Məhkəmə qərarları › İş №2-2(106)-63/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-63/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-63/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Maftun Suleimanovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2-2(121)- 111/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında "pul" tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 1 iyun tarixli 09/00024203 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000.00 (üç min) manat borcun və 60.00 (altmış) manat mediasiya xərcinin, cəmi 3060.00 (üç min altmış) manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 2019-cu il 1 iyun tarixli 09/00024203 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Cavabdeh bağlanmış müqaviləyə əsasən 6000.00 (altı min) manat öhdəlikdən 3000.00 (üç min) manat ödəniş etmiş və hazırda 3000.00 (üç min) manat borcu vardır. Cavabdeh borcunu qaytarmadığından, dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsələr də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.4-cü bəndinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284- 5.2-ci maddələrinin tələbinə müvafiq olaraq iddia ərizəsinin surəti prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişlə cavabdehə təqdim olunmuş, qanunla müəyyən olunan müddət ərzində cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etiraz vermişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, məhkəmə işə iddia icraatı qaydasında onun və tələbkarın nümayəndəsinin iştirakı ilə baxsa, həmin məbləğdə borcunun olmadığını sübut edə bilər. Belə ki, iddiaçıya göstərilən məbləğdə borcu yoxdur. Çünki iddiaçıdan götürdüyü kombaynı 26 gün müddətində işlətmiş və işlətdiyi dövr üçün 3000 manat ödəniş etmiş, 26-cı gün həmin kombaynı aparıb servisə təhvil vermişdir. Buna baxmayaraq iddiaçı əsassız olaraq ondan 3000 manat ödəniş tələb edir. Necə ola bilər ki, 26 gündən artıq işlətmədiyi texnika üçün pul ödəsin. Şirvan Kommersiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli e-2-2(121)-2806/2022 saylı qərardadına əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2-2(121)-111/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında olan müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişdir. Belə ki, texnikanın istifadə dövrü 01 iyun 2019-cu il tarixdən 01 iyul 2019-cu il tarixədək qəbul edilməli, həmin dövr ərzində istifadəyə verilən texnikaya görə cavabdehin 3000 manat ödəniş etməsi nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və İddiaçıASC-nin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsnin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Şirvan Kommersiya Məhkəməsinin 16 mart 2023--cü il tarixli e-2-2(121)-111/2023 saylı qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Posessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli və iddinanın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Maftun Suleimanov apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 01 iyun 2019-cu il tarixli 09/00024203 saylı müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “kənd təsərrüfatı texnikasının qısa müddətli operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə texnikanın ödəniş məbləği 6000 manat olan, 2 ay müddətinə, 6 silindrli Sampo Rosenlew SR-2045 Classic markalı, buraxılış ili 2014-cü il olan, Z00819 mühərrik nömrəli, 561427 şassi nömrəli taxılyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə qısa müddətli lizinqə (istifadəyə) verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan texnikanın qısamüddətli lizinqə verilərkən tərtib edilən 01 iyun 2019-cu il tarixli F00024203 nömrəli “texniki vəziyyət haqqında” 1 saylı aktdan görünür ki, 6 silindrli Sampo Rosenlew SR-2045 Classic markalı, buraxılış ili 2014-cü il olan, Z00819 mühərrik nömrəli, 561427 şassi nömrəli taxılyığan kombayn "xxxx" ASC-nin Sabirabad RN-nin İmişli rayon bölməsinin rəhbəri tərəfindən Cavabdeh təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan texnikanın qısamüddətli lizinqə götürəndən geri alınarkən tərtib edilən 01 iyul 2019-cu il tarixli 8900 nömrəli “texniki vəziyyət haqqında” 2 saylı aktdan görünür ki, 6 silindrli Sampo Rosenlew SR-2045 Classic markalı, buraxılış ili 2014-cü il olan, Z00819 mühərrik nömrəli, 561427 şassi nömrəli taxılyığan kombayn Cavabdeh tərəfindən "xxxx" ASC-nin Sabirabad RN-nin İmişli rayon bölməsinin rəhbərinə təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, lizinq alan Cavabdeh tərəfindən 01 iyun 2019-cu il tarixli, 09/00024203 saylı müqavilə əsasında müəyyən edilmiş 6000 manat ödəniş məbləğindən 3000 manatı ödənilmiş, qalıq borc isə 3000 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC ("xxxx" ASC) tərəfindən Cavabdeh ünvanlanmış 02 noyabr 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ("xxxx" ASC) borclu Cavabdeh pretenziya məktubu ünvanlayaraq yaranmış 3000 manat məbləğində borcun qısa zaman ərzində İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. İşin müəyyən olunan mübahisəsiz hallarına əsasən tərəflər arasında qısamüddətli lizinq müqaviləsindən irəli gələn münasibətlər olmuş, iddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı texnika 2 ay müddətinə, aylıq lizinq ödənişi 3000 manat müəyyən olunmaqla, 6000 manat lizinq ödənişi müqabilində cavabdehə qısamüddətli istifadəyə verilmişdir. Cavabdeh həmin kənd təsərrüfatı texnikası üçün "xxxx"ASC-nin hesabına 3000 manat ödəniş etmiş, iddiaçının mövqeyinə görə müqavilə müddətinin sonunadək, onun 3000 manat borcu qalmışdır. Cavabdeh bütün müqavilə müddəti (2 ay) ərzində deyil, 1 ay ərzində taxılyığan kombayndan istifadə etdiyi üçün, istifadə etdiyi müddət ərzində hesablanmış borc məbləğini, yəni 3000 (1 ay üçün) manat pulu ödəməli olmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissəsi 10000 manatdan az olduğundan qətnamədə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2-2(121)-111/2023 saylı qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar