Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-119/2025 25.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış binasından və fərdi yaşayış evlərindən çıxarılma, həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2- 2(117)-552/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 30 avqust 2024-cü ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış binasından və fərdi yaşayış evlərindən çıxarılma, həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə İsmayıllı Rayon Məhkəməsində məhkəmə prosesi başlanaraq, mübahisənin araşdırılması ilə əlaqədar müəyyən prosessual hərəkətlər edildikdən sonra İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 10 yanvar 2025-ci il tarixli 2(037)-38/2025 nömrəli qərardadı ilə iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış binasından və fərdi yaşayış evlərindən çıxarılma, həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair 2(037)-38/2025 nömrəli mülki iş üzrə mübahisə - kommersiya mübahisəsi hesab edilərək, məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və həmin iş 24 aprel 2025-ci ildə Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən “Nəticə” hissəsi aşağıda qeyd olunan məzmunda olan yekun məhkəmə aktı qəbul edilmişdir (qətnamənin “Qət etdi” hissəsi olduğu kimi qeyd olunur): - “İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əsgərov X2 rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış, 65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın, həmin daşınmaz əmlaklar boşaldılsın və banka təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Cavabdeh2 rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsindən 19 iyul 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, “İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmasını” xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini işlə birlikdə baxılması üçün 23 iyul 2025-ci il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin kommersiya işi 24 iyul 2025-ci ildə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Cavabdeh2 Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş aşağıda qeyd olunan tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır: - 1) Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsindən 19 iyul 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçinin apellyasiya instansiyasından tələbi “İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılması” kimi ifadə olunmuşdur. Yəni, apellyasiya şikayətində “...iş üzrə yeni qətnamə çıxarılması” xahiş edilsə də, apellyasiya şikayətini vermiş cavabdehin iddia tələbinin həlli ilə bağlı münasibəti öz əksini tapmamış və cavabdeh apellyasiya baxışında iddia tələbinin necə həll olunmalı olması barədə tələbini göstərməmişdir. Halbuki, apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməli və eyni zamanda, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-nin 12-ci bəndində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin, hazırkı apellyasiya şikayətində isə “qətnamənin ləğv edilməsi” xahiş olunsa da, şikayətçi tərəfindən məlum mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbi, yəni apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə “iddia tələbinin rədd olunması və yaxud qismən təmin olunması və s.” barədə tələbi öz əksini tapmamışdır (MPM-in 361.1.4-cü maddəsi və “Əlavə 2”-nin 12-ci bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X1 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. - 2) Apellyasiya şikayətində onu verən Cavabdeh2 ünvanı, şikayət olunan qətnamənin qəbul edilmə tarixi və şikayət olunan qətnamənin alınma tarixi də göstərilməmişdir (MPM-in 361.1.2-ci maddəsi və “Əlavə 2”-nin 1.5-ci, 4.2-ci və 4.3-cü yarımbəndləri). - 3) Apellyasiya şikayətində onu verən Cavabdeh2 prosessual vəziyyəti düzgün qeyd olunmamışdır (MPM-in 361.1.2-ci maddəsi və “Əlavə 2”-nin 1.8-ci yarımbəndi). Yəni, apellyasiya şikayətini vermiş Cavabdeh2 hazırkı kommersiya işi üzrə prosessual vəziyyəti “cavabdeh ” olduğu halda, “Əlavə 2”-nin 1.8-ci yarımbəndində o, “şikayət verən şəxs” kimi qeyd olunmuşdur ki, bu da onun MPM-in 361.1.2-ci maddəsi ilə qeyd olunması tələb olunan prosessual vəziyyətini əks etdirmir. Məlumdur ki, Mülki-Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatları üzrə tərəflər (proses iştirakçıları) - prosessual vəziyyətlərinə görə iddiaçı, cavabdeh və yaxud üçüncü şəxslər olduğundan, həmin Məcəllənin 361.1.2-ci maddəsində (“Əlavə 2”-nin 1.8-ci yarımbəndində) nəzərdə tutulan “şikayəti verən şəxsin prosessual vəziyyəti” ifadəsi də şikayət verən şəxsin iddiaçı, cavabdeh və yaxud üçüncü şəxs olmasının qeyd olunmasını tələb edir. - 4) Mülki-Prosessual Məcəllənin tələblərinə görə “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” da apellyasiya şikayətində göstərilməlidir (MPM-in 361.1.5-ci və 361.1.6-cı maddələri; “Əlavə 2”nin 5, 6, 7, 8, 9, 10 və 11-ci bəndləri). Yəni, apellyasiya şikayətində “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” formal olaraq sadalanmamalıdır. Həmin hallar dəqiq qeyd edilməklə, müvafiq qaydada əsaslandırılmalı və həmin halları təsdiq edən sübutlar şikayətə əlavə edilərək, şikayətlə birlikdə məhkəməyə təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ - məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eyni zamanda, Mülki-Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilir ki, Cavabdeh2 tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2-2(117)-552/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış binasından və fərdi yaşayış evlərindən çıxarılma, həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tаrixli 2- 2(117)-552/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-119/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-119/2025
25.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver