Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-16/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı (MMC-nin) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-yə) qarşı pul tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: pul tələbi, müqavilə, qaimələr və işgüzar adət X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı (MMC-nin) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-yə) qarşı pul tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-1442/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda (hakim Zaur Abbasov) verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı MMC cavabdeh "Türkaz Çınqıl” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 174.808,96 manat əsas borc, 17.043,87 manat faiz borcu, 400 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsait, vəkilə ödənilmiş 500 manat məbləğində pul və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 483 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 193.235,83 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı "Chinar Holding” MMC xx.xx.2023-cü il tarixli "iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, qarşılqlı iddiaçı "Türkaz Çınqıl” MMC-dən 188.143,17 manat əsas borcun, 18.343,95 manat faiz borcunun, 400 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, vəkilə ödənilmiş 500 manatın və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 497 manat dövlət rüsumunun, ümumilikdə 207.884,12 manat məbləğində pulun alınaraq "Chinar Holding” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək "Çinar” MMC (bundan sonra "İddiaçı” adlanacaq) ilə "Türkaz Çınqıl” MMC (bundan sonra "Cavabdeh” adlanacaq) arasında 16 saylı xidmət müqaviləsi imzalanmışdır. "Çinar” MMC 27 fevral 2019-cu il tarixdə adını dəyişdirərək "Chinar Holding” MMC olmuşdur. Qeyd edilən dəyişiklik Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. Tərəflər arasında olan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İmişli rayonunda olan qum-çınqıl xammalının "Chinar Holding” MMC-nin nəqliyyat vasitələri ilə "Türkaz Çınqıl” MMC təyin etdiyi məntəqəyə daşınması və boşaldılması xidmətləri icra edilmişdir. "Chinar Holding” MMC tərəfindən göstərilmiş xidmətin dəyəri ƏDV daxil (31165,74 manat) 204308,96 manat təşkil etmişdir. Həmin məbləğdən cəmi bir dəfə xx.xx.2020-ci ildə 4500 manat ƏDV daxil olmaqla, 29500 manat ödənilmişdir. Qalıq borc 174.808,96 manat təşkil edir. xx.xx.2018-ci il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesabfaktura cavabdehə təqdim olunduqdan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçirilməli idi. Yuxarıda göstərilən tarixdən "Türkaz Çınqıl” MMC-nə xidmət göstərilməsinə baxmayaraq bu günə kimi müqavilənin 2.3-cü bəndində nəzərdə tutulan qaydada yuxarıda göstərilən məbləğ "Türkaz Çınqıl” MMC tərəfindən ödənilməmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklər "Türkaz Çınqıl” MMC tərəfindən icra edilməmiş və göstərilən xidmət üçün xidmət haqqı ödənilməmişdir. Müqavilənin 3.1.6-cı bəndinə əsasən "Türkaz Çınqıl” MMC xidmət haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda "Chinar Holding” MMC ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Lakin "Türkaz Çınqıl” MMC müqavilə üzrə üzərinə öhdəlik götürməsinə baxmayaraq bu günkü günə kimi yuxarıda göstərilən 174.808,96 manat xidmət haqqı borcunu ödəməmişdir. Qarşılıqlı iddiaçı "Türkaz Çınqıl” MMC ilk iddiaçı "Chinar Holding” MMC-yə qarşı xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, "Chinar Holding” MMC-dən "Türkaz Çınqıl” MMC-nin xeyrinə 108.613,80 manat məbləğində pulun və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 399 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "Chinar Holding” MMC Şirvan Kommersiya Məhkəməsində "Türkaz Çınqıl” MMC-ə qarşı iddia qaldıraraq cəmi 193.235,83 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə bildirilir ki,"Chinar Holding” MMC-nin iddia tələbinin faktiki və hüquqi əsasları yoxdur. İstinad olunan müqavilə üzrə ilk iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri ödənilmişdir və ona hər hansı borc məbləği qalmamışdır. İlk iddiaçı tərəflər arasında olan müqaviləyə və mülki qanunvericiliyin müddəalarına istinad edərək əsası olmayan bir məbləği tələb etmişdir. Lakin tələb olunan məbləğ həcmində xidmətin göstərilməsini təsdiq edən hər hansı əsaslı dəlil göstərilməmişdir. Ona görə ki, belə dəlil mövcud deyildir. İlk iddiaçı Müqavilənin 2.3-cü bəndinə istinadla qeyd edir ki, "ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura cavabdehə təqdim olunduqdan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçirilməli idi”. Göründüyü kimi, müqavilə şərtinə görə, "xxxx" MMC müqavilə üzrə ay ərzində yerinə yetirdiyi xidmətlərə dair təhvil-təslim aktı təqdim etməli, həmin təhvil-təslim aktı hər iki tərəfdən imzalandıqdan sonra ödənişlə bağlı tədbirlər görülməlidir. Tələb olunan məbləğə dair xidmətlərin yerinə yetirilməsini təsdiq edən təhvil-təslim aktı olmamışdır. Belə ki, xidmətlər yerinə yetirilmədiyinə görə təhvil-təslimə də zərurət yaranmamışdır. Yerinə yetirilməyən xidmətin "haqqını” tələb etmək isə əsassızdır. Buna görə də, ilk iddia tələbi rədd edilməli və hazırki ərizə ilə irəli sürülən qarşılıqlı iddia tələbi təmin olunmalıdır. "Chinar Holdinq” MMC-nin "Türkaz Çınqıl” MMC-yə yükdaşıma xidmətini göstərmədiyi halda, guya bu xidmətləri göstərdiyi, lakin xidmətin haqqını ala bilməməsi barədə məhkəmədə əsassız iddia qaldırması onun nəticəsidir ki, o, bundan əvvəl də başqa qeyriqanuni tələb və hərəkətləri ilə "Türkaz Çınqıl” MMC-dən böyük məbləğdə vəsaitlər almışdır. Belə ki, "Chinar Holdinq” MMC Vergi Məcəlləsinin 218.4.1-ci və 219.5-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, əvvəlki dövrlərdə müəssisəyə xidmət göstərdiyi münasibətlərdə Azərbaycan Respublikası ərazisində göstərdiyi yükdaşıma xidmətlərinə dair "Türkaz Çınqıl” MMC-yə təqdim etdiyi e-vergi hesab fakturalarına xidmət haqlarından başqa, həm də əlavə dəyər vergisi məbləğləri daxil etmiş və ödənilməsini tələb edərək bütövlüklə almışdır. E-vergi hesab fakturalarına qeyri-qanuni daxil edilmiş və "xxxx" MMC-dən qanunsuz olaraq əlavə dəyər vergisi adı ilə alınmış vəsaitlərin ümumi məğləği 108613,80 manat təşkil etmişdir. Halbuki, Vergi Məcəlləsinin 2l8.4-cü və 218.4.1ci maddələri ilə bir mənalı olaraq müəyyən edilmişdir ki, "bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” sadələşdirilmiş verginin ödəyiciləridir. Eyni zamanda Vergi Məcəlləsinin 219.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin ödəyicisi deyillər. Bu şəxslərin e-vergi hesab fakturalarına əlavə dəyər vergisini daxil etməsi qanuna ziddir. "Chinar Holdinq” MMC-nin əsassız tələbi ilə 108613,80 manat məbləğində vəsaitin ona ödənilməsi "Türkaz Çınqıl” MMC-nin maliyyə vəziyyətini olduqca pisləşdirmiş, vəsait çatışmazlığı üzündən təsərrüfat fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıqları və ehtiyyat hissələrini vaxtında alması mümkün olmamışdır. Bunun da nəticəsində müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməmiş, gözlənilən fayda itirilərək zərərə düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində qarşılıqlı iddiaçı "Türkaz Çınqıl” MMC məhkəməyə xx.xx.2023-cü il tarixli "iddia müddətinin tətbiqi barədə” ərizə ünvanlayaraq, ilk iddiaçı "Chinar Holding” MMC-nin onlara qarşı "müqavilə üzrə borcun və cərimənin ödənilməsinə dair” iddia ilə məhkəməyə müraciət etdiyini, "Türkaz Çınqıl” MMC-nin "Chinar Holding” MMC-yə hal hazıradək hər hansı borcu olmadığını, yuxarıda qeyd olunan müqavilənin müddətinin 31 dekabr 2018-ci il tarixdə başa çatdığını, ilk iddiaçının bu tarixdən 3 il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürdüyünü qeyd edərək, hazırkı mübahisəyə iddia müddətinin tətbiq etməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İlk iddiaçı "Chinar Holding” MMC xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddiaçı "Türkaz Çınqıl” MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, "Türkaz Çınqıl” MMC-nin qarşılıqlı iddia ərizəsində "Chinar Holding” MMC-yə hər-hansı bir borcunun olmamasını bildirir. Qeyd edilən məsələ ilə bağlı qeyd edirlər ki, qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsində göstərdiyi əsaslar müqavilə öhdəliklərinin icra edilməməsi üçün bəhanələrdir. Belə ki, qarşılıqlı iddiaçıya göstərilən xidmətin ümumi dəyəri ƏDV daxil olmaqla 860125,43 (səkkiz yüz altmış min bir yüz iyirmi beş manat qırx üç qəpik) manat təşkil etmişdir. Qarşılıqlı iddiaçı qeyd edilən xidmət haqqı dəyərindən 671982,26 (altı yüz yetmiş bir min doqquz yüz səksən iki manat iyirmi altı qəpik) manat ƏDV daxil olmaqla ödəniş etmiş, ƏDV daxil olmaqla 188143,17 (bir yüz səksən səkkiz min bir yüz qırx üç manat on yeddi qəpik) manat borcu qalmaqdadır. Tərəflər arasında olan müqavilə münasibətləri işgüzar adətlər və qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında tənzimlənmiş və təqdim edilmiş elektron qaimələrə əsasən müvafiq ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, onlar qarşılıqlı iddiaçının öz ərizəsində göstərdiyi kimi, hər-hansı bir əsassız ödəniş tələb etmirlər. Bu qarşılıqlı iddiaçının müqavilə öhdəliklərinin icra edilməməsi üçün etdiyi bəhanə, başqa sözlə dolayısı ilə müqavilə öhdəliyindən yayınma taktikasıdır. Bildirirlər ki, qarşılıqlı iddiaçı ilə bütün ödənişlər qarşılıqlı iddiaçıya göndərilmiş elektron qaimələrə əsasən həyata keçirilmişdir. Tərəflər arasında olan inam hər hansı digər sənədin tərtibini zəruri etməmişdir. Bundan başqa qarşılıqlı iddiaçı heç bir əsasa, sübuta əsaslanmayaraq onlara qarşı hansısa qeyriqanuni tələb və hərəkətlərlə onlardan böyük məbləğdə vəsaitlər tələb etdiklərini bildirir. Əvvəla, bildirmək istəyirlər ki, qarşılıqlı iddiaçının qeyd etdikləri cəfəngiyat və sübutu olmadığı halda onlara böhtan atmaqdır. Əgər belə bir hal vardısa və buna dair hər-hansı bir sübutu vardısa onda niyə hüquq mühafizə orqanlarına müraciət etməmiş və onların barəsində müvafiq tədbir görülməsini tələb etməmişdir? Qarşılıqlı iddia ərizəsində e-vergi hesab fakturalarının qeyri-qanuni daxil edildiyi və qarşılıqlı iddiaçıdan qanunsuz olaraq ƏDV vergisi adı ilə vəsaitlər alındığı və bunların ümumi məbləğinin 108 613,80 AZN təşkil etdiyi bildirilmişdir. Qarşılıqlı iddiaçının bu arqumenti ilə bağlı bildirirlər ki, "Chinar Holding” MMC ƏDV ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınmasının qüvvəyə minməsi xx.xx.2007-ci il təsadüf etmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən könüllü qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınmaqlarını tələb edə bilərlər və bundan başqa artıq qarşılıqlı iddiaçı ilə fəaliyyət göstərən zaman ƏDV ödəyici olaraq qeydiyyata alınmışlar və həmin kriteriyaya uyğun vergi ödəyicisi kimi fəaliyyət göstərmişlər. Qeyd edilənlər baxımından hesab edirlər ki, qarşılıqlı iddiaçının onlardan tələb etdiyi məbləğlər əsassız olmaqla yanaşı ədalətsizliyin təzahürüdür. Belə ki, qarşılıqlı iddiaçı borclu olduğu halda, müqavilə öhdəliyini icra etmədiyi halda başqasını əsası olmayan məsələ barədə günahlandırması qəbul edilməzdir. Zərəri onlar tələb etməlidirlər, qarşı tərəf yox, çünki müqavilə öhdəliklərinə qarşılıqlı iddiaçı əməl etməmiş və müqavilə öhdəliklərini pozmuş və onlara məxsus vəsaiti özündə saxlamaqla onlara külli miqdarda ziyan vurmuşdur. Qarşılıqlı iddiaçının bu qanunsuz əməlləri nəticəsində Cəmiyyət işçilərinin əmək haqlarını, vergi və digər ödənişləri qarşılamaq üçün banklardan yüksək faizlərlə kredit götürmək məcburiyyətində qalmış və nəticədə böyük zərərlə qarşılaşmışdır. Qarşılıqlı iddiaçı isə əsassız ərizələr verməklə heç bir əsası olmayan dəlillər irəli sürərək aralarında olan müqavilə münasibətlərindən irəli gələn öhdəliklərini icra etmək istəmir. Yuxarıda göstərilənlər nəzərə alınaraq qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İlk iddiaçı "Chinar Holding” MMC məhkəməyə xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ünvanlayaraq, qarşılıqlı iddiaçı "Türkaz Çınqıl” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş "iddia müddətinin tətbiqi barədə” ərizənin təmin edilməməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı bir tərəfdən borcu qəbul etməyərək borcunun olmadığını bildirir, digər tərəfdən isə həmin borc tələbinə iddia müddətinin tətbiqini xahiş edir. Başqa sözlə, dolayısı ilə də olsa borcun mövcudluğunu qəbul edir. Qeyd olunduğu kimi "Chinar Holding” MMC xidmət müqaviləsinin müddətinin 31 dekabr 2018-ci il tarixdə başa çatdığını və ilk iddiaçının üç il müddətində məhkəməyə müraciət etməli olduğu halda müraciət etmədiyindən Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il olaraq müəyyən edildiyindən hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 16№-li xidmət müqaviləsinin 12.8-ci maddəsində müqavilənin yuxarıda imzalanma tarixindən qüvvəyə mindiyi və 31 dekabr 2018-ci il tarixinədək qüvvədə olması göstərilsə də, həmin müqavilənin 12.9-cu bəndində hazırki müqavilənin bitməsinə bir həftə qalmış, tərəflərdən biri, müqavilə üzrə hüquq münasibətlərini davam etdirmək niyyətinin olmaması barədə digər tərəfi yazılı xəbərdar etmədiyi halda, müqavilənin eyni müddətə uzadılmış sayıldığı öz əksini tapmışdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, tərəflərdən heç biri müqavilənin ləğv edilməsini tələb etməmiş, müqavilə eyni şərtlərlə tərəflər arasında davam etdirilmiş və bunun bariz nümunəsi olaraq cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya bank vasitəsilə qaimə fakturalara əsasən ödənişlər həyata keçirmişdir. Tərəflər arasında olan müqavilə münasibətləri üzrə sonuncu ödənişin xx.xx.2020-ci il tarixində olmasına baxmayaraq, tərəflər arasında olan müqavilənin ləğv edilməsi barədə tərəflərdən hər-hansı biri belə təşəbbüslə çıxış etməməsi müqavilə münasibətlərinin hələ də davam etməsindən xəbər verir və belə olduğu halda iddia müddətinin ötürülməsindən bəhs edilə bilməz. Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)- 1442/2023 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh son ödənişi xx.xx.2020-ci il tarixdə etməklə müqavilə münasibətlərini icra etməkdə maraqlı olmasını bəyan etmiş, borcunu faktiki etiraf etmişdir. Belə olduğu təqdirdə belə son tarixi yuxarıda qeyd etdiyi tarixdən götürsək müqavilə münasibətlərinin axımı həmin tarixdən davam etmişdir ki, hazırkı mübahisə ilə bağlı iddia verməklə haqlı olmuşlar və tərəflərindən iddia müddəti ötürülməmişdir. Bunda başqa nəzərə alsaq ki, tərəflər arasında olan müqavilənin şərtlərinə əsasən müqavilə hələ bu günkü günə kimi qüvvədədir və tərəflər onun ləğvi ilə bağlı hər-hansı bir təşəbbüslə çıxış etməmişlər. Bu halda da müddət baxımından hər-hansı bir çatışmamazlıq mövcud deyil. Bu hala da məhkəmə tərəfindən qiymət verilməmiş və araşdırılmamışdır. Qeyd etmişlər ki, hazırda onlarla cavabdeh arasında yük daşıma müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur ki, bu münasibətlər üçün iddia müddəti 5 ildir. Belə ki, MM-nin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələblər. Maddənin tələbindən də göründüyü kimi daşımalarla bağlı 5 (beş) ilə qədər cavabdehə qarşı iddia irəli sürsəydilər belə yenə iddia tələblərində prosessual müddət baxımından haqlıdırlar. Məhkəmə isə ən azından qeyd edilən normanı tətbiq edərək iddia irəli sürməkdə haqlı olduqları qənaətinə gələ və qanunvericiliyin qeyd edilən normasını düzgün tətbiq etmiş olardı. Bu halda isə məhkəmə bu faktlara hüquqi qiymət verməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 156-cı maddəsi verilmiş iddia tələbi üzrə hüquqi qiymətləndirmə zamanı ayrılıqda deyil, Vergi Məcəlləsinin 218-ci və 219.5-ci maddələri ilə əlaqəli şəkildə tətbiq edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnamənin qismən - ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 kollegiyanın iclasında göstərmişdir ki, "Türkaz Çınqıl” MMC "Chinar Holding” MMC-yə hər-hansı bir borcunun olmamasını bildirir. Qeyd etmişdir ki, qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsində göstərdiyi əsaslar müqavilə öhdəliklərinin icra edilməməsi üçün bəhanələrdir. Belə ki, indiyədək qarşılıqlı iddiaçıya göstərilən xidmətin ümumi dəyəri ƏDV daxil olmaqla 860 125,43 manat təşkil etmişdir. Qarşılıqlı iddiaçı qeyd edilən xidmət haqqı dəyərindən 671 982,26 manat ƏDV daxil olmaqla ödəniş etmiş, ƏDV daxil olmaqla 188 143,17 manat borcu qalmaqdadır. Göründüyü kimi tərəflər arasında olan müqavilə münasibətləri işgüzar adətlər və qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında tənzimlənmiş və təqdim edilmiş elektron qaimələrə əsasən müvafiq ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı qeyd etmişdir ki, onlara göndərilən elektron qaimələr nəticəsində göstərilmiş xidmətlərə görə ödəniş etmişlər (İİ cild, səh 75). Həmin qaimələrdən cədvəldə 29-cu sırada yerləşən xx.xx.2019-cu il tarixli, EBAD 226982 saylı qaimə onlar tərəfindən qismən qəbul edilmiş və qismən ödəniş edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə EBAD 227193 nömrəli, EBAD 227229 nömrəli, E BAD 227255 nömrəli, xx.xx.2019-cu ii tarixli, EBAD 476097 nömrəli, EBAD 477452 nömrəli, EBAD 478201 nömrəli, EBAD 479339 nömrəli, EBAD 479712 nömrəli, EBAD 480011 nömrəli, 29.12,2019-cu il tarixli, EBAE 584933 nömrəli, EBAE 585273 nömrəli, EBAE 585543 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAE 641055 nömrəli elektron qaimələr isə onlar tərəfindən təsdiq edilməmiş, buna görə də həmin qaimələr üzrə ödənişlər edilməmişdir. Həmin qaimələr üzrə xidmətlər göstərilməmişdir. Əslində isə həmin qaimələr də qarşılıqlı iddiaçı tərəfindən təsdiq edilmişdir. Əgər Vergi orqanından sorğu edilərsə bu həqiqət üzə çıxar. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, e-vergi hesab fakturalarına qeyri-qanuni daxil edildiyi və qarşılıqlı iddiaçıdan qanunsuz olaraq ƏDV vergisi adı ilə vəsaitlər alındığı və bunların ümumi məbləğinin 108 613,80 AZN təşkil etdiyi bildirilmişdir. Qarşılıqlı iddiaçının bu arqumenti ilə bağlı bildirmişdir ki, İddiaçı MMC ƏDV ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınmasının qüvvəyə minməsi xx.xx.2007-ci il təsadüf etmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən könüllü qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınmaqlarını tələb edə bilərlər və bundan başqa artıq qarşılıqlı iddiaçı ilə fəaliyyət göstərən zaman ƏDV ödəyici olaraq qeydiyyata alınmışlar və həmin kriteriyaya uyğun vergi ödəyicisi kimi fəaliyyət göstərmişlər. Yəni İddiaçı MMC könüllü vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Qeyd edilənlər baxımından hesab edirlər ki, qarşılıqlı iddiaçının onlardan tələb etdiyi ƏDV üzrə məbləğlər əsassız olmaqla yanaşı ədalətsizliyin təzahürüdür. Belə ki, qarşılıqlı iddiaçı borclu olduğu halda, müqavilə öhdəliyini icra etmədiyi halda başqasını əsası olmayan məsələ barədə günahlandırması qəbul edilməzdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaya münasibətdə qeyd etmişdir ki, İddiaçı MMC-nin iddia tələbinin faktiki və hüquqi əsasları yoxdur. İstinad olunan müqavilə üzrə ilk iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri ödənilmişdir və ilk iddiaçıya hər hansı borc məbləği qalmamışdır. İlk iddiaçı tərəflər arasında olan müqaviləyə və mülki qanunvericiliyin müddəalarına istinad edərək əsası olmayan bir məbləği tələb etmişdir. Lakin tələb olunan məbləğ həcmində xidmətin göstərilməsini təsdiq edən hər hansı əsaslı dəlil göstərilməmişdir. Ona görə ki, belə dəlil mövcud deyildir. İlk iddiaçı Müqavilənin 2.3-cü bəndinə istinadla qeyd edir ki, “ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesabfaktura cavabdehə təqdim olunduqdan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçirilməli idi”. Göründüyü kimi, müqavilə şərtinə görə, "xxxx" MMC müqavilə üzrə ay ərzində yerinə yetirdiyi xidmətlərə dair təhvil-təslim aktı təqdim etməli, həmin təhviltəslim aktı hər iki tərəfdən imzalandıqdan sonra ödənişlə bağlı tədbirlər görülməlidir. Tələb olunan məbləğə dair xidmətlərin yerinə yetirilməsini təsdiq edən təhvil-təslim aktı olmamışdır. Belə ki, xidmətlər yerinə yetirilmədiyinə görə təhvil-təslimə də zərurət yaranmamışdır. Yerinə yetirilməyən xidmətin "haqqını” tələb etmək isə əsassızdır. Qeyd etmişdir ki, ilk iddiaçı tərəfindən göstərilən xidmətlər qaimələrlə onlara təqdim edilmiş, həmin qaimələr (İİ cild səh.75 1-dən 29-dək) "xxxx" MMC tərəfindən təsdiq edilmiş və həmin qaimələr üzrə göstərilmiş xidmətlərə görə ödənişlər ilk iddiaçıya ödənilmişdir. Həmin qaimələrdən cədvəldə 29-cu sırada yerləşən xx.xx.2019-cu il tarixli, EBAD 226982 saylı qaimə onlar tərəfindən qismən qəbul edilmiş, lakin cədvəldə 30-42-ci sırada yerləşən qaimələr isə "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir. Həmin cədvəldə (İİ cəld, səh 75) 30-42-ci sırada yerləşən elektron qaimə-fakturalar aşağıdakılardır. xx.xx.2019-cu il tarixdə EBAD 227193 nömrəli, EBAD 227229 nömrəli, E BAD 227255 nömrəli, xx.xx.2019-cu ii tarixli, EBAD 476097 nömrəli, EBAD 477452 nömrəli, EBAD 478201 nömrəli, EBAD 479339 nömrəli, EBAD 479712 nömrəli, EBAD 480011 nömrəli, 29.12,2019-cu il tarixli, EBAE 584933 nömrəli, EBAE 585273 nömrəli, EBAE 585543 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAE 641055 nömrəli elektron qaimələr. Qarşılıqlı iddia tələbləri ilə bağlı göstərmişdir ki, "xxxx" MMC Vergi Məcəlləsinin 218.4.1-ci və 219.5-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, əvvəlki dövrlərdə müəssisəyə xidmət göstərdiyi münasibətlərdə Azərbaycan Respublikası ərazisində göstərdiyi yükdaşıma xidmətlərinə dair "Türkaz Çınqıl” MMC-yə təqdim etdiyi e-vergi hesab fakturalarına xidmət haqlarından başqa, həm də əlavə dəyər vergisi məbləğləri daxil etmiş və ödənilməsini tələb edərək bütövlüklə həmin məbləği onlardan almışdır. Evergi hesab fakturalarına qeyri-qanuni daxil edilmiş və "xxxx" MMC-dən qanunsuz olaraq əlavə dəyər vergisi adı ilə alınmış vəsaitlərin ümumi məğləği 108613,80 manat təşkil etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ilkin iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin-ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini və qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddiaçıya və qarşılıqlı iddiaçıya münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 154.1-ci və 154.2-ci maddələrinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6- cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Həmin Məcəllənin 156.1-ci və 156.1-1-ci maddələrinin tələblərinə görə, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs, o cümlədən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Həmin Məcəllənin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun: - 17.1-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. - 22.2-ci maddəsinə əsasən, sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən (14 iyul 2023-cü il tarixli 973- VİQD nömrəli Qanunla "müvafiq formada tərtib edilən” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan elektron” sözləri ilə əvəz edilmişdir) yol vərəqəsi ilə rəsmiləşdirilir. - 22.5-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı müddət ərzində sürücüdə saxlanılmalıdır. - 37.1-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. - 40.7-ci maddəsinə əsasən, qeyri-əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ölçmə aktı və ya tərəzidə çəkmə aktı ilə rəsmiləşdirilə bilər. Bu cür aktların tərtib edilməsi, habelə qeyri-əmtəə təyinatlı yüklərin qəbul edilməsi və təhvil verilməsi qaydası "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir. - 44.1-ci maddəsinə əsasən, daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalarının: 1.1-ci bəndinə əsasən, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”, "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır. Bu Qaydalar avtomobil daşıyıcıları (bundan sonra — daşıyıcılar) tərəfindən avtonəqliyyat vasitələri ilə yüklərin beynəlxalq və ölkədaxili daşınmasının təşkilini və yerinə yetirilməsini, ayrı-ayrı yük növlərinin daşınmasına dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir, onların hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirir. 3.1-ci bəndinə əsasən, daşıyıcı avtomobil nəqliyyatı ilə kommersiya daşımalarının yerinə yetirilməsi üçün yükləri sifarişçi ilə bağlanmış müqavilə əsasında qəbul etməlidir. 3.4-cü bəndinə əsasən, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə daşıyıcı ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmalı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməli, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınması üçün müəyyən edilmiş daşınma haqqını ödəməlidir. 8.1-ci bəndinə əsasən, daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, daşıyıcı tərəfindən qeyri-əmtəə təyinatlı yüklərin təhvil verilməsi yükalanın iştirakı olmadan yerinə yetirilə bilər. 8.2-ci bəndinə əsasən, daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yükalana dərhal bildiriş verməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, ilkin iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismənilkin iddianın rədd edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "Chinar Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Cəmiyyətin qanuni təmsilçisi X1r. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "Türkaz Çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2007-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. Cəmiyyətin qanuni təmsilçisi Madakbas Abdurrahmandır. İş materiallarında olan "Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi”nin surətindən görünür ki, "Çinar” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. İş materiallarında olan, "Türkaz Çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti ("Sifarişçi”) və "Çinar” Məhdud Məsuliyyətli Cəmiyyəti ("İcraçı”) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcraçı İmişli rayonunda olan qum-çınqıl xammalını öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və Sifarişçinin təyin etdiyi məntəqələrə boşaldılması xidmətlərini (bundan sonra "daşıma xidməti” adlanacaq) göstərir və Sifarişçi isə bu xidmət müqabilində İcraçıya müvafiq haqq ödəyir; 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmət haqqı, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər ödəmələr İcraçıya aiddir; 2.2-ci bəndinə əsasən, hər təqvim ayının sonunda həmin xidmət ayı üzrə göstərilən daşıma xidmətinin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır; 2.3-cü bəndinə əsasən, bu müqavilə üzrə ödəniş, təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura "Sifarişçi”yə təqdim olunandan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçiriləcəkdir; 12.8-ci bəndinə əsasən, bu müqavilə yuxarıda göstərilmiş imzalanma tarixindən qüvvəyə minir və 31 dekabr 2018-ci il müddətinə qədər qüvvədə qalır. 12.9-cü bəndinə əsasən, bu müqavilənin bitməsinə bir həftə qalmış, tərəflərdən biri müqavilə hüquq münasibətlərini davam etdirmək niyyətinin olmaması barədə digər tərəfiyazılı xəbərdar etmədiyi halda, müqavilə eyni müddətə uzadılmış sayılır. İş materiallarında olan "Türkaz Çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti və "Çinar” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, tərəflər müqavilə üzrə göstəriləcək xidmət tariflərini müəyyən olunmuş cədvələ uyğun olaraq razılaşmışlar. İş materiallarında olan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə iddiaçı "Chinar Holding” MMC tərəfindən "Türkaz Çınqıl” MMC-nə göndərilmiş ümumilikdə 41 sayda elektron-qaimələrin surətlərindən görünür ki, həmin qaimələrə əsasən "Chinar Holding” MMC tərəfindən "Türkaz Çınqıl” MMC-nə ƏDV daxil olmaqla cəmi 860125,43 manat məbləğində yük daşınması xidməti göstərilmişdir. İş materiallarında olan "ödəniş tapşırıqları”nın surətlərindən görünür ki, "Türkaz Çınqıl” MMC tərəfindən xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsinə əsasən, "Chinar Holding” MMC-nin bank hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində cəmi 540776,67 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "Chinar Holding” MMC tərəfindən "Türkaz Çınqıl” MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsi üzrə "Türkaz Çınqıl” MMC-dən 174.808,96 manat əsas borcun, 8.740,44 manat faiz borcunun, ümumilikdə 183.549,40 manat borcun 3 gün ərzində "Chinar Holding” MMC-yə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "Chinar Holding” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "Türkaz Çınqıl” MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, "Chinar Holding” MMC-nin ərizəsinə əsasən xx.xx.2023cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında "Türkaz Çınqıl” MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan "ödəniş qəbzi”nin surətindən görünür ki, iddiaçı "Chinar Holding” MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 450 manat vəsait ödəmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "Chinar Holding” MMC tərəfindən 483 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "Türkaz Çınqıl” MMC tərəfindən 399 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaçının sifarişi ilə qum-çınqıl xammalını (yükü) öz nəqliyyat vasitələri ilə razılaşdırılmış qiymət tarifinə uyğun haqq müqabilində təyinat yerinə daşınması və boşaldılmasına, qarşılıqlı iddiaçının isə daşımanın dəyərinin ilk iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılıq xx.xx.2018-ci il tarixli müqavilə ilə rəsmiləşdirmişdir. İlk iddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək qarşılıqlı iddiaçının sifarişləri əsasında yükləri təyinat yerinə daşıdığını, lakin qarşılıqlı iddiaçının daşımaların dəyərini tam ödəmədiyini, nəticədə onun ödənilməmiş borcunun qaldığını iddia edir. Qarşılqlı iddiaçı adı çəkilən müqavilə üzrə öhdəliyini yerinə yetirərək ilk iddiaçı tərəfindən həyata keçirilmiş daşımaların dəyərini tam şəkildə ödədiyini, ilk iddiaçının onlardan əsası olmayan borc məbləği tələb etdiyini, əlavə olaraq həmin tələb üzrə iddia müddətinin də ilk iddiaçı tərəfindən ötürüldüyünü bildirməklə yanaşı, ilk iddiaçının onlardan əsassız olaraq 108613,80 manat məbləğində əlavə dəyər vergisi aldığını iddia edir və həmin vəsaitin geri qaytarılmasını tələb edir. Beləliklə, tərəflərin hər ikisinin tələblərinin faktiki əsası kimi aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad edərək həmin müqavilədən irəli gələn subyektiv hüquqlarının pozulduğunu iddia etdikləri müəyyən olunur. Birinci instansiya məhkəmə ilkin və qarşılıqlı iddia tələblərini rədd etmişdir. İlkin iddiaçı göstərmişdir ki, "xxxx" MMC "Chinar Holding” MMC-yə hər-hansı bir borcunun olmamasını göstərir. Qeyd etmişdir ki, qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsində göstərdiyi əsaslar müqavilə öhdəliklərinin icra edilməməsi üçün bəhanələrdir. Belə ki, indiyədək qarşılıqlı iddiaçıya göstərilən xidmətin ümumi dəyəri ƏDV daxil olmaqla 860 125,43 manat təşkil etmişdir. Qarşılıqlı iddiaçı qeyd edilən xidmət haqqı dəyərindən 671 982,26 manat ƏDV daxil olmaqla ödəniş etmiş, ƏDV daxil olmaqla 188 143,17 manat borcu qalmaqdadır. Belə ki, qarşılıqlı iddiaçı qeyd etmişdir ki, onlara göndərilən elektron qaimələr nəticəsində göstərilmiş xidmətlərə görə ödəniş etmişlər (İİ cild, səh 75). Həmin qaimələrdən cədvəldə 29-cu sırada yerləşən xx.xx.2019-cu il tarixli, EBAD 226982 saylı qaimə onlar tərəfindən qismən qəbul edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə EBAD 227193 nömrəli, EBAD 227229 nömrəli, E BAD 227255 nömrəli, xx.xx.2019-cu ii tarixli, EBAD 476097 nömrəli, EBAD 477452 nömrəli, EBAD 478201 nömrəli, EBAD 479339 nömrəli, EBAD 479712 nömrəli, EBAD 480011 nömrəli, 29.12,2019-cu il tarixli, EBAE 584933 nömrəli, EBAE 585273 nömrəli, EBAE 585543 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAE 641055 nömrəli elektron qaimələr isə onlar tərəfindən təsdiq edilməmişdir. Göstərmişdir ki, tərəflər arasında olan müqavilə münasibətləri işgüzar adətlər və qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında tənzimlənmiş və təqdim edilmiş elektron qaimələrə əsasən müvafiq ödənişlər edilmiş, lakin ödənişlər tam edilməmişdir. Yəni qarşılıqlı iddiaçı özünün də etiraf etdiyi kimi etmiş olduğu ödənişləri müqaqvilə münasibətləri üzrə onlar arasında formalaşan işgüzar adətlər və qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında ödəmiş və təqdim edilmiş elektron qaimələrə əsasən müvafiq ödənişlər edilmişdir. Qarşılıqlı iddiaçı məhkəmə iclasında yuxarıda sadalanan 13 qaimələrin onlar tərəfindən təsdiq edilmədiyini bildirmişdir. Qarşılıqlı iddiaçı qeyd etmişdir ki, istinad olunan müqavilə üzrə ilk iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri ödənilmişdir və ilk iddiaçıya hər hansı borc məbləği qalmamışdır. İlk iddiaçı tərəflər arasında olan müqaviləyə və mülki qanunvericiliyin müddəalarına istinad edərək əsası olmayan bir məbləği tələb etmişdir. Lakin tələb olunan məbləğ həcmində xidmətin göstərilməsini təsdiq edən hər hansı əsaslı dəlil göstərilməmişdir. Ona görə ki, belə dəlil mövcud deyildir. İlk iddiaçı Müqavilənin 2.3-cü bəndinə istinadla qeyd edir ki, “ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura cavabdehə təqdim olunduqdan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçirilməli idi”. Göründüyü kimi, müqavilə şərtinə görə, "xxxx" MMC müqavilə üzrə ay ərzində yerinə yetirdiyi xidmətlərə dair təhvil-təslim aktı təqdim etməli, həmin təhvil-təslim aktı hər iki tərəfdən imzalandıqdan sonra ödənişlə bağlı tədbirlər görülməlidir. Tələb olunan məbləğə dair xidmətlərin yerinə yetirilməsini təsdiq edən təhvil-təslim aktı olmamışdır. Belə ki, xidmətlər yerinə yetirilmədiyinə görə təhvil-təslimə də zərurət yaranmamışdır. Yerinə yetirilməyən xidmətin “haqqını” tələb etmək isə əsassızdır. Həmçinin göstərmişdir ki, işdə olan (İİ cild, səh 75) 1-dən 28-ci də daxil olmaqla qaimələr onlar tərəfindən təsdiq edilmiş və həmin qaimələr üzrə ödənişlər ilk iddiaçıya ödənilmişdir. Həmin qaimələrdən cədvəldə 29-cu sırada yerləşən xx.xx.2019-cu il tarixli, EBAD 226982 saylı qaimə onlar tərəfindən qismən qəbul edilmiş, lakin xx.xx.2019-cu il tarixdə EBAD 227193 nömrəli, EBAD 227229 nömrəli, E BAD 227255 nömrəli, xx.xx.2019cu ii tarixli, EBAD 476097 nömrəli, EBAD 477452 nömrəli, EBAD 478201 nömrəli, EBAD 479339 nömrəli, EBAD 479712 nömrəli, EBAD 480011 nömrəli, 29.12,2019-cu il tarixli, EBAE 584933 nömrəli, EBAE 585273 nömrəli, EBAE 585543 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAE 641055 nömrəli elektron qaimələr isə onlar tərəfindən təsdiq edilməmişdir. Yəni onlara bu qaimələr üzrə xidmət göstərilməmişdir. Göründüyü kimi ilk iddiaçı qeyd edilən 42 elektron qaimələrin qarşılıqlı iddiaçı tərəfindən təsdiq edildiyini bildirir və qeyd edir ki, həmin qaimələr üzrə müəyyən ödənişlər edilsə də ödənişlər tam edilməmişdir. Buna görə də ilk iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiaçı isə onlar tərəfindən təsdiq edilmiş qaimələr üzrə ödənişlərin aparıldığını bildirmiş, 1 elektron-qaiməni qismən təsdiq edərək həmin qaimə üzrə qismən ödəniş edildiyini, digər 13 elektron qaimələrin isə onlar tərəfindən təsdiq olunmadığını və həmin qaimələr üzrə xidmət göstərilmədiyini qeyd etmişlər. Həmçinin hazırda onların ilk iddiaçıya hər hansı borclarının olmadığını bildirmişlər. Əksinə qarşılıqlı iddia üzrə ilk iddiaçının onlara borclu olduğunu göstərmişlər. Apellyasiya baxışında qeyd edilən 13 elektron qaimənin qarşılıqlı iddiaçı "xxxx" MMC tərəfindən qəbul edilib-edilməməsi barədə müvafiq sorğu verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 06 fevral 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) xx.xx.2019-cu il tarixdə EBAD 227193 nömrəli, EBAD 227229 nömrəli, E BAD 227255 nömrəli, xx.xx.2019-cu ii tarixli, EBAD 476097 nömrəli, EBAD 477452 nömrəli, EBAD 478201 nömrəli, EBAD 479339 nömrəli, EBAD 479712 nömrəli, EBAD 480011 nömrəli, 29.12,2019-cu il tarixli, EBAE 584933 nömrəli, EBAE 585273 nömrəli, EBAE 585543 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAE 641055 nömrəli elektron qaimə-fakturalar təqdim edilmiş, vergi orqanında olan baza məlumatlarına əsasən təqdim edilmiş qaimə-fakturalann "xxxx" MMC tərəfindən təsdiq edildiyi (vergi ödəyicisi tərəfindən) müəyyən edilmişdir. Vergi orqanında olan baza məlumatlarına əsasən "xxxx" MMC (VÖEN **********) tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) xx.xx.2018-ci il tarixdən hal-hazıradək 126849 manat ƏDV məbləğinin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə- fakturanın "Əsas” sətrində qeyd olunur; 3.2- ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə- faktura proqram təminatı tərəfindən təsdiq edilir. "Qaydalar”ın qeyd olunan bəndlərinə əsasən müəyyən edilir ki, elektron qaiməfaktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər arasında mal dövriyyəsinin, görülən iş və xidmətlərin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. "Qaydalar”ın 2.5.3-cü bəndinin tələblərindən və "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturanın forma və məzmununu müəyyən edən "Qaydalar”a 1 nömrəli Əlavədən görünür ki, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulur və onun hansı əsasla tərtib edilməsi elektron qaiməfakturanın "Əsas” sətrində qeyd olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi "xxxx" MMC-nin nümayəndəsi kollegiyanın iclasında mübahisəli 13 qaimənin onlar tərəfindən təsdiq edilmədiyini, həmin qaimələr üzrə xidmətlər göstərilmədiyini qeyd etmişdir. Lakin sorğuya əsasən qeyd edilən mübahisəli elektron qaimələrin "xxxx" MMC tərəfindən təsdiqlənməsi göstərilmişdir. Müəyyən edilir ki, "xxxx" MMC tərəfindən indiyədək ilkin iddiaçıya ödənilən məbləğlər Müqavilənin 2.3-cü bəndinə əsasən (ödəniş təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura cavabdehə təqdim olunduqdan sonra, 15 gün ərzində bank köçürmə yolu ilə həyata keçirilir) həyata keçirilməmişdir. Yəni tərəflər arasında olan müqavilə münasibətləri onların qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, qarşılıqlı etimad və inam nəzərə alınaraq elektron qaimələr əsasında tənzimlənmiş və təqdim edilmiş elektron qaimələrə əsasən müvafiq ödənişlər edilmişdir. İşdən həmçinin müəyyən edilir ki, qarşılıqlı iddiaçı iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Məhkəmə, qarşılıqlı iddiaçının iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372-ci, 373.2-ci, 375-ci, 377-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materialları müəyyən olunmuşdur ki, hazırda tərəflər arasında yük daşıma müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur ki, bu münasibətlər üçün iddia müddəti 5 ildir. Belə ki, MM-nin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: MM-nin 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələblər. Göründüyü kimi hazırkı işdə tərəflər arasında yük daşımalardan irəli gələn münasibət mövcud olmuşdur. İddia tələbi də yük daşımalardan irəli gələn öhdəlik barədədir. Birninci instansiya məhkəməsi tərəflər arasında yaranan münasibətə həmçinin 3 illik müqavilə müddətini də tətbiq etməklə ilk iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmır. Belə ki, hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixinə kimi müəyyən edilmişdir. Müqavilənin şərtlərindən aydın olur ki, həmin müqavilə tərəflər arasında konkret bir yük daşınması xidmətinin göstərilməsi ilə bağlı deyil, qarşılıqlı iddiaçının sifarişləri əsasında davamlı şəkildə yük daşınması xidmətlərinin göstərilməsi barədədir. Buradan belə nəticə çıxır ki, adı çəkilən müqavilə tərəflər arasında yük daşınması xidmətinin göstərilməsi ilə əlaqədar davam edən münasibətləri tənzimləmək məqsədi ilə bağlanmışdır. Həmin müqavilə üzrə konkret bir dəfə xidmətin göstərilməsi nəzərdə tutulmadığına görə, müqavilə üzrə göstərilən xidmətin dəyəri də birdəfəlik deyil, hər bir sifariş üzrə həyata keçirilən xidmətin qarşılığında ödənilməsi razılaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, qarşılıqlı iddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir ki, bu ödəniş də EBAD 226982 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimə (İİ cild, səh. 75. 29-cu sıra) üzrə həyata keçirilmişdir. Qarşılıqlı iddiaçının nümayəndəsi kollegiyanın iclasında bildirmişdir ki, EBAD 226982 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməni qismən təsdiq etmişlər və həmin qaimə üzrə ödəniş etmişlər. Belə olduğu halda xx.xx.2020-ci ildən 5 il hesablandıqda həmin müddət xx.xx.2025-ci ildə bitir ki, bununla da ilk iddiaçı MM-nin 551.2.3-cü maddəsinə əsasən yük daşıma öhdəliyindən irəli gələn 5 illik tələbetmə müddətini ötürməmiş olur. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının iddia müddətinin tətbiqi barədə ərizəsi hazırda tərəflər arasında olan münasibətlərə tətbiq oluna bilməz. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi qarşılıqlı iddiaçı xx.xx.2020-ci ildən etibarən borc məbləğinin ödənilməsini gecikdirmişdir. Buna görə də iddiaçı 174 808,96 manat börc məbləğinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu məbləğ isə 8740,40 manat təşkil edir. Bütün yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)- 1442/2023 saylı qətnaməsi- ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 154.1-ci və 154.2-ci maddələrinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1 -ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1 -ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6- cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Həmin Məcəllənin 156.1 -ci və 156.1 -1 -ci maddələrinin tələblərinə görə, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs, o cümlədən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Həmin Məcəllənin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə ilk iddiaçı "Chinar Holding” MMC könüllü ərizəsi əsasında xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrində qeydiyyata alınmışdır və Vergi Məcəlləsinin 154.2-ci maddəsinə əsasən qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi (ƏDV) ödəyicisi hesab edilmişdir. "Chinar Holding” MMC Vergi Məcəlləsinin qeyd olunan müddəalarına əsasən ƏDV ödəyicisi hesab edildiyinə görə, əldə etdiyi gəlirdən (mənfəətdən) əlavə dəyər vergisi ödəmək öhdəliyini daşımışdır. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının tələbi əsassızdır və qeyd olunan qanunvericlik normaları ilə təkzib edilir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsində e-vergi hesab fakturalarına qeyriqanuni daxil edilərək qarşılıqlı iddiaçıdan qanunsuz olaraq ƏDV vergisi adı ilə əlavə vəsaitlər alındığı və bunların ümumi məbləğinin 108 613,80 AZN təşkil etdiyi bildirilmişdir. Qarşılıqlı iddiaçının bu arqumenti ilə bağlı qeyd edilməlidir ki, "Chinar Holding” MMC ƏDV ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınmasının qüvvəyə minməsi xx.xx.2007-ci il təsadüf etmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən ilk iddiaçı könüllü qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınmasını tələb edə bilər. Bundan başqa "Chinar Holding” MMC "xxxx" MMC ilə əməkdaşlıq etdiyi zaman artıq könüllü ƏDV ödəyici olaraq qeydiyyata alınmışdır. Buna görə də həmin kriteriyaya uyğun vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir.. Qeyd edilənlər baxımından kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının ilk iddiaçıdan tələb etdiyi məbləğlər əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-1442/2023 saylı qətnaməsi- ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edillərək həmin hissədə iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən 174808,96 (yüz yetmiş dörd min səkkiz yüz səkkiz manat doxsan altı manat) manat əsas borc, 5 faizlə hesablanan 8740,40 (səkkiz min yeddi yüz qırx manat qırx qəpik) manat faiz borcu məbləğində pul vəsaiti tutularaq "Chinar Holding” MMC-yə ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 249 manat dövlət rüsumunun yarısı, yəni 124,50 manat hissəsi ilk iddiaçı "Chinar Holding” MMC-yə aid edilməli, 124,50 (yüz iyirmi dörd manat əlli qəpik) manatı isə "xxxx" MMC-dən tutularaq "Chinar Holding” MMC-yə ödənilməlidir. "xxxx" MMC-dən 400 (dörd yüz) manat mediasiya xərci, 500 (beş yüz) manat vəkilə ödənilən xidmət haqqı, 483 (dörd yüz səksən üç manat) ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "Chinar Holding” MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)- 1442/2023 saylı qətnaməsi- ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən 174808,96 (yüz yetmiş dörd min səkkiz yüz səkkiz manat doxsan altı manat) manat əsas borc, 5 faizlə hesablanan 8740,40 (səkkiz min yeddi yüz qırx manat qırx qəpik) manat faiz borcu, 400 (dörd yüz) manat mediasiya xərci, 500 (beş yüz) manat vəkilə ödənilən xidmət haqqı, 483 (dörd yüz səksən üç manat) ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 184.932,36 (yüz səksən dörd min doqquz yüz otuz iki manat otuz altı qəpik) məbləğində pul vəsaiti tutularaq "Chinar Holding” MMC-yə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 249 manat dövlət rüsumunun yarısı, 124,50 manatı İddiaçı MMC-yə aid edilsin, 124,50 (yüz iyirmi dörd manat əlli qəpik) manat hissəsi isə "Türkaz Çınqıl” MMC-dən tutularaq "Chinar Holding” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-16/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-16/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver