Məhkəmə qərarları › İş №2-2(105)-69/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-69/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-69/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və ASCnin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” ilk iddiası və cavabdeh "xxxx" ASC-nin İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(119)-4/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2-2(119)-4/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 142140,95 manat borc, ödənilmiş 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xidməti haqqının və 65 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 143105,95 manat (yüz qırx üç min yüz beş manat doxsan beş qəpik) məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" ASC-dən dövlət nəfinə 367,14 manat (üç yüz altmış yeddi manat on dörd qəpik) məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq X4 ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi və qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərclərinin cavabdeh "xxxx" ASC-nin özünə aid edilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 175455 (yüz yetmiş beş min dörd yüz əlli beş) manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 466 (dörd yüz altmış altı) manatın və hüquqi yardıma görə ödənilmiş 2013 (iki min on üç) manat xidmət haqqı əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında 11 oktyabr 2019-cu il tarixli, AZ 10/2019 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti olaraq icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) təsdiq etdiyi sifarişlər əsasında xidmət göstərməyi (ayaqaltının qurulması, sökülməsi və aylıq icarəsi işlərini görməyi) öz üzərinə götürmüşdür. Xidmət müqaviləsi üzrə sifarişçi tərəfindən verilən bütün sifarişlər yerinə yetirilmiş, müvafiq mühasibatlıq sənədləri təsdiqlənmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə bir sıra ödənişlər edilsə də, 175455 manat məbləğində borc bu günədək ödənilməmişdir. Cavabdehə həmin borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də, hər dəfə vaxt istənilməklə, qısa müddətə borcun tam ödəniləcəyi vəd edilmişdir. Buna baxmayaraq borc məbləği bu günədək ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq pretenziya göndərilmişdir. Daha sonra qanunun tələbinə əsasən mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh tərəf mediasiya təşkilatında keçirilən iclasda iştirak etməmişdir. Ona görə də borcun məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 24 avqust 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı 107566,55 manat (yüz yeddi min beş yüz altmış altı manat əlli beş qəpik) pul vəsaitinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının alınaraq "xxxx" ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 11 oktyabr 2019-cu il tarixli AZ 10/2019 saylı xidmət müqaviləsi başlanmışdır. Bundan sonra əvvəlki müqavilə ləğv edilərək, İddiaçı ilə "xxxx" ASC arasında 24 oktyabr 2019-cu il tarixli AZ 10/2019 saylı yeni xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh icraçı olaraq müqavilədə göstərilən işləri görməyi, "xxxx" ASC isə görülmüş işlərin dəyərini ona ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.9-cu bəndinə əsasən xidmətin dəyəri ay bitdikdən sonra “F-2” aktı ilə təsdiqlənərək növbəti 30 gün ərzində ödənilməli idi. Müqavilənin 3.1-ci maddəsinə əsasən göstərilən xidmətlər sifarişçi tərəfindən sifariş olunduqdan sonra icraçı tərəfindən təmin (icra) olunur və təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verilir. Müəyyən dövr ərzində tərəflər arasında işlər təhvil-təslim aktları (“F-2”-lər) ilə təsdiqlənmiş, həmin aktlara əsasən 207245,86 manat dəyərində iş görülmüşdür. Cavabdeh isə təsdiqlənməmiş qaimələrlə "xxxx" ASC-yə əlavə ödənişlər üçün məlumat göndərmiş və "xxxx" ASC tərəfindən görülmüş işlərin dəyərindən artıq olaraq 107566,55 manat vəsait iddiaçının hesabına köçürülmüşdür. Ödəmə qaimələrinin təsdiqsiz olmasını bildirərək onların geri çağrılması iddiaçıdan tələb edilsə də, iddiaçı yalnız 40497,1 manatlıq qaiməni geri çağıraraq ləğv etmiş, qalan qaimələri isə saxlamışdır. İddiaçı hazırkı vaxtadək həmin artıq ödənilmiş pul vəsaitini geri qaytarmaqdan imtina edir. Ona görə də qarşılıqlı iddianın təmin olunması xahiş edilir. Cavabdeh "xxxx" ASC 14 sentyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “qarşılıqlı iddia ərizəsinə əlavə” təqdim edərək İddiaçı təsdiq edilmiş “Forma 2”-lərə görə ödənilmiş pul vəsaitlərindən 97477,06 manatın, təsdiq edilməmiş “Forma 2”-lər üzrə ödənilmiş 107566,55 manatın və ona görə ödənilmiş 19362 manat ƏDV məbləğinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənmiş 200 manat xidmət haqqının alınaraq "xxxx" ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya təsdiqlənmiş “Forma 2”-lərlə ödənilmiş pul vəsaitləri həqiqəti əks etdirmir, icraçı görülən işlərin həcmini şişirtmiş, nəticədə ona gördüyü işlərin dəyərindən artıq vəsaitlər ödənmişdir. Belə ki, sifarişçi şirkət olan "xxxx" Birgə Müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verdiyi işlərin görülməsi üçün taxtabənd işlərini 204000 manat qiymətləndirmiş və bu işlərin onun tərəfindən görülməsini təklif etmişdir. "xxxx" Birgə Müəssisəsi taxtabəndlərin qurulması zamanı hər kubmetr işin dəyərini 8 manatdan qiymətləndirmişdir. Bu zaman "xxxx" ASC digər təşkilatla bu işlərin hər kubmetrini 6 manatdan görmək şərtilə nüqavilə bağlayaraq işləri özü görəcəyini bildirmişdir. Bu məqsədlə "xxxx" ASC “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01 iyun 2019-cu il tarixli müqavilə bağlamış, lakin MMC işləri ləng gördüyü üçün 10 oktyabr 2019-cu il tarixdə müqaviləni pozmuş və görülmüş işlərə görə ona 29688,46 manat pul ödəmişdir. Bundan sonra İddiaçı ilə 11 oktyabr 2019-cu il tarixli müqavilə bağlanmış, ayaqaltının hər kubmetrinə 6 manat ödəmək barədə razılıq əldə olunmuş və ona 207245,86 manat pul ödənilmişdir. Qeyd olunur ki, "xxxx" ASC termoizolyasiya işlərini taxtabəndlərlə bərabər, həm də avtosəbətlərlə görmüş, bu zaman "xxxx" Birgə Müəssisəsinin texnikasından istifadə etmiş və bundan ötrü həmin müəssisəyə 67778,06 manat ödənilmişdir. “X8” MMC-yə ödənmiş 29688,46 manatla birlikdə taxtabənd və avtosəbət işlərinə "xxxx" ASC tərəfindən 97477,06 manat ödənilmişdir. Ona görə də ümumilikdə olan taxtabənd işlərinin həcmindən “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Birgə Müəssisəsinə ödənilən məbləği çıxmaq lazımdır. Belə olan təqdirdə İddiaçı gördüyü işlərin ümumi dəyəri cəmi 109768,80 (207245,86-97477,06) manat təşkil edir. Bu həcm həqiqətə daha çox uyğundur. Çünki cavabdehin iş saatları barədə qrafikdən elmi hesablmalar da təsdiq edir ki, iddiaçı yalnız bu həcmdə iş görə bilərdi. Bundan başqa, iddiaçıya artıq ödənilən 107566,55 manat pul vəsaitindən əlavə həmin məbləğə görə ödənilmiş 19362 manat ƏDV də geri qaytarılmalıdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 iyun 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “qarşılıqlı iddia ərizəsinə əlavə” təqdim edərək, İddiaçı təsdiq edilmiş “Forma 2”-lərə görə ödənilmiş pul vəsaitlərindən 97477,06 manatın, təsdiq edilməmiş “Forma 2”-lər üzrə ödənilmiş 107566,55 manatın və ona görə ödənmiş 19362 manat ƏDV məbləğinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənmiş 200 manat xidmət haqqının alınaraq "xxxx" ASC-yə qaytarılmasına, 05 avqust 2020-ci il tarixli 224390 saylı, 10 sentyabr 2020-ci il tarixli 828840 və 833308 saylı, 08 oktyabr 2020ci il tarixli 009984 saylı elektron qaimələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh "xxxx" ASC ondan apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın təmin olunmuş hissəsinin rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı podrat müqaviləsi üzrə öz vəzifələrini icra edərkən görülən işlərin həcmini olduğundan artıq göstərmiş, bununla da o, vicdanlı davranmayaraq Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə zidd hərəkət etmişdir. Bu faktın həqiqiliyi iş materillarında olan 14 aprel 2023-cü il tarixli 10/7353-9/8376 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Belə ki, sözügedən rəydə qeyd olunur ki, “oktyabr və noyabr aylarında ayaqaltıların icarəyə götürülməməsinə baxmayaraq, cədvəldə 4164,72 m3 ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdırıldığı və 744,96 m3 söküldüyü göstərilmişdir. Həmçinin aparılmış hesablamalara əsasən cədvəllərdə ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdılması üzrə ümumi görülmüş işlərin həcmi 29165,38 m3 və həmin işlərin sökülməsi isə 22848,6 m3 göstərilmişdir. Belə ki, quraşdırılmış ayaqaltıların həcmi ilə sökülən ayaqaltıların həcmi arasında 6816,78 m3 fərq mövcuddur.” Qeyd edək ki, rəydə göstərilən həmin faktlar cavabdeh tərəfindən tutarlı bir əsasla inkar edilməməkdədir. Hətta nəinki inkar etmək, İddiaçı özü məhkəmə prosesində çıxışı zamanı “müəyyən məsələlərə” görə oktyabr-noyabr aylarında “Forma-2”-lərdə görülən işlərin həcmini şişirdilmiş şəkildə göstərdiyini açıq şəkildə etiraf edir. Beləliklə də, görülən işlərin dəyərinin şişirdilməsini və buna əsasən cavabdehə artıq ödənişlər edilməsini təsdiq edən həm ekspert rəyinin mövcudluğu, həm də cavabdehin məhkəməyə bu faktın əksini sübut edə biləcək hər hansı dəlil təqdim edə bilməməsi və əksinə, həmin halın mövcudluğunu birbaşa etiraf etməsi cavabdehin qarşılıqlı iddia tələbinin haqlılığını birbaşa təsdiq edir. Eyni zamanda, iddiaçı tərəfindən müqavilə şərtlərinə düzgün əməl edilməməsi nəticəsində öhdəliklər lazımınca icra edilməmişdir ki, bununla da Mülki Məcəllənin 442-ci maddəsinin tələbi də pozulmuş olur. Lakin məhkəmə cavabdehə münasibətdə sözügedən maddəni əsassız şəkildə tətbiq etməmişdir. Belə ki, 24 oktyabr 2019-cu il tarixli AZ 10/2019 nömrəli Xidmət müqaviləsinin 2.9-cu bəndinə əsasən “xidmətin dəyəri ay bitdikdən sonra “F-2” aktı ilə təsdiqlənərək növbəti 30 gün ərzində ödənilməlidir. Müqavilənin 3.1-ci maddəsinə əsasən göstərilən xidmətlər sifarişçi tərəfindən sifariş olunduqdan sonra icraçı tərəfindən icra olunur və təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verilir”. Deməli, göndərilən hər bir elektron qaimənin təsdiqedici sənədi kimi “Forma 2” aktı olmalı, həmin elektron qaimələr “Forma 2” aktları ilə təsdiq edilməlidir. Lakin cavabdeh İddiaçı "xxxx" ASC-yə təsdiqlənməmiş qaimələrlə əlavə ödənişlər üçün məlumat göndərmişdir ki, bu da müqavilə ilə müəyyənləşdirilmiş qeyd edilən şərtlərin onun tərəfindən pozulduğunu deməyə əsas verir... Məhkəmə iddiaçı tərəfindən cavabdehə sadəcə elektron qaimələrin göndərilməsini müqavilə üzrə öhdəliyin icrasının təsdiqi üçün yetərli hal hesab etmişdir (həmin qaimələrin əksər hissəsinin tələb olunan “Forma-2” aktı ilə təsdiq olunmamasına, təsdiqlənmiş “Forma 2” aktlarında isə ayaqaltıların quraşdırılması və sökülməsinin həcminin düzgün göstərilmədiyini qeyd edən ekspert rəyinin mövcudluğuna baxmayaraq və eləcə də qaimələrdən birinin cavabdeh tərəfindən hansı səbəbə geri götürülməsinə lazımi hüquqi qiymət verilmədən). Halbuki, "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab-fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Sözügedən qərara müvafiq olaraq hazırki iş üzrə qeyd edilməlidir ki, icraçı tərəfindən öhdəliyin icrasını sübut edən və onun rəsmiləşdirilmə üsulu olaraq müqavilədə “F-2” aktının təsdiq olunması xüsusi olaraq nəzərdə tutulmuşdur (Müqavilənin 2.9-cu bəndi). Demək ki, buna əsasən İddiaçı tərəfindən sonradan təqdim edilmiş gündəlik məlumat cədvəllərinin "xxxx" ASC tərəfindən “Forma 2” aktı ilə təsdiq edilməməsi onlarda göstərilən işlərin qəbul edilmədiyinin birbaşa sübutudur. Digər tərəfdən, 2019-cu ilin oktyabr-noyabr və dekabr aylarında İddiaçı tərəfindən heç bir iş görülmədiyi halda “Forma 2” aktını tərtib etməsi iş üzrə dəlillərlə və ekspert rəyinə əsaslanaraq konkret hesablama ilə təsdiq edilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən "xxxx" Birgə Müəssisəsinə 11422 manat məbləğində ödəniş həyata keçirilməsinə baxmayaraq, İddiaçı kart ödənişlərindən göründüyü üzrə onun tərəfindən noyabr-dekabr ayında heç bir işçiyə əməkhaqqı ödənilməməsi, dekabr ayında isə 1030 manat məbləğində həyata keçirilmiş ödənişin sadəcə 3 işçinin minimum əməkhaqqını təşkil etməsi məhkəmədə aydın şəkildə izah edilmişdir. Bununla da İddiaçı qeyd olunan tarixlərdə iş görmədiyi halda “Forma 2” aktları təqdim etməsi aydın olur. Bundan əlavə, "xxxx" Birgə Müəssisəsi İddiaçı dekabr ayında tərtib etdiyi bu “Forma 2” aktlarından xəbərdar olduqda etirazını da həmin şəxsə bildirmişdir ki, hansı səbəbə onların ayaqaltı quraşdırdığı həmin ərazi İddiaçı tərəfindən tərtib olunmuş “Forma 2” aktında qeyd olunmuşdur. İddiaçı isə cavab olaraq sadəcə yanlışlıq olduğunu qeyd etməklə kifayətlənmişdir... Məhkəmə qərar qəbul edərkən gündəlik cədvəllərin Şahid2 tərəfindən imzalanaraq təhvil alınmasına istinad etmişdir. Nəzərə çatdırılır ki, "xxxx" ASC-nin işçisi olduğu qeyd edilərək şahid qismində məhkəməyə cəlb edilmiş həmin Ədalət adlı şəxs ümumiyyətlə işi təhvil almaq səlahiyyəti olmayan sadəcə dəmir-metal işlərinin görülməsi üzrə xidməti müqavilə bağlanmış bir şəxs olmuşdur. Belə ki, görülən işin düzgünlüyünü müəyyən edə biləcək zəruri biliyə və təcrübəyə malik olan müəssisənin öz işçiləri qismində mühəndis və mütəxəssisləri olduğu halda necə ola bilər ki, İddiaçı tərəfindən görülmüş işlər müqavilə üzrə çalışan xidməti bir işçi tərəfindən təhvil alınsın? Eləcə də məhkəmə iclasında iştirak edən "xxxx" Birgə Müəssisəsinin layihə rəhbəri də öz ifadəsində bildimişdir ki, məhkəməyə şahid qismində dəvət olunmuş "xxxx" Birgə Müəssisəsinin keçmiş işçiləri gündəlik cədvəlləri imzaladıqlarını qeyd etsələr də, onların da nə belə bir sənədi imzalamağa, nə də hər hansı işi təhvil almağa ümumiyyətlə səlahiyyətləri olmamışdır və ola da bilməzdi. Çünki adi xidməti işçilər olaraq onların işi təhvil almaları qeyri-mümkün və qanunsuzdur. "xxxx" Birgə Müəssisəsinin layihə rəhbəri öz ifadəsində həmçinin qeyd edir ki, ayaqaltıların quraşdırılması işinin əksər hissəsini, təxminən 80-90%-ni "xxxx" Birgə Müəssisəsi icra etmiş, sadəcə qalan 10% iş İddiaçı tərəfindən həyata keçirilmişdir. Bu ifadələrin heç biri məhkəmə tərəfindən nəzər alınmamış, iş üzrə müəyyən olunan digər faktlarla birgə qiymətləndirilməmiş və qətnamədə ümumiyyətlə "xxxx" ASC-nin xeyrinə olan heç bir şahid ifadəsinə yer verilməmişdir. Bundan əlavə, İddiaçı tərəfindən may ayına qədər təqdim edilən “Forma 2” aktlarında isə xidmətlərin dəyəri şişirdilmiş məbləğdə göstərilmişdir ki, bu fakt təqdim edilən ekspert rəyi ilə birbaşa sübut olunur. "xxxx" ASC tərəfindən borc üzrə ödənişlərin həyata keçirilməsinin dayandırılmasının səbəbi də məhz budur. Belə ki, 14 aprel 2023-cü il tarixli 10/7353-9/8376 nömrəli ekspert rəyində oktyabr və noyabr aylarında ayaqaltıların icarəyə götürülməməsinə baxmayaraq, cədvəldə 4164,72 m3 ayaqaltıların quraşdırıldığı və 744,96 m3 söküldüyü, eləcə də ümumi görülmüş işlərin həcmi 29165.38 m3 və həmin işlərin sökülməsi isə 22848,6 m3 olmaqla onlar arasında 6816,78 m3 fərqin mövcudluğu qeyd edilmişdir. Maraqlısı budur ki, bu rəy təqdim olunduqdan sonra belə məhkəmədə sual yaranmamışdır ki, niyə cavabdeh tərəfindən artıq ayaqaltılar quraşdırılmışdır və ya hansı səbəbə ümumi işlərin həcmində 6816,78 m3 fərq mövcuddur? Əksinə, məhkəmə nəinki bu mühüm məqamı cavabdehin qarşılıqlı iddia üzrə mövqeyinin haqlı olmasına dəlil kimi dəyərləndirməmiş, ümumiyyətlə öz qətnaməsində bu məsələyə münasibət belə bildirməmişdir. Halbuki, MPM-in 103.1-ci maddəsinə əsasən “.... ekspert rəyi bu Məcəllənin 88‐ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir”. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (AR MPM, m. 88). Sözügedən maddələrə istinadən bildirilir ki, hazırki işdə məhkəmə ekspert rəyi ilə müəyyən edilmiş məsələlərə obyektiv şəkildə baxmayaraq onlara iş üzrə tətbiq edilməli normalara müvafiq hüquqi qiymət verməmişdir. Bu ən əsası özünü məhkəmənin hüquqi mövqeyini əsaslandırarkən həmin məsələlərə ümumiyyətlə toxunmamasında göstərir. Halbuki, həmin rəydə qeyd edilən bu məsələlər qarşılıqlı iddianın əsaslı olmasını bariz şəkildə sübuta yetirən mühüm faktlardır. Məhkəmənin isə həmin rəyə lazımi hüquqi qiymət verməməsi və onu iş materiallarında olan digər sübutlarla qarşılıqlı şəkildə düzgün qiymətləndirməməsi onun mövqeyinin yalnız qarşı tərəfin hüquqlarının əsassız şəkildə müdafiəsinə yönəldiyini sübut etməkdədir... Sözügedən iş üzrə məhkəmə tərəflər arasında bağlanan müqavilə şərtlərinə, iş üzrə təqdim olunmuş mötəbər sübutlara və ekspert rəyinə əhəmiyyət vermədən sadəcə sistem tərəfindən təsdiqlənmiş elektron qaimələrin mövcudluğuna istinad etməyi yetərli hesab etmiş və işi hərtərəfli araşdıraraq həqiqəti üzə çıxarmağı deyil, formal əsaslarla işi yekunlaşdırmağı üstün tutmuşdur. Aşağıda qeyd olunanlara əsasən apellyator tərəfindən bir daha hesab edilir ki, mübahisələndirilən qətnamə qanunsuzdur, əsassızdır və ləğv edilməlidir: 1. İşin mahiyyəti üzrə qanuni və əsaslı şəkildə həlli üçün tətbiq edilməli maddi hüquq norması düzgün şəkildə tətbiq edilməmişdir; 2. İş üzrə təqdim edilmiş mötəbər sübutlara tətbiq edilməli hüquq normasına uyğun hüquqi qiymət verilməmişdir; 3. Məhkəmə təqdim edilmiş sübutlara obyektiv və qərəzsiz şəkildə münasibət bildirməyərək öz mövqeyini yalnız formal sübutlara istinad edərək əsaslandırmışdır... Xahiş olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-4/2024 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin olunmuş hissəsində rədd edilməsinə və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilsin. Apellyasiya baxışı iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və ASC-nin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız hesab etdikləri qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin olunmuş hissəsinin rədd edilməsinə, qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə4 tərəflər arasındakı mübahisənin onun təmsil etdiyi müəssisənin maraqlarına toxunmadığını, hər iki tərəfə münasibətlərinin eyni olduğunu və məhkəmə qərarının hansı tərəfin xeyrinə çıxarılmasının onlar üçün fərqi olmadığını bildirərək, məhkəmə kollegiyasından ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutlara və tərəflərin dəlillərinə tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-4/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan subpodratçı "xxxx" Birgə Müəssisəsi ilə sub-subpodratçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış AZF-095-0104 nömrəli subpodrat müqaviləsinə əsasən sub-subpodratçı "xxxx" ASC subpodratçı "xxxx" BM üçün bu müəssisənin “Azərkimya” İB-nin “EP-300” qurğusunun modernizasiya işlərinə dair (AZF- 095) layihəsi çərçivəsində tələb olunan boruların izolyasiyası üzrə xidmətləri icra etməyi, subpodratçı "xxxx" BM isə sub-subpodratçı "xxxx" ASC-yə bu xidmətlər üçün razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli AZ 10/20219 nömrəli “Xidmət müqaviləsi”nə əsasən icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər (ayaqaltının qurulması, sökülməsi və aylıq icarə) əsasında xidmət göstərməyi öz üzərinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən hazırkı müqavilə 11 oktyabr 2019-cu il tarixdən qüvvəyə minir və 11 oktyabr 2020-ci il tarixinədək qüvvədə qalır. Müqavilə müddətinin başa çatmasına 30 gün qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə yazılı şəkildə xəbərdarlıq etmədikdə, müqavilənin müddəti növbəti 1 il müddətinə və eyni şərtlərlə uzadılmış sayılır. İş materiallarında olan İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli AZ 10/2019 nömrəli “Xidmət müqaviləsi”nə əsasən icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər (ayaqaltının qurulması, sökülməsi və aylıq icarə) əsasında xidmət göstərməyi öz üzərinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öhədliklərinin yerinə yetirilmə tarixinə qədər qüvvədədir. Müqavilə müddəti 6 ay təşkil edir. Həmin müqavilələrin 1.2 və 1.3-cü bəndlərinə əsasən xidmətlər sifarişçinin göstərişi əsasında onun fəaliyyət göstərdiyi iş sahəsində həyata keçirilir. Xidmətlər müvafiq qaydada qusursuz olaraq sifarişçiyə təhvil verildiyi andan icraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş hesab edilir. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən “sifarişçi” tərəfindən ödəniş faktiki göstərilmiş xidmətlərə görə “icraçı”nın müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə və ya nəğd ödənilir. Həmin müqavilələrin 2.9-cu bəndində xidmətin dəyərinin ay bitdikdən sonra “F-2” ilə təsdiqlənərək növbəti 30 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlər sifarişçi tərəfindən sifariş olunduqdan sonra icraçı tərəfindən təmin (icra) olunur və təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verilir. İş materiallarında olan “yerinə yetirilmiş işlərin qəbulu” aktlarından (Forma-2) görünür ki, İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2019-cu ilin oktyabr ayında 4813,51 manat, noyabr ayında 19133,70 manat, dekabr ayında 26846,53 manat, 2020-ci ilin yanvar ayında 36057,83 manat, fevral ayında 50424,79 manat, mart ayında 47125,20 manat, aprel ayında 26956,51 manat və may ayında 59728,56 manat dəyərində işlər görülmüşdür. Məhkəməyə təqdim edilən 01 iyun 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixədək olan dövr ərzində tərtib olunmuş “Ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri”ndən görünür ki, ayaqaltının qurulması və sökülməsi ilə əlaqədar gündəlik görülən işlərin həcmi göstərilərək, həmin cədvəllər icraçı İddiaçı işçisi qismində Əlişov Tural (“təhvil verdi” qrafalarında), sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçisi Şahid2 (“təhvil aldı” qrafalarında) və "xxxx" Birgə Müəssisəsinin inspektoru Mürsəliyev Elnur tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul ayına kimi "xxxx" Birgə Müəssisəsində işləmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqaviləyə əsasən İddiaçı tərəfindən skaut işləri görülmüş və o, skautsupervayzer olaraq İddiaçı tərəfindən görülən işlərin həcmini və təhlükəsizliyini yoxladıqdan sonra onun razılığı ilə "xxxx" Birgə Müəssisəsinin işçisi Elnur Mürsəliyev “ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri”ni imzalamışdır. Birinci instansiya məhkəməsinin baxış iclasında şahid qismində dindirilmiş Şahid2 Mirzəağa oğlu ifadəsində bildirmişdir ki, 2019-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində müqavilə ilə işləmişdir. İddiaçı gördüyü işlərə nəzarət etməsi üçün "xxxx" ASC-nin rəhbərliyi tərəfindən ona tapşırıq verilmişdir. Görülən işlərin həcmi müəyyən edildikdən sonra o, “ayaqaltıların quraşdırılması və sökülməsinə dair tərtib edilən gündəlik məlumat cədvəlləri”ni imzalamışdır. Həmin cədvəllər tərtib edilərkən görülən işlərin həcmində şişirdilməyə yol verilməmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4813,51 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 25 noyabr 2019-cu il tarixli EBAC seriyalı 862516 nömrəli, 19133,70 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 26 dekabr 2019-cu il tarixli EBAE seriyalı 407890 nömrəli, 26846,53 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 fevral 2020-ci il tarixli EBAG seriyalı 352979 nömrəli, 36057,83 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 mart 2020-ci il tarixli EBAH seriyalı 624413 nömrəli, 50424,79 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 01 may 2020-ci il tarixli EBAJ seriyalı 409154 nömrəli, 47125,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 14 may 2020-ci il tarixli EBAJ seriyalı 892351 nömrəli, 26956,51 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 iyul 2020-ci il tarixli EBAM seriyalı 516511 nömrəli, 59728,56 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 iyul 2020-ci il tarixli EBAM seriyalı 516627 nömrəli, 73438,83 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 05 avqust 2020-ci il tarixli EBAN seriyalı 224390 nömrəli, 74061,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 10 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 828840 nömrəli, 61840,93 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 10 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 833808 nömrəli, 47786,58 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 08 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimələr təqdim edilmişdir. Lakin 08 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimə 24 noyabr 2020-ci il tarixdə İddiaçı özü tərəfindən də ləğv edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (adına olan bank hesabına) 28 dekabr 2019-cu il tarixdə 19133,7 manat, 25 noyabr 2019-cu il tarixdə 4813,51 manat, 14 fevral 2020-ci il tarixdə 26846,53 manat, 14 mart 2020-ci il tarixdə 23000 manat, 29 aprel 2020-ci il tarixdə 13057,83 manat, 04 may 2020-ci il tarixdə 15000 manat, 21 may 2020-ci il tarixdə 35424,79 manat, 09 iyul 2020-ci il tarixdə 47125,20 manat, 25 avqust 2020-ci il tarixdə 22844,50 manat, 14 oktyabr 2020-ci il tarixdə 28000 manat, 30 oktyabr 2020-ci il tarixdə 22617,42 manat, 18 yanvar 2021-ci il tarixdə 10000 manat, 03 mart 2021-ci il tarixdə 20000 manat, 25 oktyabr 2021-ci il tarixdə 5000 manat, 17 dekabr 2021-ci il tarixdə 5000 manat, 2021-ci ildə 16949,15 manat olmaqla ümumilikdə 314812,63 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışlardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ƏDV sub-uçot hesabına xx.xx.2020-ci il tarixdə 4112,01 manat, xx.xx.2020-ci il tarixdə 5040 manat, xx.xx.2020-ci il tarixdə 4071,14 manat, xx.xx.2021-ci il tarixdə 1800 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.20212-ci il tarixdə 3050,85 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 900 manat olmaqla, cəmi 23474 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli 10/7353-9/8376 nömrəli ekspert rəyində göstərilir ki, "xxxx" Birgə Müəssisəsi, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən termoizolyasiya işlərinin görülməsi üçün quraşdırılmış ayaqaltılar söküldüyündən, baxış zamanı ayaqaltıların harada quraşdırılması dəqiqliklə təqdim olunmadığından, müqavilələr üzrə faktiki yerinə yetirilmiş işlərin ümumi həcmini və dəyərini, eləcə də iş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilibyetirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda İddiaçı tərəfindən ayaqaltıların qurulmasına dair aylar üzrə iş materiallarında olan və yuxarıda göstərilən cədvəldə qeyd olunmuş ümumi iş növləri müqayisə edilərkən müəyyən olunmuşdur ki, oktyabr və noyabr aylarında ayaqaltıların icarəyə götürülməməsinə baxmayaraq, cədvəldə 4164,72 m3 ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdırıldığı və 744,96 m3 söküldüyü göstərilmişdir. Həmçinin aparılmış hesablamalara əsasən cədvəllərdə ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdılması üzrə ümumi görülmüş işlərin həcmi 29165.38 m3 və həmin işlərin sökülməsi isə 22848,6 m3 göstərilmişdir. Belə ki, quraşdırılmış ayaqaltıların həcmi ilə sökülən ayaqaltıların həcmi arasında 6816,78 m3 fərq mövcuddur. İş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilib-yetirilməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın beşinci və altıncı sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5374-9/5557/2023 nömrəli ekspert rəyində göstərilir ki, "xxxx" Birgə Müəssisəsi, “X9” Məhdud Məsuliyyəti Cəmiyyəti və İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən termoizolyasiya işlərinin görülməsi üçün quraşdırılmış ayaqaltılar söküldüyündən, baxış zamanı ayaqaltıların harada quraşdırılması dəqiqliklə təqdim olunmadığından, müqavilələr üzrə faktiki yerinə yetirilmiş işlərin ümumi həcmini və dəyərini, eləcə də iş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilib-yetirilmədiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda İddiaçı tərəfindən ayaqaltıların qurulmasına dair aylar üzrə iş materiallarında olan və rəydə göstərilən cədvəldə qeyd olunmuş ümumi iş növləri müqayisə edilərkən müəyyən olunmuşdur ki, oktyabr və noyabr aylarında ayaqaltılar icarəyə götürülməməsinə baxmayaraq cədvəldə 4164.72 m3 ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdırıldığı və 744,96 m3 söküldüyü göstərilmişdir. Həmçinin aparılmış hesablamalara əsasən, cədvəllərdə ayaqaltıların yerdən, asma və balkon şəklində quraşdırılması ilə bağlı ümumi görülmüş işlərin həcmi 29165.38 m3 və həmin işlərin sökülməsi isə 22848.6 m3 göstərilmişdir. Belə ki, quraşdırılmış ayaqaltıların həcmi ilə sökülən həcm arasında 6816,78 m3 fərq mövcuddur. İş materiallarında olan yerinə yetirilmiş işlərin qəbul aktları və ayaqaltıların quraşdırılması, sökülməsinə dair gündəlik məlumat cədvəllərində göstərilən işlərin İddiaçı tərəfindən yerinə yetirilib-yetirilməməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın beşinci və altıncı sualları üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinin tələbinə görə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 776-cı maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 2019-cu ilin oktyabr ayında mahiyyətcə podrat müqaviləsini ehtiva edən “Xidmət müqaviləsi” bağlanmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək "xxxx" ASC-nin sifarişi üzrə İddiaçı (briqadası ilə) ayaqaltıların quraşdırılması-sökülməsi işlərini yerinə yetirmiş, müqavilədən irəli gələn xidmətlərin göstərilməsi ilə əlaqədar İddiaçı tərəfindən "xxxx" ASC-yə icra edilmiş işlərin haqqının ödənilmısi üçün 12 ədəd elektron qaimə (ümumilikdə ƏDV daxil 528.214,16 manat məbləğin ödənişi üçün) təqdim olunmuş və onlardan 47.786,58 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 08 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimə 2020-ci ilin noyabr ayında İddiaçı özü tərəfindən ləğv edilmişdir. "xxxx" ASC tərəfindən isə 480.427,58 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar göndərilmiş 11 ədəd elektron qaiməyə etiraz edilməmiş və həmin elektron qaimələr üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xidmətlərə görə 314.812,63 manat, eyni zamanda 23474 manat ƏDV olmaqla, ümumilikdə 338.286,63 manat məbləğində ödəniş edilmişdir. Yəni, məhkəmə araşdırması zamanı tədqiq edilən sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı həmin müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən xidmətlərin dəyəri tam ödənilməməklə, öhdəliklər tam şəkildə icra edilməmişdir. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə uyğun olaraq 2019-cu ilin oktyabr - 2020-ci ilin may aylarında yerinə yetirilmiş işlərin təhvil-qəbulu aktlarını (“Forma-2” aktlarını) sifarişçi tərəf ("xxxx" ASC) lazımi qaydada (müəssisə rəhbərinin imzası və müəssisənin möhürü ilə) təsdiqləmişdir. Lakin sonradan tərəflər arasında həmin aktlar imzalanmamış və buna görə də, 01 iyun 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixədək olan dövr ərzində “Ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri” tərtib olunmuşdur. Bu cədvəllər əsasında İddiaçı tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədar "xxxx" ASC-yə müvafiq elektron qaimələr göndərilmiş, cəmiyyət tərəfindən həmin qaimələrə etiraz edilməmiş, hər hansı dəqiqləşdirilmə aparılmamış və sonuncu dəfə 2021ci ilin dekabr ayı olmaqla elektron qaimələr üzrə müəyyən məbləğlərdə ödənişlərin həyata keçirilməsi davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Tərəflər kommersiya subyektləri və vergi ödəyiciləri olduğundan onlar öz maliyyətəsərrüfat və kommersiya fəaliyyətlərini, o cümlədən mal-pul mübadiləsi əməliyyatlarını, nağd və ya nağdsız hesablaşmalarını, gəlir və xərcləri barədə məlumatları qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirməyə borcludurlar, bununla bağlı qaydalara əməl olunmaması hüquqi məsuliyyətə və maliyyə sanksiyalarına səbəb olur. Həmin sənədlər həm də mübahisə halında kommersiya subyektləri üçün sübutetmə vasitələri rolunu oynayır. İddiaçı “Xidmət müqaviləsi” üzrə podratçı olaraq 2019-cu ilin oktyabr, noyabr, dekabr və 2020-ci ilin yanvar, fevral, mart, aprel, may ayları dövründə gördüyü işləri sifarişçi olan cavabdeh "xxxx" ASC-yə həmin müqavilədə nəzərdə tutulmuş qaydada, yəni işlərin təhvilqəbuluna dair “Forma-2” aktları əsasında təhvil vermis, cavabdeh də həmin aktları təsdiqləyib ödəniş üçün qəbul etmişdir. Sözügedən aktlar üzrə hesablanmış (ƏDV daxil) cəmi 271.086,63 manat məbləğində xidmət haqları cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda cavabdeh qarşılıqlı iddiasında və apellyasiya şikayətində “Forma-2” aktlarını mübahisələndirərək bildirir ki, iddiaçıya təsdiq edilmiş “Forma-2” aktları üzrə 97477,06 manat, təsdiq edilməmiş “Forma-2” aktları üzrə 107566,55 manat artıq pul ödənilmişdir. Belə ki, “Forma-2” aktlarında göstərilmiş işlərin əslində 67778,06 manat dəyərində olan hissəsi "xxxx" BM tərəfindən, 29688,46 manat dəyərində olan hissəsi isə “X8” MMC tərəfindən icra edilmiş, İddiaçı özü cəmi 107566,55 manat dəyərində işlər görmüşdür. Cavabdeh həmçinin iddia edir ki, sifarişçi şirkət olan "xxxx" BM "xxxx" ASC-yə taxtabənd (ayaqaltı) işlərinin görülməsi üçün cəmi 204000 manat pul vəsaitinin ödənilməsini nəzərdə tutmuş, İddiaçı həmin işlərin həcmini süni şəkildə 2 dəfədən də artıq şişirtmişdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin “təsdiq edilməmiş “Forma-2” aktları” dedikdə hansı aktları nəzərdə tutması başa düşülən deyil və məhkəməyə belə aktlar təqdim olunmamışdır. İş materiallarında olan 2019-cu ilin oktyabr - 2020-ci ilin may aylarında yerinə yetirilmiş işlərin “Forma-2” aktları isə cavabdeh "xxxx" ASC tərəfindən lazımi qaydada (səlahiyyətli şəxsin imzası və müəssisənin möhürü ilə) təsdiqlənmişdir. Tərəflər arasında bunlardan başqa “Forma-2” aktları tərtib olunmamışdır… Digər tərəfdən, əgər eyni işləri "xxxx" BM özü, yaxud “X8” MMC icra edə bilirdisə, onda sual yaranır ki, həmin işlərin davam etdirilməsinin iddiaçıya (İddiaçı) həvalə edilməsinə, sonuncu ilə “Xidmət müqaviləsi”nin bağlanmasına nə ehtiyac var idi? Apellyasiya baxışı iclasında bu sualı cavabdehin nümayəndəsi belə cavablandırmışdır ki, izolyasiya işlərinin icrasını tezləşdirmək üçün ayaqaltıların quraşdırılıb-sökülməsi işlərini sürətləndirmək lazım idi və buna görə də həmin işlərin ayrıca briqada tərəfindən yerinə yetirilməsi üçün İddiaçılə müqavilə bağlanmışdır. Bununla cavabdeh özü etiraf edir ki, ayaqaltıların quraşdırılıb-sökülməsi işlərinin əsas hissəsini İddiaçı icra etmişdir. Belə olduğu halda həmin işlərin haqqının da daha böyük məbləğlərdə olması təbiidir… Bundan başqa, cavabdeh layihə-smeta üzrə taxtabənd (ayaqaltı) işlərinin görülməsi üçün cəmi 204000 manat pul vəsaitinin nəzərdə tutulduğunu iddia etsə də, lakin məhkəməyə bu barədə sübut təqdim etməmişdir. Əgər həmin işlərin həcmi və dəyəri qabaqcadan məlum idisə, bunlar İddiaçılə bağlanan müqavilədə əksini tapmalı idi. Lakin müqavilədə görüləcək işlərin ümumi həcmi və dəyəri göstərilməmişdir. Müqaviləyə görə, hər ay ərzində icra edilən işlərin həcmi və dəyəri barədə həmin ay üçün “F-2” aktı tərtib olunmalı idi. "xxxx" BM ilə "xxxx" ASC arasında “boruların izolyasiyası” işlərinin yerinə yetirilməsi üçün xx.xx.2019-cu ildə bağlanmış müqavilədə görüləcək işlərin (işçi qüvvəsi, materiallar, texnika və avadanlıqlar da daxil olmaqla) ümumi həcmi 2.282.539,0 manat dəyərində müəyyən olunmuş, lakin bu məbləğin hansı hissəsinin ayaqaltıların quraşdırılıb-sökülməsi işləri üçün nəzərdə tutulması layihə-smeta sənədlərində qeyd olunmamışdır. "xxxx" BM ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə görə işlərin 2020-ci ilin mart ayınadək tamamlanması nəzərdə tutulmuşdur. Başlanğıcdan pul vəsaitinin qənaətlə sərf edilməsi işlərin icrasının gecikməsinə səbəb olduğundan 2019-cu ilin oktyabrından cavabdeh işləri sürətləndirmək üçün daha çox vəsait tələb olunan tədbirlər görməyə məcbur olmuş, o cümlədən ayaqaltıların quraşdırılıb-sökülməsi işlərinin yerinə yetirilməsi üçün əlavə podratçı briqada cəlb etməklə icra edilən işlərin həcmini maksimum artırmağa çalışmışdır. Bu da 2019-cu ilin yanvar-oktyabr ayları ərzində cavabdehin ona həvalə olunmuş layihə üzrə işlərin az bir hissəsini icra etməsini, işlərin əsas hissəsinin 2019-cu ilin noyabr ayından sonra icra edildiyini göstərir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin “ayaqaltıların quraşdırılması işinin əksər hissəsini, təxminən 80-90%-ni "xxxx" Birgə Müəssisəsinin icra etməsi, sadəcə qalan 10% işin İddiaçı tərəfindən həyata keçirilməsi” barədə dəlilini açıq-aşkar həqiqətə uyğun olmayan hesab edir. Cavabdeh apellyasiya şikayətində ekspertiza rəylərinə istinad edərək iddia edir ki, İddiaçı tərəfindən may ayına qədər təqdim edilən “Forma 2” aktlarında xidmətlərin dəyəri şişirdilmiş məbləğdə göstərilmişdir. Belə ki, ümumi görülmüş işlərin həcmi 29165.38 m3 və həmin işlərin sökülməsi isə 22848,6 m3 olmaqla onlar arasında 6816,78 m3 fərqin mövcudluğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı iş həcminə 6816,78 m3 artıq ayaqaltılar quraşdırılmasını daxil etmişdir... İddiaçı isə həmin fərqi onunla izah edir ki, quraşdırılmış ayaqaltılar izolyasiya işləri başa çatdırılmış hissədən sökülərək qalan ayaqaltıların davamında yenidən quraşdırılmış və bu proses ardıcıl olaraq davam etdirilmişdir. Ona görə də həmişə quraşdırılmış vəziyyətdə olan ayaqaltıların həcmi söküləndən artıq olmuşdur. Bu, quraşdırılmış ayaqaltıların həcminin şişirdilməsi kimi deyil, daha az həcmdə ayaqaltıların sökülməsi kimi başa düşülməlidir... Məhkəmə kollegiyasının qənaətincə, iddiaçının izahı daha məntiqli və inandırıcıdır. Əgər əksinə, “Forma 2” aktlarında sökülən ayaqaltıların həcmi quraşdırılandan çox göstərilsəydi, bu uyğunsuzluğu iddiaçının sökülən ayaqaltıların həcmini şişirtməsi kimi qiymətləndirmək olardı. Lakin işin xarakteri baxımından “Forma 2” aktlarında quraşdırılmış ayaqaltıların həcminin söküləndən çox yazılması hər hansı saxtakarlığa dəlalət etmir. İşdən görünür ki, 01 iyun 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixədək olan dövr ərzində “Ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri” tərtib olunmuş, bu cədvəllər əsasında ay ərzində görülmüş işlərin həcmi və dəyəri müəyyənləşdirilərək cavabdehə ödəniş üçün elektron qaimə təqdim olunmuşdur. İddiaçının izahatına görə, 2020-ci ilin iyun ayından "xxxx" ASC-nin rəhbəri (İdarə Heyətinin sədri) Şakir Həsənov “Forma-2” aktlarını təsdiqləməyərək, ayaqaltıların quraşdırılıbsökülməsi işlərinin haqqını ödəməyə daha pul qalmadığını, bundan sonra birgə işlərinin yenə də olacağını və onda qalan borclarını verəcəyini bildirmiş, Şakir Həsənovun belə danışığı onda şübhə yaratmışdır ki, “Forma-2” aktlarında icra olunmuş işlərin həcminin və dəyərinin artıq göstərilməsi bəhanəsi ilə bundan sonra görüləcək işlərin haqqının ödənilməsindən boyun qaçırıla bilər. Ona görə də Şakir Həsənova təklif etmişdir ki, əgər aylıq “Forma-2” aktlarındakı məlumatlar şübhə doğurursa, onda həmin aktların əvəzinə bundan sonra "xxxx" BM-in və "xxxx" ASC-nin nümayəndələrinin iştirakı ilə görülən işlərin həcmi barədə gündəlik məlumat cədvəlləri tərtib etsinlər. Şakir Həsənov da bu təkliflə razılaşmışdır. Odur ki, 2020-ci il iyunun 1-dən oktyabrın 22-dək onun həvalə etdiyi işçi tərəfindən hər iş günü üçün "xxxx" BM və "xxxx" ASC-nin nümayəndələrinin də imzaladıqları “Ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri” tərtib olunmuş, bu cədvəllər əsasında görülmüş işlərin həcmi və dəyəri hesablanmışdır. İddiaçı izahatında həmçinin qeyd etmişdir ki, 2020-ci ilin iyun ayından o, dəfələrlə işi dayandırıb obyektdən çıxmaq istəmiş, lakin Şakir Həsənovun xahişini və vədlərini, həmçinin aralarında olan xoş münasibəti nəzərə alaraq axıradək işini davam etdirmişdir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 770-ci maddəsinin tələbinə görə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Qanunun tələbindən göründüyü kimi, məhz cavabdeh işin ona təhvil verilməsini, bunun lazımi qaydada sənədləşdirilməsini iddiaçıdan tələb etməli idi və belə tələb irəli sürməyibsə, onda işi iddiaçının göstərdiyi həcmdə qəbul etmiş sayılır. Cavabdeh tərəf iddiaçının 2020-ci ilin iyun-oktyabr aylarında müqavilədə nəzərdə tutulmuş işləri davam etdirdiyini və həmin işlərin görülməsinə ehtiyac olduğunu təsdiq edir, lakin bununla yanaşı, iddiaçının icra edimiş işlərin həcmi barədə tərtib etdiyi məlumat cədvəlləri ilə razılaşmayaraq həmin cədvəllərə şişirdilmiş məlumatların yazıldığını, cədvəlləri imzalamış nümayəndələrə isə belə səlahiyyətin verilmədiyini iddia edir, habelə təqdim olunmuş elektron qaimələri qəbul etmir. Cavabdehin apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbləri baxımından iddiaçı tərəfindən görülən işlərin kəmiyyət və keyfiyyətinə nəzarəti, həmin işlərin razılaşdırılmış vaxtlarda qəbulunu təmin və təşkil etmək cavabdehin borcu olmuşdur. Əgər cavabdeh həmin vəzifələrini lazımınca yerinə yetirməyibsə, onda iddiaçının tələblərinin əsassız olmasını özü (yəni cavabdeh) sübut etməlidir. Cavabdeh isə tələb edir ki, görülmüş işlərin həcmi və dəyəri barədə təqdim etdiyi məlumatların həqiqiliyini və mötəbərliyini iddiaçı sübut etsin. Halbuki, iddiaçıdan bunu tələb etmək qanuna uyğun deyil. Digər tərəfdən, gündəlik məlumat cədvəllərini "xxxx" BM və "xxxx" ASC-nin nümayəndələri kimi imzalamış şəxslər həmin müəssisələrin işçiləri olmuşlar və əgər həmin işçilər özbaşınalıq edib onlara səlahiyyət verilməyən sənədləri imzalayırdılarsa, müvafiq işəgötürən vaxtında bunun qarşısını almalı və işçi barəsində tədbir görməli idi. Həmçinin müəssisə rəhbərinin vəzifəsi idi ki, işçiyə hər hansı tapşırıq və ya səlahiyyət verməsini əmrlə rəsmiləşdirsin. Məlumat cədvəllərini imzalamış işçilərin bunu onlara müvafiq tapşırıq verilmədən 5 ay ərzində özbaşına etmələri ağlabatan görünmür. Cavabdeh sözügedən cədvəllərin sonradan tərtib olunduğunu, bunu onların bir şəxs tərəfindən eyni qələmlə yazılmasının sübut etdiyini iddia edir. Lakin cavabdehin həmin cədvəlləri bir şəxsin 5 ay ərzində eyni qələmdən istifadə etməklə yazmasını niyə qeyri-mümkün hesab etməsi başa düşülən deyil. Ona görə də 2020-ci il iyunun 1-dən oktyabrın 22-dək iddiaçı tərəfindən tərtib olunmuş “Ayaqaltıların quraşdırılması və sökülməsinə dair gündəlik məlumat cədvəlləri”ni həmin dövr üçün görülmüş işlərin həcmini və dəyərini hesablamağa imkan verən sübut vasitəsi kimi qəbul etməməyə əsas yoxdur. Əgər cavabdeh üçün iddiaçının xidməti 2020-ci il iyunun 1-dən sonra lazım deyildisə, bu barədə sonuncunu xəbərdar etməli və müqaviləni pozmalı idi. Cavabdeh isə iddiaçıya işi dayandırması və aralarındakı müqaviləyə xitam verilməsi barədə nəinki xəbərdarlıq etməmiş, əksinə, işin davam etdirilməsini istəmişdir. Cavabdeh 2020-ci ilin iyun-oktyabr aylarında iddiaçının müqavilədə nəzərdə tutulmuş işlərin icrasını davam etdirdiyini və həmin işlərin görülməsinə ehtiyac olduğunu etiraf və təsdiq edirsə, onda həmin müddətdə görülmüş işlərin haqqını iddiaçıya ödəmək öhdəliyi daşıdığını, bunun müqavilədən irəli gələn şərt olduğunu da qəbul etməli və öhdəliyini yerinə yetirməlidir. İddiaçı 2020-ci ilin iuyn-oktyabr aylarında görülmüş işlərə görə cavabdehə 73438,83 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 05 avqust 2020-ci il tarixli EBAN seriyalı 224390 nömrəli, 74061,19 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 10 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 828840 nömrəli, 61840,93 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 10 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 833808 nömrəli, 47786,58 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 08 oktyabr 2020ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimələr təqdim etmişdir. Lakin 08 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 009984 nömrəli elektron qaimə 24 noyabr 2020-ci il tarixdə İddiaçı özü tərəfindən də ləğv edilmişdir. Cavabdeh tərəf iddia edir ki, İddiaçı etiraz bildiriləndən sonra o, əsassız təqdim etdiyi elektron qaimələrdən birini ləğv etmiş, digərlərini ləğv etməkdən imtina etmişdir. Bu da İddiaçı əslində görülməyən işlər üçün elektron qaimələr təqdim etdiyini göstərir, əks təqdirdə gördüyü işlərin haqqından imtina etməzdi... İddiaçı isə izahatında göstərmişdir ki, "xxxx" ASC-nin rəhbəri Şakir Həsənov ona maliyyə vəziyyətlərinin pis olduğunu bildirmiş və elektron qaimələrin bir neçəsini geri götürməsini xahiş etmişdir. O da hörmət bəslədiyi Şakir Həsənovun sözünü yerə salmamış və belə razılaşmışlar ki, o axırıncı elektron qaiməni ləğv edir, Şakir Həsənov isə digər elektron qaimələrin ödənilməsini təmin edir. Bundan sonra Şakir Həsənov xəstələnib uzun müddət işə çıxmamış, onun vəfatından sonra isə başa düşmüşdür ki, "xxxx" ASC-nin yeni rəhbərliyi onun pullarını ödəmək istəmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur... Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə təqdim olunmuş elektron qaimə-faktura 5 (beş) gün müddətində mübahisələndirilmədikdə və geri qaytarılmadıqda, həmin elektron qaimə-faktura qəbul edilmiş sayılır. Cavabdeh apellyasiya şikayətində “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə...” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına istinad edərək, “lazımi qaydada tərtib olunub göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesabfakturalarının öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmədiyini” vurğulamış, cavabdehin elektron qaimələri qəbul etməsinin onun həmin qaimələrlə razılaşması mənasını ifadə etmədiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin cavabdehin istinad etdiyi Qərarındakı hüquqi mövqeyinə görə, elektron qaimə-fakturalarda göstərilən məlumatların doğru olub-olmaması “...hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Cavabdeh işlərin icra edilməsinin aylıq “Forma-2” aktları ilə rəsmiləşdirilməsindən birtərəfli qaydada imtina etdiyinə görə iddiaçı 2020-ci ilin iuyn-oktyabr aylarında görülmüş işlərin rəsmiləşdirilməsi üsulu kimi gündəlik məlumat cədvəlləri tərtib etdirmişdir. Yəni iddiaçının cavabdehə təqdim etdiyi elektron qaimələrdə göstərilmiş məlumatlar əsassız olmamış, həmin qaimələr gündəlik məlumat cədvəlləri əsasında hazırlanmışdır. Bu da ona dəlalət edir ki, cavabdeh hazırda sözügedən elektron qaimələri əsassız olaraq mübahisələndirir. Cavabdehdən 2020-ci ilin iuyn-oktyabr aylarında görülən işlərə görə təqdim edilmiş qüvvədə olan 3 elektron qaimə üzrə 209.340.95 manat (ƏDV daxil) ödəniş tələb olunmuşdur. 2021-ci il ərzində cavabdeh həmin məbləğdən 67200,0 manat (bunun 10250,85 manatı ƏDV hesabına) ödəniş etmişdir. Beləliklə, cavabdehin həmin elektron qaimələr üzrə iddiaçıya 142140,95 manat (bundan 21682,51 manatı ƏDV olmaqla) məbləğində borcu qalmışdır. Cavabdehin sözügedən elektron qaimələri hissə-hissə və qismən ödəməsi onun bu qaimələri qəbul etməsinə dəlalət edir. İddiaçı hesab edir ki, "xxxx" ASC-nin yeni rəhbərliyinin mövqeyi hər vasitə ilə qalan borcu ödəməkdən boyun qaçırmaqdır, mərhum Şakir Həsənovun vaxtında isə az məbləğlərdə də olsa, borcun ödənilməsi davam etdirilmişdir... Qeyd etmək lazım gəlir ki, ödənişlər müəssisənin rəhbəri və baş mühasibi tərəfindən təsdiqlənmiş ödəniş tapşırıqları əsasında aparılır və hesab etmək olmaz ki, onlar hara (kimə), nədən ötrü ödəniş etdiklərini bilməmiş və ödənişin əsaslı olub-olmamasını yoxlamamışlar. Ona görə də hansısa ödənişlərin səhvən, aldanılma nəticəsində edilməsi barədə mülahizələr qəbulolunmazdır. İşdən göründüyü kimi, cavabdeh 2022-ci ilin əvvəlindən iddiaçıya olan borc üzrə ödənişləri dayandırmış, iddiaçı 2022-ci ilin iyul ayında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə yalnız bundan sonra qarşılıqlı iddia irəli sürərək iddiaçının icra etdiyi işlərin həcmini və dəyərini düzgün hesablamamasını mübahisələndirməyə, onu aldatdığını və ondan artıq pul vəsaiti aldığını, onun iddiaçıya deyil, əksinə, iddiaçının ona borcu olduğunu iddia etməyə başlamışdır. Halbuki, Mülki Məcəllənin 776-cı maddəsinin tələbi baxımından sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən (əgər iş hissə-hissə qəbul edilmişdirsə, işin tam qəbul olunduğu gündən) bir il ərzində irəli sürə bilər. Cavabdeh də iddiaçının gördüyü işlərin qüsuru (kəmiyyət uyğunsuzluğu) ilə bağlı irad və tələblərini qanunla müəyyən olunmuş müddətdə irəli sürməli idi. Cavabdehin uzun müddət susmasından isə belə görünür ki, o, iddiaçıya borclu olduğunu qəbul etmiş, iddiaçının gördüyü işlərin həcmini və dəyərini mübahisələndirmək niyyəti olmamışdır. Cavabdeh tərəfindən qarşılıqlı iddia əsaslı olduğu üçün deyil, ilk iddianı dəf etmək cəhdi kimi verilmişdir. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən, yəni iddiaçının tələb etdiyi 175.455,0 manat məbləğində deyil, ƏDV daxil 142.140,95 manat məbləğində təmin etmişdir. Belə ki, iddiaçı müqavilə üzrə gördüyü işlərə görə ümumilikdə 480.427,58 manat məbləğində ödəniş tələb etmiş (cavabdehə həmin məbləğə elektron qaimələr təqdim etmiş), cavabdeh isə iddiaçıya ümumilikdə 338.286,63 manat məbləğində ödəniş etmiş, nəticədə cavabdehin qalan borcu ƏDV daxil 142140,95 manat məbləğində təşkil etmişdir. Avropa Məhkəməsinin bir sıra (məsələn, “X3rşı” iş üzrə 11 iyul 2017-ci il tarixli və s.) qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə qərarında şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab gözlədikləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri zəruri olan həddə araşdırılmış və hazırkı qətnamədə həmin dəlillər üzrə işin faktiki hallarının və qanunvericiliyin tətbiqinin kifayət qədər dəyərləndirilməsi aparılmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin həm qarşılıqlı iddiasını, həm də apellyasiya şikayətini əsassız hesab edir. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2-2(119)-4/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2-2(119)- 4/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar