Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-56/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “debitor borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli e-2-2(121)-93/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı (bundan sonra mətndə İddiaçı İB) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" MMC) qarşı “debitor borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək təbii qazdan istifadə edilməsinə görə yaranmış 54050.58 ( əlli dörd min əllki manat əlli səkkiz qəpik) manat debitor borcun və 252.40 manat ( iki yüz əlli iki manat qırx qəpik) ödənilmiş rüsumunun cavabdehdən məcburi qaydada tutularaq xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Kürdəmir rayonunda yerləşən "xxxx" MMC (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla **********00086 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə "xxxx" MMC arasında AMX2/2490 saylı, xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. "xxxx" MMC istifadə etdiyi təbii qazdan istifadəyə görə İddiaçı İB-nə 54050.58 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilər. Borclu təbii qazdan istifadə ilə bağlı yaranmış borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 Şirvan Kommersiya Məhkəməsinə vəsatətlə müraciət edərək, iş üzrə cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə "xxxx" MMC cavabdeh deyildir. Belə ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə icarə müqaviləsi bağlamış və həmin müqavilə ilə ünvan 1i ünvanında ümumi sahəsi 25 ha olan torpaq sahəsində yerləşən 50784 kv.metr istixana kompleksi Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin 11-ci bəndinə əsasən, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilki, kanalizasiya və və telefon abunə) istifadə edilməsinə görə haqlar icarəçi, yəni Cavabdeh tərəfindən ödənilir. Buna baxmayaraq işdə cavabdeh qismində "xxxx" MMC qeyd edilmişdir ki, bu da əsassızdır. Əsl Cavabdeh olmalıdır, çünki onun icarə dövründə borc yaranmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə elektron qaydada ərizə ilə müraciət edərək iş üzrə cavabdeh "xxxx" MMCnin əsl Cavabdeh Əvəz oğlu ilə əvəz olunmasına etiraz etmədiklərini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2159/2024 saylı qərardadı ilə İddiaçı İB-nin cavabdeh "xxxx" MMC-nə qarşı “debitor borcun tutulması” tələbinə dair iş üzrə cavabdeh "xxxx" MMC əsl Cavabdeh ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh vəkili,eyni zamanda nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli e-2-2(121)-93/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 387.3-cü, “Qaz təchizatı haqqında” Qanunun 12, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə mülki hüquq subyektləri arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün onların arasında müqavilə bağlanılması zəruri şərtdir və öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Paylayıcı və istehlakçı arasında qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən normaların tələblərinə görə isə, bu münasibətlərin yaranması üçün onların arasında müvafiq müqavilə bağlanmalıdır və qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı yalnız müqavilə əsasında həyata keçirilir. Üçüncü şəxslər üçün qazın istismarı və bundan irəli gələn digər məsələlərlərlə bağlı hüquq və öhdəliklərin yaranması üçün isə zəruri olaraq müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsnin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə aktı çıxarmışdır. Məhkəmə qətnamədə iddia tələbinin təmin edilməməsində belə qeyd edir ki,”Azəriqaz” İB-nin əsl cavabdeh olan Cavabdeh ilə arasında təbii qazdan istifadə ilə bağlı müqavilə bağlanmamış, adına qaz sayğacı qeydə alınmamışdır. “Aqro Teknoser “ MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 11-ci bəndində Kommunal xidmətlərdən (elektrik , qaz su, istilik , kanlazasiya və telefon abunəsi ) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danişiqları haqqı , o cümlədən vergi haqqları icarəçi tərəfindən ödənilir qeyd edilmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İddiaçı İB tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Təqdim edilmiş saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. O, cümlədən İddiaçı İBnin tələbin həcminin artırılmasına dair vəsatətinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bununla bərabər cavabdehin nümayəndəsi tərəfindən sözügedən istixananın Cavabdeh istifadəsində olduğunu təsdiq etmişdir. Həmçinin "xxxx" MMC tərəfindən Cavabdeh istixanaya maddi ziyan vurması ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. İddiaçı tərəfdən cavabdehin hesabında yaranmış borcun qanuni hesablanması halını təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, İddiaçı İB tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldolarına nəzər salınarsa hesabda yaarnmış borc 2023-cü ilin avqust ayından sonrakı dövrdə, Cavabdeh icarəyə verildiyi tarixdən yaranmışdır. Tərəflərindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki yaranmış borc yalnız Cavabdeh icarədar olduğu vaxt yaranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, İddiaçı İB-nin iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 vəsatətlə müraciət edərək MMC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməsini xahiş etmiş, bunu qəbul olunacaq qətnamənin hüquq və vəzifələnə təsir edəcəyi ilə əsaslandırmışdır. İddiaçıİB-nin nümayəndəsi Nümayəndə1 "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməsinə etiraz etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 aprel 2025-ci il tarixli protokol qərardadına əsasən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddiasının təminini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunumşdur: İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli AMX2-2490 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. “Abonentin saldosu”ndan görünür ki, **********00087 saylı abonent "xxxx" MMC-nin təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə yaranmış borc məbləği 54050,58 manat təşkil edir. İddiaçının cavabdeh "xxxx" MMC-nə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 54050,58 manat məbləğində borcun 3 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuşdur, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-nə xəbərdarlıq edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-nə məxsus olan ünvan 1i ünvanında ümumi sahəsi 25 ha olan torpaq sahəsində yerləşən 50784 kv.metr istixana kompleksi Cavabdeh icarəyə verilmişdir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1ci hissəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6- cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci hissəsinə əsasən, qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra akimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda və hədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya (Cavabdeh qarşı tələb üzrə) münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli e-2-2(121)-93/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-56/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-56/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver