Məhkəmə qərarları › İş №2-2(106)-76/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-76/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-76/2025 09.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Maftun Suleimanovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2-2(121)-212/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2024-cü il 02 aprel tarixli 07/03087 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3250.00 (üç min iki yüz əlli) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 874.00 (səkkiz yüz yetmiş dörd) manat dəymiş maddi ziyanın və 61.24 (altmış bir manat iyirmi dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 4185.24 (dörd min yüz səksən beş manat iyirmi dörd qəpik) manat məbləğin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024cü il 02 aprel tarixli 07/03087 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ACS ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500.00 (altı min beş yüz) manat öhdəlikdən 3250.00 (üç min iki yüz əlli) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3250.00 (üç min iki yüz əlli) manat borcu vardır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bildirilir ki, lizinq alanın 2024-cü il 02 aprel tarixli 07/03087 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 874.00 (səkkiz yüz yetmiş dörd) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün cəmi 874.00 (səkkiz yüz yetmiş dörd) manat dəymiş maddi ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən, ödənilməmiş 3250 manat məbləğində lizinq ödənişi borcu hissədə qəbul etmiş, texnikaya yetirilən maddi zərərlə bağlı hissədə qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, texnikanı geri qaytararkən kiçik nasazlıqlar olmuş və həmin nasazlıqları özünün aradan qaldıra biləcəyini bildirmişdir. Qüsur aktlarında kondisionerin tamamilə yararsız olmasının qeyd olunduğunu bilməmiş, həmin aktları oxumadan imzalamışdır. Şirvan Kommersiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2-2(121)-212/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 3250 manat borc və 61.24 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3311.24 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin olunmayan 874.00 manat dəymiş maddi ziyanın Cavabdeh tutulması hissədə ləğv olunaraq, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında dövlət vəsaiti hesabına alınmış və cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 874.00 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən dövlət əmlakı olan texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 30 oktyabr tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X2 və texnika elmləri namizədi X3 tərəfindən hazırlanmışdır. Məhkəmə təqdim olunmuş arayışı, aktları və digər sənədləri sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədləri diqqətə almayaraq, işə dair zərərin pul ekvivalentinin məbləğinin hansı əsasla, hansı sənədlərə görə, hansı xüsusi bilik sahibi olan subyektin rəyinin olmamasını göstərmiş və arayışın birtərəfli qaydada tərtib edildiyinə əsaslanmışdır. Hansı ki, dəymiş ziyanla bağlı akt 2 və qüsur aktı cavabdeh tərəfindən imzalanmış iş materillarına əlavə olunmuşdur. Hesab edirlər ki, mübahisə predmeti üzrə xüsusi bilik sahibi olan subyektin rəyinin alınması ilə bağlı məslələrin həlli məhkəmələr tərəfindən müəyyən olunur. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanla bağlı qüsur aktı cavabdeh tərəfindən imzalanmaqla sübut olunsa da, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmiş və iddiaçının vurulmuş ziyan faktını sübut etməklə yanaşı, həmin ziyanın həcmini də sübut etməli olduğunu qeyd etmişdir. Halbuki qanunvericilikdə də nəzərdə tutulduğu qaydada xüsusi bilik tələb olunan sualları izah etmək üçün, o cümlədən vurulmuş ziyan faktına əsasən həmin ziyanın həcmini müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza elan edilməli və ya ixtisaslaşmış səhə üzrə mütəxəssis rəyinin alınması ilə bağlı tədbirlər görülməli idi. Cavabdeh hər hansı tutarlı sübut və sənəd təqdim etməmiş, dəymiş ziyanla bağlı qüsur aktı cavabdeh tərəfindən imzalanmaqla vurulmuş ziyan sübuta yetirilmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə iddia tələbi üzrə təqdim olunmuş dəymiş ziyanla bağlı sənədləri sübut kimi qiymətləndirməmişdir. Hesab edirilər ki, məhkəmə öz təşəbbüsü ilə mübahisəli məsələlərin həlli ilə bağlı xüsusi bilik tələb olunan sualları izah etmək zərurətini hiss etdiyi halda bununla bağlı iş üzrə ekspertiza elan etməli idi. Məhkəmə İddiaçı ASC tərəfindən təqdim olunmuş sübutları hər tərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan hallara dair iddiaçının təqdim etdiyi sənədləri “mötəbər” sübut saymamış, əgər xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti qənaətinə gəlmişdirsə, bununla bağlı ekspertiza elan edilməmiş və ixtisaslaşmış səhə üzrə mütəxəssis rəyi alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda qeyd olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan 874.00 (səkkiz yüz yetmiş dörd) manat dəymiş maddi ziyanın təmin edilməməsi hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə mübahisələndirilən hissədə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: 2024-cü il 02 aprel tarixli 07/03087 nömrəli operativ lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniş məbləği 6500 manat müəyyən edilməklə lizinqə verilməsinə dair İddiaçı ASC ilə Cavabdeh arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür; 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir; 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək barədə lizinq alan öhdəlik götürmüşdür; 2.2.8-ci bəndinə əsasən, bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı lizinq alan qeyri-şərtsiz üzərinə götürmüşdür. İddiaçı ASC-nin Qobustan RN-nin Kürdəmir rayon bölməsinin rəhbəri X5 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Qobustan RN-nin Kürdəmir rayon bölməsinin istifadəsində olan 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İddiaçı ASC-nin Qobustan RN-nin Kürdəmir rayon bölməsinin rəhbəri X5 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 2 saylı aktın surətindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn Cavabdeh tərəfindən Qobustan RN-nin Kürdəmir rayon bölməsinə təhvil verildiyi zaman kombaynın kondisioner sisteminin işləməməsi qeyd olunmuşdur. İddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, kombaynın kondisioner sistemi yararsızdır və yenisi ilə əvəz olunmalıdır. xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 2024-cü il 02 aprel tarixli 07/03087 nömrəli operativ lizinq müqaviləsinə əsasən lizinqə götürülmüş müqavilə məbləği 6500 manat olan kənd təsərrüfatı texnikasının lizinqi üçün cəmiyyətin hesabına 3250 manat ödəniş edilmişdir, Cavabdeh qalıq borcu 3250 manat təşkil edir. İddiaçı ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş “ SR-2065 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərcdər barədə” arayışdan görünür ki, 2024-cü il 02 aprel tarixli 07/03087 nömrəli operativ lizinq müqaviləsi əsasında Cavabdeh lizinqə verilmiş 701264 şassi nömrəli SR-2065 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün sərf olunacan xərclər 1 ədəd kondisionerin kopressoru üçün 864 manat, işçilik haqqı 10 manat olmaqla, ümumilikdə 874 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun, texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlml (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Lizinq obyektinin lizinq verənə lizinq alan tərəfindən aldığı vəziyyətdə deyil, kondisioner sistemi yararsız vəziyyətdə qaytarılması işin mübahisəsiz halıdır. Cavabdeh birinci instansiya məhkəməsində lizinq obyektini müəyyən nasazlıqlarla qaytardığını etiraf etmiş, bundan savayı kondisioner sisteminin yararsız vəziyyətdə qaytarılmasına dair qüsur aktını imzalamaqla, aktın doğruluğunu təsdiq etmişdir. Cavabdehin birinci instansiya məhkəməsində qüsur aktını oxumadan imzalamasını bildirməsini isə kollegiya məsuliyyətdən yayınmaq üçün atılan bir addım kimi qiymətləndirir. Qüsurun aradan qaldırılması üçün tələb olunan xərcin məbləğinə gəlincə kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin məbləğ iddiaçı təşkilatın peşəkar mütəxəssisləri tərəfindən müəyyən edilmiş, cavabdeh tərəfindən məbləğin şişirdilmiş olmasına, yaxud daha az məbləğ hesabına qüsurun aradan qaldırılmasının mümkünlüyünə dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut verilməmişdir. Cavabdeh lizinq alan olaraq lizinq verənə lizinq obyektini (kombaynı) normal amortizasiyası nəzərə alınmaqla aldığı vəziyyətdə (halda) qaytarmalı olduğundan, iddiaçı yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından texnikaya yetirilən qüsurun (yararsız vəziyyətə salınan kondisioner sisteminin bərpası) aradan qaldırılması üçün zərərin əvəzini tələb etməkdə tam haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə tam təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1., 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli e-2-2(121)-212/2025 saylı qətnaməsi 874 manat maddi ziyanın tutulmasının təmin olunmaması hissədə ləğv olunsun və həmin hissədə iddia təmin edilsin. 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün tələb olunan 874.00 (səkkiz yüz yetmiş dörd) manat dəymiş maddi ziyan Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar