Məhkəmə qərarları › İş №2-2(106)-37/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-37/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-37/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X22 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı "əmlak" tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 7 fevral 2023-cü il tarixli e-2-2(121)-40/2023 saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X5 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 40 ton çəkidə sarı XB ip malının naturada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə ip alveri ilə məşqul olmuşlar. İlk əvvəllər İrandan 15 ton sarı ip, 5 ton ağ kapronlu, 6-7 ton rəngli iplər gətizdirməyə başlamışlar. Alverləri 4 ilə yaxın davam etmiş, hər konteynerdə 15 ton olmaqla ümumilikdə 450 ton sarı XB ip, 250 ton ağ kapronlu ip və 250 ton rəngli ip gəlmişdir. Həmin iplərin satışından əldə edilən qazanca cavabdeh Fikrət Babayevlə şərik olmuşlar. Alverə başlamağa onun pulu ilə maya salmışlar. Onu ip alverinə İranda qayını Taleh qoşduğundan Fikrətlə razılaşmışdır ki, onlara gələn malın hər tonuna 50 manat Taleh üçün ayıracaqlar. Sonra alverdən qalan qazancdan və onun qoyduğu mayadan ona pul borclu qalmış, bununla bağlı əlavə qoyduğu mayanın ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə Fikrətdən 33840 ABŞ dolları alınıb ona verilməsi qət edilmişdir. Bundan başqa, İrandan gətirdiyi ip mallarını naturada Fikrət maşınla topdan satdığından, malları Fikrətə təhvil vermişdir. Həmin malları Fikrət Bakıda Sədərək bazarında və digər rayonlarda satmışdır. İrandan ümumilikdə onlara gələn malların 1450 ton sarı XB ip, tonu 2100 ABŞ dolları olmaqla, 450 ton sarı ipin ümumi dəyəri 945000 ABŞ dolları, 2250 ton ağ kapronlu ipin tonu 4100 ABŞ dolları olmaqla 250 ton ipin maya dəyəri ******* ABŞ dolları, 250 ton rəngli ipin maya tonu 2100 ABŞ dolları olmaqla 250 ton ipin maya dəyəri 525000 ABŞ dolları pul etmişdir. Cəmi ******* ABŞ dolları maya dəyəri olmuşdur. Amma məhkəmə qətnaməsi ilə onun bu alverə qoyduğu maya kimi 33840 ABŞ dolları pul geri qaytarılmış, mal isə natura şəkilində Fikrət Babayevdə qalmış, ümumi bu malların satışından isə ******* ABŞ dollarından çox qazancı olması nəzərdə tutulmuşdur. İpin kilosu 1.70 maya dəyəri olan ipin bazar satışı 2.70 manat topdan qiymətə satılmışdır. Hesablanmış məbləğ daha da yüksək olmuş olur. Fikrətin onu aldatdığını və malı vermək istəmədiyini bildiyindən bir səfərində malı götürmədən ötrü Fikrətlə aralarında dava-dalaş düşməsin deyə bir gün əvvəl oğlu Elxan və Orxan, qayınları Taleh və Ceyhunla birlikdə Fikrətin evinə getmiş, həmin vaxt Fikrət demişdir ki, Ceyhun və Taleh sabah gəlməsin, oğlanlarınla sabah gəlib 40 ton sarı XB ipini aparar. Onun səhərisi gün o, oğlanları ilə birlikdə anbara getmişlər, orada malı götürmək istəyəndə Fikrətin anbardarı olan Babək bildirmişdir ki, malı götürmə, namusu üzərinə söz verir ki, mal satılıb pulun verəcəklər, əgər satılmasa malı naturada geri qaytaracaqdır. Həmin vaxt 40 ton sarı XB ip anbarda satılmamış qalmışdır. Lakin sonra Babək də verdiyi sözünə əməl etməmiş, nə malın pulunu, nədəki malı Fikrət ona verməkdən imtina etmişdir. Fikrət anbarda olan malı ona vermədiyindən, aralarında sözsöhbətləri gərginləşməyə başladığından bir neçə vaxtdan sonra Fikrət ona aid olmayan xarab malları olan 1 ton 537 kq onluq jilka, 639 kq beşlik jilka, 9 meşok nabor jilka, 2 ton 124 kq qalın jilka, 500 kq meşok ipi, 1 ton 518 kq praplen ip, 1 ton 723 kq pambıq ip malı verdi. Fikrətin ona verdiyi malların dəyəri alış qiymətdən aşağı olsa da, həmin malları bazarda satış qiymətindən iki dəfə artıq olmaqla 23328 ABŞ dolları hesabladı. Eyni zamanda bu malları özü çəkərək meşokların üstünə kq yazdığından onları çəkməyib meşokun üzərində olan kq-larla hesablayaraq qəbul etmiş, sonra həmin malları çəkəndə malın çəkisi az çıxmağa başlamışdır. Bu malları Fikrət ona verəndə bildirdi ki, İranlıyla danışıb və X26 həmin bu malları guya ondan geri götürəcəkdir. Lakin bir neçə gündən sonra Kərbəlayi Qulam Azərbaycana gələndə malların ona aid olmadığını bildirib ondan yalnız malların arasından bir çeşid pambıq ipi olan malı geri götürmüşdür. Həmin bu pambıq ipində də, Fikrət çəkidə onu aldatmış, çəkidə çox yazıb ona vermiş, İranlı həmin malı çəkib aparanda isə çəkisi az çıxmışdır. İranlı həmin malları ondan geri götürmədiyindən, həmin vaxtı İranlı Qulamın yanında qayını Ceyhunla Fikrətə zəng edib ora gəlməsini, İranlının malı götürmədiyini deyəndə Fikrət dedi ki, “ora gəlmir, istəyir götürsün istəyir götürməsin, bundan sonra nə İranlıya, nədəki ona pul verməyək”. İranlı malı ondan geri götürəndə orada qardaşı, qayını Ceyhun, Fikrətin sürücüsü Qara adlı şəxs olmuş, malın əskik gəlməsinə bu şəxslərdə şahid olmuşlar. Malı Bakıya da Fikrətin sürücüsü Qara aparmış, X34 getdikdən bir neçə vaxt sonra pul gecikdiyindən yenə Azərbaycana gəlmiş, Qulamla Masallı şəhərində yerləşən Seyidlər çayxanasında o, Fikrət, oğlu Elxan oturub həmin bu malları söhbət edəndə də, Fikrətin ona əskik çəkidə verdiyi malların İranlıya aid olmadığını və həmin malları Fikrətin geri götürməsini istəyəndə, Fikrət həmin malları ondan götürməkdən imtina etmişdir. Bundan başqa onun əvvəlki partiyada gələn maldan İranlıya 60000 ABŞ dolları məbləğində borcunun olduğunu və bu hissədə malı satıb ona verməyini danışmış, həmin ərəfələrdə Fikrətdə 40 ton çəkidə sarı XB ip malı qaldığını demiş, çayxanada söhbətindən sonra X23 Qulamla özü tək işləmək istədiyi fikrini bildirdiyi vaxt, İranlı Qulam ona Mahirsiz işləməyəcəyini və Fikrətə mal verməyəcəyini bildirmişdir. Həmin vaxt Fikrət cibindən 10000 ABŞ dolları çıxarıb İranlı Qulama borcdan vermişdir. Bir neçə gündən sonra Fikrət İrana gedərək Qulamla görüşüb demişdir ki, qalan malları və pulu Mahirə verməyəcək, get özün Mahirdən ala bilərsən. Qulam da Bakıya gələrək onun üstünə tanımadığı bir şəxsi gətirərək Fikrətdə qalan malının dəyərində pulu ona ödəməsi ilə bağlı öhdəlik qoymağa çalışmışlar. Qulam bildirmişdir ki, burda onu tanıyır, malı da ona vermiş, həmin malı Fikrətə vermisən, indi Fikrət deyir ki, nə pul, nədəki mal verməyəcək, buna görə ya malı, ya da malın pulunu qaytarmalısan. Bu vaxt telefonla Fikrətə zəng edərək onunla söhbət etmiş, ondan polisə şikayət edəcəyini bildirəndə Fikrət demişdir ki, get hara istəyirsən şikayət elə, hər yerdə adamım var, nə malı, nə də ki, bir qəpikdə pul verməyəcəkdir. Sonra Fikrət onu söyüb təhqir etmişdir. Belə olan halda İranlı Qulamla gələn şəxs təkidlə Qulama qaytarılacaq malı və yaxud pulunu hədə ilə ondan tələb etmiş, başqa bir bədbəxt hadisə olmaması, uşaqlarının başına bir iş gəlməməsi üçün qardaşlarının, anasının, qayını Ceyhunun, qayını Talehin, dostu Vidadinin, qohumu Cavidin və uşaqlarının yanında bütün əmlaklarını dəyərindən çox ucuz qiymətə satıb Fikrətin borcunu İranlı Qulama əlbə-əl vermişdir. Bundan sonra Fikrətin başqa-başqa şəxsləri aldadaraq pullarını mənimsədiyi üzə çıxmış və həmin adamlar onun qohumları və tanışları olmuşdur. Onlarla birləşib Fikrətin barəsində rayon Prokurorluğuna gedib şikayət etmək istəyən vaxt, Fikrət bundan xəbər tutduğundan, onunla əlaqə yaradaraq şikayət etməməsi və onda olan sarı XB ip malını, maldan gələn qazancını da geri qaytaracağına söz vermişdir. Lakin Fikrət bunada əməl etməmiş, həmin vaxtdan onun İrandan gətizdirdiyi 40 ton çəkidə sarı XB ip Fikrətdə qalmışdır. Fikrətə verdiyi malları əvvəlki gündən ondan almaq istəyən vaxt Babək ona mane olaraq namusu üzərinə and içərək həmin malların pulunu və yaxud Fikrətin qaytarmadığı təqdirdə özünün qaytaracağına söz verdiyindən, Babək də həmin işə şərik olaraq ona atmışdır, bu səbəbdən Babək də ona borclu qalmışdır. Bu işlə bağlı Fikrətin səs yazıları və digər sübut növündə Fikrətin əl yazmaları onda var və onları məhkəməyə təqdim edir. Bundan əvvəl 09 mart 2022-ci ildə tələbi üzrə Masallı rayonunda mediasiya prosesi baş tutmuş, lakin cavabdeh mediasiya prosesinə gəlmədiyindən, həmin tarixdə mediasiya arayışı verilmişdir. Cavabdeh X11 iddiaya qarşı yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, iddia tamamila yalan və böhtandır. Bir neçə illərdir ki, İddiaçı ona və qardaşlarına bilə-bilə yalandan polis, prokurorluq va məhkəmə orqanlarına şikayətlər verir, onu narahat edir və ailəsinə çörək pulu qazanmağa imkan vermir. Ozü də bunu başına yığdığı bir qrup insanlarla edir. İddiaçı İrandan nə mal gatirib, nədə ondan mal almamışdır. İddia ərizəsini alan kimi dərhal Gömrük Komitəsinə va Vergi orqanlarına teleqramlar vurmuşdur. Orqanlardan aldığı sənədləri məhkəməyə təqdim edir. Mahirin vəkili Nicat dedi ki, guya bu 950 ton xammalı hansısa Calilabad uşaqlarının adı ilə İddiaçı ölkəyə idxal etmişdir. Bu tamamilə yalandır. O, həmin adam kimdirsə qoy mahkəməyə dəvət olunsun və desin ki, bu xammalı İrandan o, gətirmiş və Mahirə vermişdir. Əgər gətiribsə, xammalı Gömurük sənədlərini məhkəməyə taqdim etsin. Sonra onun vəkili dedi ki, əl yazmaları var və s. İstəyir ki, birinci məhkəməni təkrar təşkil etsin. Həmin məhkəmədə də o, Mahirin vəkili idi. Bu ikinci iddia ərizəsini də, o bilərəkdən birinci məhkəmə ilə əlaqələndirmişdir. Bu iddia tamamilə yalandır. O, heç vaxt İddiaçı ilə alver etməmişdir. İnistutdan sonra indiyə qədər də, qardaşı İlqarın yanında işləyirlər. Mahir bazarda ayaqqabı satırdı. Sonra Mahirin bacanağı olan qardaşı Babayev İlqarın alverinə xainlik edərək balaca qardaşı Babayev İlyasla əlaqəyə girərək, İlyas bu işi bildiyinə görə onlara qarşı yəni, İlqar ilə Fikrətə qarşı onlar Mahir və İlyasla sağlam olmayan rəqabətə başladılar. Bir müddət sonra Azarbaycanda dolların kursu iki dəfə dəyişəndən sonra onlar alverdə uduzmuş, rəqabəti saxlamağa məcbur olmuşlar və ziyana düşmüşlər. Sonra onlar başladılar bir-birini ittiham etməyə, hər gün gəlib İlyasın həyətində dayanırdılar. X35 dedi ki, onun bacanağı idin, gərək gedib oz alverini edərdin. Onların ata-baba sənəti olan alverə girməyəydin. O, ali savadlı iqtisadçı olduğundan, anası ondan xahiş etdi ki, Mahirlə İlyasın alverini bir-birindən ayrılmasına köməklik etsin. Heç birinin qanuni dəftəri yox idi. Mahirə koməklik etmişdir ki, onun İlyasdan alverinin ayrılmasına və bir-birinə olan borclarını, öz xətti ilə onların hər ikisini qeyd etmişdir ki, İlyasdan qalıq malların alınıb Mahirə qaytarılmasına köməklik etmişdir. Həmin vaxlar dollara görə vəziyyət pis olduğuna görə İlyas özü alver etdikcə onun pulunu qaytarırdı. İlyası taləsdirdiyinə görə, bir dəfə onunla telefonda dalaşmış, İlyas onun pulunu yavaş-yavaş olsa da, tamamilə qaytarmışdır. 3 ildən sonra İddiaçı xəttinə görə düşdüyü ziyanın əvəzini çıxmaq üçün onu məhkəməyə vermişdir. İddiaçı İlyas haqqında polisdə bir neçə şikayət ərizələri vardır. Əgər bu dedikləri yalandırsa, onda Mahir onu İlqar və İlyası guya dələduzluq edib onun pulunu mənimsəmək haqqında Baş Prokurorluğa verdiyi şikayət buna sübutdur. Əgər onun şikayati ancaq onunla idisə, onda İlqar və İlyasdan nəyə görə şikayət etmişdir. Birinci iddia ərizəsində deyirdi ki, guya Fikrətin də adına mal vurmuşdur. O, özü və yaxud Mahirin adına ölkəyə mal idxal etməmişdir. Bunlar yalandır. Həmişə daxili bazardan Sədərək Ticarət obyektindən, yəni ikinci əldən mal almışdır. Bir başa xaricdən mal gətirməyə onların maddi imkanı olmamışdır. Bir daha onu qeyd etmək istəyir ki, XB-nin vətəni dunyada 80% Banqladeşdə, 20% Hindistanda yetişir. Onu oradan İrana, sonra Azərbaycana idxal etmək birbaşa Azərbaycana idxal etməkdən 1 manat baha başa gəlir. Ona görə də onu İrandan kim gətirsə rəqabətdə birbaşa gətirməklə sata bilməz. Demək ki, bu iddia tamamilə yalandır. Burda XB təbii məhsuldan hazırlanmış xammaldır, rütubətli yerlərdə tez çürüyür. Onlar heç vaxt onu Sədərək ticarət mərkəzindən bir tondan artıq almamışlar. Bir də iddia edir ki, xammalı aparıb bazarda satdılar. O bilmir ki, xammalı istehsal edib hazır ip halına salmadan bazarda satmaq olmaz. Bu 950 ton xammalı istehsal etməyə onların kustar iş yerində 50 ilə qədər vaxt lazımdır. Bu iddia tamamila yalandır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmnu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X11 iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, e-2-2(121)-40/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı mövcud tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu təqdim edə bilməmiş, həmin hallar sübuta yetirilmədi. İddia əsassız olduğundan təmin oluna bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X18 ilə təxminən 2010-ci ildən İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasında satışını həyata keçirirdik. Cavabdeh X11 mənimlə uşaqlıq dostu olduğundan və münasibətlərimiz yaxşı olduğundan, Talehlə aramızda olan ip alqı-satqısına şərik olmaq istədiyini bildirdi. Məndə bunu Talehə bildirdim, lakin Taleh 3-cü şəxsin şərik olmasına razılıq vermədi, ancaq mənimlə olan şəriklik münasibətlərinə son qoydu və Fikrətlə şərik ola bilərsən. Ancaq Talehin əhatəsi İran İslam Respublikasında böyük olduğundan, cavabdehlə Azərbaycana gətiriləcək iplərin hər tonunda ona 50 manat pul verməyimiz barədə razılığa gəldik. Fikrətlə şərikliyimiz ondan ibarət olmuşdur ki, mən maliyyə dəstəyi verəcəm, İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasına gətirib Fikrətə təhvil verəcəm, Fikrətdə iplərin hər kiloqramından mənə 0.30 manat mənə verməli idi. Məndə həmin puldan Talehə hər ton üçün 50 manat pul ayıracaqdım. Cavabdehlə aramızda olan razılaşmaya uyğun olaraq hər ay ipləri gətirib Fikrətin Masallı şəhərində yerləşən anbarında ona təhvil verirdim və onun anbardarı işələyən Şahid ipləri tərəzidə çəkərək Fikrətlə birlikdə təhvil almışlar. Bütün iplərin Fikrətə təhvil verilməsində Babək şəxsən iştirak etmişdir. Mən cavabdehə təxmini hesablamalarıma görə 300500 ABŞ dolları məbləğində XEBE (kanaf) ipi, rəngəli jilka ipi, ağ kapron ipi və pambıq ipi qarışıq təhvil vermişəm. Bundanda 10200000 ABŞ dolları qazancımız olmuşdur. Hal-hazırda cavabdeh tərəfindən mənə aşağıda adalarını çəkisi ilə birlikdə qeyd etdiyim iplərin dəyəri ödənilməmiş qalmışdır. 1. 96,750 dollar dəyərində 45 ton XEBE (kanaf) ipi 2. 41284,30 dollar dəyərində 19 ton 202 kq rəngəli jilka ipi, 3. 40000 dollar dəyərində 10 ton ağ kapron ipi 4. 20000 dollar dəyərində 10 ton pambıq ipi qarışıq. Mən cavabdehdən dəfələrlə mənə ipləri geri qaytarmasını və yaxud onların dəyərini tələb etmişəm. Hal-hazırda ilkin iddiam bundan ibarətdir ki, cavabdehdən 40 ton çəkidə sarı “XB ip”in naturada alınıb qaytarılması barədə qətnamə çıxarılmasını məhəmədən xahiş etdim. Digər tələblərim üzrə məhkəmə icraatları ayrıdır və ayrıca icraatda baxılır. Cavabdeh hazırki iş üzrə yalan ifadə vermiş, guya mənimlə ip alveri etmədiyini bildirmişdir. Cavabdeh əgər ipləri qaytarsaydı, mən ipləri satmaqla İran İslam Respublikasında yaranmış borcumu ödəyərdim. Ancaq cavabdeh dostluğumuza, qardaşdan da, artıq olmuş münasibətimizə xələl gətirmişdir. Mənim onunla uşaqlıqdan münasibətimizin pozulduğu dövrə kimi qardaşdan da, artıq xoş münasibətimiz olmuşdur. Mən bu müddətə kimi, qardaşdığımızın xatirinə dözmüşəm ki, bəlkə səhvini başa düşüb, məni saldığı çətin vəziyyətdən çıxardar, mənə olan borcunu geri qaytarar! Çünki, cavabdehin mənə qarşı etdiyi bu hərəkət nəticəsində mən bütün var dövlətimi itirmişəm. Belə ki, İran İslam Respublikası vətəndaşı olan Qulam adlı şəxs məndən iplərin dəyərini istəmiş, məndə məcbur olub, əlimdə olan əmlakları sataraq Qulama olan borcumu qismən ödəmişəm, lakin 20000-30000 ABŞ dollara yaxın borcum qalmışdır. Mən cavabdehlə birlikdə dəfələrlə İran İslam Respublikasına Qulam adlı şəxsin yanına gedib ipləri birlikdə seçmişik. Sonra mallar orda yük avtomobillərinə yüklənərək Azərbaycana yola salınmışdır. Bütün maliyyə dəstəyini mən etmişəm, malları Fikrətin anbarına çəkilərək təhvil verilməsi öhdəliyi məndə olmuşdur. Malların Fikrətə təhvil verilməsində Ceyhun, Elxan, Taleh adlış şəxslər iştirak etmiş və malları daşıyıb Fikrətin anbarına təhvil vermişdirlər. Babək Fikrətin işçisi, yəni anbardarı olmuşdur. İran İslam Respublikasından mal alıb Fikrətə təhvil verdiyim şəxslərin adlarını aşağıda qeyd edirəm. 1. X14-0098-***-***-**-** (İran nömrəsi) 2.Kərbalayı Salman-0098- ***-***-**-** (Şirkərin İran nömrəsi) 3.Nurəddin (Cəlilabad)-***-***-**-** Malları gətirib anbara təhvil verilməsində iştirak edən fəhlələrin və anbardarın adlarını aşağıda qeyd edirəm. 1.X6-Masallı r-n, Digah küç, ev 17, tel:***-***-**-** 2.X12-Masallı rayonu, Digah küçəsi, tel:***-***-**-** 3.Şahid- Masallı şəhəri, M.F.Axundov küçəsi, tel:***-***-**-** 4.X25- Masallı şəhəri, Digah küçəsi, ev 17, tel:***-***-**-** Yuxarıda adlarını qeyd etdiyim şəxslərin məhkəmədə izahatları ilə mənim tələbimin obyektivliyi tam şəkildə sübuta yetirilmişdir. Lakin məhkəmə cavabdehin yalan ifadələrinə inananaraq guya iplərin mənə məxsus olmamasını, XP ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına İddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən gödərilmişdir. Həmçinin həmin iplər Golam Mohammadiyə məxsus olmuşdur. XP iplərinin cavabdeh Fikrət Babayevə təhvil verilməsi də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunmadığını, XP ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına başqa şəxs(lər) tərəfindən göndərilməsi qənaətinə gəlmiş, iddiamın malın cavabdehdən naturada alınaraq mənə verilməsini tələb etməsi əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Digər tərəfdən Fikrət Babayev deyirdi ki, 80000 dollar pul hesabını qardaşı İlyasın borcunun hesab edib yazmışdır. Halbuki, mən İlyas ilə heç vaxtı şərikli alver etməmişəm, İlyasın mənə olan mal bircu bir dəfə 28000 dollar olmuş, İlyasda həmin borcundan bu günə kimi az-azda olsa özü mənə qaytarır. Əgər o, 80000 dolları borc İlyasa aiddirsə, ona Fikrət Babayev qardaşı İlyası məhkəməyə dəvət etsin görək o borc İlyasa aiddir ya yox. Lakin məhkəmə bu faktı araşdırmamışdır. Cavabdehlə aramızda yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası MM-in 770-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, maddənin məzmunundan da görünür ki, yerinə yetirilmiş işin qəbul edilməsi vəzifəsi sifarişçinin üzərinə qoyulmuşdur. Sifarişçi işi qəbul etməyə borcludur. Yerinə yetirilmiş işin qəbul edilməsi vəzifəsi sifarişçinin üzərinə düşdüyünə görə qanunverici onun tərəfindən işin müəyyən edilmiş müddətdə qəbul edilməməsini işin qəbul edilməsi kimi qiymətləndirmişdir. Beləliklə, podrat müqaviləsinə əsasən podratçı işi yerinə yetirmək, sifarişçi isə onu qəbul etmək vəzifəsi daşıyır. Əgər sifarişçi işi müəyyən edilmiş müddətdə qəbul etməmişdirsə, o, işi qəbul etmiş hesab olunur. Qanunverici podrat münasibətlərini tənzimləyən normaların heç birində podratçının yerinə yetirdiyi işi sifarişçiyə təhvil vermək vəzifəsini müəyyən etmir. Sifarişçi hesab edirsə ki, podratçı işi vaxtında, tam və keyfiyyətlə yerinə yetirməmişdir, onda həmin halları sübut etmək vəzifəsi istinad olunan maddi hüquq normalarına əsasən sifarişçinin üzərinə düşür. Cavabdehlə aramızda podrad müqaviləsi şifahi qaydada bağlanmış, malların cavabdehə tam şəkildə çatdırılması mənim üzərimdə olmuş, cavabdeh isə şifahi podrat müqaviləsinin şərtlərinə müvafiq olaraq malın dəyərini mənə çatdırmalı, məndə malların dəyərini İran İslam Respublikasında olan Kərbalayı Qulama çatdırmalı idim. Lakin cavabdeh aramızda bağlanmış şifahi podrat müqaviləsinin şərtlərini pozaraq, guya ona XB iplərinin çatdırılmadığını bildirmişdir. Halbuki, məhkəmə iclasında iştirak etmiş şahidlər X13, X18 və X12 ifadələrində malların cavabdehə çatdırılmasını təsdiq etmişdirlər. Digər tərəfdən mallar mənə İran İslam Respublikasından "xxxx" şirkəti tərəfindən gətirilmiş, həmin şəxslər malı mənə təhvil verdikdən sonra, XB iplərini şirkətdən təhvil götürmüşəm. Malları təhvil götürdükdən sonra, yük avtomobilləri vasitəsilə cavabdehə çatdırmışam. Cavabdehlə aramızda bundan öncə məhkəmə çəkişmələri olmuş, onun övladı olan X19 belə mənimlə cavabdehin arasında şərikli ip alveri olmasını təsdiq etmişdir. Həmçinin cavabdehin Masallı Rayon Məhkəməsində araşdırma aparılan zaman və məhkəmənin qətnaməsinin 2-ci səhifəsində izahatında qeyd etmişdir ki, “o, 2013-cü ildən iddiaçı ilə şərikli ip alveri ilə məşğul olmuş, razılıqlarına əsasən ipin alınması üçün lazım olan pul vəsaitini İddiaçı vermişdir, ip məhsullarını onlara İranın Ərdəbil şəhərindən Kərbalayi Qulam adlı şəxs göndərmişdir.” Buda öz-özlüyündə cavabdehin məhkəməyə təqdim etdiyi etirazının yalan və böhtan olmasını birmənalı olaraq sübuta yetirir. Eyni zamanda onu qeyd edim ki, mallar X27 adlı şirkət sahibinin adı ilə, şirkətin adı “ABAZAR HAMEDİ TRADENG” və “SAHRA TARABAR” CO LTD karqo şirkətləri vasitəsilə Azərbaycan Respublikasında olan "xxxx" Şirkətinə göndərilmiş, orada da mallarımı təhvil götürüb, maşınlar vasitəsilə Biləsuvar və Cəlilabad rayonlarından təhvil götürüb, Masallı rayonunda Babayev Fikrətin anbarında onun iştirakı ilə təhvil verilmişdir. İşin faktiki halları ilə cavabdehə malları çatdırmağım sübuta yetirilir. Belə ki, cavabdeh mən podratçıya sifariş olunmuş, iş əsas sifarişçi olan cavabdeh tərəfindən qəbul olunmuş, sifariş olunmuş işə görə podratçıya müəyyən məbləğdə pul vəsaiti ödənilməmiş, sifarişçi podratçı tərəfindən işin qüsurla yerinə yetirilməsi və ya yarımçıq yerinə yetirilməsi barədə heç bir irad bildirməmiş və podrat müqaviləsindən imtina etməmişdir. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Ona görə də cavabdehlə aramızda bağlanmış podrat müqavilələrində görülmüş işlər barədə cavabdeh tərəfindən yazılmış əl yazmlar ilə işin faktiki halları sübuta yetirilir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmədə iştirak emtəmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kommersiya mübahisəsinə 26 aprel 2023-cü il tarixində hər iki tərəfin iştirakı ilə keçirilən apellyasiya baxışı zamanı iddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etmiş olduğu səs yazısı Mülki Prosessual Məcəllənin 10.10-cu maddəsinin tələblərinə riayət edilməklə dinlənilmiş, səs yazısının tərəflər arasında 2015-ci ildə baş tutmuş telefon danışığından ibarət olduğu müəyyən edilmişdir. Səs yazısında İddiaçı cavabdeh Fikrət Babayevdn dəfələrlə malını nə zaman verəcəyini soruşur, lakin malın nə mal olması, hansı çəkidə olması bildirilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət ilə isə qohumluq münasibətləri vardır. Təxminən özünə məxsus avtomobil vasitəsi ilə İddiaçı məxsus ipləri meşok şəklində cavabdeh Fikrət Babayevə məxsus Masallı rayonu, Digah kəndində yerləşən anbarına aparmışdır. Anbarda Fikrətin anabardarı Babək adlı şəxs malları çəkərək təhvil götürmüşdür. Hər bir meşokun çəkisinin təxminən 50 kq olması yadına gəlir. X44 Respublikasından Azərbaycan Respublikasının Biləsuvar rayonuna gəlmiş, oradan da Cəlilabad rayonuna aparılmış, o, həmin malları gedib Cəlilabad rayonundan götürmüşdür. Mal 40 ton olmuş, 1 maşın isə 5 ton yük götürə bilir. Buna görə də, 8 dəfə ipləri avtomobilinə yükləyərək, gətirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət ilə isə qohumluq münasibətləri vardır. İddiaçı ilə bir neçə müddət şərikli alverləri olmuşdur. Belə ki, iddiaçı ilə şərikli İran İslam Respublikasından Kərbalayı Qulam adlı şəxsdən ip məhsullarını alıb satışını təşkil etmişlər. Lakin onun başqa işlə məşğul olması səbəbindən Mahirlə şəriklikdən imtina etmişdir. X15 iplərin alınmasında köməklik edəcəyini bildirmişdir. Mahir də Fikrətlə şərikli ip alveri ilə məşğul olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır, iddiaçı onun yeznəsi, Fikrət isə bibisinin həyat yoldaşıdır. Hər ayda bir dəfə Mahirə məxsus ipləri Fikrətin anbarına aparıb boşaltmışdır. Ondan başqa Fikrətin fəhlələri orda olmuş, ona köməklik etmişlər. O, Fikrətin fəhləsi kimi anbarda işləmişdir. İş materiallarında olan İddiaçı cavabdehlər X5 və X7 qarşı "pul" tələbinə dair Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı 31 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı 33840 ABŞ dolları məbləğində pulun, 10000 manat əldən çıxmış faydanın, 4974 ABŞ dolları banklara veriləcək faiz məbləğlərinin cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında şərtləri şifahi şəkildə razıldaşdırılmış münasibətlər olmuşdur. Belə ki, tərəflərin izahatlarından məlum olur ki, onlar arasında razılaşma İran İslam Respublikasından gətirilmiş ip məhsullarının satılması, satışdan əldə olunan qazanc götürmələrinə yönəlmiş olmuşdur. Həmin məhsullar həm iddiaçının, həmdə cavabdehin adına gəlməklə sonda Fikrət Babayevə verilmiş, sonuncu isə qeyd olunan məhsulu satmaqla iddiaçıya pul ödəmək öhdəliyini üzərinə götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, İddiaçıla cavabdeh Fikrət Babayev arasında ip alverinə görə pul münasibətləri olmuş, bununla bağlı 2015-ci ildə X28 Muxtarova 24000 ABŞ dolları borcu olmuş, həmin ərəfədə İddiaçı əlavə 31340 ABŞ dolları da olmaqla ümumi borcu 55340 ABŞ dolları olmuşdur. Həmin borcundan 10000 ABŞ dollarını Fikrət Babayev özü ödəmiş, qalan borcundan isə 16200 manatı oğlu Vüqar və Hikmət vasitəsilə ödəmişdir. Həmin məbləğin 4200 manatını ABŞ dollarına münasibətdə 1.05 nisbətində, qalanını isə 1.60 nisbətində hesablamaqla 11500 ABŞ dolları kimi qiymətləndirmişlər. X16 İddiaçı cəmi 33840ABŞ dolları (55340-21500) borcu qalmışdır. Məhkəmə iddianı qismən təmin etmiş, cavabdeh X2 33840 ABŞ dolları məbləğində pulun alınaraq İddiaçı Hacıağa oğluna verilməsini, iddianın qalan hissələrdə təmin olunmamasını qət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2592/2020 saylı 19 may 2020-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı 31 iyul 2019-cu il tarixli qətnaməsi İddiaçı və cavabdeh Fikrət Babayev tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(106)-3418/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Fikrət Babayev tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(106)-3418/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X8, İddiaçı Hacıağa oğlu, X6, X9, X3 ilə X20 və X11 arasında borc münasibətləri yarandığından X20, X21 və X4 barəsində cinayət işinin başlanması rədd edilməsi və qərarın surətləri şikayətçi tərəflərə göndərilməklə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüquqları onlara izah edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Masallı RPŞdə toplanmış xx.xx.2020-ci il tarixli, HK-1/1739 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Masallı RPŞdə toplanmış xx.xx.2020-ci il tarixli, HK-1/2010 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, X4 müraciəti əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2022-ci il tarixli, HK1/619 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanladığı məktubdan görünür ki, araşdırma zamanı şikayət etdiyi X10 tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2021-ci il tarixədək heç bir idxalixrac əməliyyatı aparılmadığı müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı cavabdehlər X5 və X7 qarşı "pul" tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı 31 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçıla cavabdeh Fikrət Babayev arasında İran İslam Respublikasından gətirilmiş ip məhsullarının satılması, satışdan qazanc əldə olunmasından ibarət şifahi şəkildə razıldaşdırılmış münasibətlər olmuşdur. Həmin iş üzrə iddiaçının özü məhkəməyə verdiyi iddiasında qeyd edir "Daha sonra 2016-cı ilin aprel ayında oturub haqq-hesab elədik, öz xətti ilə yazdıki mənə birinci partiyadan 24000 ABŞ dolları, ondan sonrakı partiyadan 31340 dollar borclu qalıb. Cavabdehlər mənə borclu qaldığı 55340 ABŞ dolları borcdan 11500 ABŞ dolları bir və 10000 ABŞ dolları bir ödəyiblər. Hazırda mənə 33840 ABŞ dolları borcları qalmışdır". Göründüyü kimi iddiaçı qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehə qarşı gələn mal partiyalarına görə 33840 ABŞ dolları məbləğində borcun ödənilməsi tələbini irəli sürmüş, sübut kimi aralarında aparılmış haqq hesabla bağlı cavabdehin yazdığı yazını təqdim etmiş və iddiası həmin hissədə sübuta yetmişdir. Hazırda isə iddiaçı yenidən eyni münasibətlər, yəni İran İslam Respublikasından gətirilmiş ip alveri üzrə cavabdehə qarşı iddia irəli sürərək, cavbdehdə 40 ton çəkidə sarı XB ip malının qaldığını bildirib naturada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə cavabdehlə aralarında olan ip alveri üzrə münasibətləri pozulandan sonra, cavabdehdə 40 ton çəkidə sarı XB ip malının qalmasına dair hər hansı bir mötəbər sübut verilməmişdir. Bundan başqa əgər həqiqətən iddiaçının cavabdehdə həmin malı qalmış olsa idi, 2016cı ilin aprel ayında apardıqları haqq-hesabda buna da aydınlıq gətirilməli idi. Lakin yuxarda qeyd edildiyi kimi həmin haqq-hesabda iki partiya mal üzrə X28 Muxtarova borclu qaldığı məbləğdən bəhs edilir ki, buna da məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya iddianın sübuta yetməməsini əsas tutaraq təmin olunması üçün hquqi əsasların olmamasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 7 fevral 2023-cü il tarixli e-2-2(121)-40/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar