Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-30/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1608/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 02 iyun 2020-ci ildə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonunun “Babacan” adlanan qış otlaq ərazisində yerləşən JN 9184 saylı 10 aprel 2006cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən şəhadətnaməyə və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı daşınmaz əmlakın plan və ölçüsünə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsindən Cavabdeh qanunsuz sahibliyinə son qoyularaq torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184, kod 30800001 №-li 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin özünün istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2006-cı il tarixli sərəncamı ilə ona Abşeron rayonu ərazisində yerləşən “Babacan” adlanan qış otlaq sahəsində kənd təsərrüfatı təyinatlı 200 (iki yüz) ha torpaq sahəsi 15 il müddətinə icarə qaydasında ayrılmış və həmin sərəncama əsasən onunla icarə müqaviləsi bağlanaraq, ona torpağın müvəqqəti istifadə hüququna dair 10 aprel 2006-cı il tarixli JN 9184 saylı, kod 30800001 №-li şəhadətnamə verilmişdir. O, icarəyə götürdüyü torpaq sahəsindən istifadə etdiyi müddətdə kiçik qardaşı olan Cavabdeh tərəfindən torpağın bir hissəsi zəbt edilmiş və sonuncu orada qanunsuz olaraq 200 başa yaxın mal-heyvan saxlamışdır. O, cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-249/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, Abşeron rayonu “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184, kod 30800001 №-li, 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən İddiaçı icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması, həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr zəbt olunmuş hissəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-249/2021 nömrəli qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli 2(105)2041/2021 nömrəli qərardadı ilə Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-249/2021 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(102)- 6645/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli 2(105)- 2041/2021 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş baxılması üçün 12 noyabr 2021-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsində cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində 1998-ci ildə Aqrar İslahat Komissiyası tərəfindən ona əmlak payı kimi verilmiş tikililərin iddiaçıya icarəyə verilmiş 200 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur və Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində 200 ha torpaq sahəsi ilə əlaqədar 15 il müddətinə bağlanmış 15 mart 2006-cı il tarixli icarə müqaviləsinin müddəti bitmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-2(119)- 1608/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı iddiasını məhkəməyə təqdim etdiyi sənədlər, X1 12 mart 2021-ci il tarixli, 49 №-li rəyi ilə və digər sübutlarla sübuta yetirmişdir. Lakin cavabdeh həmin sübutları təkzib edən heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. İddiaçının cavabdehə qarşı verdiyi iddia ərizəsi əsaslıdır. Çünki İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15.03.2006-cı il tarixli, 060 №-li sərəncamı və həmin tarixli icarə müqaviləsi ilə Abşeron rayonu “Babacan” adlanan qış otlaq ərazisində kənd təsərrüfatı məhsulları (heyvandarlıq) istehsal olunması üçün 200,00 (iki yüz) ha torpaq sahəsi 15 il müddətinə müvəqqəti istifadəsinə verilmiş, həmin torpaq sahəsinə DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən “Torpaqdan müvəqqəti istifadə hüququ haqqında” 10.04.2006- cı il tarixli, JN-9184, kod 30800001 №-li Şəhadətnamə verilmişdir və hazırda İddiaçı istifadəsindədir. Orada qoyunçuluqla məşğul olmuş, torpaqdan təyinatı üzrə qüsursuz istifadə etmişdir. Cavabdehin iddiaçının torpaqdan istifadə etməsinə dair maneələr iş materiallarında olan sübutlarla və X1 49 saylı, 12 mart 2021-ci il tarixli ekspert rəyi ilə tam sübut olunmuşdur. X1 49 saylı, 12 mart 2021-ci il tarixli ekspert rəyində qeyd edilir ki, İddiaçı müvafiq sənədlər əsasında Abşeron rayonu, "Babacan” adlanan yerdə ayrılmış 200,00 (iki yüz) ha torpaq sahəsinin hüdudları, koordinatları, torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilərək, torpaq sahəsinin naturadakı sərhədlərinin (hüdudları) Azərbaycan Respublikası Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9184, Kod ******* saylı Şəhadətnaməyə uyğun olduğu, həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr hissəsi Cavabdeh tərəfindən zəbt olunaraq orada sahəsi 121 kvadratmetr olan çoban evinin və üç hissədən ibarət olan 189 kvadratmetrlik mal-qara tövləsinin inşa olunduğu müəyyən edilmişdir. Hazırki iş üzrə Rəfiyev X3 Rayon İcra Hakimiyyəti Başçısı ilə Abşeron rayonu “Babacan” adlanan qış otlaq ərazisində kənd təsərrüfatı məhsulları (heyvandarlıq) istehsal olunması üçün 200,00 (iki yüz) ha torpaq sahəsinin 15 il müddətinə müvəqqəti istifadəsinə verilməsi barədə 15.03.2006-cı il tarixli, 060 №-li torpaq icarə müqaviləsi bağlamışdır. Bu müqavilə üç ildən çox müddətə bağlandığından, həmin müqavilənin ləğv edilməsi əsasları Azərbaycan Respublikası MMnin 719.2-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Lakin bu əsaslar olmadığına görə 15.03.2006-cı il tarixli, 060 №-li “Torpaq İcarəsi müqaviləsi” ləğv və ya xitam olunmamış hesab edilməlidir. Belə ki, İddiaçı 03.03.2021-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyəti başçısına “Torpaq İcarəsi müqaviləsi”nin müddətinin uzadılması üçün sorğu (ərizə) vermişdir. Abşeron Rayon İcra Hakimiyyəti isə sorğuya üç ay ərzində yazılı imtina verməmişdir. Bu barədə İddiaçı heç bir rəsmi, yazılı imtina təqdim edilməmişdir. Bununla da, MM-nin 719.2-ci madəsinin tələblərinə əsasən torpaq icarə müqaviləsi üzrə hüquq münasibətləri qeyri-müəyyən müddətə uzadılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin İddiaçı ilə bağladığı 15 mart 2006-cı il tarixli “Torpaq İcarəsi müqaviləsi”nə xitam verilməsi barədə rəsmi imtinası olmadığından icarə müqaviləsi eyni müddət üçün, eyni şərtlərlə uzadılmış hesab edilir. Eyni zamanda Abşeron Rayon İcra Hakimiyyəti müqavilənin xitam verilməsi üçün heç bir əsas göstərməmişdir. İddiaçı istfadəsinə verilmiş torpaq sahəsindən təyinatına uyğun, qüsursuz istifadə etmiş, torpağa heç bir ziyan vurmamışdır. İddiaçı istifadəsində olan torpaq sahəsindən Cavabdeh çıxarılması barədə 2020-ci ilin avqust ayında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin vaxt və hazırda da iddiaçının iddia qaldırmağa subyektiv hüququ olmuşdur. Məhkəmə də həmin iddia ərizəsinin məhkəmə baxışını mümkün hesab edərək icraatına qəbul etmişdir. Eyni zamanda, “icarə hüququnun bitməsi” məsələsi hazırki iddia ərizəsinin predmeti deyildir. Sumqayıt Kommersiya Məhkəməsi işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlayıb qiymətləndirməli idi. Lakin məhkəmə İddiaçı məhkəməyə iddia verməkdə subyektiv hüquqlarının olub-olmaması xüsusatını araşdırmamışdır. Bununla da MPM-nin 106.1-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə ki: a) İddiaçı məhkəmədə 2020-ci ilin avqustunda iddia qaldırarkən Abşeron Rayon İcra Hakimiyyəti ilə bağladığı“Torpaq İcarəsi müqaviləsi”nin müddəti keçməmişdir; b) Hazırda “Torpaq İcarəsi müqaviləsi”nin müddətinin uzadılmasından imtina edilməsi barədə Abşeron Rayon İcra Hakimiyyətinin İddiaçı yazılı imtinası rəsmi təqdim edilməmişdir və “Torpaq İcarəsi müqaviləsi” ilə bağlı Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki iş 09.12.2021-ci il tarixli, 2(012)-4281/2021 №-li qərardadı ilə baxılmamış saxlanmışdır. Bununla da Sumqayıt Kommersiya Məhkəməsi “Torpaq İcarəsi müqaviləsi” üzrə başqa məhkəmənin icraatında olan mülki işlə həll olunmadan iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayonuna təhkim olunmuş “Babacan” adlanan qış otlaq ərazisində X5 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə İddiaçı 15 (on beş) il müddətinə 200 (iki yüz) hektar icarə qaydasında torpaq sahəsi ayrılması ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 15 mart 2006-cı il tarixli 060 nömrəli Sərəncam verilmişdir. Həmin Sərəncam əsasında “icarəyəverən” Abşeron Rayon İcra Hakimiyyəti ilə “icarəçi” İddiaçı arasında bağlanmış 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqaviləyə əsasən Abşeron rayonuna təhkim olunmuş “Babacan” adlanan qış otlaq ərazisində X5 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə icarəçi İddiaçı 200 (iki yüz) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin 1.3-cü bəndinə əsasən, torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə “istifadə üçün icazə” adlanacaq. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, icarə müddəti qurtardıqdan sonra torpaq geri qaytarılacaq və yaxud müqavilənin vaxtı uzadılacaq. Həmin Müqavilənin 2.1-ci bəndində əsasən, bu Müqavilə 15 (on beş) il müddətinə bağlanır. Həmin Müqavilənin 2.3-cü bəndində əsasən, icarəyə verilmiş torpaq sahəsinə görə icarə haqqı 01 fevral 2006-cı il tarixdən hesablanır. Həmin Müqavilənin 6-cı bəndinin tələblərinə görə, icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra İcarə Müqaviləsi qüvvəyə minir. İş materiallarında olan “Torpaqdan müvəqqəti istifadə hüququna” dair 10 aprel 2006-cı il tarixli “JN-9184 KOD 3080001” saylı Şəhadətnamə ilə müəyyən olunur ki, Abşeron rayonuna təhkim edilmiş “Babacan” adlanan qış otlaq ərazisində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2006-cı il tarixli 060 saylı Sərəncamı və 15 mart 2006cı il tarixli İcarə Müqaviləsi ilə kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün 200 ha torpaq sahəsi 15 il müddətinə icarəçi İddiaçı istifadəyə verilmiş və bu hüquq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10 aprel 2006-cı ildə müvafiq qaydada qeydə alınmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 16 mart 2021-ci il tarixli 558 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılması barədə “icarəçi” İddiaçı ərizəsinə razılıq verilməmiş və “icarəyəverən” Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılmasından imtina edilmişdir (iş vərəqi: - 127). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Abşeron Rayon Məhkəməsiniin 06 oktyabr 2020-ci il tarixli qərardadında mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmış və araşdırmanın nəticəsi olaraq Abşeron rayonu “Babacan” adlanan qış otlaq ərazisində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 10 aprel 2006-cı il tarixli “JN 9184, kod 30800001” №-li şəhadətnaməyə əsasən İddiaçı icarəsinə verilmiş 200 ha torpaq sahəsinin koordinatları göstərilməmiş, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin yerləşməsi qismən uyğunlaşdırılmışdır. İddiaçı JN-9184 №-li Şəhadətnaməyə əsasən icarəyə verilmiş 200 ha torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluqlar mövcud olduğundan, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlibgəlməməsinin aydınlaşdırılması mümkün olmamışdır. Elektron kadastr məlumat bazasında qismən uyğunlaşdırılmış Abşeron rayonu “Babacan” adlanan qış otlaq ərazisində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 10 aprel 2006-cı il tarixli, JN 9184, Kod 30800001 №-li şəhadətnaməyə əsasən İddiaçı ayrılmış 200 ha torpaq sahəsinin hüdudlarında yerləşən tikililərin (çoban evi və tövlələrin) kimə məxsus olması barədə hər hansı (tikiliyə aid hüquqi və texniki) sənəd təqdim edilmədiyindən, həmin tikililərin (çoban evi və tövlələrin) kimə məxsus olmasının araşdırılması mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 mart 2021-ci il tarixli 49 nömrəli rəyindən görünür ki, İddiaçı müraciəti əsasında aparılmış tədqiqat zamanı Abşeron rayonunun “Babacan” adlanan ərazisində ayrılmış 200 (iki yüz) ha torpaq sahəsinin naturadakı sərhədlərinin (hüdudları) Torpaqdan müvəqqəti istifadə hüququna dair “JN-9184, Kod 3080001” saylı Şəhadətnaməyə uyğun olduğu və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr hissəsinin Cavabdeh tərəfindən zəbt olunaraq orada sahəsi 121 kvadratmetr olan çoban evinin və üç hissədən ibarət olan 189 kvadratmetrlik mal-qara tövləsinin inşa olunduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Dövlət AİK-nın 1998-ci il 17 yanvar tarixli 10/AK-1 №-li iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə 114 nömrəli aktla müəyyən olunur ki, Abşeron Rayon Qobustan adına sovxozun X6 Komissiyası tərəfindən həmin təsərrüfatın Qobustan kəndində yaşayan əmlak payı almaq hüququna malik olan Cavabdeh 5835 manat məbləğində Babacan qış yatağı və 15 baş mal-qara verilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqaviləyə əsasən 200 hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmiş və X4 müddəti 10 aprel 2021-ci ildə bitmişdir. İcarə Müqaviləsinin müddətinin uzadılması üçün “icarəçi” İddiaçı tərəfindən “icarəyəverən” Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunsa da, 16 mart 2021-ci il tarixli 558 nömrəli məktubla “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılmasından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin tələblərinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin tələblərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində icarə hüququ 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilə ilə yaranmış və 200 (iki yüz) hektar torpaq sahəsi ona 15 (on beş) il müddətinə icarəyə verilmiş və X4 müddəti 10 aprel 2021-ci ildə bitmişdir. X4 müddətinin uzadılması üçün “icarəyəverən” Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunsa da, “icarəyəverən” Abşeron Rayon İcra Hakimiyyətinin 16 mart 2021-ci il tarixli 558 nömrəli məktubu ilə 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mülki Məcəllənin 719-cu maddəsinin tələblərinə riayət olunmaması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya şikayətində qeyd olunduğu kimi, 03.03.2021-ci il tarixdə iddiaçı tərəfindən Abşeron İH-nə müraciət olunduğu görünür, iş materiallarında isə həmin müraciətin Abşeron İH tərəfindən 16 mart 2021-ci il tarixdə cavablandırılması ilə bağlı məktub vardır və həmin məktubla 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1608/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-30/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-30/2022
18.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver