Məhkəmə qərarları › İş №2-2(106)-49/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-49/2023

08.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-49/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-729/2023 saylı 14 mart 2023-cü il tarixli qərardadından (hakim Z.Abbasov) iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X2 qarşı “qanunsuz olaraq zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən 1 saylı X7 istifadəsində və dövlət mülkiyyətində olan 29132.9 kv.metr torpaq sahəsinin X4 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.metr və 58 kv.metr hissələrinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində ünvan 1i ünvanında yerləşən dövlət mülkiyyətində olan, 1 saylı X7 yerləşdiyi torpaq sahəsinin 1373.3 kv.metr və 58 kv.metr hissəsinin X4 tərəfindən qanunsuz olaraq zəbt edildiyi aşkar olunmuşdur. 1 saylı X7 əmlakı Dövlət Əmlak Komitəsi ilə Fabrikin əmək kollektivi arasında bağlanılmış 15 fevral 1999-cu il tarixli 12929 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən özəlləşdirilmiş və onlara qeyd edilən əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən 22 fevral 1999-cu il tarixli 12387 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Lakin fabrikin yerləşdiyi, 30 sentyabr 1998-ci il tarixli texniki pasporta əsasən sahəsi 32823.8 kv.metr (hazırda faktiki 29132.9 kv.metr) olan torpaq sahəsi özəlləşdirilmədiyindən, dövlət mülkiyyətində qalmışdır. X4 hər hansı hüquq müəyyənedici sənəd olmadan, dövlətin mülkiyyət hüququ pozulmaqla 1 saylı X7 istifadəsində olan torpaq sahəsinin 1373.3 kv.metr və 58 kv.metr hissələrini qanunsuz olaraq zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahələri 1 saylı X7 texniki pasportunda göstərilmiş hüdudlar daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, yuxarıda qeyd edilən torpaq sahələrini zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin 3.0.46-cı bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq xidmətin vəzifələridir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə 21 fevral 2023-cü il tarixli 3-21-3/2- 2113/2023 nömrəli pretenziya məktubu göndərilərək, zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə, yəni Əmlak Məsələləri Dövlət Xidmətinə qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Qeyd edilən pretenziya məktubu elektron qaydada cavabdehə çatdırılmışdır. Lakin cavabdeh torpaq sahəsinin boşaldılaraq xidmətə qaytarılması üçün heç bir tədbir görməmişdir Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-729/2023 saylı 14 mart 2023-cü il tarixli qərardadı ilə iddiaya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmaması əsası ilə Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinadla iddia ərizəsi geri qaytarılmışdır. Eyni zamanda iddiaçıya Mülki Prosessual Məcəllənin 403-1.3cü maddəsinə müvafiq olaraq məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətin Məcəllənin 407.1–407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilməli olması, şikayətə vəkil orderinin əlavə edilməli olması izah olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti şikayətlə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 14 mart 2023-cü il tarixli e-2- 2(121)-729/2023 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını obyektiv və ətraflı araşdırmamış və əsassız olaraq bu qənaətə gəlmişdir ki, hazırkı tələbi iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz. Halbuki, hazırkı mülki iş üzrə cavabdeh X1 subyektidir. Ona 26 sentyabr 2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda, hazırkı iş üzrə cavabdeh fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, iddiaçı isə hüquqi şəxs olmaqla mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-729/2023 nömrəli nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul olunaraq mahiyyəti üzrə baxılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-729/2023 saylı 17 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları şikayətə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayəti baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərən birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinadla işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə (14 mart 2023-cü il tarixli qərardad 3-cü vərəq axırıncı abzas) geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, məhkəmə aidiyyəti haqqında qərardaddan verilmiş şikayətə baxaraq apellyasiya instansiyası məhkəməsinə göndərməklə Mülki Prosessual Məcəllənin 269.3, 402.3, 403-1-ci maddələrinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin : 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Göründüyü kimi birinci instansiya məhkəməsi, məhkəmə aidiyyəti ilə bağlı Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinadla qəbul etmiş olduğu qərardadından verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinin tələbinə uyğunluğunu yoxlayaraq, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri etməli olduğu halda, şikayətə baxaraq təmin etməmiş və iş materiallarını şikayətə baxılmasından ötrü məhkəmə aidiyyəti üzrə şikayətlərə baxmaq səlahiyyəti olmayan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 729/2023 saylı 14 mart 2023-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 269.3, 402.3, 403-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-729/2023 saylı 14 mart 2023-cü il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinin tələbinə uyğunluğunu yoxlayaraq, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü iş materialları Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar