Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-75/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5 (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il il tarixli, e-2-2(121)-213/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 13 may tarixli 09/04390 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000,00 (bir min) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyanın və 39,00 (otuz doqquz) manat dövlət rüsumunun, cəmi 1939,00 (bir min doqquz yüz otuz doqquz) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 13 may tarixli 09/04390 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 3000,00 (üç min) manat öhdəlikdən 2000,00 (iki min) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 1000,00 (bir min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bildirilir ki, lizinq alanın 2024-cü il 13 may tarixli 09/04390 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 900,00 (doqquz yüz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün cəmi 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il il tarixli, e-2-2(121)-213/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1000 manat məbləğində əsas borc və 39 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 1039 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli, e-2-2(121)-213/2025 nömrəli qətnaməsinin “1000,00 (bir min) manat borcun və 39,0 (otuz doqquz) manat dövlət rüsumunun ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmasını, 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyanın da Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında dövlət vəsaiti hesabına alınmış və cavabdehin istifadəsinə verilmiş SampoRosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 900,00 (doqquz yüz) manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən dövlət əmlakı olan texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış Cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 30 oktyabr tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X1 və texnika elmləri namizədi X3 tərəfindən hazırlanmışdır. Məhkəmə təqdim olunmuş arayışı, aktları və digər sənədləri sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədləri diqqətə almayaraq, işə dair zərərin pul ekvivalentinin məbləğinin hansı əsasla, hansı sənədlərə görə, hansı xüsusi bilik sahibi olan subyektin rəyinin olmamasını göstərmiş və arayışın birtərəfli qaydada tərtib edildiyinə əsaslanmışdır. Hansı ki, dəymiş ziyanla bağlı AKT2 və qüsur aktı cavabdeh tərəfindən imzalanmış iş materillarına əlavə olunmuşdur. Mübahisə predmeti üzrə xüsusi bilik sahibi olan subyektin rəyinin alınması ilə bağlı məslələrin həlli məhkəmələr tərəfindən müəyyən olunur. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanla bağlı qüsur aktı cavabdeh tərəfindən imzalanmaqla sübut olunsa da, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmiş və iddiaçının vurulmuş ziyan faktını sübut etməklə yanaşı, həmin ziyanın həcmini də sübut etməli olduğunu qeyd etmişdir. Halbuki qanunvericilikdə də nəzərdə tutulduğu qaydada xüsusi bilik tələb olunan sualları izah etmək üçün, o cümlədən vurulmuş ziyan faktına əsasən həmin ziyanın həcmini müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza elan edilməli və ya ixtisaslaşmış səhə üzrə mütəxəssis rəyinin alınması ilə bağlı tədbirlə görülməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçı məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-10.1, 748-10.2 və 74810.4-cü maddələrinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il il tarixli, e-2-2(121)- 213/2025 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsi olan 900 manat vurulmuş ziyan hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilərək, 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyan məbləği Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 2024-cü il 13 may tarixli 09/04390 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniş məbləği 4000 manat müəyyən edilməklə lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Sabirabad RN-nin rəhbəri X6 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sabirabad RN-nin rəhbəri X6 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 2 saylı aktın surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn Cavabdeh tərəfindən təhvil verildiyi zaman kombaynın hərəkət edici enşeyində nasazlıq aşkar edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “Qüsur aktı”ndan görünür ki, kombayn təhvil veriləndə hərəkət edici enşeyində nasazlıq aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 2024-cü il 13 may tarixli 09/04390 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş müqavilə məbləği 4000 manat olan kənd təsərrüfatı texnikasının lizinqi üçün cəmiyyətin hesabına 3000 manat ödəniş edilmişdir, Cavabdeh qalıq borcu 1000 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun, texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışda baxış zamanı hərəkət edici enşeyi yerində təmir edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş arayışa əsasən, hidronasosun bərpası üçün tələb olunan məbləğ 850 manat, işçilik haqqı isə 50 manat təşkil edir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı “1000,00 (bir min) manat borc və 39,0 (otuz doqquz) manat dövlət rüsumu” hissədə təmin etmiş, lakin iddianı 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyanın tutulması hissədə təmin etməmişdir. İddiaçı həmin qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili iddianın təmin edilməyən 900 manat vurulmuş ziyan hissədə də təmin edilməsindən ibarətdir. Kollegiya apellyasiya şikayətinin bəhsi keçən dəlili üzrə qeyd edir ki, iddiaçı 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynı lizinqə verərkən texnikanı saz halda cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə iddiaçıya qaytarmışdır. Belə ki, texnika saxlanca qəbul edilərkən Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 900,00 (doqquz yüz) manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən dövlət əmlakı olan texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Dəymiş ziyanla bağlı xx.xx.2024-cü il tarixdə 2 saylı AKT və həmin tarixli qüsur aktı tərtib edilmiş və həmin sənədlər etirazsız cavabdeh tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdeh tərəfindən ziyanın vurulması faktını qeyd etsə də, dəymiş ziyanla bağlı qüsur aktını və arayışın cavabdeh tərəfindən imzalanmasını qəbul etsə də dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir. Göründüyü kimi cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna dəymiş 900 manat ziyanla bağlı qüsur aktı və təhvil-təslim aktı ilə razılaşmış, həmin Aktları imzalamışdır. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və texnikaya dəymiş 900 manat ziyanla bağlı qüsur aktını və təhvil-təslim aktını mübahisələndirməmişdir. Bütün yuxarıda şərh olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il il tarixli, e-2-2(121)-213/2025 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsi olan 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyan hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilərək, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyan məbləği Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddia tələbi on min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi qanununvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il il tarixli, e-2-2(121)-213/2025 saylı qətnaməsi 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyanın təmin edilməməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilərək, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 900,00 (doqquz yüz) manat dəymiş maddi ziyan məbləği Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-75/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-75/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver