Məhkəmə qərarları › İş №2-2(105)-27/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-27/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-27/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş sənədlərin təqdim edilməsi və pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1229/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili 2019-cu il olan 045917E mühərrik nömrəli, 2.2 L mühərrik həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığına məxsus texniki pasportun, mənşə sertifikatının, həmin avandanlığın Azərbaycan Respublikasına idxal edilməsi ilə bağlı gömrük bəyannaməsinin və digər aidiyyəti sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmçinin müvafiq avadanlığın silindri təhvil verilmədiyi üçün vurulmuş zərər kimi - 1300 avro məbləğində yeni silindrin alınmasının dəyəri, 200 avro məbləğində həmin silindrin xaricdən Azərbaycan Respublikasına daşınma xərci, 643,01 manat məbləğində gömrük və vergi rüsumları, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 iyul 2020-ci il tarixində AZTX/196 saylı alqı-satqı müqaviləsi bağlanmış və 1 ədəd buraxılış ili 2019-cu il olan yeni 045917E mühərrik nömrəli, 2.2 L mühərrik həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığının alqı-satqısı həyata keçirilmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı 1 (bir) ədəd mini-yükləyici JCB205 üçün 73160 (yetmiş üç min yüz altmış) manat məbləği satıcının hesabına ödədikdən sonra satıcı 3 (üç) iş günü ərzində avadanlığı alıcıya təhvil verir. İddiaçı tərəfindən müvafiq ödənişin edilməsindən uzun müddət keçməsinə baxmayaraq mini yükləyici JCB205 təhvil verilsə də, həmin avadanlığa məxsus aidiyyəti sənədlər cavabdeh tərəfindən qərəzli şəkildə iddiaçıya təhvil verilməmişdir. 13 yanvar 2022-ci il tarixdə 016/22 saylı məktubla Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-mədən X3 həmin mini yükləyicinin qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, lakin yükləyicinin lazımi sənədləri olmadığı üçün qeydiyyata alınmamışdır. Sənədlərin verilməməsinə görə bu günə qədər müvafiq avadanlığın rəsmi qeydiyyatının aparılması mümkün olmamışdır. Həmin sənədlərin iddiaçıya təhvil verilməsi üçün dəfələrlə müraciət olunsa da, heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərdən başqa, mini yükləyici JCB205 avadanlığına məxsus silindr təmir üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilsə də, təmir edildikdən sonra müvafiq silindrin iddiaçıya təhvil verilməsindən imtina edilmişdir. Həmin silindrin təmirdən sonra iddiaçıya qəsdən verilməməsinə görə “DAServices Holding GmbH&Co.KG” şirkətindən 08092020/89 nömrəli 08 sentyabr 2020-ci il tarixli müqavilə əsasında 21056 nömrəli 28 dekabr 2021-ci il tarixli invoys ilə 1300 avro məbləğinə yenisi alınmış, onun İddiaçınə gətirilməsi üçün həmin invoysda qeyd edilmiş 200 avro daşınma xərci, gömrükdə sənədləşdirilməsi üçün 07 yanvar 2022-ci il tarixində **********7019 nömrəli gömrük bəyannaməsi üzrə 643,01 manat məbləğində vergi və gömrük ödənişləri edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən Mediasiya şurasına müraciət olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi əvvəlcədən məktubla və telefon vasitəsi ilə mediasiya prosesinin yeri və vaxtı barədə məlumatlandırılsa da, proses başlayan zaman, barışıq sazişi bağlamaq istədiyini və bu səbəbdən yeni vaxt təyin olunmasını xahiş etmişdir. Lakin yeni təyin olunmuş vaxtda da prosesdə iştirak etməmişdir. Bununla bağlı mediator tərəfindən MŞB\2-01121 saylı 04 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında işirak edilməməsi barədə" arayış təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 11 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, buraxılış ili 2019-cu il olan 045917E mühərrik nömrəli, 2.2 L mühərrik həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığı ilə bağlı xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin (gömrük bəyannaməsi) iddiaçıya verilməsi, həmçinin müvafiq avadanlığın silindiri təhvil verilmədiyi üçün vurulmuş zərər kimi - 1300 avro məbləğində yeni silindirin alınmasının dəyəri, 200 avro məbləğində həmin silindirin xaricdən Azərbaycana daşınma xərci, 643,01 manat məbləğində gömrük və vergi rüsumları, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 1229/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Həlimə Alıyeva) Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: birinci instansiya məkhəməsi haqlı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə istinad etsə də, onu düzgün şərh etməmişdir. Belə ki, sözügedən əsasnamənin 2.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. İddiaçının, eləcə də məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, həmin siyahıda adları çəkilən bütün sənədlər qeydiyyat orqanına mütləq təqdim edilməli sənədlərdir. Halbuki, həmin bəndin 3-cü hissəsində qeyd edilən - sahibliyini təsdiq edən müvafiq sənəd (burada müqavilə) – qeydiyyat üçün əsasdır, əlavə olaraq 5-ci bənddə göstərilən icazə kağızının təqdim edilməsinə ehtiyac yoxdur. İddiaçının həmin yükləyici üzərində sahibliyini təsdiq edən alqı-satqı müqaviləsi isə iddiaçıda mövcuddur. Yəni, həmin sahibliyi təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi kifayətdir, əlavə olaraq icazə sənədinin verilməsinə ehtiyac yoxdur. İddiaçının və məhkəmənin məntiqi ilə yanaşılsa, yəni 2.8-ci bənddə qeyd edilən bütün sənədlərin qeydiyyat orqanına verilməsinin labüdlüyü fərz olunsa, onda gərək 5-ci yarımbənddə qeyd olunan - nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları da qeydiyyat orqanına təqdim edilməlidir. Bu isə yeni istehsal edilmiş, birbaşa zavoddan göndərilən texnikalarda mövcud olmur. Deməli qeyd edilən əsasnamənin 2.8-ci bəndində göstərilən sənədlərin hamısının qeydiyyat orqanına təqdim edilməsi zəruri deyil. Mövcud praktika da göstərir ki, FHN-nin Sənayedə X1 və Dağ-mədən X3 nəqliyyat vasitəsinin və ya texnikanın qeydiyyatı üçün müraciət edərkən, sahibliyi təsdiq edən alqı-satqı müqaviləsinin təqdim edilməsi kifayət edir. Təsadüfi deyildir ki, elə məhz iddiaçının iddia ərizəsinə əlavə etdiyi FHN tərəfindən verilmiş imtina məktubunda da 2.8-ci bənddə göstərilən sənədlərin təqdim edilməsi tələb edilir. Məhz xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin tələb edilməsi həmin məktubdan görünmür. Bundan əlavə olaraq, cavabdehin nümayəndəsinin də məhkəmə iclasında qeyd etdiyi kimi, cəmiyyətin xarici dövlətdən alıb gətirdiyi JCB205 markalı mini yükləyici üçün gömrük orqanlarının verdiyi icazə sənədi cavabdehin daxili sənədidir və onun mühasibatlığında saxlanılmalıdır. Həmin icazə sənədini iddiaçıya təqdim etmək kimi bir öhdəliyi yoxdur, bunun üçün heç zərurət də yoxdur. Bu səbəbdən nə üçün məhz icazə sənədinin verilməsinin labüdlüyünü tam sübut etmir. Onun istinad etdiyi FHN tərəfindən verilmiş imtina məktubunda məhz icazə sənədinin verilməsinin tələb edilməsi görünmür, ümumi olaraq 2.8-ci bənddə sadalanan sənədlər tələb edilir. Əsasnamənin 2.8-ci bəndində sadalanan sənədlərdən isə sahibliyi təsdiq edən alqı-satqı müqaviləsinin təqdim edilməsi qeydiyyat üçün kifayətdir. Bundan əlavə, birinci instansiya məhkəməsi də istinad etdiyi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndini düzgün şərh etməmişdir. Əgər orada yazılan bütün sənədlərin qeydiyyat orqanına təqdim edilməsinin labüdlüyünə inansaq onda gərək orada yazılmış məhkəmə qərarı, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənəd, onun qeydiyyat və ya tranzit nişanları da tələb edilməli idi. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 iyul 2020-ci il tarixli AZTX/196 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd yeni (0 km.) mini-yükləyici JCB205 (avanadlığı) bu müqavilədən irəli gələn bütün vəzifə və öhdəlikləri öz üzərinə götürərək alıcıya satır, alıcı həmin avadanlığı alır, onun dəyərini tərəflərin razılaşdırdıqları qaydada satıcının hesabına ödəyir və bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan şərtlərə əməl edir. Avadanlığın texniki spesifikasiyası müqavilənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavədə göstərilmişdir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı 1 ədəd mini-yükləyici JCB205 üçün 73160 (yetmiş üç min yüz altmış) manat məbləğini satıcının hesabına ödədikdən sonra satıcı 3 (üç) iş günü ərzində avadanlığı alıcıya təhvil verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən avadanlığın adı, markası və sayı yeni miniyükləyici JCB205, 1 (bir) ədəd 18% ƏDV daxil 73160 (yetmiş üç min yüz altmış) manat təşkil edir. Bu müqavilə imzalandıqdan sonra alıcı 10 (on) iş günü ərzində avadanlığın ümumi dəyərinin 73160 (yetmiş üç min yüz altımış) manat məbləğini satıcının hesablaşma-hesabına ödəyir. Avadanlığın dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı avadanlığın qabaqcadan 73160 (yetmiş üç min yüz altmış) manat məbləğini satıcının hesabına ödənildikdən sonra texniki cəhətdən istismara yararlı vəziyyətdə 3 (üç) iş günü ərzində alıcıya Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şossesi 15-ci km-də satıcının anbarında təhvil verir. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli AZTX/196 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, satıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mini yükləyici JCB205 (RAJ205WSHK3224335) avadanlığını satmağı, alıcı da öz növbəsində həmin avadanlığın dəyəri olan 73160 manat (62000 manat malın dəyəri + 11,160 manat ƏDV) məbləğində pul vəsaitini satıcıya verməyi öhdəsinə götürür. İş materillarında olan 29 iyul 2020-ci il tarixli buraxılış blankından görünür ki, JCB205 markalı mini-yükləyici alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxsi tərəfindən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarından aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 25 aprel 2022-ci il tarixli xx/xx-02630 saylı məktubundan görünür ki, JCB205 markalı miniyükləyici Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin V-İİ bəndinə əsasən müayinə və texniki baxış keçirildikdən sonra dövlət qeydiyyatına alınacaqdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddianın təmin edilən hissəsi ilə bağlı hesab etmişdir ki, cavabdeh xarici dövlətdən alıb gətirdiyi avadanlığı iddiaçıya vermiş olsa da, onun dövlət qeydiyyatına alınması üçün zəruri olan gömrük orqanlarının verdiyi icazə sənədini təqdim etmədiyindən, iddia tələbi "xxxx" MMC-dən xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədinin alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın pul tələbi ilə bağlı hissəsi üzrə hesab etmişdir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti JCB205 markalı mini yükləyicinin silindirinin təmir üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsini və həmin silindirin cavabdeh tərəfindən geri qaytarılmamasını, habelə iddiaçı tərəfindən xarici ölkədən silindir alınmasının cavabdehin üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi ilə bağlılığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qətnaməni yalnız gömrük orqanlarının verdiyi icazə sənədinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində yoxlayır. Belə ki, işdən görünür ki, iddia pul tələbi hissəsində təmin olunmamış, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnaməni yalnız gömrük orqanlarının verdiyi icazə sənədinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində mübahisələndirmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinin 3-cü hissəsində qeyd edilən - sahibliyini təsdiq edən müvafiq sənəd (burada müqavilə) – qeydiyyat üçün əsasdır, əlavə olaraq 5-ci bənddə göstərilən icazə kağızının təqdim edilməsinə ehtiyac yoxdur. İddiaçının həmin yükləyici üzərində sahibliyini təsdiq edən alqı-satqı müqaviləsi isə iddiaçıda mövcuddur. Yəni, həmin sahibliyi təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi kifayətdir, əlavə olaraq icazə sənədinin verilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi gömrük orqanlarının verdiyi icazə sənədinin cavabdehin daxili sənədi olması və onun mühasibatlığında saxlanılmalı olması barədə mövqeyi əsassızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə təqdim edilməli sənədlərin siyahısı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1229/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar