Məhkəmə qərarları › İş №2-2(105)-8/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-8/2023

02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-8/2023 02.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı qanunsuz çəkilmiş elektrik dirəklərinin çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-1018/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq İşin halları

1. İddiaçı cavabdeh X1 qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 ha torpaq sahəsinin içərisindən keçən və K.Qafarovaya məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəklərinin sonuncunun hesabına çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın ondan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2020-ci il 13 avqust tarixində Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 hektar torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə (bundan sonra – "xxxx") məxsus olan 10 kV-luq elektrik hava xəttinin və elektrik dirəklərinin cavabdehlər MMC, Azərişıq və Cavabdeh2 ASC-nin (bundan sonra – Cavabdeh2) hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(119)1018/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəkləri cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək həmin qətnamənin Cavabdeh3nə aid olan hissədə tamamilə ləğv edilməsi, iddia tələbinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə olan hissəsinin tamamilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin olunmuş hissəsində dəyişdirərək, iddia tələbinin həmin hissədə əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(105)-18/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Qətnamədən Azərişıq ASC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin Azərişıq ASC-yə münasibətdə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

8. "xxxx" MMC də qətnamədən kassasiya şikayəti verərək qətnamənin MMC-yə aid olan hissədə ləğv edilməsi, işin apellyasiya məhkəməsində müəyyən olunmuş hal və sübutları əsasında iddia tələbinin digər cavabdehlərə aid olan hissədə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-555/2022 nömrəli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(105)- 18/2022 saylı qətnaməsi qismən - iddianın "xxxx" ASC-yə münasibətdə təmin edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

10. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi iş üzrə Azərişıq-a münasibətdə düzgün nəticəyə gəlməmiş, MM-in 88-ci maddəsinin tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq müvafiq hissədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərişıq ilə bağlı nəticəyə gələrkən yalnız ona əsaslanmışdır ki, mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdeh təşkilat Azərişıq-dır. Lakin məhkəmə kollegiyasının qənaətinə görə, Azərişıq-ın mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdeh təşkilat olması Azərişıq-ın hazırkı iddia üzrə maddi məsuliyyətə cəlb olunması üçün yetərli əsas ola bilməz. Belə ki, sözügedən məsələ ilə bağlı Azərişıq tərəfindən hər hansı sənəd verilməsi, iş görülməsi, yaxud belə işlərin görülməsində hər hansı formada iştirak edilməsini təsdiq edən sənəd(lər) iş materiallarında mövcud deyildir, işə baxan məhkəmələr tərəfindən də bununla əlaqədar hər hansı hal müəyyən edilməmişdir. Eləcə də Azərişıq-ın əməkdaşlarının razılığı və iştirakı olmadan mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərinin yerlərinin qanunsuz dəyişdirilməsinin texniki cəhətdən mümkün olub-olmamasına da apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aydınlıq gətirilməmişdir. Odur ki, hazırkı vəziyyətdə iddianın Azərişıq-a münasibətdə təmin edilib-edilməməsi barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərişıq-a münasibətdə ləğv edilməlidir. Yeni apellyasiya baxışında məhkəmə həmin məsələyə qanuni və əsaslı qiymət verməlidir

Apellyasiya şikayətinin dəlilləri:

11. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən elektrik xətti Cavabdeh3 MMC-nin balansında olmaqla onlara xidmət edir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, sözügedən xətt qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş marşrut üzrə çəkilmişdir. Daha sonra "xxxx" ASC-nin məlumatı olmadan elektrik dirəklərinin yeri dəyişdirilərək hazırki torpaq sahəsinə salınmışdır. Bu isə İddiaçı və Cavabdeh3 MMC-nin icazəsi olmadan mümkün deyildir. Belə olan halda müəyyən olunur ki, cavabdeh "xxxx" ASC-nin əlavə xərc çəkərək Cavabdeh3 MMC-yə məxsus dirəklərin yerinin texniki şərtdə görstərilən ərazidən çıxarılaraq başqa yerə köçürülməsi mümkün deyildir. Həmçinin xəttin qanuni yerinin dəyişdirilməsini təsdiq edən sənəd "xxxx" ASC tərəfindən verilməmişdir və bunun əksini sübut edən heç bir sənədi tərəflər məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə isə qeyd olunanlara münasibət bildirmədən iddia tələbinin cavabdeh "xxxx" ASC-yə qarşı münasibətdə təmin etmişdir. Halbuki, iddia tələbi Cavabdeh3 MMC-yə münasibətdə təmin edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yonəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. Məhkəmə prosesi iştirakçılarının izahatları:

12. İşə pellyasiya qaydasında təkrar baxılarkən məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, habelə onda olan məlumata əsasən artıq müvafiq işıq dirəklərinin iddiaçının torpaq sahəsindən çıxarıldığını bildirmişdir. Eyni zamanda "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 da müvafiq hava xəttinin və dirəklərin iddiaçının torpaq sahəsindən çıxarıldığını, bununla da iş üzrə qətnamənin təmsil etdiyi MMC-yə aid olan hissədə artıq icra edildiyini bildirmişdir.

13. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə ərizə müraciət edərək iddia tələbindən cavabdeh "xxxx" ASC-yə münasibətdə imtina edildiyini göstərmiş, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi bununla əlaqədar sonuncu məhkəmə iclasında iddiaçının təmsil etdiyi ASCyə münasibətdə iddiadan imtinası nəzərə alınmaqla iş ücrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi “Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır”. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ...261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini yalnız iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin olunan hissəsindən Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təşkil edir. Çünki Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli qətnaməsi qismən - iddianın "xxxx" ASC-yə münasibətdə təmin edilməsi hissəsində ləğv edilmiş, iş məhz həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, iddiaçının səlahiyyətli nümayəndəsinin iddiadan imtina barədə ərizəsinə qiymət verərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)1018/2021 nömrəli qətnaməsi qismən- Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdeh "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz çəkilmiş elektrik dirəklərinin çıxarılması tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir.

17. Belə ki, həm məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələrinin bildirdiklərinə, həm də iddiaçının ərizəsinə görə, hazırki iş üzrə iddiaçı ilə "xxxx" ASC arasında artıq mübahisə yoxdur. Belə ki, iddiaçıının nümayəndəsinin məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində müvafiq elektrik hava xəttinin və dirəklərin artıq iddiaçıya məxsus torpaq sahəsindən çıxarıldığını, Ai Məhkəmənin iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərarında göstərilən "xxxx" ASC-nin hazırki iddia üzrə cavabdehlik daşımaması barədə hüquqi mövqe ilə razılaşdıqlarını və iddiaçının cavabdehlərdən "xxxx" ASC-yə qarşı olan iddiadan imtina etdiyini göstərmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə icraata müvafiq hissədə xitam verilməsi işdə iştirak edən digər şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd olmadığına görə, iddiaçının iddiadan imtinası qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)1018/2021 nömrəli qətnaməsi qismən- Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdeh "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə işi üzrə icraata xitam verilməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.4, 370, 384.0.5, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı iddiadan imtinası qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)1018/2021 nömrəli qətnaməsi qismən- Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMCyə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdeh "xxxx" ASCnin hesabına həmin torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar