Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-210/2025 11.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2525/2025 nömrəli qərardadından (hakim Rəmzi Nəbiyev) İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı MMC cavabdeh X1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən idda ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbzin surəti iddia ərizəsinə əlavə edilsə də, həmin qəbzin nömrəsini aşkar etmək mümkün olmamışdır. Halbuki, ödəniş qəbzlərində ödənişin təyinatı aydın şəkildə göstərilməlidir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2525/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh X1 qarşı “pul tələbi”nə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC qərardaddan narazı qalmış və şikayət ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2525/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsini icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin yuxarıda mübahisələndirilən qərardadı ilə “NBA TECHNOLOGİES İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Ərizəçi) cavabdeh X1 qarşı “pul tələbi”nə dair Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi təmin edilməmiş, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, “müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin qeyd olunan norma yalnız o hallara tətbiq edilə bilər ki, ya ümumiyyətlə dövlət rüsumu ödənilməsin, ya da ödəniş qətiyyən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə həyata keçirilməsin. Hazırkı halda isə iddiaçı tərəfindən qanunvericiliyə tam uyğun şəkildə dövlət rüsumu ödənilmiş və bunu təsdiq edən ödəniş sənədi – rəsmi qəbz iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunan dövlət rüsumu onlayn bankçılıq sistemi vasitəsilə, HÖP (X2) üzərindən həyata keçirilmişdir. Qəbzin məzmununda aşağıdakı zəruri rekvizitlər açıq şəkildə əks olunmuşdur: Təyinat: 142211 – Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddia məbləği 1.000 manata qədər); Məhkəmə: Şirvan Kommersiya Məhkəməsi; Ödəyici: İddiaçı MMC; Ödənişin məqsədi: İddia ərizəsininverilməsinə görə dövlət rüsumu. Bu məlumatlar rüsumun düzgün ödənildiyini və konkret bu iş üzrə təqdim edildiyini şübhəsiz şəkildə təsdiqləyir. Üstəlik, məhkəmələrin vahid tətbiq təcrübəsinə əsasən, HÖP üzərindən və ya banklar vasitəsilə ödənilmiş rüsumlar üzrə təqdimedilən elektron qəbzlər, təyinat və ödəyici dəqiqliklə göstərildiyi halda yetərli sübut hesab olunur və məhkəmələr tərəfindən işlər icraata qəbul edilir. Halbuki MPM-nin 152.1.5-ci maddəsinin tətbiqi yalnız real ödənişin həyata keçirilmədiyi və ya tamamilə başqa təyinatla ödənildiyi hallarda mümkündür. Qəbz nömrəsinin texniki səbəblə görünməməsi və ya fərqli formatda təqdim edilməsi ödəniş faktının və məqsədinin şübhə altına alınması üçün əsas təşkil etmir. Bu səbəbdən də iddiaçının dövlət rüsumunu qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə ödəməsinə baxmayaraq, iddia ərizəsinin yalnız texniki əsaslarla geri qaytarılması MPM-nin 152.1.5-ci maddəsinin məqsəd və mahiyyətinə, habelə hüquqaəlçatanlıq prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şirvan Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2525/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2525/2025 saylı, 18 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Kollegiya hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2525/2025 saylı, 18 iyul 2025-ci il tarixli qərardadı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı tərəfindən idda ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbzin surəti iddia ərizəsinə əlavə edilsə də, həmin qəbzin nömrəsini aşkar etmək mümkün olmamışdır. Halbuki, ödəniş qəbzlərində ödənişin təyinatı aydın şəkildə göstərilməlidir. Həmin sənəddən onun qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödədiyini müəyyən etmək mümkün olmur. İddia ərizəsinin dövlət rüsumu haqqında məlumat qeyd olunan hissəsindən görünür ki, iddiaçı iddia ərizəsini elektron qaydada imzalayarkən “Bu Ödəniş dövlət rüsumundan azaddır” qrafasını seçmişdir, halbuki iddiaçının tələbi dövlət rüsumundan azad hesab olunan iddialar kateqoriyasına aid deyildir. İşdə rüsum qəbzi olmadığından elektron məhkəmə baza məlumatlarından qəbz üzrə iddiaçı tərəfindən ödəniş edilib-ödənilməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin “vtb8S2” qəbz nömrəsi üzrə də elektron məhkəmə baza məlumatlarında axtarış aparılarkən da ********** – VÖEN-nə uyğun heç bir ödəniş məlumatı tapılmamışdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması ilə bağlı məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2525/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-210/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-210/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver