Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-53/2024 02.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, iddiaçı “X7 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli e-2-2(121)-207/2024 saylı qərardadından (hakim Z.Abbasov) iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı “X7 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 7 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”a əsasən Kürdəmir rayonu, Mollakənd kəndinin ərazisində yerləşən və “X7 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən Cavabdeh və digər şəxslərin çıxarılması, Cavabdeh və digər şəxslərə “X7 Təsərrüfatı” MMC-nə mülkiyyətində olan qeyri-yaşayış binasından və istifadəsində olan torpaq sahəsindən istifadəsinə maneələrin qadağan edilməsi, giriş-çıxış yollarının cavabdehin öz hesabına əvvəlki vəziyyətə bərpa edilməsi, “X7 Təsərrüfatı” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasının Cavabdeh öz vəsaiti hesabına istifadəyə yararlı vəziyyətdə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1995-ci il tarixdən Kürdəmir rayonu Mollakənd kəndinin ərazisində yerləşən 0.4776 ha torpaq sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək məqsədilə ümumi sahəsi 86 kv.metrdən ibarət qeyri-yaşayış binası inşa edib, müəyyən müddət ərzində həmin qeyri-yaşayış binasında fəaliyyət göstərmişdir. Sonradan qeyri-yaşayış binasında fəaliyyətini dayandırmış və qeyriyaşayış binası müəyyən müddət ərzində istifadəsiz qalmışdır. Ailələrində yaranmış ciddi problem səbəbindən bir müddət kənddə yaşamamalarından istifadə edən, ona məxsus qeyri-yaşayış binasının qonşuluğunda fəaliyyət göstərən kafenin sahibi, Cavabdeh ona aid əmlakı mənimsəmişdir, qanunsuz olaraq zəbt edib, istifadə etməkdə davam edir. Cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, qarşılıqlı şikayətlər olmuş, araşdırmalar aparılmış, müxtəlif inzibati qərarlar qəbul edilmişdir. Buna baxmayaraq cavabdeh zəbt etdiyi qeyri yaşayış binasından çıxmaq istəmir. Qanunsuz olaraq faydalanaraq hər dəfə onlarla mübahisə edir. Cavabdehin qanunsuz əməlləri nəticəsində sahədə nə fəaliyyət göstərmək olur, icarə və istifadə mümkünsüz olmuşdur. Cavabdeh tərəfindən qanunsuz zəbt olunan qeyri-yaşayış binası 1995-ci il tarixdən "X7 Təsərrüfatı" MMC-nin xüsusi mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adına 7 ynvar 2020-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Cavabdeh isə xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasını qanunsuz zəbt edərək, onların mənafeyinə zidd hərəkətlər edib, hüquqlarını pozur. Bununla əlaqədar Kürdəmir Rayon Məhkəməsinə müraciət edilmiş, pandemiya və ekspertizaların gec cavab verilməsi səbəbindən məhkəmə araşdırması uzun müddət çəkmiş, məhkəmənin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehin iddiaçı "X7 Təsərrüfatı" MMC-nin mülkiyyətində olmaqla Kürdəmir rayonu Mollakənd kəndinin ərazisində yerləşən 0.0104 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.0 kv.metrdən ibarət qeyri-yaşayış binasından əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və əmlakdan istifadəyə cavabdeh tərəfindən edilən manələrin aradan qaldırılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(106)-531/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(041)-551/2020 saylı qətnaməsi ləğv olunmuş və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Sonradan həmin məhkəmə tərəfindən iddia baxılmamış saxlanmışdır. Qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş prosedurları keçərək hazırda hüquqlarının bərpası üçün yenidən müraciət etmişdir. Cavabdehin hazırda qeyd edilən mülkiyyətdə heç bir fəaliyyəti yoxdur, hətta VÖEN-ə əsasən sahibkarlıq fəaliyyəti uzun illərdir dayandırılmışdır. Özü isə müxtəlif vaxtlarda Rusiya Federasiyasında işləyir. Buna baxmayaraq buradakı nümayəndələri vasitəsilə iddiaçıya məqsədli, qərəzi və süni olaraq ziyan vurmaqda davam edir. Cavabdeh birinci instansiya məhkəməsinə işin icraatının dayandırılmasına dair ərizə ilə müraciət edərək, Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsinin üzərində, 0.0104 ha torpaq sahəsində yerləşən 86.0 kv.metr sahəsi olan qeyri-yaşayış binasının “X7 Təsərrüfatı” MMC-nin xüsusi mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın (Daşınmaz Əmlakın Dövlət reyestrində 3 nömrəli kitabının 11 nömrəli vərəqində, reyestr nömrəsi **********86-06301, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2020-ci il) etibarsız hesab edilməsinə, ləğv edilməsinə dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Şirvan İnzibati Məhkəməsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli 2-1(120)-2564/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Kürdəmir rayon Mollakənd kəndində 0.0104 ha torpaq sahəsində yerləşən 86.0 kv.m sahəsi olan qeyri-yaşayış binasının “X7 Təsərrüfatı” MMC-nin xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Həmin iş üzrə məhkəmə hazırlıq iclası 29 aprel 2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli e-2-2(121)-207/2024 nömrəli qərardadı ilə işin icraatı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Qərardaddan iddiaçı “X7 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ilə müraciət edən şəxs tələbini hələ dəqiq bilmir, ancaq hakim Zaur Abbasov dəqiq bilir ki, həmin iş üzrə yekun qərar qəbul edilənə kimi hazırkı iş dayanmalıdır. Saxta, süni olaraq düşünülmüş, artıq 6-cı ildir ki, qarşı tərəf bu tip ərizə və iddialarla polis və məhkəmə orqanlarını öz əməlləri və niyyətləri üçün alət və vasitə etmişlər. Hətta ilk məhkəmə iclasında əvvəlcədən təlimata əsasən vəsatət təqdim edərək bəyan etmişdir ki, inzibati məhkəməyə müraciət edəcəyik icraatı dayandırın, məhkəmə isə belə olmalıdır kimi təxirə salaraq icraata verilmə barədə sübut təqdim edilməsi üçün bizim iddiamız üzrə işi təxirə salır ki, müəyyən etsin iddia verilib ya yox. İddia nə iddia “çıxarışın etibarsız hesab edilməsi, ləğv edilməsi” tələbinə dair. Hesab edək ki, peşəkar hazırlanmış iddia olmaqla qanun çərçivəsindədir. Tərəf hələ bir neçə il çıxarışın etibarsız yaxud ləğvi dalınca düşəcək, kommersiya məhkəməsi isə bunu gözləyəcək. Bundan başqa cavabdeh özü qarşılqılı iddia təqdim edərək sənədlər əlavə etmişdir. Həmin sənədlərdə çıxarışı verən orqanın cavabdehlə əlbir olan bələdiyyəyə ünvanladığı 10 aprel 2023-cü il tarixli cavabdan müəyyən olunur ki, cavabdehin iddiaçının mülkiyyətindəki əraziyə aidiyyəti yoxdur. Başa düşməyənlər üçün sxem də əlavə etmişdir. Hətta bələdiyyə daha da irəli gedərək 17 iyun 2020-ci il tarixdə mövcud olmayan şəxsin adına arayış belə verməkdən çəkinmir. Qarşılqlı iddiaya daha sonra əlavə olunan sənədləri oxuyan olsa məlum olar ki, cavabdeh gah öz adından, gah iddiaçının qohumları adından müxtəlif vaxtlarda polis və məhkəmələrə müraciət edərək iddiaçının mülkiyyətinə sahiblik etməyə imkan verməmişdir. Hesab edirik icraatın dayandırlması obyektiv olaraq pozulmuş hüquqların bərpasına yönəlməmiş, əksinə iddiaçının hüquqlarının bərpasına maneə məqsədi daşıyır. “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına əsasən: 2.1 Məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilməlidir, 2.4 Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmalıdır. 6.3 Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2-2(121)-207/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, iş materialları şikayətə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 13 mart 2024-cü il tarixli 2-2(106)-53/2024 saylı qərardadı əsasında şikayətə məhkəmənin öz təşəbbüsü ilə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavabdeh iştirak etməmişdir. Kollegiya şikayətə iş materiallarına əlavə edilmiş sənədlər əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iş üzrə icraatı o əsasla dayandırmışdır ki, iddiaçının tələb irəli sürməsinə əsas verən subyektiv hüququ mübahisəli qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun mövcud olmasından yaranır və həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə cavabdeh tərəfindən inzibati icraat qaydasında mübahisələndirilmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, inzibati icraat qaydasında baxılan iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı ilə müəyyən edilən hallar, kommersiya mübahisəsi üzrə baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğu üçün inzibati icraat qaydasında baxılan iş həll edilməyincə kommersiya mübahisəsinə dair işə baxmaq mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılmasının təmin olunması, şəxsin pozulmuş hüquqların barpasının vacibliyi tələb edir ki, iş üzrə icraatın dayandırılması məsələsi həll olunarkən mübahisəni araşdıran məhkəmə mübahisənin obyektiv və operativ həll olunmasına mane olan halları dəqiq müəyyən etsin. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 13 iyul 2017-ci il tarixli qərarında da eyni mövqedən çıxış edərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş “icraatın dayandırılması” ifadəsi prosessual məna kəsb edərək, iş üzrə icraatın prosessual cəhətdən dayandırılmasını, yəni işin məhkəmə icraatından çıxarılmadan, icraatın müəyyən müddətə müvəqqəti dayandırılaraq, bu cür dayandırmaya əsas olmuş halların aradan qalxmasını gözləməyin prosessual qaydasını ehtiva edir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında icraatın dayandırılması üçün əsaslar sırasında işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi iddiaçının tələb irəli sürməsinə əsas verən subyektiv hüququnun mübahisəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun mövcud olmasından yaranmasına və həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın cavabdeh tərəfindən inzibati icraat qaydasında mübahisələndirilməsinə əsaslanaraq iş üzrə icraatı dayandırmışdır. Bu zaman birinci instansiya məhkəməsi mübahisəli daşınmaz əmlak üzərində iddiaçının dövlət qeydiyyatına alınmış hüquqlarını mübahisələndirmək üçün cavabdehin müvafiq subyektiv hüquqa malik olub-olmaması, olduğu halda iddianın uğurluluq ehtimalı üzərində hər hansı bir dəyərləndirmə aparmamış, sadəcə cavabdehin belə bir mübahisə açmasını iş üzrə icraatın dayandırılması üçün əsas hesab etmişdir. İş materiallarından görünür ki, hazırki mübahisə üzrə Cavabdeh Şirvan İnzibati Məhkəməsində qaldırdığı iddiasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab olunaraq ləğv edilməsi tələbini əsaslandırarkən "X7 Təsərrüfatı" MMC-nin təsisçisi X5 tərəfindən mübahisəli qeyriyaşayış sahəsinin və altındakı torpaq sahəsinin aldadılaraq ona satılması, "X7 Təsərrüfatı" MMC-nə verilmiş qeyri-yaşayış sahəsi yerləşən torpaq sahəsinin Kürdəmir rayon Mollakənd bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli iclasının qərarı ilə 99 il müddətinə ona verilmiş 0.35 ha torpaq sahəsi ilə üst-üstə düşməsi hallarına istinad etmişdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı Nemət Eyybovun inzibati məhkəmədə iddiasını əsaslandırdığı birinci hal, yəni mübahisəli qeyri-yaşayış sahəsi və altındakı torpaq sahəsinin "X7 Təsərrüfatı" MMC-nin təsisçisi X5 tərəfindən aldadılaraq ona satılması mülki-hüquqi əqdlərlə bağlı olmaqla inzibati məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. "X7 Təsərrüfatı" MMC-nə verilmiş qeyri-yaşayış sahəsi yerləşən torpaq sahəsinin Kürdəmir rayon Mollakənd bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli iclasının qərarı ilə 99 il müddətinə ona verilmiş 0.35 ha torpaq sahəsi ilə üst-üstə düşməsi halı özlüyündə Cavabdeh iddiaçının adına mübahisəli torpaq sahəsi ilə bağlı aparılmış qeydiyyatın düzgünlüyünü mübahisələndirməyə əsas versə də, hazırki işin materiallarından torpaq sahələrinin üstüstə düşməsi mötəbər sübutlarla təsdiqini tapmır. Kollegiya iş üzrə icraatı yuxarıda qeyd edilən əsaslarla dayandıran birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi vəsatətə baxaraq həll olunmasında prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət işdə olan sübutlar əsasında əsaslı olduğundan təmin edilməli, iş üzrə icraatın dayandırılmasına dair birinci instansiya məhkəməsinin 1 fevral 2024-cü il tarixli e-2-2(121)-207/2023 saylı qərardadı ləğv olunmalı, iş üzrə icraatın dayandırılmasına dair cavabdehin vəsatəti təmin edilməməli və mübahisəyə mahiyyəti üzrə baxılaraq həll edilməsi bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "X7 Təsərrüfatı" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli e-2-2(121)-207/2024 saylı qərardadı ləğv olunsun. İş üzrə icraatın dayandırılmasına dair Cavabdeh vəsatəti təmin edilməsin və iş materialları mübahisəyə mahiyyəti üzrə baxılaraq həll edilməsi bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Elçin Xasməmmədov
Məhkəmə qərarları › İş №2-2(106)-53/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-53/2024
02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver