Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-158/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2-2(121)-1207/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Admedia.az” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 6100 manat (altı min yüz manat) məbləğində əsas borcun, 1098 manat (min doxsan səkkiz manat) ƏDV borcunun, 353.80 manat (üç yüz əlli üç manat səksən qəpik) cərimə məbləğinin və 90 manat (doxsan manat) ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında “Xidmətlərin göstərilməsi haqqında” müqavilə (Reklam işlərinin görülməsi) bağlanmış və iş tərəflərindən layiqincə yerinə yetirilmişdir. xx.xx.2022-ci il tarixli Seriya: EBCB 494581 saylı və xx.xx.2023-cü il tarixli Seriya: EBDM 690290 saylı (Reklam işlərinin görülməsi-Marka brendinqi (Qalıq ödəniş 50%)) elektron qaimələr də xidmətlərin iddiaçı tərəfindən nöqsansız və vaxtında göstərildiyini təsdiq edir. Yuxarıda qeyd edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” qaimələrinə əsasən, ümumi olaraq 25960 manat (ƏDV daxil) (iyirmi beş min doqquz yüz altmış manat) məbləğində yekun borc yaranmışdır (22000 manat (ƏDV xaric) (iyirmi iki min manat). xx.xx.2022-ci il tarixli Seriya: EBCB 494581 saylı və xx.xx.2023-cü il tarixli Seriya:EBDM 690290 saylı elektron qaimələrdə qeyd edildiyi üzrə, xx.xx.2023-cü il tarixində əsas borcun 50%-i ilkin olaraq alınmış, 11000 manat (on bir min manat) qalıq borc yaranmışdır. Cavabdeh tərəfindən ödənişlər qrafikə uyğun keçirilməmiş və borc öhdəliklərinə laqeyd yanaşılmışdır. xx.xx.2023-cü il tarixində “Borcun hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılaşma Aktı” imzalanmışdır. Bu Akta əsasən xx.xx.2023-cü il tarixində 3000 AZN (+ƏDV) , xx.xx.2023-cü il tarixində 2700 AZN (+ ƏDV), xx.xx.2023-cü il tarixində 2700 AZN (+ƏDV), xx.xx.2023-cü il tarixində 2600 AZN (+ƏDV) ödənişləri Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC bankındakı hesablaşma hesabına ödənilməli idi. Qeyd olunduğu üzrə xx.xx.2023-cü il tarixində 3000 AZN (+ƏDV) ödənildi. Lakin digər ödənişlər qrafikə uyğun ödənilməmişdir. xx.xx.2023-cü il tarixində ödənilməli olan 2700 AZN (+ ƏDV) çoxsaylı tələblərə rəğmən 1 ay (bir) gecikdirilərək və azaldılaraq xx.xx.2023 tarixində 1900 AZN (+ƏDV) ödənildi. Qeyd edilənlərə əsasən son ödəniş tarixi xx.xx.2023-cü ildə olmuş və Cavabdehə verilmiş invoys üzrə 6100 manat (altı min yüz manat)+ ƏDV 1098 manat (min doxsan səkkiz manat) xidmət haqqı ödəniş müddəti pozulmaqla bugünə kimi şirkətə ödənilməmişdir. Müqavilənin 6.2 bəndinə əsasən sifarişçi müqavilənin 3.3 bəndində nəzərdə tutulan tələblərə riayət etmədiyi halda, hər ötmüş gün üçün agentliyə vaxtında ödənilməmiş məbləğin 0.1%-i həcmində cərimə ödəməlidir. Son ödəniş tarixindən (xx.xx.2023) xx.xx.2024 tarixinə qədər gecikdirilmiş hər gün üçün ümumi olaraq cərimə məbləği 353.80 manat (üç yüz əlli üç manat səksən qəpik) təşkil edir. Cavabdeh müxtəlif bəhanələrlə xidmət haqqını ödəməkdən imtina edir. Göstərilən səbəbdən İddiaçı MMC-yə xeyli miqdarda zərər dəymiş və belə hal, şirkətin iş prosesimdə çətinliklər yaratmışdır. Mübahisələrin məhkəmədən kənar qaydada həlli məqsədi ilə xx.xx.2023-cü il tarixində “X9 ASC-yə” xəbərdarlıq məktubu (pretenziya) göndilərək 5 (beş) iş günü ərzində borcun ödənilməsi tələb edilsə də, xəbərdarlığa əhəmiyyət verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1207/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 4 iyul 2024-cü il tarixli e-2-2(121)-1207/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi MPM-in 14.2, 77.1, 80, 88-ci, Mülki Məcəllənin 752.1, 769, 770-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış müqavilədə tərəflərin qarşılıqlı razılığa gələrək şərtləşdirdikləri qaydaya əsasən, görülən işlərin təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Lakin iş materiallarında belə təhvil-təslim aktı mövcud deyildir və məhkəmə prosesinin gedişində iddiaçı tərəfindən adı çəkilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, baxılan işdə görülən işlərin nəticələrinin təhviltəslimi işlərinin təsdiqi ilə əlaqədar müqavilə şərtlərinə əməl olunmadığından, təhvil-təslimə dair müvafiq sənədlər tərtib edilmədiyindən, yəni hazırkı halda elektron qaimə-fakturaların əsasında işlərin görülməsinə dair hər iki tərəfin təsdiq etdiyi işlərin nəticələrinin təhviltəslimi barədə akt dayanmadığından, həmin elektron qaimə-fakturalar iddia edilən işlərin nəticələrinin cavabdehə təhvil verilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qarşılıqlı üzləşmə aktına və cavabdehə ünvanlanmış pretenziya məktublarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, adları çəkilən sənədlər iddianın təsdiqi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunun məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, şirkətiin nümayəndəsi (X3 (SMM qrup rəhbəri)) məhkəmə baxış iclasında iştirak etmiş, lakin cavabdehin (X9 ASC) nümayəndəsi məhkəmə prosesdə iştirak etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin materialları və təqdim edilən sübutlar lazıminca araşdırılmamış, sənədlər tədqiq edilərkən diqqətsizliyə yol verilmiş, iddia rədd edilmişdir. Təqdim olunan ödəniş tapşırıqlarında məbləğlər qeyd olunsa da, hakim məbləğlərin qeyd olunmadığını bildirmişdir. Halbuki hər iki sənəddə ödəniş etdikləri məbləğ yazılmışdır. Qətnaməyə əsasən müqavilədə qeyd olunur ki, icraçı hər ayın sonuncu iş günü və ya göstərilən xidmətlərin sonuncu günü göstərilən xidmətlər haqqında yekun olaraq işlərin təhvil-təslim aktını təsdiq edilb sifarişçiyə təqdim edir. Tərəflərindən təhvil-təslim aktları hazırlansa da, cavabdeh tərəf buna ehtiyac olmadığını bildirmiş, elektron qaimələrin kifayət olduğunu demişdir. Müqaviləyə əsasən avans ödənişi 11000 manat ödənilmiş, lakin yekun 11000 manat + ƏDV (ümumi 12980 azn) borcu ödənilməmişdir. Danışıqlardan sonra xx.xx.2023cü il tarixdə cavabdehlə borcun hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılaşma aktı imzalanmışdır. Bu akta əsasən xx.xx.2023 tarixdə 3000 AZN + ƏDV, xx.xx.2023 tarixdə 2700 AZN +ƏDV, xx.xx.2023 tarixdə 2700 AZN +ƏDV, xx.xx.2023 tarixdə 2600 AZN+ƏDV ödənişləri olunacaqdı. Bu aktın cavabdeh tərəfindən imza və möhür edilməsi tərəflərindən işlərin tam görülməsinin təsdiqidir. Yəni ki, təhvil-təslim aktları olmasa belə, bu akt onu təsdiq edir ki, onlar öz işlərini layiqincə görmüşlər. Əgər xidmətləri tam icra etməsəydilər, cavabdeh bu aktı imzalamazdı. Həmçinin telefon vasitəsi ilə(habelə səs yazıları,mesajlar) aralarında xeyli danışıqlar olmuş, yekun borc ödənilməmişdir. Cavabdeh özü də qəbul edir ki, ödənişləri qrafikə uyğun aparılmır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəflə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmış və müqavilədə nəzərdə tutulan qaydada işi tam təhvil vermişlər. İşin gedişatında daha surətli olmaları üçün onlar daxildə müəyyən komanda yaratmış və işi təhvil vermişlər. Cavabdeh tərəf isə bunu qəbul etmişdir. Cavabdeh tərəf göstərilən xidmətlərdən hal-hazırda istifadə edir. Hətta cavabdeh tərəfin sifarişini qısa zaman ərzində yerinə yetirmək üçün iddiaçı tərəf bu işə daha çox əməkdaş cəlb etmişdir. Cavabdeh tərəfin yekun olaraq 11000 manat borcu qalmış və ödənişlər edilmədiyi üçün xx.xx.2023cü ildə qarşılıqlı razılaşma aktı imzalanmışdır. Lakin ödənişlər qrafikə uyğun aparılmamış gecikmələr olmuş və öhdəliklər icra olunmamışdır. Borcun hissə-hissə ödənilməsi barədə razılaşma aktının cavabdeh tərəfindən imza və möhür edilməsi işlərin tam görülməsinin təsdiqidir. Tərəflərindən görülən işlər brendiq işləri olmuşdur ki, bura loqonun təkmilləşdirilməsi, dizaynların yenilənməsi işləri də daxildir. Cavabdeh tərəfin müraciəti əsasında loqonu yenilənmək üçün 3 nümunə təqdim edilmiş, cavabdeh tərəf bu 3 nümunədən birini təsdiqləmişdir. Cavabdehin veb-saytı sadə yığılmış, serveri köhnə server olmuşdur, tərəflərindən bu daha da təkmilləşdrib gücləndirdikdən sonra yenisi qarşı tərəfə təqdim edilmişdir. İddiaçı tərəf borcun hissə-hissə ödənilməsi barədə razılaşma aktını imzalayıb möhürlədikdən sonra cavabdeh tərəfə göndərmiş, cavabdeh tərəfdə imzalayıb möhürlədikdən sonra skan edilmiş formasını iddiaçı tərəfə göndərdiyi üçün aktın əslini elektron kabinetə yükləyə bilməmişlər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayəti əsasında kommersiya mübahisəsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görədə məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, Sifarişçi tapşırır, İcraçı isə öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində aşağıdakı xidmətlərin göstərilməsini öhdəsinə götürür: A) Marka Kimliyinin hazırlanması B) Brendinq və məhsul qutularının hazırlanması C) Veb sayt və dizayn proqramlaşdırma; 2.1.6-cı bəndinə əsasən, İcraçı, hər ayın sonuncu iş günü və ya göstərilən xidmətlərin sonuncu günü göstərilən xidmətləri haqqında yekun olaraq işlərin təhvil-təslim aktını təsdiq edilb Sifarişçiyə təqdim edir; 3.2-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan xidmətlərin dəyəri 22000 manat + 18% ƏDV olaraq müəyyən edilir. İlkin ödəniş 50% olaraq nəzərdə tutulur; 3.3-cü bəndinə əsasən, Sifarişçi bu müqavilə ilə göstərilən xidmətlərin dəyərini İcraçı tərəfindən elektron qaimə-faktura təqdim edildiyi gündən 10 gün ərzində tam ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EBCB seriyalı 494581 nömrəli və xx.xx.2023-cü il tarixli EBDM seriyalı 690290 nömrəli elektron qaimələrə əsasən, İddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 25960 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin məktubda İddiaçı ilə Cavabdeh ASC-dən 12980 manat məbləğində qalıq borcun 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun və hesablanacaq cərimələrin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC-nə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin baş direktoru X5 ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədri X6 arasında tərtib olunaraq müvafiq olaraq müəssisələrin möhürləri ilə təsdiq olunmuş borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma aktından görünür ki, tərəflər təsdiq edirlər ki, xx.xx.2022-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən yaranmış 22000 manat borcun (+18% ƏDV) 50% ilkin ödəniş olaraq olaraq alınmış (xx.xx.2023 tarixində) və 11000 manat (ƏDV xaric) qalıq borc yaranmışdır. xx.xx.2023-cü il tarixində 3000 manat (+ƏDV), xx.xx.2023-cü il tarixində 2700 manat (+ƏDV), xx.xx.2023-cü il tarixində 2700 manat (+ƏDV), xx.xx.2023-cü il tarixində 2600 manat (+ƏDV) ödənişləri Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-nin Azər-Türk Bank ASC bankındakı hesablaşma hesabına ödəniləcək. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən İddiaçı MMC-nin Azər-Türk Bank ASC bankındakı hesablaşma hesabına 3000 və 1900 manat (ƏDV xaric) olmaqla ümumilkdə cəmi 4900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanan müqavilə “Xidmətlərin göstərilməsi haqqında Müqavilə” adlandırılmaqla, məzmun və şərtlər, işin müəyyən olunan halları baxımından, müqavilə işlərin görülməsi ilə bağlıdır və tərəflər arasında formalaşan hüquq münasibətləri podrat müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya birinci instansiya məhkəməsinin tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlərin formalaşmasından ibarət mövqeyi ilə razılaşsa da, iş materiallarında görülən işlərin təhvil-təslim aktının mövcud olmaması, yəni elektron qaiməfakturalar əsasında işlərin görülməsinə dair hər iki tərəfin təsdiq etdiyi işlərin nəticələrinin təhvil-təslimi barədə aktın dayanmaması əsasları ilə, həmçinin qarşılıqlı üzləşmə aktının mövcudluğuna və üzləşmə aktı üzrə 2 dəfə, 3000 manat və 1900 manat məbləğlərində ƏDV xaric ödənişlərin edilməsinə rəğmən iddianın sübuta yetməməsi kimi gəldiyi nəticə ilə razılaşmır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları üzrə yaranan borc məbləği, tərəflərin sonradan tərtib etdikləri borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma aktı, razılaşma tarixində cavabdeh tərəfindən iddiaçının bank hesabına xx.xx.2022-ci il tarixli müqaviləyə istinadla edilmiş 3000 manat (ƏDV xaric), sonradan isə xx.xx.2023-cü il tarixində 1900 manat (ƏDV xaric) ödənişlərin edilməsi, tərəflər arasında formalaşan işgüzar praktika üzrə təsdiqini tapmış olur. Belə olan halda isə cavabdehin iddiaçı qarşısında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma aktına əsasən 6100 manat əsas borcu, 1098 manat ƏDV borcu və müqavilənin 6.2-ci bəndinə əsasən hesablanmış 353.80 manat cərimə borcunun mövcudluğu sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırki iş üzrə iddianın qiyməti 7551.8 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki halda iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia təmin olunduğundan iş üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia qaldırılarkən ödənilmiş 90 manat, qətnamədən apellyasiya şikayəti verilərkən ödənilmiş 50 manat dövlət rüsumları da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 4 iyul 2024-cü il tarixli e-2-2(121)-1207/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 6100 manat (altı min yüz manat) əsas borc, 1098 manat (min doxsan səkkiz manat) ƏDV borcu, 353.80 manat (üç yüz əlli üç manat səksən qəpik) cərimə olmaqla 7551.8 manat (yeddi min beş yüz əlli bir manat səksən qəpik) məbləğində pul və 140 manat (bir yüz qırx manat) ödənilmiş dövlət rüsumları tutularaq İddiaçınə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-158/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-158/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver