Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-68/2023 01.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (MMC) qarşı maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 18 aprel 2023cü il tarixli 2-2(121)-3/2023 saylı qərardadından iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi cavabdeh "xxxx" MMC-yə qarşı 189267 manat məbləğdə maddi ziyanın ödənilməsi, 4,77 ha meşə fondu torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərardadı ilə tərəflərin hər ikisinin hüquqi şəxs olması əsası ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə yerquruluşu, tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 10/2534, 9/2854 və 7/390 saylı ekspert rəylərində (qərardadın yeddinci və səkkizinci sualları üzrə) təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi, həmçinin torpağın üst münbit qatının götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın miqdarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş həmin akt (həcm-qiymət cədvəlləri) ekspertiza tədqiqatına təqdim edildikdən sonra müəyyən ediləcəyi qeyd olunmuşdur. Daha sonra Şirvan Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2534, 9/2854 və 7/390 saylı ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli 2-2(102)- 204/2023 saylı qərarı ilə iddiaçı Mərkəzin kommersiya fəaliyyəti ilə məşğul olubolmamasının və ya mübahisənin onun dövlət qurumu kimi səlahiyyətlərinin icrasından irəli gəlib-gəlməməsi məsələsinin aydınlaşdırılma üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-2(121-3/2023 saylı qərardadı ilə iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası əsasında iş üzrə icraata xitam verilməsi; iddiaçıya onun hazırkı mübahisəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həll edə bilməsinin izah olunması; ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 50 manatının Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən, 100 manatının Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyarına daxil olan hakimlər qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli 2-2(102)-204/2023 saylı qərarı ilə iddiaçı Mərkəzin kommersiya fəaliyyəti ilə məşğul olub-olmamasının və ya mübahisənin onun dövlət qurumu kimi səlahiyyətlərinin icrasından irəli gəlib-gəlməməsi məsələsinin aydınlaşdırmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutararaq, iş üzrə icraata xitam barədə xx.xx.2023-cü il tarixli e-2-2(121)-3/2023 saylı qərardad qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab etmişdir ki, hazırkı iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Əsasnaməsinin 3.0.28-ci bəndində əsasən meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərinin pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək xidmətin vəzifəsidir. Qərardadda göstərilsə də, Cavabdeh MMC-nin bu günədək meşə qanunvericliyinin tələblərinə uyğun olaraq meşə fondu torpaq sahəsi ilə bağlı hər hansı bir formada istifadə və ya icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın regional meşə təsərrüfatları mərkəzlərinin adları göstərilməmişdir. Lakin məhkəmə yanlış nəticəyə gələrək, meşə təsərrüfatı mərkəzlərini səhv qiymətləndirərək inzibati orqan kimi nəzərə almışdır. Göründüyü kimi, Regional Meşə Təsərrüfatı Mərkəzləri yuxarıda göstərilən siyahıda nəzərdə tutulmadığından iddiaçı inzibati orqan kimi hesab edilə bilməz. Həmçinin, iddiaçı inzibati orqan kimi müəyyən (təsnif) edilmədiyindən “İnzibati icraat haqqında” Qanunun müddəaları onun fəaliyyətinə şamil olunmur. Şirvan Kommersiya Məhkəməsinin 08 may 2023-cü il tarixli 2-2(121)-3/2023 saylı qərardadı ilə iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin şikayəti təmin edilməmiş, iddiaçının Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(121)- 3/2023 saylı qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qeyd olunmalıdır ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPMdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Şirvan Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2- 2(121)-3/2023 saylı qərardadını iş materialları və şikayətin dəlilləri üzrə yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə icraata xitam vermişdir. Məhkəmə göstərmişdir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan bir Mərkəzdir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Həmin əsasnamənin 1.3-cü bəndinə görə Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir. Həmin əsasnamənin 2.0.6-cı bəndinə əsasən isə meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindəndir. Qeyd edilən əsasnamənin 3.0.28-ci bənidinə əsasən meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2018-ci il 13 iyul tarixli 374/ü nömrəli əmri ilə yaradılmışdır. Əsasnamənin 1.3cü bəndinə əsasən Mərkəz öz xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın (işlik odun, şax və çırpı) həmçinin ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirən dövlət qurumudur. Məhkəmə hesab etmişdir ki, iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi dövlət orqanıdır və tərəflər arasında olan mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisədir, hazırkı iş üzrə iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi dövlət orqanı olduğu üçün və tərəflər arasında olan mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin qeyd edilən hüquqi mövqeyi ilə razı deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Həmin əsasnamənin 2.0.6-cı bəndinə əsasən meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindəndir. Kollegiya həmçinin, bildirir ki, adıçəkilən əsasnamənin 3.0.28-ci bəndinə görə meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək Xidmətin vəzifələrindəndir. Bundan başqa, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Eyni zmanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 1999-cu il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nın 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 3.0.28-ci bəndinin tələbinə görə meşə istifadəçiləri meşə qanunvericiliyinin tələbləri pozulduqda bu barədə müvafiq qərar qəbul etmək Xidmətin vəzifəsidir. Habelə, həmin əsasnamənin 1.3-cü bəndinə əsasən Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir. Bundan əlavə, “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”na görə hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Hətta, fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda, mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər və meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.2-ci bəndinə əsasən Meşələrin İnkişafı Xidməti inzibati orqandır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 1.3-cü bəndindən də göründüyü kimi Xidmət həmin Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir. “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata fərqli əsasla xitam verməkdə haqlı olmamışdır. MPM-in 261.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də, iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə işin icraatına yuxarıda göstərilən əsaslarla xitam verilməlidir. Məhkəmə kollegiyası iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə təhvil verilməsi tələbi üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə dair qeyd etməyi zəruri hesab edir ki, iş həmin hissədə birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən və qanunvericiliyin tam və hərtərəfli araşdırılması və təhlili nəticəsində qanuni qərarın qəbul edilməsi üçün yenidən araşdırılmaldır. Bu baxımdan, xüsusilə diqqətə çatdırılmalıdır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Habelə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin dövlət qurumu olması, eyni zamanda onunla cavabdeh "xxxx" MMC arasındakı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsində əsas meyar qismində çıxış edən münasibətlərin xarakteri əsas götürülməlidir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasındakı münasibətin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi və əşya hüquqi münasibətlərin mövcudluğu araşdırılmalıdır. Kollegiya qeyd edir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsindən ibarətdir ki, iddia tələbində göstərilənlərə uyğun olaraq cavabdeh tərəfindən mübahisəli (meşə fondunun) torpaq sahəsindən istifadə və digər hallar hazırkı mübahisənin xarakterinin cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi anlamına gəlməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Habelə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Kollegiya hesab edir ki, qeyd edilən norma geniş anlamda sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi dedikdə, onun fəaliyyət göstərərək gəlir əldə etməsi ilə yanaşı, həm də onun həmin gəlirin əldə edilməsinin birbaşa bağlı və ayrılmaz olduğu mübahisəli (qanunsuz və zəbt edilməsi iddia edilən) torpaq sahəsinin də müdafiəsini əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Garcia Manibardo İspaniyaya qarşı iş” üzrə 29 iyun 2000-ci il tarixli, “Annoni di Gussola və digərləri Fransaya qarşı iş” üzrə 14 fevral 2001-ci il tarixli və digər qərarlarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətləri apellyasiya və ya kassasiya məhkəmələrini təsis etməyə məcbur etmir. Bununla belə, əgər həmin məhkəmələr yaradılıbsa, bu instansiyalarda proses 6-cı maddədə nəzərdə tutulmuş təminatları ehtiva etməli, həmçinin mübahisə edənlərə onların mülki hüquq və vəzifələrinə aid olan qərarlar üzrə məhkəməyə müraciət hüququ səmərəli dərəcədə təmin olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-2(121)- 3/2023 saylı qərardadı ləğv edilməli, iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə tələbinə dair hissədə işin icraatına xitam verilməli, cavabdeh "xxxx" MMC-nin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə təhvil verilməsi hissədə hazırkı qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılaraq hüquqi qiymət verilməsi üçün iş yenidən Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 135.2, 135.5, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-2(121)-3/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə işin icraatına xitam verilsin. İddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-nin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə təhvil verilməsi hissədə hazırkı qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılaraq hüquqi qiymət verilməsi üçün iş yenidən Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(106)-68/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-68/2023
01.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver