Məhkəmə qərarları › İş №2-2(105)-48/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-48/2025

14.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-48/2025 14.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı Qusar rayonu Samur bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə iştirakı ilə, iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-228/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-228/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Qusar rayonu Şirvanlı bələdiyyəsinə məxsus 7,20 ha örüş sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarılması, habelə Cavabdeh iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsinin xeyrinə sonuncu tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğdə xidmət haqqı əvəzinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğdə pul vəsaitinin də Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, həmçinin Cavabdeh 100 (yüz) manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz zəbt etdiyi Qusar rayonu Şirvanlı bələdiyyəsinə məxsus olan 7,2 ha örüş sahəsindən çıxarılması və həmin torpaq sahəsinin bələdiyyəyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bir neçə ildir ki, Qusar rayonu Şirvanlı bələdiyyəsinin mülkiyyətindəki 7,20 ha örüş torpağını qanunsuz zəbt edərək istifadə edir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə torpaq sahəsindən çıxması, həmin torpaq sahəsini aidiyyəti üzrə Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarması təklif edilsə də, cavabdeh könüllü olaraq torpaq sahəsindən çıxmamışdır. Cavabdeh tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə əlaqədar iddiaçı şikayət ərizəsi ilə Qusar Rayon Polis Şöbəsinə müraciət etmiş və müvafiq araşdırma aparılmışdır. Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsi müstəntiqinin 03 mart 2022-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş, bələdiyyəyə mübahisə ilə əlaqədar mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Hazırda cavabdeh bələdiyyəyə məxsus 7,20 ha örüş sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam edir və həmin torpaq sahəsi üzərində qanunsuz tikinti işləri apararaq quş damı tikmişdir. Bundan əlavə, cavabdeh əkin işləri aparmaq məqsədilə həmin torpaq sahəsini şumlamışdır. Cavabdeh Qusar Rayon Məhkəməsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 30 sentyabr 1997-ci il tarixdə Quba rayon Torpaq Şöbəsi tərəfindən onun babası X4 yaratdığı “Cəmaləddin” kəndli (fermer) təsərrüfatına ayrılmış və bunu təsdiq edən JN-290 və JN-290C (kod ********) nömrəli Dövlət aktları verilmişdir. İddiaçı isə, ilk növbədə öz adına çıxarış - mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etdikdən sonra məhkəməyə müraciət edə bilər. Bundan başqa, torpağın onun ailəsinə məxsus olması ilə bağlı qüvvədə olan məhkəmə qərarları vardır. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-847/2023 nömrəli qərardadı ilə həmin iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixli etiraz (özü tərəfindən vəsatət adlandırılmış və məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) ünvanlayaraq iddianın əsassız olduğu üçün təmin edilməməli olduğunu qeyd etmiş və etirazı bununla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Cəmaləddin Ömərov və onun ailə üzvlərinin şəxsi mülkiyyətindədir. X15 vəfat etdikdən sonra başda indiki kənd bələdiyyə sədri, onun əlaltısı Marmalat Kələntərova hər hansı alqı-satqı müqaviləsi olmadan iddia edirlər ki, X15 torpağın 1,20 hektarını Marmalat Kələntərovaya satmışdır. Qeyd edir ki, bu uydurma alqı-satqı olmuş, ona görə də 18 il ötməsinə baxmayaraq torpağa dair mülkiyyət sənədi əldə edilməmişdir. Bələdiyyə hazırda mübahisələndirilən 7,2 ha torpaq sahəsinin vergisini hər il ondan almışdır, indi tapa bilməsə də, bələdiyyə sədrinin öz imzasıyla bir-iki il əvvəl torpaq vergisi ilə bağlı onda bildirişlər vardır. Təqdim etdiyi məhkəmə qərarları və torpağa dair mülkiyyət aktı torpağın onun mülkiyyətində olmasını təsdiq edir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-228/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar rayonu Şirvanlı bələdiyyəsinin iddiası əsassızdır. Belə ki, bələdiyyənin mübahisə etdiyi torpaq sahəsi onun babası və ailəsinə məxsus olmuşdur. 1997-ci ildən həmin torpaq sahəsini istifadə edirlər və vergi ödəyirlər. Onun babası X9 “Cəmaləddin” kəndli (fermer) təsərrüfatını yaratmışdır. 02 avqust 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Cəmaləddin” kəndli (fermer) təsərrüfatının 5,80 ha torpaq sahəsi olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razı deyil. Ekspertizanın keçirilməsində cavabdeh tərəfin iştirkı təmin edilməmişdir. Təyin edilmiş tarixdə mübahisəli sahədə olsa da, ekspert həmin vaxt gəlməmiş, sonradan onun iştirakı olmadan ekspertiza keçirilmişdir. Məhkəmə ekspertin yanlış rəyinə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında bildirdi ki, Cavabdeh 2021-ci ildən müvafiq hüquqmüəyyənedici sənədə malik olmadan bələdiyyəyə məxsus 7.2 ha örüş torpaq sahəsindən qanunsuz olaraq istifadə etməkdədir. Cavabdeh, öncə ona müraciət edərək əmisinə məxsus vaqonu bələdiyyəyə məxsus torpaq sahəsinə yerləşdirmək istədiyini bildirmiş, lakin o, cavabdehə icazə verməmişdir. Buna baxmayaraq, cavabdeh həmin vaqonu torpaq sahəsinə yerləşdirmiş, o cümlədən həmin əraziyə elektrik xətti çəkməklə əkin-biçin işləri aparmışdır. Cavabdeh bu hərəkətlərinə əsas kimi qeyd etmişdir ki, bura guya onun babasının torpağıdır. Cavabdehin babasının direktoru olduğu “Cəmaləddin” kəndli (fermer) təsərrüfatının istifadəsində 4.60 ha torpaq sahəsi olmuşdur. JN-290 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən 5,8 ha torpaq sahəsi isə cavabdeh və ailəsinin şəxsi mülkiyyətlərində olan sahədir. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini satmış və hazırda təxminən 2.27 ha torpaq sahəsi qalmışdır. Məhz həmin ölçüdə olan torpaq sahəsi və həyətyanı torpaq sahəsi üzrə ondan bələdiyyə ödənişləri alınır. İddia tələbində qeyd edilən 7,2 ha torpaq sahəsi isə birbaşa bələdiyyənin mülkiyyətindədir, 5,8 ha torpaq sahəsinə aidiyyəti yoxdur və başqa ərazidə yerləşir. Bu torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına dair notarial qaydada təsdiq edilmiş xəritəni təqdim etmişdir… Əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş xx.xx.2024cü il tarixli Qanuna əsasən Şirvanlı bələdiyyəsinin ərazisi və səlahiyyətləri Samur bələdiyyəsinə keçmişdir. Hazırda o, Qusar rayonu Samur bələdiyyəsinin sədridir. Apellyasiya baxışı zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 18 oktyabr 2024-cü il tarixdə qəbul olunmuş (25 noyabr 2024-cü il tarixdən qüvvəyə minmiş) “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 34.6-cı bəndinə əsasən, Qusar rayonu üzrə Gilahoba, Samur, Şirvanlı və Yuxarı Zeyxur bələdiyyələrinin əhatə etdiyi Samur qəsəbəsində və Gilahoba, Haçatala, Kufoba, Qaratoba, Qullar, Nəcəfkəndoba, Salahoba, Şirvanlı, Torpaqkörpü, Üzdənoba, Yeni Tahircal, Yuxarı Zeyxur, Zuxuloba kəndlərində Samur bələdiyyəsi yaradılmışdır. Qusar rayonu Samur bələdiyyəsinin xx.xx.2025-ci il tarixli iclasının 02 saylı protokolundan görünür ki, iclasın 2 nömrəli qərarına əsasən Nümayəndə həmin bələdiyyənin sədri vəzifəsinə seçilmişdir. Göründüyü kimi, iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsi artıq mövcud deyil və onun hüquqi varisi Qusar rayonu Samur bələdiyyəsidir. Vaxtilə Şirvanlı bələdiyyəsinin sədri olmuş Nümayəndə isə hazırda Qusar rayonu Samur bələdiyyəsinin sədridir. MPM-in 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə kollegiyası, MPM-in 58-ci maddəsinə müvafiq olaraq, apellyasiya icraatında iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsini onun hüquq varisi Qusar rayonu Samur bələdiyyəsi ilə əvəz etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-228/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan Azərbaycan Respublikası Milli Məclisi tərəfindən verilmiş şəhadətnamənin məzmunundan görünür ki, Şirvanlı bələdiyyəsi xx.xx.2009-cu il tarixdə yaradılmış, əhatə etdiyi ərazi vahidləri Qusar rayonunun Kufoba, Qaratoba, Qullar, Salahoba, Şirvanlı, Torpaqkörpü, Üzdənoba və Zuxuloba kəndləridir. İş materiallarına həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq vəzifəli şəxsləri və Qusar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş, Qusar rayonunun inzibati ərazisinə daxil olan müvafiq bələdiyyələrin sədrləri ilə razılaşdırılmış Qusar rayonu Şirvanlı bələdiyyəsinin xəritəsi (miqyas 1:10000) əlavə edilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından (JN- 290, Kod: ********) görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə Qusar rayonu Şirvanovka kəndinin ərazisindən X7 və onun ailə üzvləri - X10, X5, X16, X19, X12, Cavabdeh və X11 birgə mülkiyyətlərinə cizgidə göstərilən sərhəd daxilində yerləşən 5,80 ha torpaq sahəsi verilmişdir. X23 əlavə edilmiş mülkiyyətə verilən torpaq sahəsinin planı/cizgisindən görünür ki, qeyd edilən 5,80 ha torpaq sahəsi JN-290 nömrəli qaimə üzrə 46014,05 kv.m və 290C nömrəli qaimə üzrə 12000,69 kv.m olmaqla iki hissədən ibarətdir. İş materiallarında olan 25 avqust 2006-cı il tarixli 4Ə-6-1020 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X7 ailə üzvlərinin (birgə mülkiyyətçilərin) notarial qaydada razılığı ilə 16 iyun 1998-ci il tarixli, JN-290 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə mülkiyyətlərində olan 1,20 ha torpaq sahəsini X1. İş materiallarında olan Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Qusar rayonu Şirvanlı bələdiyyəsinin sədri Nümayəndə Şirvanlı kəndində yaşayan Cavabdeh həmin kənddə bələdiyyəyə məxsus olan örüş sahəsini zəbt etməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şirvanlı bələdiyyəsinin sədri Nümayəndə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qərarın məzmununa görə, Cavabdeh (hazırkı iş üzrə cavabdeh) izahatında bildirmişdir ki, Şirvanlı bələdiyyəsinə məxsus həmin kəndin ərazisində yerləşən 7,2 ha torpaq sahəsini istifadə etmiş, orada tikinti, çəpərləmə və şumlama işləri aparmış, hazırda oraya aid hər hansı rəsmi sənədi yoxdur. Vaxtilə həmin torpaq sahəsi mərhum X15un istifadəsində olmuş, sonuncunun istifadəyə dair uzunmüddətli icarə müqaviləsi mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Şirvanlı bələdiyyəsinin mülkiyyətində olan 9,07 ha torpaq sahəsinin 6,19 ha və 2,88 ha olmaqla hər birinin, həmçinin cavabdehə JN-290 (Kod: ********) nömrəli Dövlət Aktı əsasında verilmiş 4,60 ha və 1,20 ha torpaq sahələrinin hər birinin sərhədləri yerində müəyyən edilmiş, hər bir sahənin ayrı-ayrılıqda koordinatları qeyd edilmiş və sxemləri tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8208 nömrəli ekspert rəyində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyinə istinad edilməklə) göstərilir ki: - qərardadın 1-ci sualı üzrə: Qusar rayonu Şirvanlı bələdiyyəsinə məxsus olan torpaqların xəritəsi nəzər alınmaqla hazırkı iddia ərizəsi ilə zəbt edilməsi iddia edilən 7,2 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilərək sxemi tərtib edilmişdir; - qərardadın 2-ci sualı üzrə: Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə (JN-290, 30124018 nömrəli kod) cavbadeh Cavabdeh və digərlərinin mülkiyyətinə verilmiş 5,80 ha torpaq sahəsi DTXK tərəfindən verilmiş JN-290 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 4,60 hektar və 1,20 hektar olmaqla iki hissədə yerləşir, faktiki və TEKUİS ilə AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirilərək sxemlər tərtib edilmişdir; - qərardadın 3-cü sualı üzrə: Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən zəbt edilməsi iddia edilən 7,2 ha torpaq sahəsi Cavabdeh və digərlərinin mülkiyyətinə verilmiş 5,80 ha torpaq sahəsi ilə üst-üstə düşmür; - qərardadın 4-cü sualı üzrə: Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən zəbt edilməsi iddia edilən 7,2 ha torpaq sahəsi faktiki olaraq iki hissədə yerləşməklə 6,19 hektar və 2,88 hektar olmaqla, cəmi 9,07 hektar təşkil edir və 6,19 hektar hissəsində hal-hazırda saman kərpicdən inşa olunmuş tikili və dəmir konstruksiyalı qurğu (anbar) inşa olunmuşdur. İddiaçı həmin torpaq sahəsindən bütövlükdə (9,07 hektar olmaqla) cavabdeh tərəfindən istifadə edildiyini, inşa olunmuş tikili və qurğunun cavabdeh tərəfindən inşa olunduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən 02 avqust 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Cəmaləddin” kəndli (fermer) təsərrüfatının nizamnaməsinin “Müəssisənin mülkiyyəti” adlanan V hissəsində qeyd edilmişdir ki, müəssisənin nizamnamə fondu 47403196 manat dəyərində olan 5,80 ha torpaq sahəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 4-cü hissələrinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3 və 4-cü hissələrində deyilir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin müəyyən olunmuş hallarından görünür ki, Qusar rayonu Şirvanlı bələdiyyəsi Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz olaraq istifadə etdiyi bələdiyyənin mülkiyyətində olan 7,2 ha örüş sahəsindən çıxarılması və həmin torpaq sahəsinin aidiyyəti üzrə mülkiyyətçiyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazının əsas dəlili bundan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi DTXK-nin Quba rayon şöbəsi tərəfindən 30 sentyabr 1997-ci il tarixdə onun X15un yaratdığı “Cəmaləddin” kəndli (fermer) təsərrüfatına ayrılmış və bu səbəbdən həmin torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. “Torpağa mülkiyyət hüququna dair” JN-290 (kod: ********) nömrəli Dövlət Aktına əsasən, Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə Cəmaləddin Ömərov və onun ailə üzvlərinə 5,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. 02 avqust 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Cəmaləddin” kəndli (fermer) təsərrüfatının nizamnaməsinin “Müəssisənin mülkiyyəti” adlanan V hissəsində həmin 5,80 ha torpaq sahəsinin müəssisənin nizamnamə fondunu təşkil etməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı mötəbər sübutlar (o cümlədən ekspert rəyi) əsasında müəyyən olunmuşdur ki, dövlət tərəfindən iş üzrə cavabdehin X15 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 5,80 ha torpaq sahəsi iddia ərizəsində mübahisələndirilən bələdiyyə mülkiyyətinə aid 7,2 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin müəyyən olunmuşdur ki, iddia ərizəsində nəzərdə tutulmuş 7.2 ha torpaq sahəsi faktiki olaraq iki hissədə yerləşməklə (6.19 ha və 2.88 ha olmaqla cəmi 9.07 ha) 6.19 ha hissəsində hazırda saman kərpicdən tikili və dəmir konstruksiyalı qurğu (anbar) inşa edilmişdir. İddiaçı həmin torpaq sahəsindən bütövlükdə Cavabdeh tərəfindən istifadə edildiyini, tikilinin və qurğunun cavabdeh tərəfindən inşa olunduğunu bildirmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən qanuni əsas olmadan istifadə edilməklə, orada özbaşına tikililər inşa edilməklə və əkin işləri aparılmaqla bələdiyyənin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur. Belə vəziyyətdə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə mülkiyyətinə qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsinin Cavabdeh qarşı sonuncunun bələdiyyəyə məxsus 7,20 ha örüş sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Qusar rayonu Şirvanlı bələdiyyəsinə qaytarılması barədə iddia tələbi əsaslı olmuş, birinci instansiya məhkəməsi də həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Kollegiya bir daha vurğulayır ki, iddiaçı Qusar rayonu Şirvanlı bələdiyyəsi hazırda mövcud deyil və onun hüquqi varisi Qusar rayonu Samur bələdiyyəsidir. Bu səbəbdən Şirvanlı bələdiyyəsinin tələb hüququ hazırda hüquqi varislik yolu ilə Samur bələdiyyəsinə keçmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-228/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə 19 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 228/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar