Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-105/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Maftun Suleımnanovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 iyul 2023cü il tarixli e-2-2(121)-892/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1248 (bir min iki yüz qırx səkkiz) manat dəymiş maddi ziyanın və 60 (altmış) manat mediasiya xərcinin, cəmi 1308 (bir min üç yüz səkkiz) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 2022-ci il 23 may tarixli 05/02532 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR- 2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 1248.00 (bir min iki yüz qırx səkkiz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 1248.00 (bir min iki yüz qırx səkkiz) manat dəymiş maddi ziyan hesablanmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 5 iyul 2023-cü il tarixli e-2-2(121)-892/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında dövlət vəsaiti hesabına alınmış və cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 1.248 (bir min iki yüz qırx səkkiz) manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 30 oktyabr tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X2 və texnika elmləri namizədi X3 tərəfindən hazırlanmışdır. Lakin məhkəmə təqdim olunmuş arayışı sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədləri diqqətə almayaraq, işə dair xüsusi bilik tələb edən mütəxəssis rəyinin olmamasını göstərmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanla bağlı qüsur aktı cavabdeh tərəfindən imzalanmaqla sübut olunsa da, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Halbuki hakim qanunvericilikdə də nəzərdə tutulduğu qaydada xüsusi bilik tələb olunan sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Digər tərəfdən məhkəmə tərəflər arasında bağlanmış kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əmlak kirayə müqaviləsinin xüsusi növü kimi yanaşmış və əmlak kirayə müqaviləsi üzrə iddia müddətini əsas götürməklə iddia tələbini rədd etmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən kirayə hüquq münasibətlərinin şərtlərinin istinad olunması deyil, tərəflər arasında mübahisə predmetinə müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə tərəfindən tərəflər arasında mübahisə predmeti olan lizinq münasibətlərinə icarə və ya əmlak kirayə münasibətlərinin tətbiq etməsi yolverilməzdir. Çünki lizinq hüquq münasibətləri icarə və ya kirayə hüquq münasibətlərindən obyektiv və subyektiv cəhətlərinə görə fərqlənir. İcarədardan fərqli оlaraq lizinq alan əmlaкın sığоrtasını, оnun teхniкi хidmət haqqını və əmlaкın məhv оlma və ya коrlanması zamanı mülкiyyətçinin zərərini ödəyir. Eyni zamanda kirayə müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin predmetini bəhər və gəlir verə bilən obyektlər təşkil edir. Hazırki mübahisə predmeti üzrə dövlət əmlakı olan texnikaları mövsümi olaraq operativ lizinq müqaviləsi ilə götürmüş fərdi sahibkar statusuna malik cavabdehin əsas məqsədi gəlir götürməkdən ibarət olmuşdur. Həmçinin bildiririk ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı müddət ötürülməmişdir. Belə ki, 2022-ci il 10 avqust tarixdə texnikanın qüsur aktı tərtib olunmuş, qarşı tərəflə danışıqlar aparılmış, lakin aktın imzalanmasından cavabdeh imtina etdiyi üçün 2022-ci il 10 avqust tarixdə imtina aktı tərtib olunmuşdur. Cavabdeh barədə məhkəməyə müraciət olunması məqsədilə 2022-ci il 21 dekabr tarixdə mediasiya təklifi göndərilmiş və 2022-ci il 23 dekabr tarixdə çatdırılmışdır. Hər iki tarixdən məhkəmənin əsaslandığı müddətin tətbiqi ilə bağlı hesablama zamanı 6 aylıq müddətin keçmədiyini görmək olar. Qanunvericilkdə də müəyyən olunduğu kimi Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin məhkəmə yuxarıda qeyd edilənləri diqqətə almamış və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin tərəfindən iddia müddətinin tətbiqinə dair hər hansı müraciəti olmamışdır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə iddia tələbi üzrə təqdim olunmuş dəymiş ziyanla bağlı arayışa ziddiyətlə yanaşmış, öz təşəbbüsü ilə mübahisəli məsələlərin həlli ilə bağlı xüsusi bilik tələb olunan sualları izah etmək zərurətini hiss edirsə bununla bağlı iş üzrə ekspertiza elan etməli idi. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş sübutları hər tərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan hallara dair iddiaçının təqdim etdiyi sənədləri “mötəbər” sübut saymamış, əgər xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti qənaətinə gəlmişdirsə, bununla bağlı ekspertiza elan etməmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə (Maddə 700. İcarə müqaviləsi) istinad olunması və əmlak kirayə müqaviləsinin kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinə (Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri) əsaslanması işin hallarına uyğun gəlmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Maftun Suleımanov apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 23 may 2022-ci il tarixli 05/02532 saylı operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn 1 iyun 2022-ci il tarixindən 31 iyul 2022-ci il tarixinədək 4000 manat lizinq ödənişi edilməsi şərtilə İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 23 may 2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 05/02532 nömrəli 23 may 2022-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli qüsur aktından görünür ki, texnika hava süzgəcinin qapağı qırıq, hava süzgəci yoxdur, yeriş remenləri yararsız, xeyderin saman aparan şinek barmaqlarından 10 ədəd yoxdur, baraban remeni yararsız, saman küləkliyinin listləri yararsız, yanğınsöndürən balon yoxdur vəziyyətində mexanizator Cavabdeh tərəfindən təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş “SR-2045” Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışından görünür ki, texnikanın saz vəziyyətə gətirilməsi üçün 1248 manat məbləğində ehtimal xərclər müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 23 fevral 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, texnikaya dəymiş 1248 manat məbləğində zərər tez bir zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş edilmiş, əks halda texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 14 mart 2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur, 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir), 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir, 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir, 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir, 747-1.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər, 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir, 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir, 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. İş materiallarına əlavə olunan sənədlərdən tərəflər arasında 23 may 2022-ci il tarixdə bağlanmış "kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə" 05/02532 saylı müqavilə üzrə bir ədəd 2013-cü il buraxılışlı SR-2045 markalı taxılyığan kombaynın 01 iyun 2022-ci ildən 31 iyul 2022-ci il tarixinədək 4000 manat ödəniş müqabilində cavabdehə qısamüddətli lizinqə verildiyi, texnikanın 23 may 2022-ci il tarixdə texniki cəhətdən saz vəziyyətdə cavabdehə təhvil verildiyi, 10 avqust 2022-ci il tarixdə isə cavabdeh tərəfindən nasaz vəziyyətdə qaytarılığı müəyyən olunur. Bundan sonra lizinq verən 27 yanvar 2023-cü ildə Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 23 fevral 2023-cü il tarixdə cavabdehə pretenziya vermiş, 14 mart 2023-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, 10 aprel 2023-cü il tarixdə isə məhkəmədə iddia qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. "B.Mürsəlovun şikayəti üzrə" Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Mülki Məcəllənin 697.4-cü maddəsi baxımından lizinq verən, lizinqə vermiş olduğu əşyanın qüsurları ilə bağlı tələbi, həmin əşyanın qaytarlıdığı gündən altı ay ərzində irəli sürmək hüququna malik olmuşdur. Həmin müddət keçdikdən sonra lizinqverən bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kollegiya hesab edir ki, iddiaçı əşyanın qüsurları ilə bağlı tələbini həmin əşyanın ona nasaz vəziyyətdə təhvil verildiyi gündən (10 avqust 2022) altı ay ərzində irəli sürmək hüququna malik olduğu halda, 8 ay müddət (10 aprel 2023) keçəndən sonra bununla bağlı iddia qaldırmışdır. İddiaçının qanunla müəyyən olunan zaman ərzində öz hüququndan istifadə etməməsi, əşyanın qüsurları ilə bağlı tələb hüququna xitam verilməsini şərtləndirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddia qiyməti 1248 manat olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 5 iyul 2023-cü il tarixli e-2-2(121)-892/2023 saylı qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov