Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-208/2024 04.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2-2(121)-474/2022 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(121)-474/2002 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən Cavabdeh3 tərəfindən kredit müqavilələri üzrə ödənilməsi qət edilmiş əsas borc və faiz borcunun məbləğləri hissədə apellyasiya qaydasında mübahisələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 fevral 2023-cü il tarixli 2-2(106)-19/2023 saylı qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(121)474/2022 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən Cavabdeh3 tərəfindən kredit müqavilələri üzrə ödənilməsi qət edilmiş əsas borc və faiz borcunun məbləğləri hissədə kassasiya qaydasında mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 7 iyun 2023-cü il tarixli 2-2(102)- 297/2023 saylı qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 fevral 2023-cü il tarixli 2- 2(106)-19/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 10 iyul 2023-cü ildə qətnamə icraya yönəldilmişdir. 20 noyabr 2023-cü ildə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqları bərpa olunmuş Maraqlı şəxs ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, e-2-2(121)-474/2022 saylı qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmiş, həmin gün qətnamənin surəti ona təqdim olunmuşdur. 5 mart 2024-cü ildə Maraqlı şəxs vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 Şirvan Kommersiya Məhkəməsinə vəkil sorğusu verərək e-2-2(121)-474/2022 saylı qətnamənin surətinin verilməsini xahiş etmiş, iş materiallarında olan xəbərnaməyə əsasən qətnamənin surəti 18 mart 2024-cü ildə vəkil bürosuna təqdim olunmuşdur. 14 aprel 2024-cü ildə Maraqlı şəxs vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(121)-474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli e-2-2(121)-474/2002 saylı qərardadı ilə apellyasiya şikayəti MPM-in 363-cü maddəsinin tələblərinə cavab verməməsi əsası ilə geri qaytarılmışdır. 30 aprel 2024-cü ildə Maraqlı şəxs vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(121)-474/2022 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 2 may 2024-cü il tarixli e-2-2(121)-474/2022 saylı qərardadı ilə apellyasiya şikayəti MPM-in 363.1.3-cü maddəsinə müvafiq olaraq qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. 16 may 2024-cü ildə Maraqlı şəxs vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 qətnamədən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli e-2-2(121)-474/2002 saylı qərardadı ilə üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-474/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbləri üzrlü hesab olunaraq bərpa edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışa əsasən qərardad 5 iyun 2024-cü il tarixdə tərəflərin, o cümlədən İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. 11 iyul 2024-cü ildə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 qərardaddan şikayət verərək ləğv olunmasını, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Maraqlı şəxs ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin 5 iyun 2024-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 7 avqust 2024-cü il tarixli e-2-2(121)-474/2002 saylı qərardadı ilə 5 iyun 2024-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı ASC-nin nümayəndəsinin ərizəsi təmin edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışa əsasən qeyd olunan qərardad 7 avqust 2024-cü il tarixdə tərəflərin, o cümlədən İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. 23 avqust 2024-cü ildə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 7 avqust 2024-cü il tarixli qərardaddan şikayət verərək ləğv olunmasını, 5 iyun 2024-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizələrinin təmin olunaraq, ləğv edilməsini, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Maraqlı şəxs ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin 7 avqust 2024-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2-2(121)-474/2002 saylı qərardadı ilə İddiaçı ASC-nin Şirvan Kommersiya Məhkəməsinin 7 avqust 2024-cü il tarixli e-2-2(121)-474/2022 saylı qərardadından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışa əsasən qeyd olunan qərardad 24 oktyabr 2024-cü il tarixdə tərəflərin, o cümlədən İddiaçı ASC-nin nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı ASC-nin nin nümayəndəsi Nümayəndə1 Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2-2(121)-474/2022 nömrəli qərardadından 31 oktyabr 2024-cü il tarixdə elektron qaydada şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 5 iyun 2024-cü il tarixli qərardad Nümayəndə1 elektron kabinetinə əlavə edilmədiyindən, qərardaddan yalnız 10 iyul 2024-cü il tarixində məlumatları olmuşdur. Həmin qərardaddan narazıdırlar və prosessual müddətin bərpasına dair ərizəyə də etirazlarını bildirmişlər. Belə ki, professional hüquqi yardım göstərən vəkilin qərardadda qeyd edilən əsaslarla prosessual müddəti ötürməsi üzürlü hesab edilə bilməz. Bu səbəbdən hesab edirlər ki, Şirvan Kommerssiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli qərardadı ləğv edilərək, apellyasiya şikayəti mümkünsüz sayılmalıdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırılır ki, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(073)-498/2022 saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 992/2024 saylı 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia tələbləri rədd edilmişdir. Bu isə o deməkdir ki, Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi istinad etdiyi hallar subuta yetirilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı 23 noyabr 2022-ci il tarixli qətnaməsi isə Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satışı nəticəsində tam icra edilmişdir. Azərbaycan Respublikasının MPM-in 357.1-cimaddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, Həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Maraqlı şəxs maraqlarına toxunan şəxs olmadığı üçün Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ciiltarixli,e-2-2(121)-474/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verə bilməz. Şirvan Kommersiya Məhkəməsinin 7 avqust 2024-cü iltarixli qərardadı ilə İddiaçı ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilmiş və şikayət geri qaytarılmışdır. 7 avqust 2024-cü iltarixli qərardad Nümayəndə1 elektron kabinetinə əlavə edilmədiyindən, qərardaddan yalnız 13 avqust 2024-cü il tarixində məlumatları olmuşdur. Həmin qərardaddan narazıdırlar və prosessual müddətin bərpasına dair ərizəyə də etirazlarını bildirmişlər. Şirvan Kommersiya Məhkəməsinin 7 avqust 2024-cü il tarixli qərardadı ilə ərizəyə düzgün qiymət verilməmiş və iş üzrə olan nüanslara diqqət edilməmişdir. Belə ki, 5 iyun 2024-cü il tarixli qərardad bankın nümayəndəsinin elektron kabinetinə təqdim edilməmiş və bu səbəbdən prosessual müddətlər çərçivəsində tərəflərindən şikayət verilməmişdir. Lakin məhkəmənin qərardadı banka 13 avqust 2024cü il tarixdə təqdim edilmişdir. Bu səbəbdən şikayət verilərkən prosessual müddətin ötürülməsi halı baş vermişdir ki, bu səbəbdən məhkəmədən şikayət verilərkən buraxılmış prosesual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə 5 iyun 2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs müddətin bərpasına dair ərizəsini təmin edərkən etirazın əsaslarını nəzərə almamaqla qalmamış və 7 avqust 2024-cü il tarixli qərardad ilə müddətin bərpasına dair ərizəni rədd edərək, yaranmış eyni vəziyyətə 2 fərqli qaydada münasibət bildirərək, açıq aşkar bankın hüquqlarının pozmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli e-2-2(121)-474/2002 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 134.1.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kollegiya İddiaçı ASC-nə münasibətdə qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli qərardadı həmin gün tərəflərin, o cümlədən İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı ASC həmin qərardaddan 10 gün ərzində şikayət verməli olduğu halda, bir ay 6 gün sonra, 11 iyul 2024-cü ildə şikayət vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 7 avqust 2024-cü il tarixli qərardadı ilə 5 iyun 2024-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı ASC-nin nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Qeyd olunan qərardad 7 avqust 2024-cü il tarixdə tərəflərin, o cümlədən İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı ASC həmin qərardaddan 10 gün ərzində şikayət verməli olduğu halda, 16 gün sonra, 23 avqust 2024-cü ildə yenidən müddət pozuntusu ilə şikayət vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Üzürlü səbəblərin təqdim olunmaması qalsın bir kənara, təkrarlanan müddət pozuntuları ilə verilən şikayətlər üzrə buraxılmış prosessual müddətləri bərpa etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Çünki prosessual hərəkətlər Mülki Prosessual Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir və qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı ASC-nin şikayətində gətirdiyi Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(073)-498/2022 saylı qətnaməsinin Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-992/2024 saylı 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə ləğv edilməsindən ibarət dəlil, kommersiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinə mahiyyəti üzrə baxılan zaman qiymətləndirilməli olduğundan, hazırki halda həmin dəlilə münasibət bildirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olumamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2-2(121)-474/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-208/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-208/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver