Məhkəmə qərarları › İş №2-2(106)-276/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-276/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-276/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli e-2-2(121)-63/2024 saylı qərardadından (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 6 mart 2024-cü il tarixli e-2-2(121)-63/2024 nömrəli qərardadı ilə iddia MPM-in 259.0.12-ci maddəsinə istinadla baxılmamış saxlanılmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ipoteka qoyan X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi müəyyən edilmişdir. İddia tələbinin bir hissəsinin (kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və s.) ipoteka qoyan X3 yönəldilməsinə baxmayaraq, o, iddia ərizəsində cavabdeh qismində göstərilməmişdir, həmçinin elektron qaydada cavabdeh kimi seçilməmişdir. Qeyd olunan halın mövcudluğunu birinci instansiya məhkəməsi iddia ərizəsinin MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verilməsi kimi qiymətləndirərək, hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanların aradan qaldırmamasını əsas götürərək iddianın baxılmamış saxlanılmalı olması qənaətinə gəlmişdir. Qərardad 11 mart 2024-cü il tarixdə saat 12:39-da iddiaçı LPO İddiaçı ASC-nin, həmiçinin nümayəndəsi Nümayəndə elektron kabinetlərinə yerləşdirilmişdir. 7 oktyabr 2025-ci ildə LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə vəsatət verərərk iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 6 mart 2024-cü il tarixli qərardadın ləğv edilməsini, icraatın təzələnməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 63/2024 saylı 6 mart 2024-cü il tarixli qərardadı ilə mülki iş, vəfat etmiş cavabdeh-ipoteka qoyan şəxsin iddia ərizəsində cavabdeh kimi göstərilməməsi səbəbindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İlk olaraq qeyd edilir ki, sözügedən iş üzrə hazırlıq iclasında iştirakları üzrlü səbəblərdən mümkün olmaması ilə əlaqədar iştirakları olmadan keçirib, məhkəmə baxışına təyin edilməsi xahiş edilmiş, lakin məhkəmə tərəfindən iş yuxarıda qeyd edilən xüsusatlara əsasən baxılmamış saxlanmışdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırılır ki, LPO İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə 2023-cü ilin avqust ayından verildikdən sonra məhkəmə tərəfindən məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və müvafiq rəylər alınmışdır. Hesab edilir ki, iş materiallarına əlavə edilmiş həmin rəylər əsasında mülki iş üzrə müvafiq məhkəmə araşdırmasının davm etdirilməsini şərtləndirərək onun zərurətini önə çəkmiş olur. Digər tərəfdən, "xxxx" ASC-nin ləğv prosesində olması, işçilik baxımından məhdud resursla fəaliyyət göstərməsini, Şirvan ərazisi üzrə nümayəndənin olmaması, Lənkəran üzrə hüquqşünas Rəşadət Bağırovun icra işlərinə cəlb edilməsi onlar üçün ciddi çətinlklər yaratmış və yaratmaqdadır. Qeyd olunanlardan əlavə, məhkəmənin diqqətinə bir vacib məqam da çatdırılır ki, bankın öhdəliyi əsasında növbəliyi olan vətəndaşların (xüsusi ilə yaşlı təqaüdçülərin) əmanətlərinin qaytarılmasında yığım proselərinin sürətləndirilməsi baxımından da məhkəmə orqanları tərəfindən məhkəmə iclaslarına mümkün olduğu qədər hüquqi dəstəyin göstərilməsinə ehtiyac vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Şirvan Kommersiya Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli e-2-2(121)-63/2024 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 63/2024 nömrəli qərardadı ilə iddia MPM-in 259.0.12-ci maddəsinə əsasən, yəni ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3- cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda əsası ilə baxılamış saxlanılmışdır. MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət isə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması halında verilə bilər. MPM-in 259-cu maddəsində göstərilən digər əsaslar, o cümlədən hazırki işin baxılmamış saxlanılmasına əsas olmuş halla əlaqədar qəbul edilmiş baxılmamış saxlanılma haqqında qərardadlardan isə qanunla müəyyən edilmiş müddət ərzində yalnız şikayət verilməsi imkanı nəzərdə tutulmuşdur. Bununla yanaşı məhkəmə, vəsatətin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, vəsatətdə işin baxılmamış saxlanılmasına dair qəbul edilmiş qərardadın ləğv edilməsini şərtləndirən hallar əsaslandırılmamış, qərardadın ləğv edilməsi üçün kifayət edə biləcək sübutlar təqdim olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi hansı üzürlü səbəblərdən qərardadın ləğvinə dair vəsatəti, həmin qərardadı xx.xx.2024-cü il tarixdə rəsmi olaraq aldığı tarixdən təxminən 1 il 7 ay sonra məhkəməyə təqdim etməsinə açıqlıq gətirməmiş, həmin səbəblərin mövcdu olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı LPO İddiaçı ASC qərardaddan şikayət verərək ləğv edilməsini və iş üzrə icraatın təzəlnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini vəfat etmiş cavabdehipoteka qoyan şəxsin cavabdeh kimi göstərilməməsi səbəbindən baxılmamış saxlamışdır. Bu müddət ərzində kredit müqaviləsinin təminatı üzrə ipoteka qoyan şəxsin vəfatından sonra vərəsələrinin olub olmaması ilə bağlı Ədliyyə Nazirliyinin müvafiq portalı vasitəsilə axtarış və sorğular verilsə də vərəsəlik işinin açılmadığı məlum olmuşdur. Bundan sonra, icraatın təzələnməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət edilsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh-ipoteka qoyan şəxsin vəfat etməsini nəzərə alaraq, məhkəmə tərəfindən işin baxılmamış saxlanması deyil, prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş üzrə icraatın dayandırlması haqqında qərardad qəbul etməli idi. Nəticə olaraq Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-63/2025 saylı 7 oktyabr 2025ci il tarixli qərardadı ilə işin təzələnməsi barədə verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmə vəsatəti rədd edərək öz qərardadında göstərmişdir ki, “vəsatətdə işin baxılmamış saxlanılmasına dair qəbul edilmiş qərardadın ləğv edilməsini şərtləndirən hallar əsaslandırılmamış, qərardadın ləğv edilməsi üçün kifayət edə biləcək sübutlar təqdim olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi hansı üzrlü səbəblərdən qərardadın ləğvinə dair vəsatəti, həmin qərardadı 11 mart 2024-cü il tarixdə rəsmi olaraq aldığı tarixdən təxminən 1 il 7 ay sonra məhkəməyə təqdim etməsinə açıqlıq gətirməmiş, həmin səbəblərin mövcud olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Sözügedən iş üzrə hazırlıq iclasında iştirak üzrlü səbəblərdən mümkün olmaması ilə əlaqədar iştirakları olmadan keçirib, məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. Lakin məhkəmə iclasında mərhum cavabdehin varisi iştirak edərək anasının ölüm haqqında şəhadətnaməsini məhkəməyə təqdim etmiş və bundan sonra məhkəmə tərəfindən iddiaçı-bankın iştirakı təmin edilmədən cavbdehin vəfat etməsi, eləcə də ərizədə cavabdeh kimi göstərilməməsi, xüsusatlarına əsasən mülki iş baxılmamış saxlanmışdır, halbuki icraat dayandırılmalı yaxud da dəqiqləşdirmələr aparılması üçün növbəti tarixə iclas təyin edilməsi daha anlaşılan olardı. Baxmayaraq ki, iddia ərizənin xahiş etdi hissəsində borcun ipoteka predemetinə yönəldilməsi ilə bağlı hissədə əmlakın mülkiyyətçisi olmuş mərhum cavabdeh Xavər Abdulovanın adı da qeyd edilmişdir. Həmçinin, bir daha məhkəmənin diqqətinə çatdırılır ki, LPO İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə 2023-cü ilin avqust ayından verildikdən sonra məhkəmə tərəfindən mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, müvafiq rəylər alınmış və ekspert xərclərinin ödənilməsi ilə bağlı müvafiq ödəniş tapşrırqları e-məhkəmə sisteminə yüklənilməklə icra edilməsini gözləməkdədir. Hər bir mülki işin məntiqi sonluğu olduğu kimi, iş materiallarına əlavə edilmiş həmin rəylər əsasında mülki iş üzrə müvafiq məhkəmə araşdırmasının davam etdirilməsi mübahisə tərəflərinin maraqlarına uyğun olduğunu şərtləndirərək onun zəruriliyini önə çıxarmış olur. Şirvan Kommersiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2-2(121)-63/2024 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, işdə tərəf olan şəxsin iş məhkəmə icraatında olduğu zaman ölməsi halında, əgər hüquq münasibəti hüquq varisliyinə yol verirsə, çıxmış şəxsin hüquq varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməlidir. Belə ki, MPM-in 254.1.1-ci maddəsinin tələbinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək iş üzrə icraat dayandırılmalıdır. Hazırki işdə isə, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair tələbə cavab verməli şəxs olan X1 xx.xx.2020-ci il tarixdə, yəni iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl ölməsi faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Kollegiya bitrinci instansiya məhkəməsinin gətirdiyi əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, MPM-in 259.0.12-ci maddəsində göstərilən digər əsaslar üzrə qəbul edilmiş ərizənin baxılmamış saxlanılma haqqında qərardaddan yalnız qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməsinin mümkünlüyü prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd olunan qərardad 11 mart 2024-cü il tarixdə rəsmən iddiaçı LPO İddiaçı ASC-nin, həmçinin nümayəndəsi Nümayəndə elektron kabinetlərinə yerləşdirildiyi halda, aradan 1 il 7 ay keçdikdən sonra, 7 oktyabr 2025-ci il tarixdə vəsatətin verilməsinə əsas ola biləcək üzürlü səbəblər müəyyən olunmur. Bundan başqa prosessual qanunvericilik yalnız sıradan çıxmış tərəfi hüquqi varisi ilə əvəz etməyə yol verir. Sıradan çıxmış tərəf dedikdə isə qanunverici işin məhkəmənin icraatında olduğu dövrdə şəxsin ölməsini, hüquqi şəxsin yenidən təşkil edilməsini və sair nəzərdə tutmuşdur (MPM-in 58-ci madd.). Hazırki işin materiallarından isə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair tələbə cavab verməli şəxs olan X1 xx.xx.2020-ci il tarixdə, yəni iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl ölməsi faktı müəyyən olunmuşdur. Odur ki, prosessual hüquq varisliyi müəyyən olunanadək iş üzrə icraatın dayandırılmalı olmasına dair hissədə də, şikayətin dəlilləri əsassızdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Plenum qərarının 13-cü bəndində qeyd edilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Plenum qərarının 14-cü bəndində qeyd edilir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. Plenum qərarının 21-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası prosessual hüquq norması düzgün tətbiq edildiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli e-2-2(121)-63/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar