmət haqqı hər ay üçün həmin ay ərzində faktiki göstərilmiş Zərərsizləşdirmə xidmətləri və Yuma xidmətlərinin həcminə uyğun təqdim olunmuş hesab-faktura əsasında sonuncu təqdim olunduğu tarixdən etibarən 5 (beş) bank günü ərzində ödənilməlidir.

9. 2.6-cı bəndə əsasən, xidmət haqqının ödənilməsi Sifarişçi tərəfindən köçürmə yolu ilə həyata keçirilir.

10. 2.7-ci bəndə əsasən, əgər Sifarişçi Xidmət haqqını Müqavilənin 2.5-ci bəndində göstərilən müddət ərzində İcraçıya ödəməzsə, gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,05% həcmində cərimə hesablanacaq və borc tam ödənilənədək Tullantıların qəbulu dayandırılacaqdır.

11. 3.1-ci bəndə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və onun mövzusuna dair tərəflərin öz öhdəliklərini tam şəkildə yerinə yetirməsi şərti ilə 31 dekabr 2017-ci il tarixinədək etibarlıdır.

12. 3.2-ci bəndə əsasən, tərəflər Müqaviləni digər tərəfi 30 (otuz) təqvim günü əvvəl yazılı surətdə xəbərdarlıq etmək şərti ilə ləğv edə bilər. Müqavilənin ləğvi yazılı surətdə tərtib olunan və imzalanan "Ləğvetmə barədə Razılaşma" ilə rəsmiləşdirilir.

13. 3.3-cü bəndə əsasən, əgər tərəflərdən heç biri Müqavilənin müddətinin bitməsinə 30 (otuz) təqvim günü qalmışa qədər onun ləğv edilməsi barədə təşəbbüs irəli sürməzsə, Müqavilə avtomatik olaraq hər dəfə növbəti 1 (bir) il müddətə uzadılmış hesab olunur.

14. Elektron qaimələrlə müəyyən olunur ki, 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqavilə əsasında icraçı "xxxx" ASC tərəfindən sifarişçi "M.P.Ş.” MMC-yə (ƏDV daxil) 05 iyul 2017-ci il tarixli HO 593341 nömrəli X6-Fakturası üzrə 296,99 manat dəyərində, 07 avqust 2017-ci il tarixli HP 041869 nömrəli X6-Fakturası üzrə 243,54 manat dəyərində, 06 noyabr 2017-ci il tarixli HQ 242690 nömrəli X6-Fakturası üzrə 796,19 manat dəyərində, 06 dekabr 2017-ci il tarixli HQ 677485 nömrəli X6-Fakturası üzrə 1260,15 manat dəyərində, 08 yanvar 2018-ci il tarixli EAAG 041412 nömrəli Elektron Qaimə üzrə 1172,07 manat dəyərində, 31 yanvar 2018-ci il tarixli EAAG 632867 nömrəli Elektron Qaimə üzrə 692,02 manat dəyərində, 27 fevral 2018-ci il tarixli EAAH 319417 nömrəli Elektron Qaimə üzrə 957,37 manat dəyərində, 28 mart 2018-ci il tarixli EAAH 941746 nömrəli Elektron Qaimə üzrə 854 manat dəyərində, 27 aprel 2018-ci il tarixli EAAİ 713648 nömrəli Elektron Qaimə üzrə 1116,47 manat dəyərində, 30 may 2018-ci il tarixli EAAJ 472417 nömrəli Elektron Qaimə üzrə 1100,84 manat dəyərində, 28 iyun 2018-ci il tarixli EAAK 168987 nömrəli Elektron Qaimə üzrə 1065,95 manat dəyərində, 27 iyul 2018ci il tarixli EAAK 895851 nömrəli Elektron Qaimə üzrə 1545,59 manat dəyərində, 28 avqust 2018-ci il tarixli EAAL 610659 nömrəli Elektron Qaimə üzrə 1834,84 manat dəyərində, 28 sentyabr 2018-ci il tarixli EAAM 428747 nömrəli Elektron Qaimə üzrə 1880,62 manat dəyərində, 29 oktyabr 2018-ci il tarixli EAAN 184895 nömrəli Elektron Qaimə üzrə 1861,82 manat dəyərində, 27 noyabr 2018-ci il tarixli EAAN 894476 nömrəli Elektron Qaimə üzrə 1531,23 manat dəyərində, 27 dekabr 2018-ci il tarixli EAAO 750713 nömrəli Elektron Qaimə üzrə 937,98 manat dəyərində, 31 yanvar 2019-cu il tarixli EAAP 769642 nömrəli Elektron Qaimə üzrə 1151 manat dəyərində, 27 fevral 2019-cu il tarixli EAAQ 958101 nömrəli Elektron Qaimə üzrə 928,50 manat dəyərində, 01 aprel 2019-cu il tarixli EAAS 392839 nömrəli Elektron Qaimə üzrə 887,69 manat dəyərində, 30 aprel 2019cu il tarixli EAAT 797105 nömrəli Elektron Qaimə üzrə 1087,48 manat dəyərində, 30 may 2019-cu il tarixli EAAV 118946 nömrəli Elektron Qaimə üzrə 1186,02 manat dəyərində, 28 iyun 2019-cu il tarixli EAAW 419232 nömrəli Elektron Qaimə üzrə 1484,06 manat dəyərində, 31 iyul 2019-cu il tarixli EAAX 910225 nömrəli Elektron Qaimə üzrə 766,58 manat dəyərində, 28 avqust 2019-cu il tarixli EAAZ 079514 nömrəli Elektron Qaimə üzrə 817,14 manat dəyərində, 30 sentyabr 2019-cu il tarixli EBAA 537342 nömrəli Elektron Qaimə üzrə 453,40 manat dəyərində, 30 oktyabr 2019-cu il tarixli EBAB 834881 nömrəli Elektron Qaimə üzrə 1804,54 manat dəyərində, 28 noyabr 2019-cu il tarixli EBAD 141506 nömrəli Elektron Qaimə üzrə 1636,34 manat dəyərində və 24 dekabr 2019-cu il tarixli EBAE 259492 nömrəli Elektron Qaimə üzrə 412,20 manat dəyərində xidmət haqqının ödənilməsi ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur (iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi "xxxx" ASC-yə məxsus "Online Kargüzarlıq" elektron vergi kabinetindən Çıxarışdan görünür ki, yuxarıda sadalanan həmin Elektron Qaimələr təsdiqlənmişdir).

15. İcraçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə sifarişçi Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqavilənin icrası ilə əlaqədar sifarişçi Cavabdeh 01 mart 2022-ci il tarixinə icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat məbləğində qalıq borcu vardır.

16. Sifarişçi Cavabdeh tərəfindən icraçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 07 aprel 2022-ci il tarixli 01/17 nömrəli Məktubun məzmunu ilə müəyyən olunur ki, həmin Məktubda İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış Müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat ödənilməmiş borcun olması qeyd olunur və eyni zamanda, "xxxx" MMC yaranmış qalıq borcun hər ay ödəmək şərti ilə 2022-ci ilin sonunadək ödənilməsinə zəmanət verilir.

17. Maliyyə Arayışı ilə müəyyən olunur ki, icraçı İddiaçı ASC və sifarişçi "xxxx" MMC arasında bağlanmış “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinə dair” 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli müqavilə üzrə göstərilən xidmətlərə görə "xxxx" MMC-nin yaranmış əsas borcu 21063,62 (iyirmi bir min altmış üç manat 62 qəpik) manat və hesablanmış cərimə məbləği isə 13871,79 (on üç min səkkiz yüz yetmiş bir manat 79 qəpik) manat təşkil edir.

18. Təqdim edilmiş sənədlərdən görünür ki, tərəflər arasında 14 mart 2022-ci il tarixli Üzləşdirmə Aktı tərtib edilərək imzalandıqdan sonra cavabdeh əsas borcdan 300 manat məbləğində ödəniş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

19. Sumqayıt Kommersiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2-2(119)- 55/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdehndən 20763,62 (iyirmi min yeddi yüz altmış üç manat 62 qəpik) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 22463,62 (iyirmi iki min dörd yüz altmış üç manat 62 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 156,79 (yüz əlli altı manat 79 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 753.1, 385.1, 425.1, 427.3, 442, 445.1, 448, 462.1, 465.2, 467 və 425.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

21. Sumqayıt Kommersiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2-2(119)- 55/2023 qətnaməsi ilə razılaşmayan cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, “e-2- 2(119)-55/23” nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin yenidən hesablanaraq yeni qanuni və əsaslı qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tərəflərin çəkişmə prinsipinə əməl etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İlk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclaslarında cavabdehin iştirakını təmin etmədiyindən tərəflərin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini pozmuşdur. Bu səbəblə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və iddia tələblərinin yenidən hesablanmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbində göstərilir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsi əsas borcun və cərimə borcunun dəqiqləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin etməli və müvafiq rəyi almalı olduğu halda bunu etməmişdir. Odur ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və müvafiq rəy alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən göstərilən bu prosessual normanın tələbini də pozmuşdur. Belə ki, məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmamış, icra edilməməsi və ya lazımınca icra edilməməsində tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Məhkəmə işin bu halını araşdırmış olsaydı Mülki Qanunvericiliyin (maddə 458.1) tələbinə əsasən borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaltmalı idi. Məcəllənin 458.1-ci maddəsinin tələbində göstərilir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Yenə Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə görə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən göstərilən bu prosessual normanın da tələbini pozmuşdur. Belə ki, məhkəmədə cavabdeh tərəfindən ödənilən ödənişləri həmçinin bundan sonra ölkədə baş vermiş COVİD-19 pandemiyasından sonra ödəniş edə bilmədiyinin səbəblərini araşdırmamış, eləcədə nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

24. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

25. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işdə iştirak edən nümayəndənin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

30. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, sifarişçi Cavabdeh MMC (VÖEN **********) ilə icraçı İddiaçı ASC (VÖEN **********) arasında bağlanmış 13 aprel 2017-ci il tarixli 004/321/m nömrəli "Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair" Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, göstərilən xidmətlərə görə xidməti haqqını ödəməmiş, nəticədə iddiaçı qarcısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı bu əsasdan çıxış edərək 20763,62 manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 13871,79 manat məbləğində cərimənin cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması xahiş etmişdir.

32. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edərək Cavabdehndən 20763,62 (iyirmi min yeddi yüz altmış üç manat 62 qəpik) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində cərimənin tutulmasını əsaslı hesab etmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

35. Göründüyü kimi apellyatorun şikayətinin dəlillərindən biri məhkəmə prosesində onun iştirakının təmin edilməməsi ilə bağlıdır.

36. Kollegiya şikayətin dəlili ilə razılaşmır və bildirir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə prosessual hüquq və vəzifələrinin izahı barədə, məhkəmə icasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş, o cümlədən sms xəbərdarlıq göndərilmişdir.

37. Həmçinin iş materiallarında olan /i/v 99/ teleqramın məzmunundan görünür ki, cavabdeh tərəf məhkəmə icraatı barədə məlumatlı olmuş, məhkəmə iclasında işirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

38. MPM-nin 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

39. Şikayətin digər dəlili olaraq cavabdeh tələb olunan borc məbləğinin düzgün hesablanmadığını göstərmiş, ekspertiza təyin edilməsini xahiş etmişdir.

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli qərardadına əsasın iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: 10.999,00 manat məbləğində ödəniş nəzərə alındıqda. Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, iş materiallarında olan sənədlərə (E-VHF fakturalar, hesab fakturaiar, cərimə hesablanması cədvəldə göstərilən ödənişlər, müqaviləyə və s.) əsasən iddiaçı Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 004/321/m saylı “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 20.763,62 manat məbləğində müəyyən olunur. 5.606,20 manat məbləğində ödəniş nəzərə alındıqda. Rəyin tədqiqi hissəsində qeyd edildiyi kimi, iş materiallarında olan sənədlərə (E-VHF fakturalar, hesab fakturalar, cərimə hesablanması cədvəldə göstərilən ödənişlər, müqaviləyə və s.) əsasən iddiaçı Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 004/321/m saylı “Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 26.156,42 manat məbləğində müəyyən olunur.

42. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Kollegiya hesab edir ki, MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq X1 hesabına keçirilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 21 fevral 2023-cü il tarixli e-2-2(119)-55/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanilsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 400 (dörd yüz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar