Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-41/2024 01.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ası̇ f oğlunun cavabdeh Abbasov Rəhı̇ m Bahadur oğlu və Cavabdeh2 qarşı qarşı kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Ası̇ f oğlunun cavabdeh Abbasov Rəhı̇ m Bahadur oğlu və Cavabdeh2 qarşı “kooperativə aid maliyyə-mühasibatlıq və digər sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2-2(119)-292/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının təsisçisi və qanuni təmsilçisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus maliyyə-mühasibatlıq sənədlərinin, MTK-nın gəlirləri və xərcləri, icarə haqları və vergi ödənişlərini özündə əks etdirən sənədlərin, MTK tərəfindən inşa edilmiş mənzillər və digər əmlakların satışına dair sənədlərin, tikinti-texniki sənədlərin, iclas protokollarının, MTK tərəfindən inşa edilmiş və hazırda inşa edilməkdə olan əmlaklar barədə sənədlərin, habelə MTK-nın möhürünün cavabdehlərdən alınaraq iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Kommersiya 09 fevral 2024-cü il tarixli, e-2-2(119)-292/2024 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır.
3. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2- 2(119)-292/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək işin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Kommersiya 14 fevral 2024-cü il tarixli, e-2-2(119)-292/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e-2-2(119)-292/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, iddia ərizəsi və xəbərdarlıq məktubu cavabdehlərə (həmçinin cavabdehlərdən Cavabdeh2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada) qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Qeyd etmək istəyir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş iddia təsisçilər arasında yaranmış mübahisələrlə əlaqədardır, onlar arasında heç bir müqavilə münasibətləri yoxdur. Xəbərdarlıq məktubunun MPM-in 150.2-ci maddəsində göstərilmiş qaydada göndərilməsinə ehtiyac yoxdur. Bunu da qeyd etmək istəyir ki, mübahisə ilə bağlı 2(113)-5079/2023 saylı iş əvvəllər Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş, pretenziya və iddia ərizəsi cavabdehlərin qeydiyyatda olduqları ünvana göndərilməməsi (ərazi aidiyyəti qaydalarının pozulması) səbəbindən geri qaytarılmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadını əsassız hesab edir.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2-2(119)-292/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək işin icraata qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2-2(119)-292/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 13.2.72. Elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir. Maddə 150.1.4. Bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Maddə 150.1.6. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1.4. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e-2-2(119)- 292/2024 nömrəli və bununla bağlı 14 fevral 2024-cü il tarixli, e-2-2(119)-292/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilməməsi, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlərin hər iki cavabdehə göndərilməsi barədə poçt qəbzləri iş materiallarına əlavə olunsa da, həmin sənədin cavabdehlərdən Cavabdeh2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada çatdırılmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş iddianın təsisçilər arasında yaranmış mübahisələrlə əlaqədar olmasını, onların arasında heç bir müqavilə münasibətlərinin olmamasını, xəbərdarlıq məktubunun MPM-in 150.2-ci maddəsində göstərilmiş qaydada göndərilməsinə ehtiyacın olmamasını, mübahisə ilə bağlı işin əvvəllər Bakı Kommersiya Məhkəməsinin icraatında olmasını, pretenziya və iddia ərizəsinin cavabdehlərin qeydiyyatda olduqları ünvana göndərilməməsi (ərazi aidiyyəti qaydalarının pozulması) səbəbindən geri qaytarılması və iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanuvericiliyin tələblərinə əməl edildiyini göstərmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir: Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehlərə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehlərə həmin qaydada göndərilməli olması - həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. İş materialları araşdırılarkən qeyd olunan sənədlərin cavabdehlərə (həmçinin cavabdehlərdən Cavabdeh2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada) qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim olunmadığı müəyyən edildi. Bununla da, hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
12. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İddiaçı Ası̇ f oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e-2-2(119)-292/2024 nömrəli və bununla bağlı 14 fevral 2024-cü il tarixli, e-2-2(119)-292/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.