Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-128/2025 05.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, üçüncü şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Mingəçevir Şəhər Bələdiyyəsinə, Mingəçevir şəhər İcra Hakimiyyətinə və X4 qarşı “cavabdehin zəbt edilmiş torpaq sahəsindən məcburi çıxarılması və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müddət) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Mingəçevir Şəhər Bələdiyyəsinə, Mingəçevir şəhər İcra Hakimiyyətinə və X4 qarşı “cavabdehin zəbt edilmiş torpaq sahəsindən məcburi çıxarılması və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz tikililəri öz hesabına sökməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qətnaməsi (hakim: M.Hüseynov) ilə, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 248 kv.m hissəsindən çıxarılması, həmin hissədə qanunsuz inşa edilmiş tikili (hasar) cavabdehin hesabına sökülməsi, iddia qalan hissədə rədd edilməsi, Cavabdeh ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməsi, Cavabdeh ödənilməmiş 80 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi və aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh elektron kabinet vasitəsilə 13 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra, Cavabdeh 30 iyul 2025-ci il tarixində apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətinə təqdim etmişdir. Lakin, apellyasiya şikayəti verərkən dövlət rüsumunu 10 manat ödəmişdir. X3 13 iyun 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdehin elektron informasiya sistemindən anlayışı olmadığından qərardaddan gec məlumatlı olmuşdur. Sonradan geri qaytarma qərardadında qeyd edilən nöqsan aradan qaldırılmış və ötürülmüş müddətin üzrlü hesab edilərək müddəti bərpa edib işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konvensiyanın 6-cı maddəsində Razılığa gələn dövlətlərin apellyasiya və ya kassasiya instansiyaları məhkəmələri yaratmaları təkid edilmir. Lakin belə məhkəmələr mövcuddursa, Konvensiyanın 6-cı maddəsinin təminatlarına əməl edilməsi tələb edilir. (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), §80, Platakov Yunanıstana qarşı, xx.xx.2001, No.38460/97, §38). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə xx.xx.2003, No.32190/96). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş sənədləri bir-birilə əlaqəli şəkildə təhlil edərkən müəyyən etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadı Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə elektron imza ilə imzalanaraq elektron kabinetə 13 iyun 2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin qərardaddan Cavabdeh 30 iyul 2025-ci il tarixində apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadı (hakim: M.Hüseynov) ilə, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh geri qaytarma qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra 30 iyul 2025-ci il tarixdə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi ilə birlikdə apellyasiya şikayəti vermişdir. Yəni, tərəf Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadında göstərilən nöqsanları 1 ay 17 gün sonra aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, qeyd edilmiş əsaslara görə birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bundan başqa, Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəfin məhkəmə sənədlərindən xəbərdar olacaq tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qətnaməsi və həmin məhkəmənin 13 iyun 2025-ci il tarixli qərardadı qanunla müəyyən edilmiş qaydada iş üzrə tərəflərə göndərilmişdir. Belə ki, iş materiallarında olan qərarların “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməsi barədə çıxarışda cavabdehin elektron (Elektron ünvan ) poçt ünvanı qeyd edilmişdir. Belə olan halda isə, qətnamə və qərardadların cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməsi barədə məlumat bildirişi həmin ekeltron poçt ünvanına da göndərilmişdir. Bu zaman onun məlumatsız olması və ya digər hallar qarşı tərəfin hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə kollegiyası şikayətin tərəfin elektron sistemdən anlayışının olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh elektron kabineti öz adına qeydiyyatdan keçmişdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə qeyd edilmiş ekeltron poçt ünvanı (mailto:cavansirh688@gmail.comElektron ünvan ) da, məhz Cavabdeh adınadır. Belə olan halda kollegiya Cavabdeh elektron sistemdən anlayışı olmamasını inandırıcı hesab etmir. Məhkəmə kollegiyası eyni zamanada qeyd edir ki, iş materiallarında apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasını üzürlü hesab etmək olmaz. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar). Bundan başqa, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. Eyni zamanda, «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006cı il tarixli qərardadında isə Avropa Məhkəməsi bildirmişdir ki, İnsan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir. Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Cavabdeh şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-128/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-128/2025
05.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver