Məhkəmə qərarları › İş №2-2(106)-42/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-42/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-42/2024 29.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə öhdəliklərin icrası" tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-938/2023 saylı 17 noyabr 2023-cü il tarixli qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə öhdəliklərin icrası" tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 22 may 2020-ci il tarixli 09/00291 nömrəli operativ lizinq müqaviləsi üzrə 4000 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 22 may 2020-ci il tarixdə bağlanmış 09/00291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ödəməli olduğu 4500 manat vəsaitdən 500 manat ödəniş etmişdir. Cavabdehin cəmiyyətə hazırda 4000 manat borcu vardır. Dəfələrlə cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.4-cü bəndinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla, borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının MM-nin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki,"xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 09/00291 nömrəli xx.xx.2020-ci müqavilənin, onun əsasında imzalanmış təhvil-təslim aktının və iltizamın əsilləri onlarda yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, 09/00291 nömrəli xx.xx.2020-cil tarixli müqavilədəki və onun əsasında imzalanmış təhvil-təslim aktındakı və iltizamdakı imzalar ona məxsus deyildir. Belə ki, "xxxx" ASC ilə onun arasında müqavilə bağlanmamışdır. O, əvvəllər həmin idarədə işləsə də, hazırda başqa yerdə işləyir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunan müqavilə, təhvil-təslim aktı və digər sənədlərdəki imzalar ona məxsus deyildir. Buna görə də iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. Şirvan Kommersiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2-2(121)-111/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni iddianın sübuta yetməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC apellyasya şikayəti verərək ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 22 may 2020-ci il tarixli 09/00291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə onun istifadəsinə verilmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsi səbəbi kimi 09/00291 nömrəli 22 may 2020-ci il tarixli müqavilənin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyinə əsaslanmışdır. Halbuki qeyd edilən müqavilənin əslinin pdf formatında və rəngli şəkildə “Elektron məhkəmə” informasiya sistemində iş materiallarına əlavə olunmuşdur. İş üzrə espertiza elan olunmuş və məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin müqavilənin cavabdeh tərəfindən icra olunmasını sənədlərin kserosurət səbəbindən müəyyən etmək mümkün olmadığına əsaslanmışdır. Məhkəmənin sənədlərin əslinin iddiaçı tərəfindən təqdim edilməməsi qənaəti əsassızdır. Belə ki, ekspertizanın aparılmasını çətinləşdirəcək və ya onun aparılmasını qeyri-mümkün edəcək hal müəyyən olunmur. Təqdim olunmuş müqavilənin əslinin pdf formatında yazıların kifayət qədər oxunaqlı və aydın şəkildə olduğunu görmək mümkündür. Bu halları məhkəmənin diqqətinə çatdıraraq təkrar ekspertizanın keçirilməsi barədə cəmiyyətin vəsatəti məhkəmə tərəfindən qəbul edilməmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üç ün zəruri olan iş materiallarıdır. Məhkəmə eksertiza fəaliyyətini həyata keçirilməsi ilə bağlı təqdim olunan tədqiqat obyekti olan sənədin (müqavilənin) əslinin təqdim olunması ilə bağlı hər hansı imperativ norma yoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. "xxxx" ASC ilə Cavabdeh arasında 09/00291 saylı xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən (SR-2045 markalı taxılyığan kombayn) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC ilə cavabdeh arasında lizinq obyektinin təhviltəsliminə dair xx.xx.2020-ci il tarixdə akt imzalanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun yaranmışdır qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqavilə(lər)si üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışın surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 09/00291 nömrəli müqavilə üzrə 4000 manat gecikdirilmiş borcu vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/1445 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-11-ci vərəqələrində "xxxx" ASC ilə Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin kserosurətinin 1-3-cü vərəqələrinin aşağı hissəsində əks olunmuş imzaların, 4-cü vərəqində “LİZİNQ ALAN İSTİFADƏÇİSİ” Cavabdeh” qrafasında və həmin vərəqin aşağı hissəsində əks olunmuş imzaların, 12-ci vərəqində olan xx.xx.2020-ci il taixli aktın kserosurətində “Təhvil aldı:” qrafasında, “AKT-ın doğruluğuna imza edirik:” hissəsində “3.” rəqəmi qarşısındakı və aktın aşağı hissəsində əks olunmuş imzaların, 13-cü vərəqində xx.xx.2020-ci il tarixli olan iltizamın kserosurətində əks olunmuş “интизмы мəним созумлə jазылыб ичадан оxyдyм ез имзамла тəcдиг eдирəм” yazıları qarşısındakı imzanın, “İmza:” qrafasında əks olunmuş imzanın və iltizamın aşağı hissəsində əks olunmuş imzanın - eyni bir şəxs tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Həmin ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, tədqiq olunan imzaları öz aralarında və Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan sənədlər kserosurət olduğundan, imzaların tam əks olunmaması, hərəkətin başlanğıc və bitmə hissələrinin izləməyin mümkün olmaması, həmçinin Cavabdeh xətt və imza nümunələrində həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatın seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların eyni bir şəxs tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya baxışı zamanı yenidən məhkəmə xətşünaslıq ekspertizası təyin olunaraq ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur: İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sisteminə yüklənmiş tərəflər arasında bağlanmış müqavilə və dəgər zəruri sənədlərin pdf formatından istifadə etməklə 22 may 2020-ci il tarixli müqavilənin lizinq alan istifadəçi qrafasındakı, texnikanın təhvil verilməsi barədə 28 may 2020-ci il tarixli aktın təhvil aldı qrafasındakı, 29 may 2020ci il tarixli iltizamdakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması müəyyən edilsin? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli 4/302 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 161-164cü vərəqlərindo olan 09/00291 nömrəli xx.xx.2020-ci il tarixli müqavilənin kserosurətində “LİZANQ ALAN İSTİFADƏÇİ” qrafasında əks olunan imza, xx.xx.2022-ci il tarixli aktın (i.v 165) kserosurətində “Təhvil aldı” qrafasında əks olunmuş imza və xx.xx.2022-ci il tarixli iltizamın (i.v.166) kserosurətində “İmza” qrafasında əks olunmuş imzanın – Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 104 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki halda iddiaçı cavabdehlə aralarında 22 may 2020-ci il tarixdə 09/00291 nömrəli operativ lizinq müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə 1 ədəd SR- 2045 markalı taxılyığan kombaynı istifadəyə verdiyini, müqavilə şərtlərinə əsasən cavabdehin ödəməli olduğu 4500 manat vəsaitdən 500 manat ödəniş etdiyini, 4000 manat borcunun qaldığını bildirərək, öhdəliyin icrası tələbini irəli sürmüşdür. Cavabdeh isə iddianı qəbul etməyərək, iddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığını bildirib rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, 09/00291 nömrəli 22 may 2020-cil tarixli müqavilədəki, təhvil-təslim aktındakı və iltizamdakı imzalar ona məxsus deyildir. "xxxx" ASC ilə onun arasında müqavilə bağlanmamışdır. O, əvvəllər həmin idarədə işləsə də, hazırda başqa yerdə işləyir. İddiaçı tərəfindən müqavilə üzrə cavabdehin 500 manat ödəniş etdiyi bildirilsə də, həmin ödənişi təsdiq edən qəbz məhkəməyə təqdim olunmamışdır. İş materiallarına istinad olunan müqavilələrin yalnız kserosurətləri əlavə edilmiş, məhkəmə tərəfindən dəfələrlə əsillərinin təqdim olunması tələb olunsa da, təqdim edilməmişdir. İşdə olan sübutlar əsasında həm birinci instansiya məhkəməsi tərəfindən, həmdə apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri ilə 09/00291 nömrəli 22 may 2020-ci il tarixli müqavilənin kserosurətində “LİZANQ ALAN İSTİFADƏÇİ” qrafasında əks olunan imza, xx.xx.2022-ci il tarixli aktın (i.v 165) kserosurətində “Təhvil aldı” qrafasında əks olunmuş imza və xx.xx.2022-ci il tarixli iltizamın (i.v.166) kserosurətində “İmza” qrafasında əks olunmuş imzanın - Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən cavabdehə operativ lizinqə kənd təsərrüfatı təyinatlı texnikanın verilməsini, şərtləşdirilmiş istifadə qaydalarını, cavabdeh tərəfindən ödəniş edilməsini, texnikanın müddətin sonunda qaytarılmasını, dolayısı ilə cavabdehlə müqavilə münasibətlərində olmalarını və icra edilməmiş öhdəliyinin yaranmasını təsdiq edən hər hansı bir sübut verilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli e-2-2(121)-938/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar