Məhkəmə qərarları › İş №2-2(106)-241/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-241/2025

29.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-241/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə “icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-2(121)-18/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “icarə müqavilələrinin ləğv edilmiş hesab edilməsi, torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, cavabdehin icarəyə götürdüyü Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha torpaq sahələrindən və zəbt edilmiş 2,11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması, icarə müqavilələri üzrə iki il üzrə ödənilməmiş 8000 manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 manat zərərin, zəbt edilmiş torpaq sahəsindəki ağacların meyvələrinin toplanmasına görə vurulan 20000 manat zərərin, habelə, iddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 manat və dövlət rüsumu üçün ödədiyi 187 manat olmaqla, ümumilikdə 32187 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixlli icarə müqaviləsinə əsasən İddiaçı (İcarəyə verən) xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha torpaq sahəsini 15 il müddətinə və xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 3,51 ha torpaq sahəsini 15 il müddətinə Cavabdeh (İcarəçi) icarəyə verib. Hər iki icarə müqaviləsinə əsasən İcarəçi icarəyə götürdüyü hər bir torpaq sahəsinə görə İcarəyə verənə illik 2000 (iki min) manat olmaqla, hər iki torpaq sahəsinin icarəsinə görə illik 4000 (dörd min) manat icarə haqqı ödəməlidir. İcarə müqavilələrinin bağlanmasından 2 (iki) ildən çox keçməsinə baxmayaraq, İcarəçi Cavabdeh icarə müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyərək indiyədək İcarəyə verən İddiaçı hər iki torpaq sahəsinin icarəsi üzrə heç bir icarə haqqı ödəməyib. Ötən müddət ərzində İcarəyə verən İcarəçiyə dəfələrlə şifahi və yazılı qaydada müraciət edərək icarə haqlarını ödəməyi və icarəyə götürülmüş torpaq sahələrindən çıxmağı və həmin torpaq sahələrini İcarəyə verənə qaytarmağı tələb edib. Lakin İcarəçi bu tələblərə heç bir əhəmiyyət verməyərək nə icarə haqlarını ödəyib, nədə həmin torpaq sahələrindən çıxaraq onları geri qaytarıb. İcarəçinin davranışları göstərir ki, bundan sonra da icarəyə götürdüyü torpaq sahələrinin icarəsi üzrə icarə haqlarını ödəməyəcək və həmin torpaq sahələrini İcarəyə verənə qaytarmayacaq. Bunlarla yanaşı, o, həmin torpaq sahələrində icarə müqavilələrinin 8-ci bəndini pozaraq İcarəyə verənin razılığı olmadan icazəsiz tikinti, qazıntı və sair bu kimi işlər aparıb. Bunlardan əlavə, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Lənkəran rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 2,11 ha. torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək indiyədək istifadə edilir. 2022-ci ilin oktyabr ayından İddiaçı cavabdehə bir neçə dəfə telefonla müraciət edərək və teleqram göndərərək həmin ərazidən çıxmasını və zəbt etdiyi torpaq sahəsini qaytarmasını tələb edib. Lakin cavabdeh bu müraciətlərə də əhəmiyyət verməyib, həmin torpaq sahəsindən çıxmayıb. Eyni zamanda, bu torpaq sahəsində də iddiaçının razılığı olmadan göl yeri qazıb və digər bu kimi işlər aparıb. Həmçinin, cavabdeh həmin torpaq sahələrində iddiaçıya məxsus limon və narıngi ağaclarının (hərəsi 1 ha-dan az olmayan sahədən) məhsullarını yığıb və satıb. Bununla da İddiaçının torpaq sahələrindən qanunsuz olaraq faydalanıb. Əvəzində isə, İddiaçı həmin torpaq sahələrindən və burada yetişən məhsullardan əldə edəcəyi gəlirlərdən məhrum olub. İddiaçı indiyədək icarəyə götürlümüş torpaq sahələri üzrə meyvə ağaclarından yığılan meyvələrin satışından ən azı 2000 (iki min) manat, zəbt olunmuş torpaq sahəsindəki meyvə ağaclarındakı meyvələrin satışından isə, azı 20000 (iyirmi min) manat xalis gəlir götürə bilərdi. Təkcə zəbt edilmiş torpaq sahəsində 730 narıngi ağacı və 655 limon ağacı vardır. İddiaçı Cavabdehə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələri üzrə icarəyə götürülmüş Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3.51 ha torpaq sahələrindən və zəbt edilmiş 2.11 ha torpaq sahəsindən çıxması, həmin torpaq sahələrinin Cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilək İddiaçıya qaytarılması, icarə müqavilələri üzrə ödənilməmiş icarə haqlarının Cavabdehin həmin torpaq sahələrindən çıxdığı günədək hesablayıb ona ödənilməsi və bunlarla bağlı İddiaçıya vururulan zərərin ödənilməsi barədə Pretenziya məktubu göndərsə də, Cavabdeh tərəfindən Pretenziya məktubuna cavab verilməyib və münasibət bildirilməyib. Cavabdeh İddiaçını icarəyə götürdüyü və zəbt etdiyi torpaq sahələrinə qanunsuz olaraq buraxmadığından həmin sahələrdə aparılmış qanunsuz işlərin fotolarının çəkilib təqdim edilməsi imkanı omamışdır. Lakin bunlar “Google Maps” internet xəritə sistemində götürülüb hazırkı ərizəyə əlavə edilir. Sonradan iddiaçı bir neçə dəfə iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizələr vermiş, yekunda cavabdehə qarşı irəli sürdüyü tələb aşağıdakılardan ibarət olmuşdur: Cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilsin, cavabdeh iddiaçıya məxsus Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha və 2,11 ha torpaq sahələrindən çıxarılsın, həmin torpaq sahələri cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılsın; icarə müqavilələri üzrə 1 il 2 ay üzrə ödənilməmiş icarə haqlarına görə 4666 (dord min altı yüz altmış altı) AZN, 2023-cü ildə 3,51 ha kivi və 5,57 ha feyxoa bağının məhsullarının və 2022-ci və 2023-cü illərdə 1.0 ha limon və 1.1 ha narıngi bağının məhsullarının toplanmasından vurulan zərərə (əldən çıxmış faydaya) görə 288124 (iki yüz səksən səkkiz min yüz iyirmi dörd) AZN, iddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) AZN və dövlət rüsumu üçün ödədiyi 587 (beş yüz səksən yeddi) AZN olmaqla, ümumilikdə 295377 (iki yüz doxsan beş min üç yüz yetmiş yeddi) AZN cavabdehdən tutularaq ödəniş gününə bank uçot dərəcəsinə uyğun indeksasiya edilməklə iddiaçıya ödənilsin. İddianın yekun tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı aşağıdakı iddia tələbləri üzrə qərar qəbul edilməsini xahiş edib: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi, cavabdehin iddiaçıya məxsus Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən 5,57 ha və 3,51 ha və 2.11 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahələrinin Cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması; İcarə müqavilələri üzrə 1 il 2 ay üzrə ödənilməmiş 4660 (dörd min altı yüz altmış) manat icarə haqlarının, icarəyə götürülmüş torpaq sahələrindəki məhv edilən meyvə ağaclarının gətirəcəyi gəlirin əldən çıxmasına görə vurduğu 2000 (iki min) manat zərərin, 2,11ha torpaq sahəsindəki limon və narıngi məhsullarının toplanmasına görə vurulan 14200 (on dörd min iki yüz) manat zərərin, 5,57 ha və 3,51 ha torpaq sahələrindəki feyxoa və kivi məhsullarının toplanmasına görə vurulan 174000 (yüz yetmiş dörd min) manat zərərin, İddiaçının hüquqi yardım xidmətləri üçün ödədiyi 2000 (iki min) manat və dövlət rüsumu üçün ödədiyi 487 (dörd yüz səksən yeddi) manat olmaqla ümumilikdə 197 347 (yüz doxsan yeddi min üç yüz qırx yeddi) manatın cavabdehdən tutularaq ödəniş gününə indeksasiya edilməklə iddiaçıya ödənilməsi. Hazırkı mərhələdə iddianın dəyişdirilməsinə, o cümlədən, iddia tələblərinin həcminin müəyyən hissədə azaldılması, müəyyən hissədə artırılmasına ehtiyac yaranıb. Bunlar aşağıdakılarda ifadə edilir.

1. İcarə haqqı: İddiaçı Cavabdehə icarə müqaviləsinin ləğv edilməsi və Cavabdehin icarəyə götürdüyü torpaq sahələrini boşaltması barədə xx.xx.2022 tarixdə teleqram göndərib (bu teleqram və məktubların surətləri məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilib). İcarə müqavilələri xx.xx.2021 tarixdə bağlanıb xx.xx.2022 tarixdə ləğv edildiyindən, icarə müddəti 1 il 2 ay olub. İllik icarə haqları 4000 (dörd min) AZN olduğundan, Cavabdeh hər ay üçün 333 AZN (4000 : 12 = 333) icarə haqqı ödəməli idi. Qeyd edilən xx.xx.2021 tarixdən xx.xx.2022 tarixədək keçən 1 il 2 ay icarə müddəti üzrə isə cəmi 4666 (dörd min altı yüz altımış altı) AZN icarə haqqı ödəməli idi.

2. Əldən çıxmış fayda: Cavabdeh icarəyə götürdüyü 3,51 ha sahəni (kivi bağı) və 5,57 ha sahəni (feyxoa bağı) İddiaçının (icarəyə verənin) müqaviləni xx.xx.2022-ci il tarixində birtərəfli qaydada ləğv etməsinə baxmayaraq və Cavabdehin ərazidən çıxması tələbinə məhəl qoymayaraq, 2023-cü il boyu bütünlüklə istifadə edib (İddiaçının torpaq sahəsindən qanunsuz yararlanıb, İddiaçıya məxsus kivi və feyxoa məhsullarını yığıb satıb). Bununla İddiaçıya zərər vurub (İddiaçının əldən çıxmış faydası), İddiaçı həmin torpaq sahəsində yetişən məhsullardan əldə edəcəyi gəlirlərdən məhrum olub. Bunlardan əlavə, həmin ərazidə İddiaçıya məxsus 2,1 ha torpaq sahəsində 1,0 ha limon bağı və 1,1 ha narıngi bağı da vardır ki, Cavabdeh onları heç vaxt icarəyə götürmədən həm 2022-ci il, həm də 2023-cü il boyu bütünlüklə istifadə edib (İddiaçının torpaq sahəsindən qanunsuz yararlanıb, İddiaçıya məxsus limon və narıngi məhsullarını yığıb satıb). Kənd Təsərrüfatı Nazirliyinin X4 Sistemində qeyd ediildiyi kimi, bu bağlar 2019-cu ildə salınıb və 2019-cu ildən etibarən dövlətdən subsidiya alınıb. Yəni, həmin limon və narıngi bağları 2022-ci ildə 3-illik, 2023-cü ildə isə 4-illik bağlar olub. Cavabdeh özü aşağıdakı müsahibəsində həmin bağdan 2022-ci ildə 40 ton kivi yığıb kiloqramını 1,5 AZN-dən satdığını, yəni həmin il təkcə kividən 60000 (altmış min) AZN gəlir əldə etdiyini qeyd edir: https://marja.az/97009/azerbaycanin-sitriis-bagindan-40-tona-yaxin-kivi-toplaiiib-esaseiixarici-bazarlara-gonderilib. Həmin müsahibədə kivilərin 6-cı ildir məhsulunun yığılıb satılması qeyd edilir (kivi əkildikdən bir neçə il sonra məhsula düşür). Kivi bağının həmin il (2022-ci il) 9-illik olması və dövlətdən 3,51 ha kivi sahəsi üçün 9 il ərzində subsidiya alınması da Kənd Təsərrüfatı Nazirliyinin X4 sistemində də qeyd edilib. Kivi bağının cavan olması səbəbindən onun məhsuldarlığı ilbəil artıb, 2023-cü ildə əvvəlki ilə nisbətən daha yüksək olub. Kivi bağının məhsuldarlığının ilbəil artmasını və 10 illik olduqda hektardan 40-50 ton olmasını Cavabeh özü aşağıdakı müsahibəsində təsdiqləyir: https://qafqazinfo.az/news/detail/bizden-55-qepiye-alib-marketde-35-manata-satirlarvideo-236478. Kənd Təsərrüfatı Nazirliyi kivi, feyxoa, limon və narıngi məhsuldarlığı və topdansatış qiymətləri ilə əlaqədar sorğuya cavab verib (cavabların surətləri bu ərizəyə əlavə edilir). Həmin cavablarda verilən məlumat aşağıdakı cədvəldə verilir: Məhsul Hektardan məhsuldarlıq Topdansal ış qiyməti növü 2022-ci il 2023-cü il 2022-ci il 2023-cü il Kivi - 30-35 min kq - 1,74 AZN/kq Feyxoa - 20-22 min kq - 3,40 AZN/kq 3-illik: 8350 - 4-illik: 13500- Limon 13500 ədəd 19500 ədəd 0,18AZN/ədəd 0,34 AZN/ədəd

Narıngi 3-illik: 4-illik: 1,35 AZN/kq 1,40 AZN/kq 2100-3500 kq 3500-6500 kq

Beləliklə, hər məhsül üzrə hektardan məhsuldarlığın ən aşağı qiymətlərini götürməklə İddiaçıya 2022-ci və 2023-cü illər üçün Cavabdeh tərəfindən vurulan zərər (əldən çıxan fayda, Cavabdehin həmin ərazilərdən gəlirləri): 1) 3,51 ha kivi bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 3,51 ha * 30000 kq/ha * 1,74 AZN = 183222 AZN. 2) 5,57 ha feyxoa bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 5,57 ha * 20000 kq/ha * 3,40 AZN = 378760 AZN. 3) 1,0 ha limon bağının məhsulunu 2022-ci ildə yığıb satmaqla ən azı 1,0 ha * 8350 ədəd/ha * 0,14 AZN = 1169 AZN. 4) 1,0 ha limon bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 1,0 ha * 13500 ədəd/ha * 0,34 AZN = 4590 AZN. 5) 1,1 ha narıngi bağının məhsulunu 2022-ci ildə yığıb satmaqla ən azı 1,1 ha *2100 kq/ha * 1,35 AZN = 3118 AZN. 6) 1,1 ha narıngi bağının məhsulunu 2023-cü ildə yığıb satmaqla ən azı 1,1 ha * 3500 kq/ha * 1,4 AZN = 5390 AZN. Kənd Təsərrüfatı Nazirliyin verdiyi məlumatlar üzrə 2022-ci və 2023-cü illər üzrə İddiaçıya vurulan zərər (əldən çıxmış fayda, Cavabdehin həmin ərazilərdən gəlirləri) hektardan məhsuldarlıqların ən aşağı qiymətlərini götürməklə: 183222 + 378760 + 1169 + 4590 + 3118 + 5390 = 576249 AZN. Cavabdeh məhsulları əslində daha baha satıb və bağdan digər əlavə gəlirlər əldə edib. Belə ki: Cavabdeh bağdan yığılan meyvələrdən kütləvi istehsal (istehsal sexi, xammal anbarı və hazır məhsul anbarı həmin ərazidə yerləşir) vasitəsilə kompot, mürəbbə və turşu hazırladığından (ölkənin əsas market və restoranlarında satılır), həmin məhsulları daha yüksək qiymətə satır. • Cavabdeh həmin bağın ərazisindən aqroturizm obyekti, təndirxana, satış stendi və restoran kimi də istifadə edərək gələn qonaqlara bütün meyvələrdən pərakəndə qiymətlərlə yüksək qiymətə satır. • İstehsal edilən və satılan kompotlar, mürəbbələr və turşular barədə məlumat Cavabdehin instaqram səhifəsində var: https://www.instagram.com/citrusvallev lankaran/.Səhifədə habelə bir nəfərin giriş haqqı göstərilib (ölkə vətəndaşı üçün 5 manat, xarici üçün 7 manat) və restoran menüsü göstərilib. • Cavabdeh İddiaçıya verdiyi müsahibəyə əsasən (səs yazısı var), həmin bağlarda 2022-ci ildə 12 min turist qəbul etmiş və turist sayı ilbəil artır. Ağdaş Rayon Məhkəməsinin iş №2(014)-70/2024 üzrə qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçıya məxsus ərazilərdə İddiaçının keçmiş həyat yoldaşının 50% paymı müəyyən edib, qalan 50% pay isə İddiaçı üçün müəyyən edib. Bunu nəzərə alaraq, Cavabdehin birbaşa İddiaçıya vurduğu zərər (əldən çıxmış fayda): 576249 AZN * 50% = 288124 (iki yüz səksən səkkiz min yüz iyirmi dörd) AZN. İddiaçı xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin ləğvi ilə bağlı Cavabdehə xx.xx.2022- ci il tarxli teleqram göndərməklə həmin müqavilələri birtərəfli qaydada ləğv edib. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Cavabdeh icarə müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməklə, habelə ekspert rəyinin də təsdiq etdiyi kimi, icarəyə götürdüyü sahədə icazəsiz tikinti və qazıntı işləri aparmaqla müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də İddiaçının icarə müqavilələrini birtərəfli qaydada ləğv edildiyi xx.xx.2022-ci il tarixdən İddiaçı ilə Cavabdeh arasında bağlanmış adıçəkilən icarə müqavilələri birtərəfli qaydada ləğv edilmişdir. Cavabdeh İddiaçının icarə müqavilələrinin birtərəfli qaydada ləğv etməsindən imtina etsəydi belə, bunun müqavilənin birtərəfli qaydada ləğvinə təsiri olmayacaqdı. Çünki, Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında tərəf müqailəni birtərəfli qaydada ləğv etdikdə və qarşı tərəf bundan imtina etdikdə müqavilə məhkəmə qaydasında ləğv edilə bilər. İndiki halda isə, tərəflər arasında bağlanmış icarə müqavilələri Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi (icarə haqları, tikinti-qazıntı və sair) səbəbindən əhəmiyyətli dərəcədə pozulub və müqavilələr Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq məhkəmədən kənar qaydada ləğv edilib. Göstərilənləri nəzərə alaraq, hesab edirik ki, icarə müqavilələrinin ləğv edilməsindən sonra Cavabdeh icarəyə götürdüyü torpaq sahələrindən qanunsuz istifadə etməklə İddiaçıya yuxarıda göstərilən həcmdə zərər vurub. Müqavilə ilə təsbit olunmuş icarə haqqını ödəməkdən imtina etdiyinə görə, hesab edilir ki, Cavabdeh ödənişlərdən bilərəkdən yayınmağa, yəni mümkün olduqca onları gecikdirməyə və ümumiyyətlə etməməyə çalışır ki, bu iki halın hər birində İddiaçıya maddi zərər vurur. Bunu nəzərə alaraq, hesab edilir ki, Cavabdehin gecikdirməyə görə İddiaçıya vurduğu zərərin qarşısını almaq üçün gecikdirilən məbləğ qanunun tələblərinə uyğun olaraq bank uçot dərəcəsi ilə indeksasiya edilməlidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsinə dair yekun ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X2 Cavabdeh ilə bağlanmış icarə müqavilələrinin ləğv edilməsinə etiraz etdiyini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-2-2(121)-18/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.5, 215.1, 215.2, 215.5, 215.6, 220.1, 220.2 və 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair “ 2025-ci il 23 may tarixli qərarlarına istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, icarə müqaviləsindən irəli gələn tələblər, o cümlədən müqavilənin ləğvi və ya etibarsızlığı, müqavilə üzrə öhdəliklərin icrası, dəymiş zərərin əvəzinin ödənilməsi və s. üzrə tələbkarın öz hərəkətlərinə hüquqi ixtiyarının yaranması onun icarə obyektinə münasibətdə hüququnun konkret maddi hüquq normasına istinadən əmələ gəlməsi, onun tam, müəyyən edilə (aydınlaşdırıla) bilən və mübahisəsiz olması başlıca şərtdir. Yalnız bu şərtin ödənilməsi halında subyektiv hüququn digər elementlərinin (başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun) yaranmasından söz açmaq olar. Məhkəmə qeyd edir ki, işin faktiki hallarında göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən, baxılan iş üzrə üçüncü şəxs X1 mübahisəli icarə obyekti olan torpaq sahələrinə 1/2 hissədə payının mövcud olması müəyyən edilmişdir. Bununla da, mübahisələndirilən icarə müqavilələrinin obyekti olan torpaq sahələrinin üzərində iddiaçı və iş üzrə üçüncü şəxsin bərabər paylarda mülkiyyət hüquqlarının olduğu, digər ifadə ilə sözügedən torpaq sahələrinin paylı mülkiyyət hüququ ilə qeyd olunan şəxslərə məxsus olması işin mübahisəsiz hallarını təşkil edir. Buna görə də, iddiaçının hazırki tələb irəli sürə bilməsi üçün subyektiv hüququnun mövcud olubolmaması ilə bağlı hüquqi dəyərləndirmə, əşya üzərində paylı mülkiyyətin mülkiyyətçilərinin hüquq və vəzifələrinə dair mülki qanunvericilikdə yer alan normativ tənzimləmələr nəzərə alınmaqla həyata keçirilməlidir. İcarə müqavilələri bağlanan zaman icarəçi qismində yalnız iddiaçı çıxış etsə də, birgə nikah dövründə əldə edilmiş icarə obyekti olan torpaq sahələrinin digər mülkiyyətçisi iş üzrə üçüncü şəxsin həmin icarə müqavilələrinin bağlanmasına razılığının olması həm prezumpsiya kimi qəbul edilir, həm də işin hallarına və iş üzrə üçüncü şəxsin izahatına əsasən müəyyən olunur. Belə olan halda, icarə müqaviləsi üzrə münasibətlərə son verilməsi tələbi formasında icarə obyektinə dair sərəncam verilməsi də, bütün payçıların, baxılan işdə isə iddiaçı ilə bərabər üçüncü şəxsin birgə qərarına əsasən həyata keçirilə bilərdi. İş üzrə üçüncü şəxs izahatında cavabdehlə icarə münasibətlərinin davam etdirilməsinə dair iradəsini ifadə etdiyinə görə, iddiaçının bütün əşyaya dair iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı aşkar olunur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia tələbi əldən çıxmış fayda şəklində zərərin ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahələrindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması hissələrində həm də ona görə təmin edilə bilməz ki, iddiaçı və iş üzrə üçüncü şəxsin icarə obyekti olan torpaq sahələri üzərində payları naturada müəyyən olunmadığına görə, həmin torpaq sahələrinin məhz hansı hissələrinin iddiaçıya məxsus olmasını hazırda müəyyən etmək mümkün deyildir. Yuxarıda şərh olunduğu kimi, bu yalnız əşyanın paylı mülkiyyətçilərinin qarşılıqlı razılığı və ya məhkəmə qaydasında həyata keçirilə bilər. Payların naturada bölünməsi və ya müəyyən edilməsi isə baxılan işin predmeti xaricindədir. İcarə obyekti olan torpaq sahələrinin hansı hissəsinin iddiaçıya məxsus olması müəyyən olunmadığına görə, qanunsuz olduğu iddia edilən tikililərin, süni göllərin məhz iddiaçıya məxsus olan sahədə yerləşməsi də müəyyən edilə bilməz. Eyni şəkildə, əldən çıxmış faydaya səbəb olduğu iddia edilən ağac və bitkilərin hansılarının, hansı sayda və növdə olmaqla iddiaçıya məxsus olan torpaq sahəsi hissəsində yerləşməsi qeyri-müəyyəndir. Məhkəmə, hazırki halda iddiaçının iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı nəticəsinə gəlməklə yanaşı qeyd etməyi zəruri sayır ki, iddiaçının icarə obyekti olan torpaq sahələri üzərində payı naturada müəyyən edildikdən sonra eyni tələblə çıxış etmək hüququ vardır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etmişdir və iddiaçının subyektiv hüququnun mövcud olmadığını əsas kimi göstərmişdir. Buna əsas kimi də əmlakın paylı mülkiyyətdə olduğunu qeyd etmişdir. Lakin paylı mülkiyyət halında belə iddiaçının subyektiv hüququ yaranır. Torpaq sahələri onun adınadır. Müqavilələr onunla bağlanıb və onun heç vaxt ödənilməmiş icarə haqlarını almağa hüququ çatır. O habelə yeni müqavilə bağlamır, mövcud müqavilələri qanuni əsasla ləğv edir. Əks halda cavabdeh heç vaxt ödəniş etmədən sonadək icarəyə götürmüş, əslində isə heç nə ödəmədən iddiaçının hüququnu pozmaqla istifadə etmiş olur, əraziləri korlamaqda davam edə bilir. Bunu hətta heç vaxt icarəyə götürmədiyi və ən başdan zəbt etdiyi 2.11 ha torpaq sahəsində də edə bilir. Digər tərəfdən, qeyd olunan hüquqi status yalnız 2024-cü ildə müəyyən olunmuşdur. Bu səbəbdən, mübahisənin başladığı vaxtda və iddia ələblərinin tətbiq olunduğu bütün dövr ərzində (yalnız 2022-ci və 2023-cü illər üzrə icarə haqqı və zəbt olunmuş ərazillərdə əldən çıxmış fayda) mülkiyyət birgə mülkiyyət statusunda olmuşdur. İddiaçının nümayəndəsi və vəkili müqavilələrin ləğv olunmuş hissəsində razılaşdığını bir neçə dəfə demiş və təsdiqləmiş, hakimin bir neçə dəfə israr etməsi ilə fikrini dəyişmişdir. Bunlar hakimin qətnamədə yanlış qənaətə gəlməsini və işi düzgün tədqiq etmədiyini, əsaslandırılmış məsələləri nəzərə almadığını və əsaslandırmadan qətnamə qəbul etdiyini deməyə imkan verir və bu səbəbdən Apellyasiya Məhkəməsindən birinci instansiya qətanmənin ləğv olunması və iddia tələblərinin tam təmin olunması xahiş edilir. Cavabdehə müqavilələrin ləğv edilməsi barədə iradə ifadəsi teleqram və məktubla bildirilmiş, yəni məhkəmədən kənar qaydada baş vermiş, hansı ki, konkret bu halda ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Lakin məhkəmə bu hüquqi əsası qiymətləndirməmiş, müqaviləni ləğv edilmiş hesab etməmişdir. İddiaçının torpaq sahələrinə cavabdeh tərəfindən razılıqsız müdaxilə edilmiş, qeyri-qanuni istifadə, tikinti, göl qazıntısı və kənd təsərrüfatına zərər vurulmuşdur, məhsullar yığılmışdır. Məhkəmə bu zərərin kompensasiya edilməsini təmin etməmişdir. Məhkəmə əmlakın artıq paylı mülkiyyət statusunda olduğunu əsas götürərək, iddiaçının sərəncam hüququ olmadığını bildirmişdir. Halbuki, müqavilələrin ləğvi birgə mülkiyyət dövründə baş vermişdir. Birgə mülkiyyətdə tərəflər hər biri sərəncam verə bilər. Hətta paylı mülkiyyət olsa belə, hər bir payçı öz payı üzərində hüquqlarını həyata keçirə bilər və hətta oradan əldə edilən gəlir mülkiyyətçinin payına mütənasib hesablanmaqla ona verilir. Cavabdeh icarə haqqı ödəməmiş, əmlakdan təyinatdan kənar istifadə etmiş, razılaşdırılmadan göl qazmış, tikinti aparmış və kənd təsərrüfatı ağaclarını məhv etmişdir. Bu hallar müqavilə pozuntusudur. İddiaçı habelə müqavilə bağlanarkən ümid etməyə haqqı çatan icarə haqqını almamışdır. İddiaçı birtərəfli qaydada müqaviləni ləğv etməkdə haqlı olmuş, lakin məhkəmə bu hüquqi əsası qiymətləndirməmişdir. İddiaçı tərəfindən təqdim edilən yazılı bildirişlər, teleqramlar və digər sübutlar tam qiymətləndirilməmiş, birtərəfli müdafiə ilə qərar verilmişdir. Qətnamədə gəlinən nəticələr sübuta çevrilməyən və tədqiq olunmayan izahlarla əsaslandırılmışdır. Məhkəmə iclasında əksinə, ərazilərin yalnız 2014-cü ildə paylı mülkiyyətə çevrilməsi qeyd edilmişdir. Habelə, iddiaçının subyektiv hüququnun olubolmaması heç vaxt müzakirə olunmamışdır. Əvəzində, məhkəməyə iddiaçının subyektiv hüququnun olması barədə çoxlu sayda dəlillər təqdim edilmişdir. O cümlədən əmlakların iddiaçının adına olması, onun icarəyə verən rolunda çıxış etdiyi icarə müqavilələri və həmin əmlaklarda onun 50% payının olmasını müəyyənlərşdirən 2024-cü ilə aid məhkəmə qətnaməsi. Məhkəmə bu qanunun tələblərini pozaraq qətnamə vermişdir. Müqavilənin hüquqi nəticə doğuran ləğvi üçün iddiaçının rəsmi iradə bildirməsi əsasdır. Bu, iddia ərizəsində, habelə daha geniş məhkəmə çıxışı mətnində əsaslandırılmışdır. Dəlillər: – xx.xx.2022-ci il tarixli teleqram (İD: TLG-********), – xx.xx.2023-cü il tarixli xəbərnaməli məktub (notariatdan çıxarış),–Teleqramın və məktubun cavabdehə çatdığına dair “Poçt Xidməti” təsdiqi. Prosesdə qarşı tərəfin könüllü razılığı (etirafı) məhkəmənin obyektiv qərar verməsi üçün həlledici sübutdur. Hakim tərəflərin razılaşmasına və razılıq olduğu məqamların üstündə durmağa çalışmalıdır. Əksini deyil. Hakim habelə cavabdehin vəkilinə sualı israrla verərək fikrini döndərməyə çalışmalı deyil. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023 iddia tələbinin bu hissəsi ilə, yəni müqavilənin ləğv edilmiş hesab olunması hissəi ilə razı olduğunu bildirdi və bunu hakim təkrar soruşduqca yenidən bir neçə dəfə təsdiq etdi. Bu, iclasın video yazısınnda və həmin video yazıya baxım əsasında məhkəmə protokoluna mənim əlavəmdə qeyd edilib. Müqavilənin bağlandığı (xx.xx.2021) və ləğv edildiyi (xx.xx.2022) tarixlərdə, habelə iddia tələblərinin dövrü olan 2022-ci və 2023-cü illərdə (icarə haqqı və zəbt edilmiş ərazilərin qanunsuz istismarından dəyən zərər) torpaq sahəsə hələ “birgə mülkiyyət” idi; “paylı mülkiyyət” 2024-cü ildə müəyyən olunub. İcarə müqaviləsinin əsas məqsədi torpaqdan məqsədyönlü, icazəli istifadədir; icazəsiz tikinti pozuntu müqavilənin birtərəfli ləğvi üçün əsasdır. Dəlil olaraq: Ekspert rəyi, hakimin əraziyə baxışı və ərazilərin “Google Maps” və yerli müşahidə fotoları, 2.11 ha sahənin heç vaxt icarəyə verilməməsi. Bu hissənin müqavilə obyekti daxilində olmadığı, qanunsuz zəbt üsulu ilə istifadə edildiyi sübuta yetirir. Hakim yanlış "paylı mülkiyyət" arqumentini işə salsa da, bu ərazidə də iddiaçıya dəyən zərərə qiymət verməli idi, o hissə icarəyə verilmədiyindən oradan dəyən zərərin 50%-i iddiaçıya dəymiş olur (iddia tələbində də bunu nəzərə alaraq 50% tələb edilmişdir). Dəlilllər: Daşınmaz əmlakın dövlət reyestri çıxarışı (**********, xx.xx.2020), İddia ərizəsinin 3-cü əlavəsi: zəbtə dair sənədlər və fotoşəkillər. Hakimin əraziyə baxış zamanı müəyyən etdiyi faktları protokollaşdırmaması, baxış protokolu tərtiib etməməsi, təqdim edilmiş müxtəlif sübutlara, foto və sair dəlillərə qiymət verməməsi, Kənd təsərrüfatı nazirliyinə verilmiş sorğunun cavablarına qiymət verməməsi, bağdakı meyvə ağaclarını, bağın hansı tarixdən etibarən paylı mülkiyyətə çevrilməsini qeyd etməməsi, icarəyə alınmış iki sahənin müqavilə ləğv edildikdən sonra zəbt olunmuş hesab edilməsi və sair. Bütün faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən ya gözardı olunmuş, ya da yalnız epizodik qeyd edilib, lakin heç birində hüquqi nəticə çıxarılmayıb. Məhkəmənin bu faktları tam araşdırmaması və qiymətləndirməməsi qətnamənin əsaslı olmasına imkan verməmişdir. Mülki Məcəllə 421.2-3 və Konstitusiya Məhkəməsinin xx.xx.2023 Qərarı əsasında iradə ifadəsi müqaviləni birtərəfli qaydada ləğv edilmiş hesab etməyə imkan verir (bunun üçün də əsaslar var idi, icarə haqqı ödənilməyib, habelə ərazidə müqavilənin qadağan etməsinə baxmayaraq tikinti qazıntı işləri aparılıb). Dəlil olaraq–xx.xx.2022-ci il tarixli teleqram surəti–xx.xx.2023-cü il tarixli xəbərnaməli məktub (poçt təsdiqi ilə). Ekspert rəyinin sübuta yetirilməsi zərərin miqdarını və müqavilə pozuntusunu dəqiq müəyyən edir. Əgər məhkəmə ekspertizanın nəticələrini iş materiallarında əks etdirmirsə, zərərin hesablanması əsassız olur. Dəlillər–Ekspert rəyinin 3–5-ci səhifələri (Cəbrayılov Şahin, xx.xx.2025)–Rəyə əlavə edilmiş ərazi fotoşəkilləri. 2.11 ha torpaq sahəsinin heç vaxt icarəyə verilməməsi, bu sahənin müqavilə predmetinə daxil olmaması, qanunsuz zəbt halının sübut edilməsini zəruri edir. Əks halda, zərərin miqdarı və mülkiyyət pozuntusu nəzərə alınmayacaq. Dəlillər – Dövlət reyestrindən çıxarış (№ **********, xx.xx.2020) – İddia ərizəsinin 3-cü əlavəsi: zəbtə dair fotolar və sənədlər. Torpaq sahələrinin iddia tələbləri qoyulmuş müddət zamanı mülkiyyət statusunun “birgə mülkiyyət” olması. Əgər məhkəmə bu statusu sübut etmirsə, iddiaçının təkbaşına hüquqları sual altına düşür. Dəlillər– Nikah dövrü ərzində əldə edilmiş əmlaka dair məhkəmə qərarı surəti (Ağdaş RM, xx.xx.2024) – Kadastr çıxarışları. Prosesdə cavabdehin nümayəndəsinin müvəqqəti razılığı (müqavilənin ləğvi hissəsi) qəti sübutdur. Hakim müdaxiləsi ilə bu mövqe protokolda düzgün qeydə alınmayıbsa, vacib sübut unudulmuş olur. Dəlillər – xx.xx.2025-ci il məhkəmə iclası video yazısı, 37:12 dəqiqə – Həmin iclasın protokoluna əlavə edilmiş izahat. Birinci instansiya məhkəməsi yuxarıdakı faktiki halların heç birini və ya yalnız epizodik formadakı qeydlərini sübut proseduruna tam daxil etməyərək qiymətləndirməmiş, nəticədə işin mahiyyəti kifayət qədər aydınlaşdırılmamışdır. Bu da qətnamənin hüquqi əsaslı olmasına imkan verməmişdir. Faktiki olaraq iddiaçı 2.11 ha torpağın tam sahibidir. O heç icarəyə də götürülməyib ki, iddiaçının icarə müqaviləsini guya paylı mülkiyyət olması ləğv etməyə hüququ yaranmayaydı. İddiaçı həmin ərazidə müqavilənin ləğvini deyil, əldən çıxan faydanı tələb edir. Əks halda, hakimin qətnaməsindən elə çıxır ki, cavabdeh iddiaçının yeni məhkəmə işi başladıb torpağı naturada bölüb bitirənədək istədiyi qədər zəbt edər habelə istismar edər və bununla iddiaçıya zərər viurmaqda davam edər və bu heç bir hüquqi məsuliyyət yaratmır. Amma iddiaçı belə məhkəmə işi başlatmaya da bilər, yaxud başlatsa bu müəyyən müddət alar və onda məhkəmənin qənaətinə əsasən cavabdeh iddiaçının mülkiyyət hüququnu bu müddətdə pozmaqda davam edə bilər. Digər sahələrdə də iddiaçı onların sahibidir. Hakim onların paylı mülkiyyət olmasını səbəb gətirərək guya iddiaçının subyektiv hüququ yaratmamasını qeyd edir. Əvvəla paylı mülkiyyət olduqda belə, iddiaçının payına mütənasib əldə etmədiyi icarə haqqı, habelə icarədən sonrakı dövrdə əldən çıxan fayda var. Habelə, iddiaçı burada yeni icarə münasibətlərinə girmir, icarə müqaviləsinin əsaslı pozulması səbəbindən mövcud müqaviləni ləğv edir. Əks halda, hakimin qətnaməsindən elə çıxır ki, cavabdeh icarə müddəti (15 il) bitənədək heç bir icarə haqqı ödəmədən iddiaçının mülkiyyət hüququnu bu müddətdə pozmaqda davam edə bilər. İkincisi, bu torpaq sahələri bütün iddia tələblərinin aid olduğu müddət üzrə birgə mülkiyyət statusunda olub. İddia tələbləri 2022-ci və 2023-cü illərdə əldən çıxmış fayda və icarə haqqı üzərindədir. Paylı mülkiyyət statusunu isə 2024-cü ildə alıb. Dəlillər–Dövlət reyestri çıxarışları–Ağdaş RM-in xx.xx.2024-cü il qətnaməsi və Ali Məhkəmənin xx.xx.2024 qərarı (50% payın digər şəxsə aid olması). İddiaçı xx.xx.2022-ci il tarixdə müqavilənin birtərəfli ləğv edildiyini rəsmi bildirmiş, lakin qətnamədə bu bildiriş faktı sanki nəzərə alınmayıb. xx.xx.2022-ci il teleqram (poçt qəbzi, çoxsaylı təsdiqlər)-xx.xx.2023-cü il xəbərnaməli məktub poçt vəsiqəsi ilə. Qətnamə əsas gətirir ki, müqavilələr paylı mülkiyyət dövründə bağlanıb, halbuki müqavilə bağlandığı və ləğv edildiyi zamanda, yəni icarə haqlarının hesablandığı dövr və bağların qanunsuz istismarı zamanı (əldən çıxan faydanın hesablandığı dövr) əmlak hələ birgə mülkiyyət idi. Baxmayaraq ki, paylı mülkiyyətdə də iddiaçının həmin məbləğlərin 50%-nə iddia etmək hüququ yaranır və buna onun subyektiv hüququ var, lakin hakim guya subyektiv hüququn olmamasını məhz əmlakların həmin dövrdə də guya paylı olmasını əsas gətitrməklə "əsaslandırıb". Dəlillər – Dövlət reyestri çıxarışları – Ağdaş RM-in xx.xx.2024-cü il qətnaməsi və Ali Məhkəmənin xx.xx.2024 qərarı. Cavabdehin icarə haqqı ödənişi etmədiyinə baxmayaraq bu hüquqi nəticə doğurmayıb. Habelə zəbt olunmuş ərazilərin qanunsuz istismarına görə əldən çıxan fayda. Mülki qanuna görə gecikdirilmiş ödənişə faiz hesablanmalı, zərər kompensasiya edilməlidir, amma qətnamədə bu aspektlərə bircə kəlmə də deyilməyib. İddia ərizəsində bunlar aydın qeyd edilib. Qeyd: Yuxarıda qeyd olunmuş nəticələr birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına zidd olaraq qiymətləndirilib. Hər bir nəticə konkret sənəd, ekspert rəy və qeydiyyat çıxarışı ilə ziddiyyət təşkil edir. Bu uyğunsuzluqlar qətnamənin əsaslandırmasının etibarsız olmasına səbəb olmuşdur. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim etmiş, apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi iddia ərizəsndə qeyd edilən ərazilər barədə iddiaçının iddia sürə bilmək üçün subyektiv hüququ olmadığı qərarını əsaslandırmaq üçün aşağıdakıları qeyd edib: "icarə müqaviləsi üzrə münasibətlərə son verilməsi tələbi formasında icarə obyektinə dair sərəncam verilməsi də, bütün payçıların, baxılan işdə isə iddiaçı ilə bərabər üçüncü şəxsin birgə qərarına əsasən həyata keçirilə bilərdi. İş üzrə üçüncü şəxs izahatında cavabdehlə icarə münasibətlərinin davam etdirilməsinə dair iradəsini ifadə etdiyinə görə, iddiaçının bütün əşyaya dair iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı aşkar olunur." Yəni, məhkəmə hesab edib ki, paylı mülkiyyətçi digər paylı mülkiyyətçinin razılığı olmadan mülkiyyətinə dəyən zərərin qarşısını ala bilməz, icarə haqqı verilməməsi və mülkiyyətə dəyən zərər ilə barışmalı və hüquq sistemi bunun qarşısını almaq üçün mülkiyyətçiyə subyektiv hüquq tanımır. Şirvan Kommersiya Məhkəməsi habelə icarə haqları, Cavabdehin zəbt etdiyi ərazilərdən çıxarılması və Cavabdeh tərəfindən zəbt olunmuş ərazilər üzrə toplanan məhsul (əldən çıxmış fayda) üzrə iddia tələblərinin təmin etmədiyini əsaslandırmaq üçün qətnamədə aşağıdakını qeyd edib: "iddia tələbi əldən çıxmış fayda şəklində zərərin ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahələrindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması hissələrində həm də ona görə təmin edilə bilməz ki, iddiaçı və iş üzrə üçüncü şəxsin icarə obyekti olan torpaq sahələri üzərində payları naturada müəyyən olunmadığına görə, həmin torpaq sahələrinin məhz hansı hissələrinin iddiaçıya məxsus olmasını hazırda müəyyən etmək mümkün deyildir." Yəni, məhkəmə hesab edib ki, paylı mülkiyyətçilər paylı mülkiyyətdə hərəsi öz payını bir-birindən ayırmadıqca (naturada müəyyən olunmayınca), icarə haqqı ala bilməz, mülkiyyətinə və özünə dəyən zərərin qarşısını ala bilməz, habelə həmin mülkiyyətdə əldə edilən məhsul da bölünə bilməz. Hesab edirəm, bu qanunsuzdur və konstitusiyada da təsbit olunmuş mülkiyyət hüququna ziddir. Qeyd: Söhbət İddiaçının paylı mülkiyyətçisi olduğu 3 ərazidən gedir. Onlardan biri Cavabdeh tərəfindən əvvəldən zəbt olunub və heç vaxt icarədə olmayıb. İkisi isə 2021-ci ildən icarədə olub və 2022-ci ilin sonunda İddiaçı Cavabdehin ərazilərdən çıxmasını tələb edib: ərazilərə, o cümlədən ağaclara vurulan zərər (təkcə icarəyə götürdüyü 2 ərazidə deyil, əvvəldən zəbt etdiyi ərazidə də aparılan işlər - ekspertiza ilə sübut edilib) və icarə haqları ödənməməsi - və bunlar işin mübahisəsiz hallarıdır. Bundan əlavə, Mülki Məcəllə mülkiyyət hüququnu və mülkiyyətçinin öz mülkiyyətini qorumaq hüququnu tanıyır; paylı mülkiyyət bölünmədikdə də mülkiyyətçinin ona dəyən zərərin qarşısını ala bilməsini nəzərdə tutur. Digər mülkiyyətçi mülkiyyətə dəyən zərərə biganə qala bilər, amma bu İddiaçının mülkiyyət hüququnu və onun öz mülkiyyətini qorumaq hüququnu pozmalı deyil. Məhkəmə hesab edib ki, İddiaçının əldən çıxan faydada və icarə haqlarında ümumiyyətlə payı ola bilməz. Qeyd edim ki, İddia tələbində digər payçının 50% payı nəzərə alınaraq, dəyən zərərin (əldən çıxan faydanın) 50%-i nəzərdə tutulub. Mülki Məcəllə habelə mülkiyyətçilərin icarə haqlarından və məhsuldan paylarını mütənasib şəkildə ala bilməsini nəzərdə tutur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayəti və apellyaisya şikayətinə əlavənin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşaöıdakılar müəyyən olunmuşdur: “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində 2,11 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə **********29 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində 5,57 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə **********31 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində 3,51 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə **********34 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ilə (İcarəyə verən) Cavabdeh (İcarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqavilələrinin: 1-ci bəndlərinə əsasən, İcarəyə verən Lənkəran rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən, sahəsi 5,57 ha və 3,51 ha olan torpaq sahələrini İcarəçi Cavabdeh icarəyə verir. 3-cü bəndlərinə əsasən, icarə müddəti 15 il yəni xx.xx.2036-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. 4-cü bəndlərinə əsasən, İcarəçi İcarəyə verənə illik 2000 manat icarə haqqı ödəyir. 8-ci bəndlərinə əsasən, İcarəçi İcarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühəndis-texniki və yerquruluşu ekspertizasının nəticəsinə dair 10/1701 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar:

1. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN- 506, JN-507, JN-508 və JN-509 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt'ları əsasında) İddiaçı mülkiyyətində olan 2,11 ha, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN-509, JN- 510, JN-511, JN-512, JN-513 və JN-514 nömrəii "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt'ları əsasında) İddiaçı mülkiyyətində olan 3,51 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN- 514, JN-515, JN-516, JN-517, JN-518, JN-519, JN-520 və JN-521 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları əsasında) İddiaçı mülkiyyətində olan 5,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yerləşdiyi çevrədə iki ədəd süni gölün (sututarın) mövcud olması müəyyən olunmuşdur. Həmin süni gölün (sututarın) birinin (ölçüsü 0,22 ha sahədən ibarət) (rəyə əlavə edilmiş yerquruluşu planında Göl №2 ilə göstərilmişdir) 0,14 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN-506, JN-507, JN-508 və JN-509 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akf'ları əsasında) X3 mülkiyyətində olan 2.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşməsi müəyyən olunmuşdur. Qalan 0.08 ha hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Qeyd edilən gölün (sututarın) digərinin (ölçüsü 0.08 ha sahədən ibarət) (rəyə əlavə edilmiş yerquruluşu planında Göl N°1 ilə göstərilmişdir) bütövlüklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur.

2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən məhkəmə predmeti olan mübahisəli ərazidə 73,2 kv.m sahədən ibarət yeməkxananın, 25 kv.m sahədən ibarət təndirxananın, 7,8 kv.m sahədən ibarət süni bulağın mövcud olması müəyyən olunmuşdur.

3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı qeyd olunan 73,2 kv.m sahədən ibarət yeməkxananın, 25 kv.m sahədən ibarət təndirxananın, 7,8 kv.m sahədən ibarət süni bulağın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənədlər JN-514, JN-515, JN-516, JN-517, JN- 518, JN-519, JN-520 və JN-521 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akf'ları əsasında) İddiaçı mülkiyyətində olan 5,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-70/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən olunaraq, İddiaçı mülkiyyətində olan, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,06 ha (HDQ haqqında seriya RX № ******* saylı Çıxarış- qeydiyyat tarixi: xx.xx.2014, qeydiyyat nömrəsi: ********** reyestr nömrəsi: **********88) həyətyanı torpaq sahəsinin, Lənkəran rayonunun Havzova kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,34 ha (HDQ haqqında seriya RX № ******* saylı Çıxarış-qeydiyyat tarixi: xx.xx.2019, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********86) torpaq sahəsinin, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2,11 ha (HDQ haqqında Çıxarış-qeydiyyat tarixi: xx.xx.2020, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********29) torpaq sahəsinin, kənd təsərrüfatı təyinatlı 3,51 ha (HDQ haqqında Çıxarış-xx.xx.2020, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********34) torpaq sahəsinin və kənd təsərrüfatı təyinatlı 5,57 ha (HDQ haqqında Çıxarış-xx.xx.2020, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********31) torpaq sahələrinin və Lənkəran rayonunun ütəmurdov kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin iddiaçı X1 1/2 hissədə payının müəyyən edilməsi, iddiaçı X1 ilkin mediasiya sessiyası zamanı ödədiyi pulun 25 manatı və ödənilmiş dövlət rüsumunun 50 manatı İddiaçı tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)- 655/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2024cü il tarixli 2(014)-70/2024 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3363/2024 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(107)-655/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin müəyyən olunan faktiki hallarına, qununi qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən mübahisənin obyektini təşkil edən torpaq sahələri iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X1 birgə nikahları dövründə əldə etdikləri əmlaklardır. Cavabdeh qismində cəlb edilmiş iddiaçı ilə icarə hüquq münasibətlərinə girmiş şəxs isə iddiaçının keçmiş qaynanasıdır, icarə müqavilələri üçüncü şəxslə iddiaçının nikahları dövründə bağlanmış, habelə 2,11 torpaq sahəsindən cavabdeh hər hansı bir müqavilə bağlamadan istifadə etmişdir və bu hal həmin zaman üçün hər hansı bir mübahisə yaratmamışdır. Sonrakı mərhəldə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış nikah pozulmuş və birgə nikahları dövründə əldə edilmiş əmlakların, o cümlədən hazırki mübahisənin obyektini təşkil edən torpaq sahələrinin bölgüsü aparılmış, ½ hissəsi üzərində iddiaçının payı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X2 iddianın təmin olunmasına etirazını bildirərək, cavabdehlə icarə münasibətlərini davam etdirmək niyyətində olduğunu bəyan etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarında göstərilir ki, “Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Kollegiya birinci instansiya məhkəməsinin apardığı dəyərləndirmə ilə razılaşaraq qeyd edir ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə, o cümlədən əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilə bilər, belə ki, paylı mülkiyyətdə olan əşyadakı pay naturada bölünmə baş verənə qədər maddi xarakter daşımır və bütün əşyanı əhatə edir. Qanunverici paylar naturada müəyyən edilənədək əşyaya dair mülkiyyət hüququnun bütün növ elementlərinin həyata keçirilə bilinməsi üçün payçıların konsensusunu tələb edir. Bu baxımdan paylı mülkiyyətin payçılarından biri yalnız öz payına münasibətdə sərbəst sərəncam verə bilər, bütün əşyaya dair sərəncam verilməsi isə qeyd edildiyi kimi bütün payçıların qərarı, razılaşması ilə baş tuta bilər. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı icarə obyektinin bütününə münasibətdə sərəncam vermə hüququna istinadən iddia irəli sürməkdə haqlı olmamışdır. Belə ki, icarə müqavilələri bağlanan zaman icarəçi qismində yalnız iddiaçı çıxış etsə də, birgə nikah dövründə əldə edilmiş icarə obyekti olan torpaq sahələrinin digər mülkiyyətçisi iş üzrə üçüncü şəxsin həmin icarə müqavilələrinin bağlanmasına razılığının olması həm prezumpsiya kimi qəbul edilir, həm də işin hallarına və iş üzrə üçüncü şəxsin izahatına əsasən müəyyən olunur. Odur ki, icarə müqaviləsi üzrə münasibətlərə son verilməsi tələbi formasında icarə obyektinə dair sərəncam verilməsi də, bütün payçıların, baxılan işdə isə iddiaçı ilə bərabər üçüncü şəxsin birgə qərarına əsasən həyata keçirilə bilər. Üçüncü şəxs isə cavabdehlə icarə, əmlakdan istifadə münasibətlərinin davam etdirilməsi niyyətindədir və bunu aşkar bəyan edir. Belə olan halda isə iddiaçının bütün əşyaya dair iddia irəli sürə bilməsi üçün subyektiv hüququnun olmadığı aşkar olunur. İddiaçının pay sahibi olduğu torpaq sahəsindən cavabdehin istifadəsindən əldən çıxmış fayda şəklində zərərin ödənilməsi tələbinə gəlincə kollegiya qeyd etməyi zəruri hesab edir ki, əmlak üzərində paylar natura şəklində ayrılmayınca, münasibətə Mülki Məcəllənin 216cı maddəsi tətbiq edilməli, belə olan halda isə tələb əmlakın cavabdehin icarəsində qalmasında maraqlı olan digər pay sahibinə qarşı yönəldilməlidir. Mövcud durumda isə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, iddia tələbi əldən çıxmış fayda şəklində zərərin ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahələrindən çıxarılması, həmin torpaq sahələrinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə iddiaçıya qaytarılması hissələrində təmin oluna bilməzdi ona görə ki, mübahisəli torpaq sahələri üzərində iddiaçı və üçüncü şəxsin payları naturada müəyyən olunmamışdır, həmin torpaq sahələrinin məhz hansı hissələrinin iddiaçıya məxsus olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa mübahisəli torpaq sahələrinin hansı hissəsinin iddiaçıya məxsus olması müəyyən olunmadığına görə, qanunsuz olduğu iddia edilən tikililərin, süni göllərin məhz iddiaçıya məxsus olan sahədə yerləşməsini də müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli e-2-2(121)-18/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar