Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-192/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-2(121)-3019/2024 saylı qərardadından (hakim E.Abdullayev) iddiaçı “X6 LTD” MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 saylı distribüter müqaviləsi üzrə 106452.54 (yüz altı min dörd yüz əlli iki manat, əlli dörd qəpik) manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan 5322.63 (beş min üç yüz iyirmi iki manat, altmış üç qəpik) manat faizlər olmaqla, cəmi 111775.17 (yüz on bir min yeddi yüz yetmiş beş manat, on yeddi qəpik) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün tərəfindən ödənilmiş 401.78 (dörd yüz bir manat, yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1i ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********96-10301) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, daşınmaz əmlakın açıq hərracda satılmasından əldə edilmiş vəsaitdən tutulduqdan sonra tələbin yerdə qalan hissəsinin cavabdehin digər əmlaklarına yönləndirilməsi, 04 yanvar 2021-ci il tarixli 06/MS- AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 3697.19 (üç min altı yüz doxsan yeddi manat, on doqquz qəpik) manat əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 369.71 (üç yüz altmış doqquz manat, yetmiş bir qəpik) manat dəbbə pulu olmaqla, cəmi 4066.90 (dörd min altmış altı manat, doxsan qəpik) manat və 60.67 (altmış manat, altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-2(121)-3019/2024 saylı qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə istinadla bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi əsası ilə icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı tələblər irəli sürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, həmin tələblər iddiaçı ilə cavabdeh arasında təşəkkül tapan distribüter və icarə müqaviləsindən irəli gələn pul tələbidir. İddiaçı ilə Cavabdeh arasında olan pul tələbinə dair mübahisə ayrı-ayrı müqavilə münasibətlərindən yaranan müstəqil tələb olmaqla yanaşı, tələblərin bir-biri ilə əlaqəsi yoxdur. Qərardaddan iddiaçı “X6 LTD” MMC şikayət verərək ləğv olunmasını, Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və s. tələbinə dair iş üzrə məhkəmə icraatının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10 fevral 2021-ci il tarixli 13/DİS- MS/21 saylı distribüter müqaviləsi və 04 yanvar 2021-ci il tarixli 06/MS-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə ayrı-ayrı müqavilələr olsa belə, eyni münasibətdən yaranan, bir-biri ilə əlaqəli tələbdən irəli gələn mübahisədir. Belə ki, 10 fevral 2021-ci il tarixli 13/DİS-MS/21 saylı distribüter müqaviləsinin 6.2-ci bəndində qeyd edilir ki, distribüter satış strategiyasını yaxşılaşdırmaq məqsədi ilə şirkətdən əlavə icarə müqaviləsi əsasında icarəyə yük maşını götürə bilər. Həmin müqavilənin 6.4-cü bəndində isə göstərilir ki, distribüter istər öz nəqliyyat vasitələrinin, istərsədə şirkətdən icarəyə götürdüyü nəqliyyat vasitələrinin xərclərini özü qarşılamalıdır. Distribüter müqaviləsi əsasında satışın həyata keçirilməsinə dəstək olmaq məqsədi ilə nəqliyyat vasitələri icarəyə verilmiş və Distribüter ilə əlavə nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. 04 yanvar 2021-ci il tarixli 06/MS-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilənin tərəfləri olaraq icarəçini region üzrə distribüter, Masallı r. olduğu belə müqavilədə qeyd olunur. Bu da onu göstərir ki, müqavilələr bir-biri ilə əlaqəli münasibətlərdən irəli gəlir. Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(121)-3019/2024 saylı qərardadı ilə iddiaçı “X6 LTD” MMC-nin şikayəti təmin olunmamış, iş materialları şikayətə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iddia ərizəsini Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə istinadla bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi əsası ilə icraata qəbul etmədən geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. İş materiallarına əlavə edilmiş iddiaçı “X6 LTD” MMC ilə cavabdeh (distribüter) Cavabdeh arasında 10 fevral 2021-ci ildə bağlanmış 13/DİŞ-MS/21 saylı distribüter müqaviləsinin 6-cı bəndinə əsasən: 6.1-ci bənd - distribüterin şirkətin mallarının daşınması üçün istismara yararlı, yükdaşıma standartlarına uyğun yük avtomobilləri olmalıdır, 6.2-ci bənd - distribüter satış strategiyasını yaxşılaşdırmaq məqsədi ilə şirkətdən əlavə icarə müqaviləsi əsasında icarəyə yük maşını götürə bilər. 6.4-cü bənd - distribüter istər öz nəqliyyat vasitələrinin, istərsədə şirkətdən icarəyə götürdüyü nəqliyyat vasitələrinin xərclərini özü qarşılamalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı “X6 LTD” MMC ilə cavabdeh (distribüter) Cavabdeh arasında 4 yanvar 2021-ci ildə bağlanmış 06/MS-AVTO/21 saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən nəqliyyat vasitələrinin icarə haqqı ödənilməsi qarşılığında cavabdehin icarəsinə verilməsi müqavilənin predmetini təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci madəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsini iddia ərizəsinin qaytarılmasının əsaslarından biri kimi müəyyən etmişdir. Kollegiya şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsi əsası ilə iddia ərizəsini icraata qəbul etmədən qaytarmaqla prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, cavabdehin iddiaçı ilə bağladığı nəqliyyat vasitəsinin icarəsi müqaviləsi, tərəflər arasında bağlanan distribüter müqaviləsi üzrə distribüter olaraq cavabdehin satış strategiyasını yaxşılaşdırmaq məqsədini güdmüşdür. Təsadüfi deyildir ki, nəqliyyat vasitəsinin icarəsi müqaviləsində müqavilə tərəfləri kimi “X6 LTD” MMC və distribüter Cavabdeh çıxış etmişlər. Həmin müqavilələr cavabdehin distribüter fəaliyyəti ilə bağlı müqavilələr olmaqla, bir-biri ilə əlaqəlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, iddia ərizəsinin icraata qəbul edilmədən qaytarılmasına dair birinci instansiya məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-2(121)-3019/2024 saylı qərardadı ləğv olunmalı, iddia ərizəsi icraata qəbul olunmuş hesab edilməli və iş materialları iddia ərizəsinə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli e-2-2(121)-3019/2024 saylı qərardadı ləğv olunsun, iddia ərizəsi icraata qəbul olunmuş hesab edilsin və iş materialları iddia ərizəsinə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-192/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-192/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver