Məhkəmə qərarları › İş №2-2(106)-138/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-138/2024

29.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-138/2024 29.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və s. tələbinə dair kommeriya işi üzrə Açar sözlər : qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı “X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və s. tələbinə kommeriya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim Zaur Abbasov) 04 iyun 2024-cü il tarixli, e-2-2(121)-207/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 kəndinin ərazisində yerləşən və "X6 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən Cavabdeh və digər şəxslərin çıxarılması, Cavabdeh və digər şəxslərin "X6 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi, giriş- çıxış yollarının cavabdehin öz hesabına əvvəlki vəziyyətə bərpa edilməsi, "X6 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasının Cavabdeh öz vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, 1995-ci il tarixdən ünvan 1 kəndinin ərazisində yerləşən 0,4766 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək məqsədi ilə ümumi sahəsi 86 kv. metrdən ibarət qeyri- yaşayış binası inşa edib müəyyən müddət ərzində həmin qeyri-yaşayış binasında fəaliyyət göstərmişdir. Sonradan qeyri-yaşayış binasında fəaliyyətini dayandırmış və qeyri-yaşayış binası müəyyən müddət ərzində istifadəsiz qalmşdır. Ailələrində yaranmış ciddi problem səbəbindən bir müddət kənddə yaşamamalarından istifadə edən ona məxsus qeyri- yaşayış binasının qonşuluğunda fəaliyyət göstərən kafenin sahibi Cavabdeh ona aid əmlakı mənimsəmiş və qanunsuz olaraq zəbt edərək istifadə etməkdə davam edir. Cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, qarşılıqlı şikayətlər araşdırılmış, müxtəlif inzibati qərarlar qəbul edilmiş, buna baxmayaraq cavabdeh zəbt etdiyi qeyri-yaşayış binasından çıxmaq istəmir, qanunsuz olaraq faydalanaraq hər dəfə onlarla mübahisə edir. Cavabdehin qanunsuz əməlləri nəticəsində sahədə faəliyyət göstərmək olmur, icarə və istifadə mümkünsüz olmuşdur. Cavabdeh tərəfindən qanunsuz zəbt olunan qeyri-yaşayış binası 1995-ci il tarixli "X6 Təsərrüfatı” MMC-nin xüsusi mülkiyyətində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixdə buna dair çıxarış verilmişdir. Cavabdeh isə xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasının qanunsuz zəbt edərək onların mənafeyinə zidd hərəkətlər edərək, hüquqlarını pozur. Bununla əlaqədar Kürdəmir Rayon Məhkəməsinə müraciət edilmiş, pandemiya və ekpertizaların gec cavab verilməsi səbəbindən uzun müddət sonra Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh iddiaçı "X6Təsərrüfatı” MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu Mollakənd kəndi ərazisində yerləşən 0.0104 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.0 kv.metrdən ibarət qeyri yaşayış binasından əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və əmlakdan istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 531/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ləğv olunmuş və mülki işə məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh özü də hazırda qeyd edilən qeyri-yaşayış sahəsində heş bir fəaliyyəti yoxdur, hətta VÖEN-ə əsasən sahibkarlıq fəaliyyəti uzun illərdir dayandırılmışdır, özü isə müxtəlif vaxtlarda Rusiya Federasiyasında işləyir. Buna baxmayaraq burdakı nümayəndələri vasitəsi ilə iddiaçıya məqsədli, qərəzli və süni olaraq ziyan vurmaqda davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizələri ilə məhkəməyə müraciət edərək, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə saxta yollarla mülkiyyət hüququna dair sənəd aldığını, iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim Zaur Abbasov) 04 iyun 2024-cü il tarixli, e- 2-2(121)-207/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan ünvan 1 kəndinin ərazisində yerləşən ümumi sahəsi 86,0 kv.metr olan qeyri-yaşayış binasından və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,0104 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № e-2-2(121)-207/2024 saylı qətnaməsinin qismən, iddianın təmin edilmiş hissədə ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Göstərmişdir ki, Mollakənd Bələdiyyəsinin 12 iyul 2012-ci il tarixli ümumi iclasının 07 saylı protokolundan Çıxarışdan görünür ki, torpaq sahəsi məhz mənə satılmış, Kürdəmir rayon Mollakənd Bələdiyyəsinin alqı-satqı predmeti olan 18mx13m=234 kv.m torpaq sahəsi, başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmədiyindən, bu torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Kürdəmir rayonu Mollakənd Bələdiyəsinin 20 noyabr 2007-ci il tarixli iclasının qərarı ilə, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Əsasnamə”yə əsasən, Mollakənd kənd sakini Cavabdeh (mənə) tikinti məqsədi üçün 99 il müddətinə verilmiş 0.35 hektar torpaq sahəsinə dair, “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, sözügedən torpaq sahəsi X3 kitabında xx.xx.2013-cü il tarixində, 665 nömrə ilə (A № 412062) uçota alınmışdır. Yəni, mənə 99 illiyə icarəyə verilmiş bu torpaq sahəsi, dövlət kadastrında qeydiyyata alınmışdır. Məhz bundan sonra, “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilməklə, torpaq sahəsi X1 xx.xx.2013-cü il tarixində, 665 nömrə ilə (A № 412062) uçota alındıqdan sonra, yəni, mənə 99 illiyə icarəyə verilmiş bu torpaq sahəsi, dövlət kadastrında qeydiyyata alındıqdan sonra, həmin torpağın başqa bir şəxsin istifadəsinə verilməsi necə, olarmı? Ya artıq verilmişsə nə etmək lazımdır? İddiaçının məhkəməyə təqdim etdiyi, 1991-ci ildə inşa edilmiş, “Təbiət” kəndli fermer təsərrüfatına məxsus olmuş, hazırda, hər hansı bir sənəd, sübut, qərar mövcud olmadığı halda, iddiaçının ”mülkiyyətinə” çevrilmiş qeyri-yaşayış binasının xüsusi mülkiyyət olmasına dair Çıxarışdan da görünür ki, “Torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, “Torpaq sahəsi üzərində hüququn növü “İstifadə”, “Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar”dır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında tərəflər iştirak etməmişlər. İddiaçı və cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin elektron kabinetinə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd olunmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29- cu maddəsinin İİ və İV hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respubılikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2019-cu il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2013-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestirindən çıxarışdan görünür ki, ünvan 1 kəndində yerləşən sahəsi 86.0 kv.metr olan qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışla mülkiyyət hüququ ilə "X6 Təsərrüfatı” MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan "X6 Təsərrüfatı” MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, zəbt olunmuş daşınmaz əmlakdan çıxaraq 3 gün müddətində torpaq sahəsinin "X6 Təsərrüfatı” MMC-yə qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və torpaq sahəsindən uzun müddət qanunsuz istifadə edildiyinə görə vurulmuş maddi ziyan, əldən çıxmış fayda və çəkilən bütün xərclərin tələb ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı "X6 Təsərrüfatı” MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak üzərində iddiaçının dövlət qeydiyyatına alınmış hüquqlarını mübahisələndirmək üçün Cavabdeh müvafiq subyektiv hüquqa malik olmamışdır, həmçinin iddianın uğurluluq ehtimalına yuxarı instansiya məhkəməsi tərəfindən artıq hüquqi qiymət verildiyinə görə, həmin əsasla iddiaçının mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunun şübhə altına alınması yolverilməzdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətçi olaraq mövcud qanunvericiliyin ona tanıdığı hüquqi imkanlardan istifadə və həmin hüquqlarına istinad edərək, mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını başqa şəxsin qanunsuz sahibliyindən geri almaq, həmin əmlakdan istifadəyə, həmin əmlaka faktiki sahibliyə istənilən üçüncü şəxs tərəfindən yaradılmış maneələrdən qorunmaq hüququna və həmin hüququnu məhkəmə müdafiəsi hüququndan istifadə edərək realizə etməklə bağlı subyektiv hüquqa malikdir. Buna görə də, iddia tələbi cavabdehin mübahisəli əmlakdan çıxarılması hissəsində əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır və hesab edir ki, cavabdehin mübahisəli qeyri-yaşayış və torpaq sahəsindən çıxarılmasında doğru nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan qeyri-yaşayış sahəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə qeyriyaşayış sahəsini boşaltmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2-2(121)-207/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar