Məhkəmə qərarları › İş №2-2(106)-127/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-127/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-127/2023 21.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1274/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı 1 ədəd Belarus-622 markalı traktorun tam bərpası üçün hesablanmış 5545 manat məbləğində dəymiş ziyanın və 105 manat mediasiya xərcinin, cəmi 5650 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04/01906 nömrəli xx.xx.2022-ci il tarixli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-622 markalı traktor ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Belarus-622 markalı traktora baxış keçirilmiş və nəticədə texnikaya 5545 manat məbləğdə zərərin dəydiyi müəyyən edilmişdir. Həmin traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Belarus-622 markalı traktorun tam bərpası üçün 5545 manat dəymiş maddi ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinin tələbinə müvafiq olaraq iddia ərizəsinin surəti prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişlə cavabdehə təqdim olunmuş, qanunla müəyyən olunan müddət ərzində cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etiraz verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli e-2-2(121)- 1274/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim N.Misirzadə). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1274/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında dövlət vəsaiti hesabına alınmış və cavabdehin istifadəsinə verilmiş Belarus-622 markalı traktora baxış keçirilmiş, nəticədə texnikaya 5545 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış Cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin 30 oktyabr 2021-ci il tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X3 və texnika elmləri üzrə fəlsəfə doktoru X5 tərəfindən hazırlanmışdır. Lakin məhkəmə təqdim olunmuş arayışı sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədləri diqqətə almayaraq, işə dair xüsusi bilik tələb edən mütəxəssis rəyinin olmamasını göstərmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanla bağlı qüsur aktı cavabdeh tərəfindən imzalanmaqla sübut olunsa da, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Halbuki, hakim qanunvericilikdə də nəzərdə tutulduğu qaydada xüsusi bilik tələb olunan sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Digər tərəfdən məhkəmə tərəflər arasında bağlanmış kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əmlak kirayə müqaviləsinin xüsusi növü kimi yanaşmış və əmlak kirayə müqaviləsi üzrə iddia müddətini əsas götürməklə iddia tələbini rədd etmişdir. Məhkəmə tərəfindən kirayə hüquq münasibətlərinin şərtlərinin istinad olunması deyil, tərəflər arasında mübahisə predmetinə müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilməlidir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı müddət ötürülməmişdir. Belə ki, 05 oktyabr 2022-ci il tarixdə texnikanın qüsur aktı tərtib olunmuş, qarşı tərəflə danışıqlar aparılmış, lakin aktın imzalanmasından cavabdeh imtina etdiyi üçün 05 oktyabr 2022-ci tarixdə xəbərdarlıq göndərilmişdir. Cavabdeh barədə məhkəməyə müraciət olunması məqsədilə 21 fevral 2022-ci il tarixdə mediasiya təklifi göndərilmiş və 24 fevral 2022-ci il tarixdə çatdırılmışdır. Mediasiya şurası tərəfindən arayış 04 may 2023cü il tarixində tərtib edilmiş və 23 may 2023-cü il tarixli 3-22-13/2-662/2023 tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qanunvericilkdə də müəyyən olunduğu kimi mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin tərəfindən iddia müddətinin tətbiqinə dair hər hansı müraciəti olmamışdır. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesinin tətbiqi ilə bağlı Cəmiyyətin 2023-cü il 21 fevral tarixli 3-22-13/E-72 nömrəli mediasiya təklifi göndərilmişdir. “Mediasiya haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı mediasiya şurası tərəfindən arayışın və protokolun tərəflərə təqdim edildiyi gündən bərpa olunur. Mediasiya şurası tərəfindən arayış 05 may 2023-cü il tarixində tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmənin qətnaməsində qeyd etdiyi 6 aylıq müddət ötürülməmişdir. Məhkəmə iddia tələbi üzrə təqdim olunmuş dəymiş ziyanla bağlı arayışa ziddiyyətlə yanaşmış, öz təşəbbüsü ilə mübahisəli məsələlərin həlli ilə bağlı xüsusi bilik tələb olunan sualları izah etmək zərurətini hiss edirsə, bununla bağlı iş üzrə ekspertiza elan etməli idi. Texnika tam saz və işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq, cavabdeh əsaslı sübut gətirmədən texnikada yaranmış nasazlıqları şifahi mülahizələri ilə əsaslandırmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Kollegiya hazırkı işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. MPM-in 392.2-ci maddəsinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 04/01906 saylı xx.xx.2022-ci il tarixli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, 1 ədəd Belarus-622 markalı traktor İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki vəziyyəti barədə 1 saylı aktdan görünür ki, İddiaçı ASC-nin Cəlilabad RN-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh 04/01906 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü 1 ədəd Belarus-622 markalı traktor təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst təhvil verməyi, taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi, müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, arxa qol dəyişilib, qapı dəstəkləri yoxdur, rulavoy kalonka dəyişilib, arxa paylayıcı dəyişilib, qabaq diferin kordanı yoxdur, vom dəyişilib-əyridir, ox yoxdur, arxa körpü qırılıb, sol asqı qolu dəyişilib və qaynaqlıdır, orta qol dəyişilib-yararsızdır, iki ədəd təmizləyici yük (qruz) yoxdur, palesi yoxdur, qoşqu yoxdur, difer sökülüb-işləmir, qabaq padfarniklər dəyişilib, radiator dəyişilib, slindir dəyişilib, rolun altında nasos dəyişilib (vomu fırladan), arxa faralar dəyişilib, hava vuran konpressorun üst hissəsi dəyişilib, qapıların və pəncərələrin amartizatorları yoxdur, işıqların kulçatorları dəyişilib, 1 qaldırıcının trosu yoxdur, matorda yağ qapağı yoxdur, yağ ölçən şup yoxdur, mühərrik qızdırılıb vəziyyətində mexanizator X6 tərəfindən təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş “Belarus- 622” markalı traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışın surətindən görünür ki, texnikanın saz vəziyyətə gətirilməsi üçün 5545 manat məbləğində ehtimal xərclər müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, texnikaya dəymiş 5545 manat məbləğində zərərin tez bir zamanda İddiaçı ASC-yə ödənilməsi xahiş edilmiş, əks halda texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 04/01906 saylı xx.xx.2022-ci il tarixli operativ lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqavilə əsasında “Belarus-622” markalı traktorun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehə lizinqə verilmişdir. Sözügedən texnika cavabdeh tərəfindən nasaz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Texnika iddiaçıya təhvil verilərkən iddiaçının nümayəndələri tərəfindən texnikaya baxış keçirilmişdir. Baxış nəticəsində texnikanın nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur aktı tərtib edilərək texnikaya dəymiş zərərin ehtimal olaraq 5545 manat məbləğ olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu yaranmış borcunu ödəməmişdir. Cavabdehin dəymiş zərərin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanılmış 04/01906 saylı xx.xx.2022-ci il tarixli operativ lizinq müqaviləsinin 2.2.5-ci, 2.2.6-cı və 2.2.8-ci maddələrində, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 748-7.1-ci maddəsində təsbit edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Belə ki, MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Beləliklə, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər olduğundan, lizinq verənin lizinq alandan lizinq obyektindən istifadə etdiyi dövr üçün hesablanan lizinq ödənişlərini iddiaçya ödəməli, həmçinin lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Cavabdeh iddiaçı ilə bağlamış olduğu lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadəyə görə lizinq ödənişləri etməli olduğundan, iddiaçının müqavilədə nəzərdə tutulan qaydada lizinq ödənişlərini tələb etməsi yuxarıda sadalanan qanunvericilik qanunvericilik aktı normaları baxımından əsaslı olmuşdur. MM-in 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Yuxarıda qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, kirayəyə verənin (hazırkı işdə lizinqə verənin) maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə (lizinqə) verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (lizinqə verən) əmlakı lizinq alandan geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İş materiallarında olan texnikanın iddiaçıya geri qaytarılmasına dair tərtib edilmiş texniki vəziyyət haqqında 2 saylı aktdan görünür ki, texnika xx.xx.2022-ci il tarixində iddiaçıya təhvil verilmiş və həmin tarixdə tərtib edilmiş qüsur aktı ilə texnikaya zərərin dəydiyi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə, iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu xx.xx.2022-ci il tarixində bilmiş, hazırkı iddianı isə xx.xx.2023-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 7 aydan artıq müddət ötdükdən sonra qaldırmışdır. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə və ya dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli e-2-2(121)- 1274/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar