Məhkəmə qərarları › İş №2-2(105)-93/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-93/2024

06.08.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-93/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, iddiaçı “Pivovarennaya Kompaniya "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraatın dayandırılması haqqında” 11 iyun 2024-cü il tarixli, e-2-2(119)-652/2024 nömrəli qərardadından İddiaçı-nin vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Pivovarennaya Kompaniya "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “pulun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000000 (on milyon) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2-2(119)-652/2024 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsinin iş üzrə icraatın dayandırılması haqqında yazılı vəsatəti təmin edilərək, iddia ərizəsinə dair kommersiya işi üzrə icraatın, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar “Carlsberg A/S”, “Carlsberg Breweries A/S”, “Carlsberg Sverige AB” və “Carlsberg Deutschland GmbH” şirkətlərinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” e-2-2(119)- 360/2024 nömrəli kommersiya işi üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır (hakim Həlimə Alıyeva). Qərardaddan İddiaçı-nin vəkili-nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli e-2-2(119)-652/2024 nömrəli qərardadının ləğv edilib işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli e-2-2(119)-652/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, mübahisələndirilən qərardadın qüvvədə saxlanılması və iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. İddiaçı-nin iş üzrə icraatın dayandırılması haqqında qərardaddan şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nin təsisçisidir və təsisçi kimi hüquqlarının qorunması üçün məhkəmədə iddia qaldırmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan digər (e-2-2(119)-360/2024 nömrəli) iş üzrə iddiaçıların isə Cavabdeh MMC-yə qarşı İddiaçı-nin 06 dekabr 2023-cü il tarixli qərarını mübahisələndirməklə bağlı iddia qaldırmağa subyektiv hüquqları yoxdur... Ona görə də “iş üzrə icraatın dayandırılması haqqında” qərardadın ləğv edilib, İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması tələbinə dair” iddiası üzrə işə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli baxımından Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar “Carlsberg A/S”, “Carlsberg Breweries A/S”, “Carlsberg Sverige AB” və “Carlsberg Deutschland GmbH” şirkətlərinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” e-2-2(119)-360/2024 nömrəli kommersiya işinə baxılıb nəticə verilməsi mühüm əhəmiyyət kəsb etdiyindən hazırkı iş üzrə icraatın dayandırılması zəruridir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır... Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-360/2024 nömrəli kommersiya işi üzrə iddiaçılar “Carlsberg A/S”, “Carlsberg Breweries A/S”, “Carlsberg Sverige AB” və “Carlsberg Deutschland GmbH” şirkətləri həmin iş üzrə üçüncü şəxs olan İddiaçı-nin təsisçiləri və səhmdarlarıdır. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan hazırkı (e-2-2(119)-652/2024 nömrəli) iş üzrə isə İddiaçı Cavabdeh MMC-nin təsisçisi və mülkiyyətçisidir. Hər iki iş üzrə Cavabdeh MMC cavabdehdir. Rusiya Federasiyası Prezidentinin 16 iyul 2023-cü il tarixli 520 nömrəli Fərmanına əsasən İddiaçı Rusiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinin (“Rosimuşestvo”nun) “müvəqqəti idarəçiliyinə” verilmiş, bununla İddiaçı-nin xarici təsisçilərinin bütün hüquqları “Rosimuşestvo”ya ötürülmüşdür. Hazırda “Carlsberg A/S”, “Carlsberg Breweries A/S”, “Carlsberg Sverige AB” və “Carlsberg Deutschland GmbH” Şirkətlər Qrupu İddiaçı və onun vasitəsilə sahibi olduqları digər müəssisələr üzərində özlərinin mülkiyyət hüquqlarının müdafiə və bərpasına çalışırlar. Bu məqsədlə də onlar "xxxx" ASC və Cavabdeh MMC-yə qarşı iddia qaldırmışlar. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-360/2024 nömrəli kommersiya işi üzrə iddiaçılar “Carlsberg A/S”, “Carlsberg Breweries A/S”, “Carlsberg Sverige AB” və “Carlsberg Deutschland GmbH” şirkətləri həm də hazırkı iş üzrə İddiaçı vasitəsilə Cavabdeh MMC-nin mülkiyyətçisidirlər. İddiaçı şirkətlər Cavabdeh MMC (və "xxxx" ASC) üzərində özlərinin mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə məhkəmədə iddia qaldırmışlar. İddiaçı isə adı çəkilən şirkətlərin Cavabdeh MMC üzərində mülkiyyət və bundan irəli gələn digər hüquqlarını inkar edərək həmin hüquqların ona məxsus olduğunu, İddiaçı ilə Cavabdeh MMC arasındakı münasibətlərə müdaxilə etməyə, o cümlədən sonuncuya qarşı İddiaçı-nin 06 dekabr 2023cü il tarixli qərarını icra etməməyi tələb edən iddia qaldırmağa həmin şirkətlərin subyektiv hüquqlarının olmadığını iddia edir. Lakin “Carlsberg A/S”, “Carlsberg Breweries A/S”, “Carlsberg Sverige AB” və “Carlsberg Deutschland GmbH” şirkətləri İddiaçı-nin, İddiaçı də Cavabdeh MMC-nin təsisçisi, səhmdarı və mülkiyyətçisidirsə, onda adı çəkilən şirkətlər həm də nəticə etibarı ilə Cavabdeh MMC-nin benefisiar mülkiyyətçiləri sayılırlar. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar “Carlsberg A/S”, “Carlsberg Breweries A/S”, “Carlsberg Sverige AB” və “Carlsberg Deutschland GmbH” şirkətlərinin cavabdehlər "xxxx" ASC və Cavabdeh MMCyə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” e-2-2(119)-360/2024 nömrəli kommersiya işi üzrə qəbul ediləcək qətnamədən İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması tələbinə dair” kommersiya işinin nəticəsi birbaşa asılıdır (yəni birinci iş üzrə iddianın təmin edilməsi ikinci iş üzrə iddianın rədd edilməsini və əksinə, birinci iş üzrə iddianın rədd edilməsi ikinci iş üzrə iddianın təmin edilməsini şərtləndirəcəkdir). Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mövcud vəziyyətdə birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Ona görə də iddiaçının şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraatın dayandırılması haqqında” 11 iyun 2024-cü il tarixli, e-2-2(119)-652/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı “Pivovarennaya Kompaniya "xxxx"” MMC-nin vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iş üzrə icraatın dayandırılması haqqında” 11 iyun 2024-cü il tarixli, e-2-2(119)-652/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar