Məhkəmə qərarları › İş №2-2(106)-23/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-23/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-23/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli e-2-2(121)- 2707/2022 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında "pul" tələbinə dair iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2019cu il 01 iyun tarixli 09/00024180 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 manat borcun və 60 manat mediasiya xərcinin, cəmi 3060 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 2019-cu il 01 iyun tarixli 09/00024180 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6000 manat öhdəlikdən 3000 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hal-hazırda 3000 manat borcu vardır. Cavabdeh borcunu vaxtında qaytarmadığından, dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsələr də, bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.4-cü bəndinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284- 5.2-ci maddələrinin tələbinə müvafiq olaraq iddia ərizəsinin surəti prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişlə cavabdehə təqdim olunmuş, qanunla müəyyən olunan müddət ərzində cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etiraz verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli e-2-2(121)-2707/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyaisya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsi sözü gedən müqavilə üzrə borcunun olub olmaması barədə araşdırma aparmamışdır. Sözü gedən lizinq müqaviləsi üzrə borcunu tam ödəmişdir və heç bir borcu yoxdur. Mahiyyəti üzrə bildirir ki, sözü gedən müqavilə üzrə 01 iyun 2019-cu ildə taxılyığan kombayn iki ay müddətinə, ayı 3000 manata onun istifadəsinə verilmişdir. Kombaynı bir ay işlədəndən sonra iş olmadığı üçün 05 iyul 2019-cu il tarixində təhvil-təslim aktına əsasən İddiaçı ASCnə təhvil vermişdir. Kombaynı işlətdiyim bir aylıq müddət üçün 3000 manat pulu İddiaçı ASC-nə ödəmişdir. Hazırda iddiaçı qanunuz olaraq kombaynı işlətmədiyi müddət üçün ondan pul tələb edir c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə Mülki prosessual Məcəllənin 394-1.4-cü maddəsinə müvafiq olaraq işə tərəflərin iştirakları ilə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatıünda göstərdi ki, kombaynı 2 aylıq götürsədə, bir ay tamam olanda iş olmadığı üçün qaytarmaq qərarına gəlmiş və iyul ayının 5-də qaytarmışdır. İyul ayının 5 cümə gününə düşürdü, müəssisədə heç kim yox idi. Bu səbəbdən kombaynı ondan mexanik təhvil almış və bazar ertəsi günü gəlməsini ona tapşırmışdır. Texnikanı qaytarmasına dair akt götürməmişdir və texnikanı vaxtından əvvəl qaytarmasına dair hər hansı bir sübut verə bilmir. Məhkəmədə ididaçının nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, cavabdehin dəlilləri əsassızdır. Texnikanın nə zaman qaytarılması barədə dəqiq məlumatı yoxdur, müəssisədə bununla bağlı hər hansı bir rəsmiləşdirmə yoxdur. Ümumiyyətlə tabeliklərində olan regional idarələrdə texnikanın təhvil verilməsinə dair aktlar iki halda tərtib olunur, bir vaxtından əvvəl qaytarılanda, digəri isə qüsurlu qaytarılanda. Hazırki işdə belə hal müəyyən olunmadığından hər hansı bir akt tərtib olunmamışdır. Əgər cavabdehdə texnikanı vaxtından əvvəl təhvil verməsini təsdiq edən hər hansı bir sübüt varsa təqdim etsin, onlar da öz növbələrində həmin sübutun həqiqiliyi istiqamətində araşdırma apara bilərlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan iddiaçı (lizinqə verən) İddiaçı ASC ilə cavabdeh (lizinq alan) Cavabdeh arasında 1 iyun 2019-cu ildə bağlanmış 09/00024180 saylı qısamüddətli lizinq müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən 1 ədəd Sampo Rosenlew SR- 2045 markalı, 2014-cü il buraxılışlı, sarı rəngli, 95850 manat dəyərində taxılyığan kombaynın 6000 manat istifadə haqqı ödənilməsi müqabilində 2 ay müddətinə, mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilməsi, cavabdeh tərəfindən isə texnikadan müqavilədə nəzərdə tutulan qaydada və müddətə istifadə olunaraq, lizinq ödənişlərinin həyata keçirilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. İş materiallarında olan 1 iyun 2019-cu il tarixli İddiaçı ASC-yə məxsus olan texnikanın texniki veziyyəti barədə aktlardan görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin İmişli rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə bölmə rəhbəri X3 tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 3 oktyabr 2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 1 iyun 2019-cu il tarixli 09/00024180 saylı müqaviləyə əsasən lizinqə götürdüyü kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 3000 manat qalıq borcu mövcuddur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 5 oktyabr 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 3000 manat yerinə yetirilməmiş öhdəliyinin olduğu bildirilmiş, bağlanmış müqavilənin 2.2.4-cü bəndinə görə lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 22 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər, 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur, 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır, 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir, 748-10.2-ci maddəsinə əsasənlizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir, 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir, İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında 2019-cu il 01 iyun tarixli 09/00024180saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü kənd təsərrüfatı texnikası üçün İddiaçıASC-nin hesabına 3000 manat lizinq ödənişini etməmiş, müqavilə üzrə 3 oktyabr 2022-ci il tarixə 3000 manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər olduğundan, lizinq verənin lizinq alandan lizinq obyektindən istifadə etdiyi dövr üçün hesablanan lizinq ödənişlərini iddiaçya ödəməli, həmçinin lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Cavabdeh iddiaçı ilə bağlamış olduğu lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadəyə görə lizinq ödənişləri etməli olduğundan, iddiaçının müqavilədə nəzərdə tutulan qaydada lizinq ödənişlərini tələb etməsi yuxarıda sadalanan qanunvericilik qanunvericilik aktı normaları baxımından əsaslı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin taxılyığan kombaynın iş olmaması səbəbindən 5 iyul 2019-cu ildə "xxxx" ASC-nin əməkdaşlarına təhvil verməsindən ibarət dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən texnikanın vaxtından əvvəl iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübut verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli e-2-2(121)-2707/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar