Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-24/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi tələbnə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1242/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1242/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi tələbnə dair” iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim İslam Əliyev). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı 08 iyul 2024-cü il tarixdə Cavabdehnə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin ümumi yığıncağının keçirilməsi, onun (iddiaçının) təsisçi kimi dövlət qeydiyyatına alınması üçün bütün hüquqi əhəmiyyətli hərəkətlərin edilməsi və ona keçmiş illərdə Cəmiyyət tərəfindən təsisçilərə (səhmdarlara) verilmiş (yaxud verilməli olan) dividendlərin ona çatası hissəsinin ödənilməsinə dair cavabdeh "xxxx" MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 may 1990-cı il tarixində Cavabdeh MMC (əvvəlki Cavabdeh Səhmdar Cəmiyyəti) ilə Səhmlərin alqı-satqısına dair 15 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən ümumi dəyəri 50.000 rubl (həmin dövrün məzənnəsinə əsasən 27.777 ABŞ dolları) məbləğində 5 ədəd səhm almış və dəyərini müvafiq qaydada ödəmişdir. Cavabdeh iddiaçıya satılmış səhmləri müvafiq qaydada qeydiyyata almamış, səhm sahibi olan iddiaçını ümumi yığıncaqlarına dəvət etməmiş və ona dividend ödəməmişdir. Qeyd olunduğu kimi, tərəflər arasında 19 may 1990-cı il tarixində Cəmiyyətin səhmlərinin alqı-satqısı ilə bağlı 15 saylı müqavilə imzalanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini, yəni səhmlərin dəyərini ödəmək öhdəliyini müvafiq qaydada yerinə yetirmiş və bunun təsdiqi olaraq cavabdeh tərəfindən iddiaçıya 000017 nömrəli A seriyalı Səhm sertifikatı təqdim edilmişdir. Həmin sertifikat təsdiq edir ki, İddiaçı 5 (beş) ədəd ödənilmiş səhmlərin sahibidir və həmin səhmlər Cəmiyyət və iddiaçı arasında 15 saylı 19 may 1990-cı il tarixli müqavilə əsasında təqdim edilmişdir. Cəmiyyət həmçinin İddiaçı həmin Səhm sertifikatına qoşma edilmiş və sahibliyini təsdiq edən 5 (beş) ədəd səhm (qiymətli kağız şəklində) təqdim etmişdir. Cavabdehə müxtəlif tarixlərdə şifahi və yazılı olaraq ümumi yığıncağın keçirilməsi və dividendlərin ödənilməsi ilə bağlı müraciətlər edilmişdir. Cavabdehin əməlləri ilə bağlı Sumqayıt şəhər Prokurorluğuna 24 may 2024-cü il tarixində müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər Prokurorluğu tərəfindən təqdim edilmiş məktuba əsasən pozulmuş hüquqların müdafiəsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət olunması izah edilmişdir. Cavabdehə sonuncu dəfə 21 may 2024-cü il tarixində iddiaçı tərəfindən müraciət olunmuşdur. Həmin müraciətə əsasən, iddiaçı cavabdehdən ümumi yığıncağın keçirilməsini, Cəmiyyətin səhmlərini (paylarını) Səhmdar əldə etdiyi gündən bugünədək təsisçilərə (səhmdarlara) ödənilmiş dividendlərin məbləği barədə məlumatı və həmin məbləğdən ona çatası hissəsinin ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 23 may 2024-cü il tarixində 50 nömrəli cavab məktubu təqdim edilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, təqdim edilmiş müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur, çünki səhmlərin dəyəri müvafiq qaydada ödənilməmişdir. Bu səbəbdən də Cəmiyyət səhm sahibini müvafiq qaydada qeydiyyata alınmamış, əksinə, müqaviləyə xitam vermişdir... Ona görə də səhmdar İddiaçı məhkəməyə müraciət etməli olmuşdur. "xxxx" MMC-nin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı göstərdikləri tamamilə yalandır. Belə ki, o Cavabdeh Səhmdar Cəmiyyətinə 1 manat belə ödəməmişdir. Əgər hər hansı məbləğ ödəsəydi, onda bu rəsmilləşdirilərdi, protokol tərtib edilərdi və ona bu barədə ödəniş qəbzi verilərdi. “Səhm qeydiyyatı haqqında” 15 saylı xx.xx.1990-cı il tarixli Müqavilənin 3-cü və 4-cü bəndlərinə əsasən, səhmdar bu müqaviləni imzaladığı gündən bir il müddətində öz əmanətini və ya əmlakının bir hissəsini satın aldığı payın məbləğinə Cəmiyyətin hesabına qoymağı öhdəsinə götürür. Depozitin məbləği və onun köçürülməsi qaydası tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və müqavilənin ayrılmaz hissəsi olan ayrıca protokolla tərtib edilir. Əgər səhmdar Cəmiyyətə öz əmanətini və ya əmlakını köçürmək öhdəliyini yerinə yetirməmişdirsə, Cəmiyyət öz mülahizəsinə uyğun olaraq səhmlərə sərəncam verə bilər. Ona görə də, İddiaçı “ümumi yığıncağın keçirilməsi, onun təsisçi kimi dövlət qeydiyyatına alınması üçün bütün hüquqi əhəmiyyətli hərəkətlərin edilməsi və keçmiş illərdə Cəmiyyət tərəfindən təsisçilərə (səhmdarlara) ödənilmiş dividendlərin iddiaçıya çatası hissədə ona ödənilməsinə dair Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulması barədə” iddia tələbi ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, Cavabdeh ASC-nin təşkilat strukturu dəyişilərək əvvəl Cavabdeh QSC, sonra isə Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib (bu barədə saytda və Vergi qəzetində elan verilib). Odur ki, nə səhm, nə də səhmdar yoxdur. Cavabdeh MMCnin təsisçisi Qanuni nümayəndədur. Bundan başqa, 2023-cü ilin noyabr ayında da iddiaçı tərəfindən cavabdehə qarşı pul tələbi iddiası olmuşdur. Belə ki, vəkil Anar Qasımlı İddiaçı adından Mediasiyaya müraciət edərək pul tələbi etmişdir. Lakin həmin iddia tələbi qanunsuz və əsassız olduğu üçün həmin iş üzrə Mediasiya icraatına xitam verilmişdir. Məlumat üçün bildirilir ki, 1990-cı ildə cavabdeh İddiaçı öz təşəbbüsü ilə səhm müqaviləsi vermişdir. Ancaq o, dəyərini ödəməmiş, odur ki, müqavilənin 3-cü və 4-cü bəndləri qüvvəyə minmişdir. 1992-ci ildə İddiaçı hərəkəti cavabdehi sarsıtmış və bu addımı atmağa vadar etmiş, bu barədə iddiaçıya vaxtında məlumat verilmişdir. Hadisədən 34 il keçib. Bu işlərlə məşğul olan keçmiş hüquqşünas Arif Kərimov və bu sahəyə təhkim olunmuş sədr müavini Elxan Əliyev dünyasını dəyişib, iddia müddəti tamamilə keçib. Ancaq buna baxmayaraq iddiaçı əlində olan müqaviləni və səhmləri təqdim etsə görünər ki, müqavilənin şərtləri yerinə yetirilməyib. Yəni o, pul ödəməyib. Əgər ödəsəydi, pulun ödənməsi haqqında protokol olardı və o, hər il səhmdarların Ümumi iclasına çağırılardı. Digər tərəfdən, 2006-cı il yanvarın 01-dən Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycanda milli valyuta manat denominasiya olunmuş, yəni 5000 manat 1 manata əvəzləşdirilmişdir. Ona görə də Cavabdeh SC-nin 20 milyard Nizamnamə kapitalı 4 milyon manat olmuşdur. Bu səbəbdən cavabdeh Cəmiyyətin təşkilat strukturunu dəyişməli olmuşdur. İddiaçı cavabdehin səhmdarı olsaydı bu 34 il ərzində hər il İdarə Heyətinin iclaslarına dəvət edilərdi. İddiaçı cavabdehin səhmdarı olmadığına görə iclaslara və müvafiq tədbirlərə heç vaxt dəvət edilməyib. İddiaçı 34 ildən sonra indi fikirləşir ki, uzun müddət keçib və indi nəyəsə iddia etsin. 34 il keçdikdən sonra təbii ki, bu iddia əsassız və qanunsuz olduğuna görə, həmçinin iddia müddəti keçdiyinə görə həmin iddia qəbul və təmin oluna bilməz. İddiaçı nə fərdi sahibkardır, nə də ki, səhmdardır. Ona görə də, onun kommersiya məhkəməsinə müraciət etməsinin əsası yoxdur. Ümumiyyətlə, İddiaçı iddia müddətini ötürdüyü üçün məhkəmələrə müraciət hüququnu itirmişdir. Beləliklə də, İddiaçı iddia müddətini bu 34 il ərzində ən azı 5 qat ötürmüşdür. Bu baxımdan Sumqayıt Kommersiya Məhkəməsinin İddiaçı iddia tələblərindən imtina barədə qərar çıxarması üçün qanuni əsaslar kifayət qədər mövcuddur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-1242/2024 nömrəli kommersiya işi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi tələbinə dair" iddia ərizəsinə qarşı qəti etiraz edir və iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərək, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi tələbinə dair” e-2-2(119)-1242/2024 nömrəli kommersiya işi üzrə iddia müddətinin tətbiq edilməsi və müddətin keçməsi ilə əlaqədar olaraq iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi Cavabdeh MMC-nin təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC tərəfindən 11 iyul 2024-cü il tarixli 58 nömrəli ərizə təqdim olunmuşdur. Həmin ərizədə Məhkəmədən xahiş olunmuşdur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyatına alınması və dividendin ödənilməsi tələbinə dair” e-2-2(119)-1242/2024 nömrəli iş üzrə iddia müddətinin tətbiq edilməsi və müddətin keçməsi ilə əlaqədar olaraq iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilsin. Cavabdeh öz ərizəsində qeyd etmişdir ki, “İddiaçı göstərdikləri tamamilə yalandır. Belə ki, o, Cavabdeh Səhmdar Cəmiyyətinə 1 manat belə ödəməmişdir. Əgər hər hansı məbləğ ödəsəydi, onda bu rəsmiləşdirilər və protokol tərtib edilərdi, həmçinin ona bu barədə ödəniş qəbzi verilərdi”. Bununla bağlı bir daha bildirilir ki, iddiaçı 15 saylı 19 may 1990-cı il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyini, yəni səhmlərin dəyərini ödəmək öhdəliyini müvafiq qaydada yerinə yetirmişdir və bunun təsdiqi olaraq cavabdeh tərəfindən iddiaçıya 000017 nömrəli A seriyalı Səhm sertifikatı təqdim edilmişdir. Həmçinin vurğulamaq lazımdır ki, həmin sertifikat təsdiq edir ki, İddiaçı 5 (beş) ədəd ödənilmiş səhmlərin sahibidir və həmin səhmlər Cəmiyyət və iddiaçı arasında 15 saylı 19 may 1990-cı il tarixli müqavilə əsasında təqdim edilmişdir. Bu barədə qeyd - Səhm sertifikatının üzərində öz əksini tapmışdır. Bundan əlavə, həmçinin İddiaçı həmin Səhm sertifikatına qoşma edilmiş və sahibliyini təsdiq edən 5 (beş) ədəd səhm (qiymətli kağız şəklində) təqdim edilmişdir. Səhmlərinin dəyərinin ödənilməsi barədə protokolun tərtib olunmaması və ödəniş qəbzinin iddiaçıya təqdim edilməməsi hissəsində isə qeyd etmək lazımdır ki, zəruri olan protokolun tərtib edilməsi və müvafiq ödəniş qəbzinin iddiaçıya təqdim edilməsi cavabdehin daxili qaydaları ilə tənzimlənir və buna görə müvafiq olaraq məsuliyyət daşıyır. Protokolun tərtib edilməməsi və ödəniş qəbzinin iddiaçıya təqdim edilməməsi sonuncu tərəfindən səhmlərin alınmaması anlamına gələ bilməz. Cavabdeh öz ərizəsində qeyd etmişdir ki, “Cavabdeh ASC-nin təşkilat strukturu dəyişilərək əvvəlcə Cavabdeh QSC-yə, sonra isə Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib. Odur ki, nə səhm, nə də səhmdar yoxdur. Cavabdeh MMC-nin təsisçisi Qanuni nümayəndədur”. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Beləliklə, Cavabdeh Səhmdar Cəmiyyətinin öz təşkilati strukturunu bir neçə dəfə dəyişməsinə, onun hal hazırda Cavabdeh MMC olmasına baxmayaraq, o, Cavabdeh Səhmdar Cəmiyyətinin hüquqi varisi hesab olunur. Cavabdeh öz ərizəsində qeyd etmişdir ki, “1990-cı ildə biz İddiaçı öz təşəbbüsümüzlə səhm müqaviləsi vermişdik. Lakin o, dəyərini ödəmədi və müqavilənin 3-cü və 4-cü bəndləri qüvvəyə mindi. 1992-cı ildə isə həmin müqaviləyə xitam verdik”. Bununla bağlı qeyd etmək lazımdır ki, bu müqavilə üzrə oferta cavabdeh tərəfindən iddiaçıya təqdim olunub, iddiaçı isə öz növbəsində müqavilə və onun şərtlərini qəbul edib imzalamışdır. Müqaviləyə 1992-ci ildə birtərəfli olaraq cavabdeh tərəfindən xitam verilməsi məsələsinə gəldikdə isə bildirmək lazımdır ki, tərəflər arasında imzalanmış müqavilənin 3-cü bəndinə əsasən səhmdar müqavilənin imzaladığı gündən bir il müddətində öz əmanətini və ya əmlakının bir hissəsini satın aldığı payın məbləğinə Cəmiyyətin hesabına qoymağı öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən isə əgər səhmdar Cəmiyyətə öz əmanətini və ya əmlakını köçürmək öhdəliyini yerinə yetirməmişdirsə, Cəmiyyət öz mülahizəsinə uyğun olaraq səhmlərə sərəncam verə bilər. Bu səbəbdən, əgər iddiaçı səhmlərin dəyərini həqiqətən də ödəməsə idi, onun müqaviləsi 1992-cı ildə (yəni müqavilə bağlandıqdan sonra 2 il müddət keçmiş) hər hansı bir həqiqətə uyğun olmayan səbəblərdən dolayı deyil, məhz 19 may 1991-ci ildə ləğv olunardı. Bu səbəbdən cavabdehin bildirdiyi məqamlar əsassızdır. Cavabdeh öz ərizəsində qeyd etmişdir ki, “ümumiyyətlə, İddiaçı iddia müddətini ötürdüyü üçün məhkəmələrə müraciət hüququnu itirmişdir”. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bundan əlavə, Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir… Bu səbəbdən, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə təqdim edilmiş ərizə Məhkəmə tərəfindən rədd edilməlidir. Mülkiyyət - konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 1242/2024 nömrəli iş üzrə Cavabdeh MMC tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə təqdim edilmiş ərizənin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Daha sonra, İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi, Cavabdeh MMC (əvvəlki Cavabdeh Səhmdar Cəmiyyəti) ilə iddiaçı arasında Səhmlərin alqı-satqısına dair 15 saylı 19 may 1990-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 50000 (əlli min) rubl (həmin dövrün məzənnəsinə əsasən 79.365 ABŞ dolları) məbləğində 5 (ədəd) səhm almış, dəyərini müvafiq qaydada ödəmiş və bunun təsdiqi olaraq cavabdeh tərəfindən iddiaçıya 000017 nömrəli A seriyalı Səhm sertifikatı təqdim edilmişdir (SSRİ Prezidentinin 26 oktyabr 1990-cı il tarixli № ХП-943 nömrəli "Rublun və milli valyutanın Dövlət məzənnəsinin tətbiqi haqqında" Fərmanına əsasən 1(bir) ABŞ dolların məzənnəsi 1,8 (bir rubl 80 qəpik) rubl olaraq müəyyən edilmişdir (əvvəlki məzənnə 0,63 (63 qəpik) rubl təşkil edirdi). Səhm sertifikatının üzərində həmçinin səhmlərin dövriyyəsi şərtləri öz əksini tapmışdır. Belə ki, şərtlərin 2-ci bəndinə əsasən səhmdarlara səhmlərin dəyəri tam ödənildiyi halda ona məxsus olan bütün səhmlər üçün bir sertifikat verilir. Şərtlərin 6-cı bəndinə əsasən bu sertifikat ilə təqdim olunan səhmlərə mülkiyyət hüququnun verilməsi yalnız yeni səhmdarın qeydiyyatı, alğı-satqı əqdi və dövriyyədən çıxmış səhm sertifikatının Cəmiyyət tərəfindən alınması halında baş verir. Şərtlərin 7-ci maddəsinə əsasən yeni səhmdara yeni sertifikat verilir. İddiaçı 000017 nömrəli A seriyalı Səhm Sertifikatı təqdim edilmişdir, hansı ki öz növbəsində təsdiq edir ki, İddiaçı 5 (beş) ədəd ödənilmiş səhmlərin (hər biri 10.000 rubl olaraq) mülkiyyətçisidir. Müqavilənin 1-ci maddəsinə əsasən Cəmiyyət səhmdarı Cəmiyyətin işləri və vəzifələri, nizamnamə kapitalının gözlənilən miqdarı, mənfəətin bölüşdürülməsi, dividendlərin təyin edilməsi və digər məlumatlar haqqında məlumatlandırmalıdır. Müqavilənin 5-ci maddəsinə əsasən Cəmiyyət, Cəmiyyətin xalis mənfəətindən ən azı 10% məbləğində səhmlər üzrə dividend ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9-cu bəndinə əsasən müqavilə imzalandığı gündən etibarən qüvvəyə minir və tərəflərdən biri müqaviləyə xitam vermək istəyənədək qüvvədədir… Tərəflərin hər hansı biri bu istəyi bildirmədiyindən müqavilə bügünədək qüvvədədir və müqavilə üzrə öhdəliklərin pozulması bugünə qədər davam etməkdədir. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh öz fəaliyyətini indiki günədək davam etdirir, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Bu da öz növbəsində göstərir ki, pozuntu davamlı xarakter daşıyır. Həmçinin, müqavilədən irəli gələn tələblərə əsasən cavabdeh İddiaçı səhmdar olaraq Cəmiyyətdə qeydiyyata almalı idi, lakin arxivdən əldə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə, əldə olunmuş arxiv sənədlərinə əsasən Cəmiyyətin təsis olunduğu vaxtda digər səhmdarları da mövcud olmuş, lakin həmin səhmdarların heç bir sənədi (onların qeydiyyata alınması, səhmlərin dəyərinin ödənilməsi, ümumi yığıncaqlara çağırılması və s.) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh həmin sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, əvvəla, İddiaçı 19 may 1990-cı il tarixdə Cavabdeh MMC ilə bağladığı 15 saylı Səhmlərin alqı-satqısına dair müqaviləyə əsasən ümumi dəyəri 50000 rubl məbləğində 5 ədəd səhm almışdır ki, bu pul həmin dövrün məzənnəsinə əsasən 27.777 ABŞ dolları deyil, 79.365 ABŞ dolları təşkil etmişdir (SSRİ Prezidentinin 26 oktyabr 1990-cı il tarixli, ХП-943 nömrəli "Rublun və milli valyutanın dövlət məzənnəsinin tətbiqi haqqında" Fərmanına əsasən 1,0 ABŞ dollarının məzənnəsi 1,8 rubl olaraq müəyyən edilmişdir (əvvəlki məzənnə 0,63 rubl təşkil edirdi)). Bununla bağlı iddia ərizəsinə düzəliş təqdim edilsə də, lakin məhkəmə düzəlişi nəzərə almamış və qətnamədə ilkin iddia ərizəsi üzrə təqdim olunan səhv məlumatı qeyd etmişdir... Bundan başqa, qətnamədə qeyd olunmuşdur ki, tərəflər arasında olan hazırkı kommersiya mübahisəsi 19 may 1990-cı il tarixli 15 nömrəli Səhm qeydiyyatı haqqında müqavilə əsasında ümumi dəyəri 50000 rubl olan 5 ədəd səhmin cavabdeh tərəfindən iddiaçıya verilməsindən yarandığına görə mübahisənin həllinə həmin hüquq münasibəti yarandığı zaman qüvvədə olmuş maddi hüquq normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... Bununla bağlı bildirmək istəyir ki, iddiaçı və cavabdeh arasında olan kommersiya mübahisəsi 19 may 1990-cı il tarixli 15 nömrəli Səhm qeydiyyatı haqqında müqavilə əsasında ümumi dəyəri 50000 rubl olan 5 ədəd səhmin cavabdeh tərəfindən iddiaçıya verilməsindən deyil, iddiaçının səhmdar və səhm mülkiyyətçisi olaraq hüquqlarının məhdudlaşdırılmasından yaranmışdır. İddiaçı 000017 nömrəli A seriyalı Səhm Sertifikatı təqdim edilmiş, hansı ki, öz növbəsində təsdiq etmişdir ki, o, 5 ədəd ödənilmiş səhmlərin sahibidir. Bununla da hesab edir ki, bu kommersiya mübahisəsi 19 may 1990-cı il tarixli 15 nömrəli Səhm qeydiyyatı haqqında müqavilə əsasında deyil, iddiaçının səhmdar və səhm mülkiyyətçisi olaraq hüquqlarının məhdudlaşdırılması və bu halın davamlı xarakter daşıyaraq indiyədək davam etməsi nəticəsində yaranmış mübahisədir. Ona görə də bu kommersiya mübahisəsinə hazırda qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır... Digər tərəfdən, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir... Bu baxımdan iddiaçının 08 iyul 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi əhəmiyyət kəsb etmir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, İddiaçı öz hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu gündən üç il ərizində məhkəməyə müraciət etməli idi. Lakin, hazırki kommersiya mühabisəsindən görünür ki, tərəflər arasında 19 may 1990-cı il tarixli 15 nömrəli Səhm qeydiyyatı haqqında müqavilə bağlanmış və 34 ildən çox müddət keçdikdən sonra İddiaçı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir... Bununla bağlı bildirmək istəyir ki, hazırki kommersiya mübahisəsi 19 may 1990-cı il tarixli 15 nömrəli Səhm qeydiyyatı haqqında müqavilə əsasında deyil, iddiaçının səhmdar və səhm mülkiyyətçisi olaraq hüquqlarının pozulmasından və bu halın bu günədək davam etməsindən yarandığı üçün, habelə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmədiyi üçün İddiaçı məhkəməyə hansı zamanda və tarixdə müraciət etməsi əhəmiyyət kəsb etmir... Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərində dolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərmək hüququdur. Mülki Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Hesab edir ki, Məhkəmə iddiaçının səhmdar və səhm mülkiyyətçisi olaraq hüquqlarının məhdudlaşdırılmasını və bunun davamlı xarakter daşıyaraq indiyədək davam etməsini nəzərə almamış, bu halları aydınlaşdırmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1242/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Səhmdar Cəmiyyəti arasında 19 may 1990-cı il tarixli 15 nömrəli “Səhm qeydiyyatı haqqında müqavilə” bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, Cəmiyyət səhmdarına əlli min rubl məbləğində tam 5 (beş) ədəd səhm təqdim edir. Müqavilənin 3-cü bəndinə əsasən, səhmdar bu müqaviləni imzaladığı gündən bir il müddətində öz əmanətini və ya əmlakının bir hissəsini satın aldığı payın məbləğinə Cəmiyyətin hesabına qoymağı öhdəsinə götürür. Depozitin məbləği və onun köçürülməsi qaydası tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və müqavilənin ayrılmaz hissəsi olan ayrıca protokolla tərtib edilir. Müqavilənin 6-cı bəndinə əsasən, əmanət və ya əmlak verən səhmdar, maliyyə ili başa çatdıqdan sonra 3 ay ərzində bütün səhmləri və ya bir hissəsini almaqdan imtina etmək hüququna malikdir, bu barədə Cəmiyyətə əvvəlcədən yazılı məlumat verilməlidir. Göstərilən müddət bitdikdən sonra Cəmiyyət qeydiyyatın ləğvi üçün ərizələri qəbul etmir və əvvəllər depozitə qoyulmuş vəsait geri qaytarılmır. İş materiallarında olan 000017 nömrəli A seriyalı Səhm sertifikatına əsasən, İddiaçı 5 ədəd ödənilmiş səhmlərin sahibidir. Səhm sertifikatı üzrə səhmlərin dövriyyəsi şərtlərinin 2ci bəndinə əsasən səhmdara ona məxsus olan bütün səhmlər üçün ödəniş tam ödənildiyi halda bir sertifikat verilir. Səhmlərin dövriyyəsi şərtlərinin 6-cı bəndinə əsasən, bu sertifikat ilə təqdim olunan səhmlərə mülkiyyət hüququnun verilməsi yalnız yeni səhmdarın qeydiyyatı, alğı-satqı əqdi və dövriyyədən çıxmış səhm sertifikatının Cəmiyyət tərəfindən alınması halında baş verir. Səhmlərin dövriyyəsi şərtlərinin 7-ci bəndinə əsasən, yeni səhmdara yeni sertifikat verilir. İş materiallarında olan 26 oktyabr 2015-ci il tarixli **********414700 nömrəli Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh X3 Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 12 oktyabr 2018-ci il tarixli **********966700 nömrəli Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. 14 oktyabr 2022-ci il tarixli **********418500 nömrəli Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə dəyişdirilmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında olan hazırkı kommersiya mühabisəsi 19 may 1990-cı il tarixli 15 nömrəli Səhm qeydiyyatı haqqında müqavilədən yaranmışdır. Həmin müqaviləyə görə cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 50.000 rubl olan 5 ədəd səhm verilmişdir (satılmışdır). İddiaçı 34 ildən sonra həmin müqavilə üzrə öhdəliklərin Cavabdeh Səhmdar Cəmiyyəti (hazırda Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən pozulmasını mübahisələndirməyə başlamışdır. Belə ki, İddiaçı 8 iyul 2024-cü il tarixdə Cavabdehnə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin ümumi yığıncağının keçirilməsi, onun (iddiaçının) təsisçi kimi dövlət qeydiyyatına alınması üçün bütün hüquqi əhəmiyyətli hərəkətlərin edilməsi və ona keçmiş illərdə Cəmiyyət tərəfindən təsisçilərə (səhmdarlara) verilmiş (yaxud verilməli olan) dividendlərin ona çatası hissəsinin ödənilməsinə dair cavabdeh "xxxx" MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı əsassız sayır və qəbul etmir, bu mövqeyini onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış müqavilədə səhmlərin dəyərinin dərhal deyil, 1 il ərzində ödənilməsi nəzərdə tutulmuş, iddiaçı isə həmin müddətdə səhmlərin dəyərini ödəməmiş, ona görə də səhmdar kimi qeydiyyata alınmamış, heç vaxt səhmdarların ümumi yığıncağına dəvət edilməmiş və həmin yığıncaqlarda iştirak etməmiş, Səhm qeydiyyatı (səhmlərin alğı-satqısı) haqqında müqavilə də 1 ildən sonra qüvvəsini itirmişdir. Digər tərəfdən isə, iddiaçı hazırkı tələblər üzrə iddia müddətini çoxdan ötürmüş və bununla tələb hüququnu da itirmişdir. Ona görə də, iddiaçının tələbləri iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra iddia qaldırmışdır. İddia müddətinin keçməsi isə cavabdehin ərizəsinə əsasən həmin müddətin tətbiq edilərək iddia tələblərinin rədd edilməsi üçün əsasdır. Bu əsasla da birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad edilən normaya müvafiq olaraq, hazırkı iş üzrə mübahisəli hüquq münasibətləri tərəflər arasında bağlanmış 19 may 1990-cı il tarixli 15 nömrəli Səhm qeydiyyatı haqqında müqavilədən yaranmış olduğundan mübahisəyə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin müddəaları əsasında baxılmalıdır. Həmin dövrdə (01 sentyabr 2000-ci ilədək) Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin: - 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrəonunhüquqlarınımüdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdi; - 77-ci maddəsində deyilirdi ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur; - 78-ci maddəsində isə müəyyən edilirdi ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir; - 82-ci maddəsində deyilirdi ki, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir çox qərarlarında, o cümlədən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İstinad edilən hüquq normalarına (xüsusən də 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 77 və 82-ci maddələrinə) və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə müvafiq olaraq, hazırkı iş üzrə iddia qaldırılana qədər iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd edilməsi üçün əsasdır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxtdan artıq 34 il keçmişdir. Bu müddətdə cavabdeh hüquqi şəxsin təşkilati-hüquqi forması dəfələrlə dəyişilmiş və 14 oktyabr 2022-ci il tarixdən onun Səhmdar Cəmiyyət kimi mövcudluğuna xitam verilmişdir. Belə vəziyyətdə iddiaçının “Səhmdar Cəmiyyətin ümumi yığıncağının keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması” kimi tələblərinin icrasını necə təsəvvür etməsi başa düşülən deyil. Ona görə də hazırda iddiaçının irəli sürdüyü tələblərin mahiyyətcə araşdırılması nəticə baxımından heç bir məna və əhəmiyyət kəsb etmir. İddiaçı apellyasiya şikayətində onun mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulmasının indiyədək davam etdiyini iddia etsə də, lakin həmin mülkiyyətin konkret olaraq nədən ibarət olmasını, iddia etdiyi mülkiyyətin (əmlakın, pulun) mənbəyini, miqdarını (həcmini), olduğu (saxlandığı) yeri və ümumiyyətlə faktiki mövcudluğunu göstərməmiş, bu baxımdan onun iddiası mücərrəd, qeyri-müəyyən hüququn müdafiəsinə yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini bütövlükdə əsassız və qəbulolunmaz hesab edir. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1242/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 1242/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-24/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-24/2025
04.03.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver