Məhkəmə qərarları › İş №2-2(106)-102/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-102/2023

16.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-102/2023 16.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı X2 Cavabdeh MMC-nə qarşı “müqavilədən kənar istifadə edilən torpaq sahəsinin boşaldılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiaları üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qərardadından (hakim Z.Abbasov) iddiaçı və cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilədən kənar istifadə edilən torpaq sahəsinin boşaldılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “pul” tələbinə iddiaları rədd edilmişdir. İddiaçı və cavabdeh İddiaçı 13 iyul 2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli e-2-2(121)- 600/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qərardadı əsasında iddiaçı və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır İddiaçı 17 iyul 2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qərardadından şikayət verərək ləğv edilməsini, apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin geri qaytarılma əsası kimi nümayəndəsi Nümayəndə1 vəkil olaraq onu təmsil etməsi üçün kifayət qədər sübutun şikayətə əlavə edilməməsi göstərilmişdir. Bu əsas qanunsuzdur. Nümayəndə1 onun vəkili olmaqla yanaşı, etibarnamədə səlahiyyətləri aydın şəkildə göstərilməklə nümayəndəsidir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi ilkin iddiaçı vəkillə müqavilə bağlayarkən nümayəndə qismində göstərilən hüquqi təmsilçilik və ya hüquqlardan istifadə etmək iqtidarında olmuşdur. Yəni vəkillə hüquqi yardım alan şəxsin müqaviləsi ilə orderdə göstərilmiş təşkilatla (məhkəmə instansiyası) bağlı yuxarıda göstərilən bütün hüquqi prosessual hərəkətlərin edilməsi tam əhatələnir. Yəni məhkəməyə hazırlıq (mediasiya prosesi və sair hərəkətlər) məhkəmədə təmsilçilik və məhkəmənin çıxardığı istənilən qərardan şikayət vermək. Birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla sanki vətəndaşı yenidən müqavilə bağlamağa məcbur edir. Yəni vəkilin nümayəndənin birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməsi gələcəkdə onun apellyasiya instansiyasında iştirak etməsindən xəbər vermir. İlkin iddiaçının apellyasiya instansiyasında vəkilsiz təmsil edilmək hüququ vardır. Məhkəmə şikayəti geri qaytararkən MPM-nin 73.5-ci maddəsini rəhbət tutaraq vəkilin səlahiyyətlərinin qanunla nəzərdə tutulmuş qaydada yoxlanılmalı olmasını göstərmişdir. Bəli, ilk dəfə məhkəmə prosesinə daxil olarkən vəkilin nümayəndəliyinə dair sənədləri yoxlanılaraq işə buraxılır. Lakin işə buraxıldıqdan sonra o əsaslar aradan qalxmayınca həmin instansiyada həmin vəkil MPMnin 74.2-ci maddəsində göstərilən bütün hüquqlardan istifadə etməlidir və buna heç bir şəkildə maneçilik yaradıla bilməz. Mülki Prosessual Məcəllənin 68-ci maddəsinə əsasən vəkil işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Məhkəmə yekun qənaətə gələrkən qanunun bu maddəsini ilkin iddiaçının ziyanına tətbiq etmişdir. Yuxarıda göstərildiyi kimi bağlanmış hüquqi yardım müqaviləsi bütün vəzifələri özündə əks etdirir. Yəni hüquqlarını müdafiə etdiyi şəxsin Şirvan Kommersiya Məhkəməsinin icraatı dövrü öz işinə dair verdiyi tapşırıqları vəkil olaraq icra etməlidir. Yəni onun öz vəkalətini ləğv etməməsi və vəkilə məhkəmə aktından şikayət verməsi üçün münasibət bildirməsi həmin məhkəmə aktından vəkil tərəfindən şikayət verilməsi üçün kifayətdir. Lakin məhkəmənin qərardadı şəxsə və vəkilə məcbur edir ki, yeni müqavilə bağlasın. Sanki bir öhdəlik qoyur. Halbuki həmin tələbi yalnız işdə iştirak edən zaman tərəflərdən yalnız apellyasiya instansiyanın hakimi tələb edə bilər (əgər vəkil iştirak etmək, təmsil olunan isə vəkillə təmsil olunmaq niyyətində olmasını açıq şəkildə ifadə edərlərsə). Birinci instansiya məhkəməsinin qərardadının birinci hissəsi ilə gəldiyi nəticə hüquqi prinsiplərdən kənardır. Belə ki, nümayəndəlik və vəkillik, hüquq, vəzifələr cəhətdən istər CPM-də, istərsə də MPM-də oxşar xarekter daşıyır. Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərardadından elə çıxır ki, cinayət işində dövlət hesabına təyin edilmiş vəkil həmin instansiya üzrə təqdim edilmiş orderə əsasən məhkəmənin çıxardığı hökmdən apellyasiya şikayəti verə bilməz. Həmin vaxt təqsirləndirilən şəxs ya müqavilə bağlamalı (halbuki dövlət ona imkanı olmadığı üçün pulzsuz hüquqi yardım təmin edib) ya da həmin birinci instansiya məhkəməsi yenidən apellyasiya şikayəti yazılması üçün pulsuz hüquqi yardım haqqında qərar qəbul etməlidir. Zərərçəkmiş şəxsin nümayəndəsi kimi elə çıxar ki, həmin məhkəmənin hökmündə şikayət verilməsi mümkün deyildir. Zərərçəkmiş şəxs və ya mülki iddiaçı yenidən müqavilə bağlanılması məcbur edilir. Biz əgər vəkilin order vasitəsilə səlahiyyətin təsdiq edilməsini müəyyən ediriksə bu məsələyə hüququn prinsiplərindən yanaşmalıyıq. Yəni hüquqi yardım alan şəxslə vəkil araında bağlanmış müqavilə istər cinayət, istərsə də mülki məhkəmə icraatında eyni qaydada tənzimlənir. Bütün bunları araşdırarkən Şirvan Kommersiya Məhkəməsinin qərardadı qanuni şəkildə qəbul edilməmişdir. Qərardadın ikinci hissəsi ilə bağlı bildirmək istəyirik ki, şikayət vermiş şəxsin hansı əsasları göstərməklə şiikayətini əsaslandırmasına münasibət bildirmək birinci instansiya məhkəməninin səlahiyyətlərinə aid deyildir. Belə ki, MPM-də apellyasiya şikayətnin formasına dair 2 saylı əlavə ilə forma məzmuna əməl edilmişsə birinci instansiya məhkəməsinin şikayətin geri qaytarması qanuni və əsaslı deyildir. Məhkəmə özü qərardadında verilmiş şikayətin ayrı-ayrı bəndlərini incələyərək sıralamada olan normaların maddi normalar deyil, prosessual normaların olmasını israrla bildirməsini ilkin iddiaçı tərəf olaraq hesab edirik səlahiyyət pozuntusudur. Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Göründüyü kimi göstərilən halların heç biri birinci instansiya məhkəməsinin öz qərardadı ilə şikayətin geri qaytarılmasına əsas vermirdi. Yəni, apellyasiya şikayətinin mətnində əsaslanmış və narazılığı göstərilmiş 1 əsasın olması belə şikayətin apellyasiya məhkəməsinə göndərilməsinə kifayət edir. Amma apellyasiya şikayətində 4 hüquqi pozuntusu əsası qoyulmasına baxmayaraq məhkəmə özü qəraddadının 6-cı qrafasının düzgün tərtib edilmədiyini ardıcıllığın pozulduğunu qeyd etmişdir. Halbuki şikayətdə tək pozulmuş normanın olması belə işi apellyasiya məhkəməsinə göndərilməsinə kifayət edirdi. Şirvan Kommersiya Məhkəməsinin 18 iyul 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İddiaçının şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılmasına dair qərar qəbul edilərkən iki məsələ üzrə pozuntuya yol vermişdir. Birinci pozuntu şikayətçinin birinci instansiya məhkəməsində icraat zamanı vəkili və nümayəndəsi olmuş Nümayəndə1 birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətini imzalaması üçün səlahiyyətli olmasına baxmayaraq şikayətin qanunsuz olaraq qaytarılması, ikinci pozuntu birinci instansiya məhkəməsinin səlahiyyəti olmadan şikayət vermiş şəxsin hansı əsasları göstərməklə şiikayətini əsaslandırmasına münasibət bildirməsi barədədir Kollegiya apellyasiya şikayətinin hər iki əsasla geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Şikayətin birinci dəlili ilə bağlı kollegiya gəlinəcək nəticənin anlaşılan olmasından ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, elektron apellyasiya şikayəti vəkil qismində apellyasiya instansiyasında təmsilçilik səlahiyyəti olmadan Nümayəndə1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən : Maddə 66 - Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 68.1 - İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Maddə 68.2 - Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Maddə 68.3 - İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 69.1-1 - Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir Maddə - 73.1 - Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2 - Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir Maddə 73.5 - Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.2 - İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə ilə təsbit olunmuşdur. Belə ki, həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründyü kimi mülki prosesdə vəkilin hansı hüquqlara malik olması MPM-in 68-ci maddəsində əksini tapmış və norma vəkilə məhkəmə aktlarından şikayət verə bilməsini işdə iştirak edən şəxslərin tapşırığı və vəkalətin mövcudluğundan asılı etmişdir (MPM 68.3m.). Vəkilin səlahiyyəti isə öz növbəsində qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir (MPM 73.5 m.). Kollegiya hesab edir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətini müvafiq vəkalət almadan (order əlavə edilməmişdir) vəkil Nümayəndə1 nümayəndə kimi imzalamağa səlahiyyəti olmamışdır və apellyasiya şikayətini həmin əsasla qaytarmaqla birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verməmişdir. Şikayətdə birinci instansiya məhkəməsi tərəfindən qərardadda yol verilmiş ikinci pozuntu kimi birinci instansiya məhkəməsinin səlahiyyəti olmadan şikayət vermiş şəxsin hansı əsasları göstərməklə şiikayətini əsaslandırmasına münasibət bildirməsi qeyd edilir. Kollegiya şikayətin qeyd olunan dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, MPMnin 364-cü maddəsi apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasını birinci instansiya məhkəməsinin səlahiyyətinə aid etmişdir. Şikayətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, iş üçün əhəmiyyəti olan halların sübüt edilməməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirilməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması, yaxud iddia tələbinə hüquqi əsas kimi hansı maddi hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsinin, prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs qəbul olunmuş qətnamənin həm maddi, həmdə prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməməsini, gəlinən nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. Lakin apellyasiya şikayəti MPM-də nəzərdə tutulmuş formaya və məzmuna uyğun tərtib etməmişdir. Bu isə onu göstərir ki, verilmiş apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud olmamşdır və birinci instansiya məhkəməsi MPM-in 363.1.1-1-ci maddəsinə istinadla apellyasiyak şikayətini qaytarmaqla prosessual pozuntuya yol verməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh İddiaçı şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Müşfiq Həsənov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar