Məhkəmə qərarları › İş №2-2(106)-6/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-6/2023

18.01.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-6/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-2(121)-478/2022 saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 10480 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mağazada qızıl əşyalarının satışı ilə məşğul olur. Mağazanın qonşuluğunda gözəllik salonunda işləyən, əvvəllər Mehparə adı ilə tanıdığı, əslində isə soyadı, adı və ata adı Cavabdeh ilə tanış olmuşdur. 2020-ci ilin mart ayında Cavabdeh işlədiyi qızıl mağazasına gələrək ondan xahiş etdi ki, ona alver etməsi üçün nisyə qızıl əşyaları versin, o, isə qızıl əşyalarını hissə-hissə satdıqca dəyərini ödəyəcəkdir. Mehparənin qonşuluqda olan gözəllik salonunda işləməsini və rayon sakini olmasını nəzərə alaraq onunla razılaşmışdır. Beləliklə, Mehparə ondan nisyə olaraq qızıl əşyaları götürərək hissə-hissə sataraq pulunu ödəyib, yenidən qızıl əşyaları götürməyə başlamışdır. Mehparənin yaxşı alver etdiyini görərək ona etibarı biraz da artmışdır. Lakin Mehparə 2020-ci ilin sentyabr ayından nisyə olaraq götürdüyü qızıl əşyalarının pulunu yaxın vaxtlarda ödəyəcəyini bildirərək, ondan bir neçə dəfə dəyərini ödəmədən qızıl əşyaları götürmüşdür. Mehparənin nisyə olaraq götürdüyü qızıl əşyalarının dəyərinin artdığını görərək ona daha qızıl əşyaları verə bilməyəcəyini bildirmiş və ondan nisyə olaraq götürdüyü qızılların pulunu istəmişdir. Mehparə ümumilikdə ondan nisyə olaraq götürdüyü 12500 manat puldan 2020 manat ona qaytararaq 10480 manat borclu qalmışdır. Bundan sonra Mehparənin gözəllik salonundan çıxaraq Bakı şəhərinə işləmək üçün getdiyini eşitmiş və ona telefonla zəng etmişdir. Mehparə Bakı şəhərində işlədiyini bildirərək aldığı maaşla ona olan 10480 manat borcunu ödəyəcəyini bildirsə də, bu günə kimi ona heç bir ödəniş etməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq bu barədə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(055)-1178/2021 saylı qətnaməsi (hakim M.Sadıqov) ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamə iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(106)- 325/2022 saylı qərardadı (hakimələr Z.Allahyarov, M.Həsənov, O.İsmayılov) ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2(055)-1178/2021 saylı qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-2(121)-478/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından iddiaçıya məxsus qızıl mağazasından dəyəri 12500 manat olan qızılzinət əşyalarının cavabdeh olan Cavabdeh tərəfindən götürülməsi müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdə iddiaçıya məxsus qızıl mağazadan dəyəri 12500 manat olan qızıl-zinət əşyalarının X6 tərəfindən götürülməsi qeyd edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 12500 manat məbləğində qızıl-zinət əşyalarının hazırki iş üzrə cavabdehə verilməsini əsaslandıran sübutları təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyinin yaranması sübut olunmur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunun məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-2(121)-478/2022 saylı qətnaməsində nəticənin, işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən qətnamə ləğv edilməli və şikayətinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh məhkəmə prosseslərində iştirak etməmişdir və o məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Hesab edir ki, məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Məhkəmə tərəfindən ədalət prinsipi pozulub. İnanır ki, məhkəmə apellyasiya şikayətini tam və hərtərəfli araşdırıb, ədalətli qərar qəbul edəcək. Hüquqlarının müdafiəsi üçün məhkəmə tərəfindən heç bir tədbir görülməyib. Cavabdeh onu aldadıb. Aldanmağına məhkəmə tərəfindən münasibət bildirilməyib. Cavabdehlə aralarında şifahi şəkildə razılaşmışdılar. Lakin cavabdeh razılaşmanı birtərəfli qaydada icra etməyib. Bu hala məhkəmə tərəfindən hüquqi qiymət verilməyib. Cavabdeh X11 ondan aldığı qızıl-ziynət əşyalarının dəyərini ödəməmişdir və öhdəliyini əsassız olaraq icra etmir. Məhkəmə bu halı nəzərə almadan cavabdehin xeyrinə qətnamə qəbul edib. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etd. Əlavə olaraq bildirdi ki, təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının rəyi onun iddiasının əsaslı olduğunu təsdiq etmişdir. Məhkəmədə iddiaçının vəkili X8 apellyasiya şikayətini əsaslı olduğunu, apellyasiya baxışı zamanı müəyyən olunan işin faktiki halları və təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə iddianın sübuta yetdiyini bildirib, təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh iş üzrə keçirilən bütün məhkəmə baxış iclaslarında hər hansı bir üzürlü səbəbini bildirmədən iştirak etməmişdir, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayəti əsasında kommersiya mübahisəsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görədə, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş (işin 38-ci vərəqi) iddiaçının sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı qəbzdən görünür ki, X1 Ruslan Əhliman oğluna məxsus qızıl mağazasından dəyəri “12 min 500 manat” olan qızıl-zinət əşyaları götürdyünü, lakin pulunu hələdə ödəyə bilmədiyini qeyd edərək, həmin pulu yaxıq günlərdə ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 7 dekabr 2021-ci il tarixli 2778 qeydiyyat nömrəli arayışında qeyd edilir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, halhazırda Bakı şəhərində yaşayır. Cavabdeh yaşadığı ərazidə hamı tərəfindən Mehparə kimi tanınır. Kommersiya mübahisəsinə apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu verilərək Cavabdeh şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər istənilmiş, həmin sənədlərin əsilləri məhkəməyə təqdim olunmuşdur. Daha sonra isə məhkəmə xətşünaslıq ekspekrtizası təyin olunaraq, ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı suallar qoyulmuşdur : İş materiallarında olan (işin 38-ci vərəqi) X2 adından tərtib olunmuş qəbzin mətninin Cavabdeh tərəfindən yazılıb-yazılmaması, qəbzdəki imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 dekabr 2022-ci il tarixli 4/1614 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş işin 38-ci vərəqində olan iltizamdakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir, 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur, 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin, 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı ilə şifahi bağlamış olduğu əşyaların (qızılzinət) alğı-satqısı müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, yəni almış olduğu malların dəyərini tam olaraq ödəmədiyindən, iddiaçının tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından əsaslı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunan hallarına əsasən Cavabdeh yaşadığı ərazidə hamı tərəfindəın Mehparə kimi tanınır (icra nümayəndəsinin arayışına əsasən). İddiaçının sübut kimi təqdim etmiş olduğu yazılı qəbz məhz X2 adından verilmişdir, sonuncu həmin qəbzdə iddiaçıdan aldığı qızıl-zinət əşyavlarına görə 12500 manakt borcunun qaldığını etiraf etmişdir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə X4 adından verilən qəbzdəki imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarılmasından ibarət iddiaçının dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinin əsaslarından biridir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırki iş üzrə iddianın qiyməti 10480 manat təşkil etmiş, apellyasiya baxışı zamanı təmin olunan hissədə 10480 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki halda iddianın mübahisələndirilən hissədə qiyməti on min manatdan artıq olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri olan apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət nəfinə keçirilməli, ödənilmiş dövlət rüsumu isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-2(121)-478/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 10480 (on min dörd yüz səksən) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 127 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X5, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən qanunla müəyyən olunan qaydada 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar