Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-29/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Cavabdeh2 tərəfindən verilmiş “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icrrata qəbul olunmasından imtina edilməsi barədə Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2-2(121)-2566/2022 saylı qərardadından (hakim E.Abdullayev) Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İlkin olaraq İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 05 iyul 2018-ci ildə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(049)-122/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(049)-122/2019 saylı qətnaməsi Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(106)-29/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(049)-122/2019 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 21 noyabr 2022-ci il tarixində “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək ilk iddianın təmin edilməməsini, İddiaçı ASC və Cavabdeh2 tərəfindən imzalanmış 16 dekabr 2014-cü il tarixli 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, 26 saylı evin 1157 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin alınaraq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinə etiraz edərək, iş üzrə cavabdeh (ipoteka qoyan) Cavabdeh2 qarşılıqlı iddiası üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğunu, qarşılıqlı iddianın icraata qəbul edilməsinin yolverilməz olduğunu bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2-2(121)-2566/2022 saylı qərardadı ilə Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinadla Cavabdeh2 “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə ipoteka müqaviləsinin etibarlılığına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(004)-1252/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 16 dekabr 2014-cü il tarixli, 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, RX seriyalı ******* saylı yüklülük çıxarışlarının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunması barədə iddia tələbinə baxılaraq iddianın təmin edilməməsi qət edilmişdir. Qərardaddan Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil şikayət verərək ləğv olunmasını, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1 və 9.2-ci maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bildirilir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, xx.xx.2022-ci il tarixdə iddiaçıya qarşılıqlı iddianın hazırki predmetini təşkil edən xahişi və hüquqi əsasları ilə bağlı elektron qaydada xəbərdarlıq məktubu göndərmiş, məktubda tələb yerinə yetirilmədiyi təqdirdə müvafiq iddia ilə məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı xəbərdar edilmişdir. Həmçinin qanunvericiliyə uyğun olaraq Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin həll edilməsi üçün mediasiya prosesinə müraciət etmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmədiyindən müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçıya elektron qaydada qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri göndərmişdir. Yəni Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edənədək və etdikdən sonra öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə iddiaçıya məlumat vermişdir ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Halbuki, qarşılıqlı iddia ərizəsinin icraat qəbul edilib-edilməməsi məsələsinə qarşılıqlı iddia məhkəməyə təqdim edildiyi tarixdən 23 gün sonra İddiaçı ASC xx.xx.2022-ci il tarixində etiraz ərizəsi ilə münasibət bildirmişdir. Məhkəmə isə qarşılıqlı iddianın qəbul edilməsində imtinaya dair qərardadı həmin iddia məhkəməyə təqdim edildiyi tarixdən 1 ay 1 gün sonra qəbul edilmişdir. Bununla da məhkəmə yuxarıda qeyd edilmiş prоsеssual nomaları (MPM-nin 4.1, 9.1, 9.2 və 151.3-cü maddələrinin tələblərini) pozmuşdur. Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin aşağıdakı normalarında qeyd edilir: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 153.2.1-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. 156.1-ci maddəsinə görə hakim qarşılıqlı iddianı qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Məhkəmə hazırki qərardadını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə ipoteka müqaviləsinin etibarlılığına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməlidir. Buna görə də, qarşılıqlı iddia ərizəsi iddia tələbinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Bildirilir ki, qarşılıqlı iddia tələbi ilk iddianın təmin edilməməsi, xx.xx.2014-cü il tarixli 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və sonuncu tələbin təmin olunacağı təqdirdə mənzilin ipoteka yüklülüyündən azad edilməsinə dairdir. Tərəflər arasında əvvəllər sözügedən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu tələbin təmin olunacağı təqdirdə mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, RX seriyalı ******* saylı yüklülük çıxarışının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunması mübahisə olmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı vacib əhəmiyyətli yanıltmanın təsiri altında bağlandığını iddia etdiyi ipoteka müqaviləsinin etibarsızlığını bu barədə xx.xx.2020-ci il tarixdən məlumatlı olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisləndirmişdir. Ona görə də iddia rədd edilməlidir. Həmin qətnamədən tərəfimizdən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 347.2-ci maddəsini, həmçinin 354.2-ci maddənin “vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” hissəsini tətbiq etmişdir. İpoteka müqaviləsinin etibarsızlığı barədə iddiaçının iddiasının əsasını həmin ipoteka müqaviləsinin yalan əqd olması və aldatma nəticəsində bağlanmış əqd olması təşkil edir. Lakin yuxarı məhkəmə instansiyaları apellyasiya və kassasiya şikayətlərimizi təmin etməyərək birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışlar. Qarşılıqlı iddianın predmetindən də göründüyü kimi həmin iddianın predmeti ipoteka müqaviləsinin etibarlılığı ilə bağlı deyil, həmin Bakı şəhəri Yasamal rayon məhkəməsində olmuş iddia tələbindən tamamilə fərqlidi və sözügedən ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, bu tələbin təmin olunacağı təqdirdə mənzilin ipoteka yüklülüyündən azad edilməsidir. Həmçinin qarşılıqlı iddianın hüquqi əsasları da Bakı şəhəri Yasamal Rayon Məhkəməsində olmuş iddia tələbindən tamamilə fərqlidir, yəni iddianın əsasını həmin ipoteka müqaviləsinin yalan əqd olması və aldatma nəticəsində bağlanmış əqd olması təşkil etmir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyati üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərildiyindən cavabdeh olaraq qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün prosessual hüquq əldə etmişik. Qarşılıqlı iddianın hüquqi əsasını kredit müqavilələri üzrə əsas öhdəliyin mahiyyətinin, yəni zəruri şərtlərdən kredit müqavilələrinin illik faiz dərəcəsinin ipoteka müqaviləsində göstərilməməsi, hər iki kredit müqavilələrinin illik faiz dərəcəsi və xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin icra müddəti barəsində nə müqavilə bağlanarkən, nədəki sonradan ipoteka qoyanın razılığının alınmaması, “İpoteka haqqında” Qanunun 1.0.7, 1.0.8, 10.5 maddələri, Mülki Məcəllənin 307.4 və 269.11 maddələri, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarı və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarı təşkil edir və qarşılıqlı iddia bu faktiki hallar və maddi nomalar ilə əsaslandırılmışdır. Göründüyü kimi qarşılıqlı iddiada nə tələb, nədəki hüquqi əsaslar ipoteka müqaviləsinin etibarlılığı ilə bağlı deyildir. Məhkəmə qarşılıqlı iddianın predmeti və hüquqi əsaslarını Bakı şəhəri Yasamal rayon məhkəməsində olmuş iddianın predmeti və hüquqi əsasları ilə eyniləşdirməklə, cavabdehin məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırmış, həm yuxarıdakı, həmdə aşağıdakı abzaslarda qeyd edilənlərə əsasən məhkəmə prosessual nomaları (MPM-nin 88, 153.2.1, 155.1 və 156-cı maddələrinin tələblərini) pozmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2-2(121)-62/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsassızdır, təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinadla, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindəndən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin ; 155.1-ci maddəsineə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir, 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir, 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir, 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir, 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Kollegiya ilk növbədə şikayətin Mülki Prosessual Məcəlləsinin 151.3-cü maddəsinə istinadla verilmiş, qarşılıqlı iddia ərizəsinin icraata qəbulu məsələsinə hakim tərəfindən qanunla müəyyən olunan 5 gün müddət ötürülməklə baxılması məsələsinə qiymət verməyi zəruri hesab edir. İş materiallarından görünür ki, məhkəmə baxışına hazırlıq iclası 23 noyabr 2022-ci il tarixinə təyin olunmuş, cavavbdeh Cavabdeh2 qarşılıqlı iddia ərizəsini 21 noyabr 2022-ci il tarixində elektron qaydada imzalayaraq vermişdir. İddiaçının nümayəndəsi 22 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli protokol qaydasında qəbul etdiyi qərardada əsasən Mülki Prosessual Məcəllənin 151.2-ci maddəsinə müvafiq olaraq qarşılıqlı iddianın çəkişmə prinsipinə riayət etməklə icraata qəbul məsələsinə baxılması üçün hazırlıq iclası 22 dekabr 2022-ci il tarixinə təxirə salınmışdır. Kollegiya hesab edir ki, iş materiallarından birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması məsələsinə baxılmasında həmin əsaslar üzrə prosessual pozuntuya yol verilməmişdir. Şikayətin digər dəlili qarşılıqlı iddianın predmetinin, ipoteka müqaviləsinin etibarlılığı ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin baxış predmeti olmuş iddia tələbindən tamamilə fərqli olmasından, sözügedən ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, bu tələbin təmin olunacağı təqdirdə mənzilin ipoteka yüklülüyündən azad edilməsindən ibarətdir. Kollegiya şikayətin qeyd olunan dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1252/2021 saylı 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlakın ipotekadan azad olunması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, RX seriyalı ******* saylı yüklülük çıxarışlarının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4713/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2021 saylı 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5626/2021 saylı 26 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4713/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə ipoteka müqaviləsinin etibarlılığına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və həmin qətnamə ilə iddiaçının ipoteka müqaviləsinin etibarsızlığını əsaslandırdığı hallar ondan ibarət olmuşdur ki, ipoteka müqaviləsində hər hansı bir kredit müqaviləsi üzrə ödənişlərin məbləğləri, müddətləri, dövriliyi və ya ödəniş məbləğlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməmiş, həmçinin 03 avqust 2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti də qeyd edilməmişdir. Ona görə də hazırki ipoteka predmeti hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən iddianın yolverilməzliyinə görə qəbulundan imtina olunan qarşılıqlı iddia ərizəsi də məhz əsas öhdəliyin mahiyyəti, icra müddəti, zəruri şərtlərin (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) ipoteka müqaviləsində tam göstərilməməsi ilə əsaslandırılaraq, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbi irəli sürülmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinadla, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindəndən imtina etməkdə haqlı olmuşdur. Bununla yanaşı kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəni mahiyyəti üzrə baxıb həll edən birinci instansiya məhkəməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe baxımından mübahisəyə hüquqi qiymət verməli, həmin qərarın qəbul edilməsini şərtləndirən əsasların hazırki işdə müəyyən olunub-olunmamasına diqqət yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia ərizəsini icraata qəbulundan imtina etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2-2(121)-2566/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-29/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-29/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver