Məhkəmə qərarları › İş №2-2(106)-102/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-102/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-102/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi Şirvan şəhəri, 08 may 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, e-2-2(121)-80/2025 saylı qətnaməsindən (hakim:Z.Abbasov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 4456.48 manat, hesablanmış cəriməyə görə 445.64 manat olmaqla, cəmi 4902.12 manat pulun, ödənilmiş 69 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 saylı “xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 13.00 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən Cavabdehə avans olaraq cəmi 7536.50 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.2.2-ci bəndinin şərtlərinə əsasən, Satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”-ya ödəmək üçün, (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığm yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022ci il tarixədək “Alıcı”-ya təhvil verir; Təhvil verilən xam-pambığm dəyəri “Alıcı”-dan alman avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman “Alıcı”-ya həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən Cəmiyyətə 3080.02 manat məbləğində xam pambıq təhvil verilmiş, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixə əsas borcu 4456.48 manat təşkil etmişdir. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 2.2.3-cü bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində, 10%dən artıq olmamaq şərtilə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 445.64 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məlum iddia ərizəsində göstərilənlərin bir qisminin həqiqət olsa da, ərizədə həm də həqiqətdən kənara çıxma hallarının mövcud olduğunu, əvvəla ərizədə adı çəkilən xx.xx.2022-ci il tarixli, 5 saylı “Xam pambığın alqısatqısına dair” müqavilənin surətinin dəfələrlə tələb etsə də MMC tərəfindən ona verilmədiyini və hazırda da onda olmadığını, həmin Müqavilədən sonra aralarında bağlanmış müqavilə şərtlərinə görə ona 1-ci və 2-ci şum zamanı (müvafiq olaraq 13 və 10 hektarda), 1- 2-ci mala zamanı (eyni ölçülü hektarlarda), 3 ha sahədə pambıq çöpü doğranmasında, habelə 13 ha əkində, kombaynla təminatda, pambıq sovkasına qarşı 2 dəfə dərmanlamada (13+13 ha), 2 dəfə becərmədə - kultivasiyada (13+13 ha), 162 kq sadə-adi çiyiddə, 100 kq isə bahalı çiyiddə və 300 kq amafoz - gübrənin təminat və təchizatının vaxtında və qaydasında təşkil edildiyini, bu və digər müxtəlif xidmətlər göstərildiyini, müqavilə şərtlərinə uyğun olaraq MMC-yə 3080.02 manat məbləğində xam pambıq təhvil verdiyini, 2023-cü ilin fevral, mart, aprel, may aylarında, yəni 4 ay müddətində ’’Aztəsərrüfat” MMC-də rəsmi olaraq sahə rəisi işlədiyini, aylıq əmək haqqı 500 manat olmaqla 4 ay orada işləsə də, MMC qanunla ona çatası həmin ayların cəmi 2000 manat məbləğində olmaqla əməkhaqqı pulunu bu günə kimi ona ödəmədiyini, bu barədə etdiyi müraciətdə ona, gözlə, sənə bank kartı hazırlayıb verəcəyik, əməkhaqqı pulunu alacaqsan, deyildiyini, lakin bu günə kimi onlar nə kartı, nə də əməkhaqqını vermədiklərinin, ona xidməti işi ilə əlaqədar yalnız torpaq, əkin, çöl sahələrinə və müəyyən qədər obyekt və idarələrə getmək - baş çəkmək üçün müəyyən qədər yanacaq pulundan savayı heçnə vermədiklərini, sözü gedən MMC tərəfindən ona verilən və göstərilən zəruri vəsaitlərə və xidmətlərə görə, onların dəyərində də əvəz olaraq iddiaçı Təşkilata 3080.02 manat məbləğində xam pambıq təhvil verdiyini və hazırda onun MMC-yə heç bir borcunun qalmadığını, sadəcə onlar iddia ərizəsində məbləği öz xeyirlərinə görə xeyli şişirdib artırdıqlarını, mütəxəssislər tərəfindən daha dəqiq hesablamalar apararlarsa, onun MMCyə, məlum faktlara görə təxminən 1000-1500 manat arası borcunun qala biləcəyinin müəyyən ediləcəyini, onu da ya iddiaçının ona olan işləyib almadığı 2000 manat 4 aylıq əmək haqqı borcu ilə əvəzləməyin mümkün olduğunu, ya da həmin məbləği hissə-hissə ödəyə biləcəyini, ərizədəki hər hektardan 25 sentner pambıq məhsulunun istehsalının alınmamasına gəldikdə isə, bu - eynilə bütün Respublika üzrə xarakterik hal olmaqla hər yerdə - bütün regionlarda belə olduğunu, respublikadakı məlum çətin iqlim şəraiti, havaların çox dəyişkən, intensiv davamlı olaraq yağmurlu keçməsi və s. bu kimin gözlənilməz hallar və ciddi səbəblərin həmin öhdəliyi təbii olaraq mümkünsüz etdiyini, bu hətta istənilən fermerin, yaxud da onun kimi əlaqədar sahədə öhdəlik daşıyan hər bir kəsin iradəsi xaricində olan, az qala fors-majora bənzəyən təbiət hadisəsi ilə əlaqədar bir məsələ olduğunu bildirmişdir və işin digər faktiki hallarını, mövcud qanunvericiliyin tələblərini, bu tələblərdən irəli gələn hüquq və vəzifələri, həmçinin bu çətin dövrdə 4 nəfərlik ailələrində yeganə qazanc gətirən şəxs olduğunu, habelə iddiaçı təşkilatın öz arqumentləri əsasında üzərinə qaldırdıqları məbləğin hədsiz şişirdilməsini və s. digər halları nəzərə alıb, iddianı qismən təmin edərək, iddiaçı təşkilata təxmini borcu olan 1000- 1500 manat civarında məbləğin ondan tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-1978/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iştirak etdiyi xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında verdiyi izahatında, iddia tələbini qismən qəbul etdiyini, aralarında müqavilə olmadığını, iddiaçı müəssisədə sahə rəisi işlədiyini, 13 ha ərazi üçün ona 4000-4500 manat arası avans verildiyini, bunun əvəzində 3080 manat pambıq təhvil verdiyini, təxminən 1000 manat borcu qaldığını, iş materiallarındakı müqavilədə və iş aktlarının əksəriyyətində olan imzanın ona məxsus olmadığını bildirimiş və ekspertiza üçün imza nümunələri vermişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(121)-80/2025 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, 5 nömrəli müqavilə üzrə 3975,48 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə və ödənilmiş 69 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 4064,48 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi və Ekspertiza tədqiqatının dəyəri olaraq 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-80/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, 1000 manat ondan tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza təyin edilərkən onun imzaları olmayan ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022ci (tarixə düzəliş edilib) il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura, ******* saylı 22.05.202--ci (il göstərilməyib) il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il tarixli qaimə fakturada olan imzalar yoxlanılmamış və ekspertizaya təqdim edilməmişdir. Qeyd olunan qaimə fakturadan yalnız ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura, ******* saylı xx.xx.2022-ci il tarixli qaimə faktura üzrə yalnız Çiyidləri əldə etmişdir. Qalan yazılanların heç birini götürməmiş və imzalarda onun deyil. Məhkəmə proseslərində iştirak etmədiyinə görə həmin qaimə fakturalar barədə imza nümunələrinin araşdırılmasını tələb edə bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Kollegiyanın iclasında apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş, xəttşünaslıq ekspertizasının təyin edilməsi üçün məhkəməyə imza nümunələri vermişdir. Düşünür ki, ekspertiza düzgün keçirilməmişdir. Bəzi aktlar da onun tərəfindən imzalanmamışdır. Hesab edir ki, onun iddiaçıya 1000 manat borcu vardır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə əlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmədə iştirak etməmiş və ya nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Lakin iddiaçı məhkəməyə ərizə göndərərək iş onların iştirakı olmadan baxaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək 1000 manat pulun ondan tutularaq İddiaçınə ödənilməsi xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli “xam pambığın alqısatqısına dair” müqavilənin surətindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, hazırki müqavilənin predmetini Alıcı tərəfindən Satıcıya məxsus olan (mülkiyyətində və ya istifadəsində olan) Neftçala rayon, Tatarməhəllə kəndində yerləşən 13.00 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və digər şərtlər daxilində Alıcıya təhvil verilməsi və Alıcı tərəfindən Satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. 2.2.2-ci bəndinə əsasən, Satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlerin, göstərilən digər xidmətlərin dəyərini Alıcıya ödəmək üçün, (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması ve tədarükünə dair" Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək "Alıcı"ya təhvil verir; təhvil verilən xam-pambığın dəyəri "Alıcı"dan alınan avans məbləğin (har hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman "Alıcıya" həmin yaranan fərqi ödəyir. 2.2.3-cü bəndinə əsasən, Satıcı yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə ödəyir; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli müqaviləyə əlavə olaraq tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından, hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaimə-fakturalardan və iş aktlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 7536,50 manat dəyərində avans (iş görülmüş, müxtəlif xidmətlər göstərilmiş, mal-material və pul vəsaiti) verilmişdir. İş materiallarında olan “pambıq qəbulu qəbzi”ndən görünür ki, Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3080,01 manat dəyərində xam pambıq təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli “xam pambığın alqı-satqısına dair” müqavilə və gübrə satışı üzrə Cavabdeh ümumilkdə 4902,12 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə olan borcdan bir qismini nağd şəkildə ödəməyi və yerdə qalan hissəni 4 hektar öz hesabına əkdiyi pambıqla geri ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli “xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən Cavabdeh 4456,48 manat əsas, 445,64 manat cərimə olmaqla, cəmi 4902,12 manat məbləğində borcunun yarandığı qeyd olunmuş və göstərilən borcun 10 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və məhkəmə xərclərinin alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-1978/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/2016 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5 nömrəli “xam pambığın alqısatqısına dair” müqavilənin 9-cu bəndində “Satıcı” qrafasında “Cavabdeh” yazılarından aşağıdakı imza, xx.xx.2022-ci il tarixli “Qiymətlərin razılaşdırılması protokolu”nda “Satıcı” qrafasında “Cavabdeh” yazılarından aşağıdakı imza, 6-7 fevral 2022-ci il tarixli, 9 fevral 2022-ci il tarixli, 20-11 fevral 2022-ci il tarixli, 23 fevral 2022-ci il tarixli, 24 fevral 2022-ci il tarixli, 23-24-25 fevral 2022-ci il tarixli, 2 may 2022-ci il tarixli, 4-5 may 2022-ci il tarixli, 4 may 2022-ci il tarixli, 03- 27 mart 2022-ci il tarixli, 2 may 2022-ci il tarixli aktlarında “Ərazi nümayəndəsi” və “Fermer” qrafalarındakı imzalar; 20 may 2022-ci il tarixli iş aktında “Fermer” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. 22 may 2022-ci il tarixli, 31 may 2022-ci il tarixli, 10 iyun 2022-ci il tarixli, 17 iyun 2022-ci il tarixli, 20 iyun 2022-ci il tarixli iş aktlarında “Fermer” qrafalarındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam-pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Göründüyü kimi məhkəmə iddianı təmin etmiş, cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili iddiaçıya 1000 manat borcunun qalması ilə bağlıdır. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında, iddia tələbini qismən qəbul etdiyini, aralarında müqavilə olmadığını, iddiaçı müəssisədə sahə rəisi işlədiyini, 13 ha ərazi üçün ona 4000-4500 manat arası avans verildiyini, bunun əvəzində 3080 manat pambıq təhvil verdiyini, təxminən 1000 manat borcu qaldığını, iş materiallarındakı müqavilədə və iş aktlarının əksəriyyətində olan imzanın ona məxsus olmadığını bildirimişdir. Cavabdehin müqavilədə, iş və xidmət aktlarında olan imzalların ona məxsus olmadığını iddia etsə də, təyin edilmiş ekspertizanın nəticəsinə dair rəydə yalnız ümumi dəyəri 481 manat təşkil edən 5 sayda aktda olan imzaların cavabdeh tərəfindən icra edilmədiyi, digər sənədlərdə olan imzanın isə cavabdehə məxsus olduğu müəyyən edilmişdir. Buna görə birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər və yetərli sübut kimi qəbul etmiş və iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, şikayət təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 10000 manatdan yuxarı deyil, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(121)-80/2025 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar