Məhkəmə qərarları › İş №2-2(106)-40/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-40/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-40/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: pul tələbi, podrat müqaviləsi X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı (MMC-nin) cavabdeh(MMC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1837/2023 saylı, 14 noyabr 2023-cü il tarixli (hakim Namidar Misirzadə) qətnaməsindən iddiaçı "Seaport Catering” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC cavabdeh MMC-yə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 13.040,17 manat əsas, 685 manat faiz borcunun və 200 manat mediasiya ödənişinin, ümumilikdə 13.925,17 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçının cavabdeh şirkətin əməkdaşlarını yemək xidməti ilə təmin etməsi, cavabdehin isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün 4,50 manat məbləğində xidmət haqqı ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehi həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Belə ki, sözügedən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil xx.xx.2022-ci il tarixli 389173 nömrəli elektron qaiməyə əsasən 1943.46 manat dəyərində, xx.xx.2023-ci il tarixli 501304 nömrəlielektron qaiməyə əsasən 6111.81 manat dəyərində, xx.xx.2023-ci il tarixli 085322 nömrəli elektron qaiməyə əsasən 4826.79 manat dəyərində, xx.xx.2023-ci il tarixli 045916 nömrəli elektron qaiməyə əsasən 3090.42 manat olmaqla ümumi 13.040,17 manat dəyərində xidmət göstərilmişdir. İddiaçının xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ƏDV daxil olmaqla 13.040,17 manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri cavabdeh tərəfindən hər növbəti ayın ilk 10 günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. İddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-ci il tarixli pretenziya məktubu göndərilmiş, yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. Əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1837/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "Seaport Catering” MMC-nin cavabdeh "S.S.S.-TTAS” MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-cu maddəsinə əsasən “Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır”. Bütün müqavilələr eyni zamanda əqd olduğundan, əqdlərə aid qaydalar müqavilələrə də şamil edilir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, e-2-2(121)- 1837/2023 nömrəli qətnamədə qeyd edilir ki, “tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmamışdır”. Qeyd etmək lazımdır ki, İddiaçı MMC müqaviləni tərtib edərək imzalı və möhürlü formada Cavabdeh MMC-yə göndərmişdir. Cavabdeh MMC tərəfindən isəmüqavilə imzalanıb möhürlənməsinə baxmayaraq İddiaçı MMC-yə göndərilməsi unudulmuşdur. Müqavilənin imzalı və möhürlü forması iddiaçıda olmaması müqavilənin bağlanmaması demək deyil. Müqavilənin bağlanmasına dair kifayət qədər tutarlı sübutlar mövcuddur. Bildirilməsi zəruri olan sübutlardan biri isə tərəflər arasında mülki dövriyyənin mövcud olması ilə bağlıdır. İş üzrə sübutlara diqqət yetirsək iddiaçı tərəfindən cavabdehə 18 noyabr 2022-ci il tarixli xidmət müqaviləsinə əsasən 501304 nömrəli EBCM seriyalı 6111.81 manatlıq elektron qaimə təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimə tədqim edildiyi gündən 12 gün sonra yəni xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən 2000 manat əsas borcdan, 932,32 AZN ƏDV borcundan ödəniş edilmişdir. Bu qeyd edilənləri isə iş materillarına əlavə olunmuş elektron qaimədən və ödəniş tapşırığından aydın şəkildə görmək olar. Yalnız bu sübut iddiaçının cavabdehə xidmət göstərməsinin, cavabdehin isə bunun qarşılığında ödəniş etməsinin ümumilikdə sözügedən müqavilə tərəfləri arasında hüquqi münasibət olmasını təsdiq edir. Bu sübutların bank tərəfindən təsdiq edilməsinin çox çətin proses olmadığı hər kəsə aydındır. X1 Məhkəməsinin mübahisəni tam araşdıraraq ədalətli qərar vermək niyyəti olsa idi pul köçürməsini həyata keçirən Banka yəni Kapital Banka sorğu verməsi yetərli idi. Tərəflərin müqavilə üzrə yaranan öhdəlikləri yerinə yetirməsinə dair belə bir sübutun olmasını görməzdən gəlmək, işin tam, hərtərəfli və obyektiv araşdırılmadığının göstəricisidir. Mülki məcəllədə müqavilələrin 3 növü müəyyən edilmişdir. Yazılı, şifahi və notarial qaydada. Xidmət müqaviləsinin də nə yazılı nə də ki, notarial bağlanılması ilə bağlı qanuni tələb mövcud deyildir. Tərəflər arasında mülki münasibətin (iqtisadi dövriyyə) olmasını nəzərə alaraq tərəflərin şifahi müqavilə bağladığı qənaətinə gələ bilərik. Məhkəmə tərəfindən bağlanılmış müqavilənin yalnız zahiri tərəfi nəzərə alınmışdır. Bağlanılmış müqavilənin həqiqi tərəfini görmək üçün isə tərəflərin iradə və niyyətlərinə nəzər yetirilməsi yetərlidir. Sözügdən qətnamədə qeyd olunur ki, “iddiaçı ilə cavabdehin nümayəndələri arasında aparılmış yemək sifarişləri ilə bağlı whatsapp yazışmalarının kimə məxsus olması və kiminlə aparılması müəyyən olunmamışdır”. Bunun isə tam absurd bir əsaslandırma olması göz önündədir.Təqdim edilmiş sübutların məhkəmə tərəfindən heçə sayılması sanki iddianı təmin etməmək üçün bütün sübutların kölgə altına alınmasına hesablanmışdır. Məhkəmə nə təqdim edilmiş sübutlardakı nömrə ilə nə də ki cavabdeh ilə əlaqə yaradıb bu nömrənin sahibinin Cavabdeh MMC-nin əməkdaşı olub-olmaması ilə bağlı heç bir məlumat almamışdır. Ümumiyyətlə yazışma aparan subyektin şəxsiyyətinin araşdırma apararaq müəyyən olunması məhkəmənin üzərinə düşən bir öhdəlikdir. Bununla yanaşı hakimin icraatında olan işlə bağlı hüquq qaydalarını tərəflərin irəli sürübsürmədiyindən asılı olmayaraq özünün birbaşa tətbiq etməsi onun qanuni vəzifəsidir.(AR MPM M.13.1, 217.1, 217.2 və Məhkəmələr və Hakimlər haqqındaqanunun m. 4). Hakimin icraatında olan işlə bağlı tətbiq etməli olduğu qayda yazılı hüquq qaydasıdırsa, bunun hakim tərəfindən müəyyənləşdirilməsi və bilinməsi məcburi bir vəzifədir. Məhkəmə isə üzərinə düşən öhdəliyi lazımi qədər yerinə yetirməyərək ədaləti təmin etmək əvəzinə tam əksinə bir qətnamə qəbul edir. Sözügedən qətnamədə hakimin qəti şəkildə istinad etməli olan Mülki Məcəllənin 329.2-ci maddəsi bir mənalı olaraq nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göstərilən Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "Seaport Catering” MMC ilə cavabdeh "S.S.S.-TTAS” MMC arasında xx.xx.2022-ci il tarixdə SSS#2022/11/18 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə "Seaport Catering” MMC-nin və "S.S.S.-TTAS” MMC-nin nümayəndələri tərəfindən imzalanmamış, eyni zamanda MMC-lərin möhürü ilə təsdiq edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli (EBCK seriyalı, 389173 nömrəli), xx.xx.2023-cü il tarixli (EBCM seriyalı, 501304 nömrəli), xx.xx.2023-cü il tarixli (EBCO seriyalı, 085322 nömrəli), xx.xx.2023-cü il tarixli (EBDB seriyalı, 045916 nömrəli) elektron qaimələrdən görünür ki, "Seaport Catering” MMC xx.xx.2022-ci il tarixdə 1.943,46 manat, xx.xx.2023-cü il tarixdə 6.111,81 manat (932,31 manat ƏDV olmaqla), xx.xx.2023-cü il tarixdə 4.826,79 manat, xx.xx.2023-cü il tarixdə 3.090,42 manat dəyərində mallarını göndərilməsinə dair xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə uyğun olaraq alıcı "S.S.S.- TTAS” MMC-yə elektron qaimələr göndərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının (müvafiq qaydada təsdiq olunmamış) kompüter çıxarışından görünür ki, "S.S.S.-TTAS” MMC tərəfindən "Seaport Catering” MMC-yə EBCM seriyalı, 501304 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 932,31 manat ödəniş edilmişdir. İş materiallarında olan **********/544387395 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən (çıxarış) görünür ki, "S.S.S.-TTAS” MMC tərəfindən "Seaport Catering” MMC-nin bank hesabına EBCM seriyalı 501304 saylı elektron qaimə üzrə 2000 manat ödəniş edilmişdir. İşə əlavə edilən "whatsapp” yazışmalarına dair çıxarışlardan görünür ki, "whats app” vasitəsi ilə yazışmalar aparılmışdır. Lakin, yazışmalar surət olmaqla kimə məxsus olması və yazışmaların kiminlə aparılması müəyyən edilmir. İşdə olan "Seaport Catering” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixinə "S.S.S.-TTAS” MMC-nin "Seaport Catering” MMC-yə olan kreditor borc məbləği ƏDV daxil 13.040,17 manat təşkil edir. Həmin akt "Seaport Catering” MMC-nin direktoru və baş mühasibi tərəfindən imzalanmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmişdir. İddiaçı xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC iddia ərizəsinə onunla Cavabdeh MMC ilə arasında xx.xx.2022-ci il tarixdə bağlanmış xidmət müqaviləsini əlavə etmiş olsa da, həmin müqavilə iddiaçının və cavabdehin nümayəndələri tərəfindən imzalanmamış, eyni zamanda MMC-lərin möhürü ilə təsdiq edilməmişdir. Həmçinin, araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə tərəfləri tərəfindən imzalanmamış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi əsasında cavabdehə elektron qaimələr göndərmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan yazışmaları araşdırmamış, elektron qaimələrin cavabdeh tərəfindən təsdiq edildiyini nəzərə almamışdır. Apellyasiya baxışında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğu verilmiş, 12 fevral 2024-cü il tarixli cavab məktubunda tərəflər arasında olan mübahisəli elektron qaimə-fakturaların cavabdeh tərəfindən yox, Sistemin özü tərəfindən təsdiq olunduğu bildirilmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi elektorn qaimə-fakturaların cavabdeh tərəfindən təsdiq edildiyi sübut edilmir. Eyni zamanda tərəflər arasında olan whatsapp yazışmalarının tərəflər arasında olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1837/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar