Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-49/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, iddiaçı Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-94/2025 nömrəli qərardadından iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı “icarə haqqının tutulması, torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 1 (bir) ha torpaq sahəsindən istifadəyə görə yaranmış 14400 (on dörd min dörd yüz) manat məbləğində icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, notarial qaydada bağlanılmış 19 yanvar 2017-ci il tarixli AN-İ 059861 saylı “hüququn alqı-satqısı müqaviləsi” əsasında bələdiyyə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 ha torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh keçmişdir. Adı çəkilən sənəd əsasında Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 1 ha torpaq sahəsinin icarəyə verilməsi barədə 26 yanvar 2017-ci il tarixli 18 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sözügedən icarə müqaviləsinin qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Torpaq icarə müqaviləsinin şərtlərinə əsasən icarəyə verilmiş torpaq sahəsinin 1 kvadrat metrinin illik icarə haqqı 0,48 manatdan (qırx səkkiz qəpikdən) hesablanmış və illik icarə haqqının məbləği 4800 (dörd min səkkiz yüz) manat olaraq müəyyən edilmişdir. Lakin Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Belə ki, Cavabdeh bazar məzənnələri nəzərə alınmaqla yeni icarə qiymətləri əsasında qanunverciliklə müəyyən edimiş qaydada yeni torpaq icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi təklif olunsa da, sonuncu bu təklifdən imtina etmişdir. Cavabdeh icarə münasibətlərini davam etdirməkdən və ona ünvanlanmış yeni torpaq icarə müqaviləsini imzalamaqdan imtina etməklə torpağın mülkiyyətçisi olaraq Sumqayıt Bələdiyyəsinin maraqlarını və qanuni mənafeyini pozmuşdur. İcarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanunamüvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh icarəsinə verilmiş torpaq sahəsindən 2021-ci ilin 31 dekabrından sonra qeyri-qanuni istifadə etməkdədir. Buna baxmayaraq cavabdeh icarə müddəti başa çatmış torpaq sahəsini boşaldaraq bələdiyyəyə geri qaytarmamışdır. Cavabdeh yazılı xəbərdarlıqlarla müraciət olunaraq yaranmış mübahisənin məhkəməyə qədər həlli qaydasında nizama salınması, torpağın boşaldılaraq bələdiyyəyə qaytarılması təklif olunsa da, cavabdeh mübahisənin həlli ilə bağlı hər hansı addım atmamışdır. Qeyd olunanlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. 07 yanvar 2025-ci il tarixdə iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, Cavabdeh icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 1 (bir) ha torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 07 yanvar 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının boşaldılmasını tələb etdiyi sahə xx.xx.2017-ci il tarixdə DƏDRX Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanda yerləşən 'Xovlu İplik” fabrikinin ərazisidir. Cavabdeh həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, dövlətə, o cümlədən bələdiyyəyə əmlak və icarə haqqı vergilərini vaxtlı-vaxtında ödəyir. İddiaçı qeyd olunan torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanılmasını tələb etsə də, həmin torpaq sahəsi üzərində hər hansı hüququnun olması barədə cavabdehə hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Sumqayıt bələdiyyəsi hesab edirsə ki, bu torpaq sahəsi hər hansı hüquqmüəyyənedici sənəd əsasında ona məxsusdur, o zaman həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq qeydə aldırmalı, daha sonra icarə müqaviləsi bağlanılması tələbi ilə cavabdehə müraciət etməli idi. Hazırkı vəziyyətdə isə Sumqayıt bələdiyyəsi geri qaytarılmasını tələb etdiyi torpaq sahəsi üzərində hər hansı hüququnu dövlət qeydiyyatına aldırmamış, eləcə də həmin torpaq sahəsini torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsini təklif etməmişdir. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq hərracları və ya müsabiqələrlə bağlı məlumat əldə etmək üçün hüquqi şəxsin nümayəndəsi və ya fiziki şəxs bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini bələdiyyələr sərbəst həyata keçirirlər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir. İddiaçının çıxarılmasını tələb etdiyi ərazi xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sahibkarlıq fəaliyətini həyata keçirdiyi sahədir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 15 yanvar 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə məlumat təqdim edilərək bildirilmişdir ki, iddiaçının çıxarılmasını tələb etdiyi torpaq sahəsi məhz Cavabdeh xüsusi mülkiyyətində olmaqla, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanda yerləşən və xx.xx.2017-ci ildə notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında dəyərini tam ödədiyi, Xovlu iplik fabrikin ərazisidir. xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış da məhz cavabdehin əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını sübut edir. Lakin iddiaçı iddia tələbində çıxarılmasını tələb etdiyi 1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Habelə iddiaçının təqdim etdiyi xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə baxış zamanı müəyyən olunur ki, həmin müqavilədə icarəyəgötürən qismində Cavabdeh rekvizitləri ümumiyyətlə qeyd edilməmiş, Cavabdeh müqavilədəki imzanın ona məxsus olmadığını bildirir. Cavabdeh fabrik üzərində mülkiyyət hüquqları hələ xx.xx.2027-ci il tarixdə dövlət qeydiyyatına alındığı halda, ondan 1 gün əvvəl xx.xx.2017-ci ildə onunla hansı əsasla müqavilə bağlanıb? Eləcə də, həmin müqavilənin 6.2-ci bəndində də icarə müqqaviləsinin torpaq hərracları vasitəsilə uzadılması qeyd edilmişdir ki, hazırkı vəziyyətdə bu torpaq sahəsi ilə bağlı hər hansı hərrəc keçirilməmiş və cavabdehə təklif edilməmişdir. Habelə cavabdehin həmin torpaq sahəsi və xüsusi mülkiyyətində olan müəssisəyə görə bələdiyyəyə heç bir vergi borcu və ya öhdəliyi mövcud deyildir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-94/2025 nömrəli qərardadı ilə işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır (hakim Həlimə Alıyeva). Məhkəmənin mövqeyinə görə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən müstəsna ərazi aidiyyəti qaydalarına istinad etməklə iddia ərizəsini daşınmaz əmlakın olduğu yerin məhkəməsinə vermişdir. Lakin həmin maddənin tələblərinə əsasən müəyyən edilir ki, müstəsna aidiyyət qaydalarına əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, qeyd edilən normada daşınmaz əşyanın olduğu yerə görə iddia ərizəsinin verilməli olduğu mübahisələrin konkret dairəsi müəyyən edilmişdir. İddiaçının iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, o, məhkəməyə müraciət edərkən torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasını və torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, sözügedən torpaq sahəsi icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış 26 yanvar 2017-ci il tarixli 18 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Buna görə də hazırkı tələb tərəflər arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyindən ümumi qaydadan fərqli ərazi aidiyyətini müəyyən edən MPM-in 39.1-ci maddəsində müəyyənləşdirilmiş mübahisələrə aid edilmədiyi üçün MPM-in 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerə görə verilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ünvan 2 ünvanında rəsmi qeydiyyatdadır. Ona görə də hesab edir ki, hazırkı kommersiya işinə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qərardaddan iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ərazi aidiyyəti ilə bağlı qanun normalarına düzgün riayət etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi ünvan 3 ünvanında yerləşir və torpaq sahəsinin icarəyə verilməsi barədə cavabdehlə 26 yanvar 2017-ci il tarixli, 18 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Sözügedən icarə müqaviləsinin qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmiş, lakin Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Bir daha qeyd edir ki, torpaq sahəsindən istifadəyə dair bağlanılmış 26 yanvar 2017-ci il tarixli, 18 saylı torpaq icarə müqaviləsinin qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixdə başa çatmışdır. Belə olan halda icarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından, Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri qaytarılması və torpağın mülkiyyətçisi kimi mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması məqsədi ilə müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Cavabdeh torpaq sahəsindən 2021-ci ilin 31 dekabrından sonra hər hansı hüquqi əsaslar olmadan qeyri-qanuni istifadə etməkdədir. Qeyd olunanlar məhkəmənin yaranmış mübahisənin icarə münasibətləri ilə bağlı olduğu və müstəsna aidiyyət qaydaları çərçivəsində baxılmalı olmaması barədə gəldiyi nəticəsinin əsassızlığını sübuta yetirir. Sumqayıt Bələdiyyəsi torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və torpağın cavabdehin qeyri-qanuni sahibliyindən geri qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunur ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir... Hazırkı məhkəmə mübahisəsi üzrə iddiaçı olaraq Sumqayıt Bələdiyyəsinin cavabdehə qarşı iddia tələbi “torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması, zəbt edilmiş torpağın boşaldılması”ndan ibarət olmuşdur. Başqa sözlə, Sumqayıt Bələdiyyəsi məhkəməyə bir neçə iddia tələbi ilə müraciət etmişdir ki, bunlardan biri Cavabdeh icarəsinə verilmiş və icarə müddəti başa çatmış 1,0 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, digəri isə torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilməsindən ibarətdir. Sumqayıt Bələdiyyəsinin əsas tələbi mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlakın cavabdehrin qanunsuz sahibliyindən geri qaytarılaraq mülkiyyət hüququnun müdafiəsindən ibarətdir. Belə mübahisələrə isə müstəsna aidiyyət qaydası tətbiq edilir ki, hal-hazırkı iddia tələblərinə də hər bir halda müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yer üzrə Sumqayıt şəhərində baxılmalıdır. Birinci instansiyası məhkəməsi ərazi aidiyyəti ilə bağlı qanun normasını düzgün tətbiq və təfsir etməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-94/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməyərək, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini və iş materiallarını əlaqəli şəkildə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi kommersiya mübahisəsinin ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edərkən işə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətincə, işin faktiki halları və prosessual qanunvericiliyin müddəaları baxımından hazırkı kommersiya mübahisəsinə müstəsna aidiyyət qaydası şamil olunmalıdır. Belə ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İşin hallarından görünür ki, mübahisə predmeti olan daşınmaz əmlak – 1 ha torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. Həmin torpaq sahəsi barəsində icarəyə verən (iddiaçı) Sumqayıt Bələdiyyəsi ilə icarəçi (cavabdeh) Cavabdeh arasında 26 yanvar 2017-ci il tarixli 18 saylı torpaq icarə müqaviləsi bağlanılmış, icarə müqaviləsinin qüvvədə olma müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin müddəti bitəndən sonra cavabdeh nə icarə münasibətlərinin davam etdirilməsi (icarə müqaviləsinin müddətinin uzadılması, yaxud yenidən icarə müqaviləsinin bağlanması) təşəbbüsündə olmamış, nə də torpaq sahəsini icarəyə verənə (iddiaçıya) qaytarmamışdır. Halbuki, tərəflər arasında bağlanmış müqavilədə icarəçinin (cavabdehin) icarə müqaviləsinin müddəti bitəndən sonra icarə predmeti olan torpaq sahəsini geri qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur. Cavabdehin davranışı zahirən onun müqavilə öhdəliyini yerinə yetirməməsi kimi görünür. Lakin cavabdehin bəyan etdiyi mövqeyindən belə başa düşülür ki, o, mübahisəli torpaq sahəsini özününkü hesab edir və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını mübahisələndirir. Cavabdeh iddia edir ki, mübahisəli torpaq sahəsi onun mülkiyyətində olan əmlak kompleksinə (”Xovlu İplik” fabrikinə) aid ərazidə yerləşir və bu baxımdan həmin torpaq sahəsi də onun mülkiyyətindədir. Ona görə cavabdeh iddiaçı ilə bağlanmış və 31 dekabr 2021-ci il tarixədək qüvvədə olmuş icarə müqaviləsinin legitimliyini də inkar edir. Göründüyü kimi, hazırkı mübahisə iddiaçının ona məxsus hesab edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. İddiaçının tələbi mülkiyyətində olan daşınmaz əmlakdan (torpaq sahəsindən) məhrum edilmədən həmin əmlak üzərində hüquqlarının pozulmasının (torpaq sahəsinin özünə qaytarılmamasının) aradan qaldırılmasına yönəlmişdir. MPM-in 39.1-ci maddəsinə əsasən belə iddialar daşınmaz əşyanın (əmlakın) olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında qeyd olunur ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir... Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir... Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir... Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarında həmçinin qeyd edilir ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Göründüyü kimi, daşınmaz əşyaya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin (və yaxud başqa qanuni sahibin) hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar həmin əmlakın olduğu yerə görə verilir. Konkret halda da cavabdeh mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu inkar etməklə (qəbul etməməklə, tanımamaqla) və həmin torpaq sahəsini iddiaçıya qaytarmaqdan boyun qaçırmaqla (imtina etməklə) mülkiyyət hüququndan məhrum etmə olmadan iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını pozmuş olur. Digər tərəfdən, iddiaçının hazırkı tələbi daşınmaz əşyanın (torpaq sahəsinin) başqasının (cavabdehin) qeyri-qanuni (2022-ci ildən qeyri-qanuni olan) sahibliyindən götürülməsinə (geri alınmasına, geri qaytarılmasına) yönəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı kommersiya işinə müstəsna aidiyyətlə bağlı Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin “işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə” xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 94/2025 nömrəli qərardadı ləğv edilməli və hazırkı kommersiya işi aidiyyəti üzrə məhkəmə baxışının davam etdirilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edərək, yaxud dəyişərək işin həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə müvafiq olaraq, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının ərazi aidiyyəti ilə bağlı qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 39, 263-264, 398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin “işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə” xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 94/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” kommersiya işi məhkəmə baxışının davam etdirilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-49/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-49/2025
01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver