Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-134/2025 01.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin müddəlarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə (iş üzrə X3 - mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur) Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tаrixli e-2-2(117)-442/2025 nömrəli qətnaməsindən İddiaçı adından və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 iyul 2025-ci il tаrixli e-2-2(117)-442/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin müddəlarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən 07 avqust 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Bundan əlavə, həmin Qətnamədən İddiaçı adından da 17 avqust 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir (apellyasiya şikayətini “vəkil” qismində qeyd olunmuş Nümayəndə imzalamışdır). Birinci instansiya məhkəməsi hər iki apellyasiya şikayətini e-2-2(117)-442/2025 nömrəli kommersiya işi ilə birlikdə baxılması üçün 29 avqust 2025-ci il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tаrixli e-2- 2(117)-442/2025 nömrəli qətnaməsindən İddiaçı adından və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərini və iş materiallarını öyrənib, hər bir apellyasiya şikayətinin mümkünlüyünü ayrı-ayrılıqda müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı adından verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tаrixli e-2-2(117)- 442/2025 nömrəli qətnaməsindən İddiaçı adından verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş aşağıda qeyd olunan tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır: - 1) Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tаrixli e-2-2(117)-442/2025 nömrəli qətnaməsindən 17 avqust 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı adından verilmiş apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçinin apellyasiya instansiyasından tələbi “Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 442/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsinin tamamilə ləğv edilməsi və mübahisə ilə bağlı yeni qətnamənin qəbul edilməsi” kimi ifadə olunmuşdur. Yəni, iddiaçının apellyasiya şikayətində “... mübahisə ilə bağlı yeni qətnamənin qəbul edilməsi” xahiş edilsə də, həmin apellyasiya şikayəti adından tərtib edilərək verilmiş İddiaçının iddia tələbinin həlli ilə bağlı münasibəti öz əksini tapmamış və iddiaçı tərəf apellyasiya baxışında iddia tələbinin necə həll olunmalı olması barədə tələbini dəqiq göstərməmişdir. Halbuki, həmin bənddə (hissədə) apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Qeyd etmək lazımdır ki, apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməli və eyni zamanda, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-nin 12-ci bəndində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin, hazırkı apellyasiya şikayətində “qətnamənin tamamilə ləğv edilməsi” xahiş olunsa da, şikayətçi tərəfindən məlum mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbi öz əksini tapmamışdır (MPM-in 361.1.4-cü maddəsi və “Əlavə 2”-nin 12-ci bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X1 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. - 2). İddiaçı adından verilmiş apellyasiya şikayətinin “Ərizəni imzalayan şəxs haqqında məlumat” bölməsinin “İmzalayan şəxs” sətrində həmin şikayətin “Vəkil - Nümayəndə” tərəfindən imzalandığı qeyd olunsa da, həmin apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi” adlanan hissəsi, yəni “Əlavə 2”-nin 3-cü bəndi müvafiq məlumatlar daxil edilməklə tərtib olunmamış, o cümlədən də apellyasiya şikayətini imzalamış nümayəndə və onun səlahiyyətlərini təsdiq edən sənədlə əlaqədar zəruri məlumatlar göstərilməmişdir. Halbuki, “Əlavə 2”-nin 2-ci bəndində vəkillə bağlı məlumatlar, 3-cü bəndində isə “nümayəndə” ilə bağlı məlumatlar göstərilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilin apellyasiya şikayətini imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilmiş etibarnamə əsasında yaranır və ona görə də, vəkil tərəfindən imzalanmış apellyasiya şikayətinin “nümayəndə” ilə bağlı müvafiq hissəsi də, yəni “Əlavə 2”-nin 3-cü bəndi də müvafiq məlumatlar daxil edilməklə tərtib edilməlidir (MPM-in 361.2-ci maddəsi və “Əlavə 2”-nin 3-cü bəndi). Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilir ki, İddiaçı adından verilmiş apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ - məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eləcə də, Mülki-Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər də öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, yuxarıda qeyd olunan qanunvericilik normaları imperativ qaydada apellyasiya şikayəti verilərkən şikayətçinin etməli olduğu hərəkətləri təsbit edir və bu kimi hərəkətlər edilmədikdə və yaxud, düzgün yerinə yetirilmədikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti geri qaytarılır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində "bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları" təsbit olunmuş və həmin Məcəllədə qanunla müəyyən edilmiş qaydada verilməyən apellyasiya şikayətlərinin qaytarılması institutu da nəzərdə tutulmuşdur (apellyasiya şikayəti - Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun apellyasiya instansiya məhkəməsində məhkəmə icraatı mümkündür). Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan - proses iştirakçıları tərəfindən ərizə və şikayətlər verilərkən Mülki-Prosessual Qanunvericiliyin tələblərinə düzgün riayət olunması məhkəmələr tərəfindən təmin edilməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tаrixli e-2-2(117)-442/2025 nömrəli qətnaməsindən İddiaçı adından verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361 - 363-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də İddiaçı adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə həmin apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Cavabdeh apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mərhələdə İddiaçı adından verilmiş apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları ilə birgə birinci instansiya məhkəməsinə qaytarılmalı olduğundan və bununla da kommersiya işi apellyasiya instansiyası məhkəməsinin icraatından çıxarıldığından, bu mərhələdə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyasında baxılması prosessual baxımdan mümkün deyildir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi İddiaçı adından verilən apellyasiya şikayəti ilə əlaqədar səlahiyyəti həddində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan müvafiq prosessual hərəkətləri etdikdən sonra kommersiya işi apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqda - Cavabdeh apellyasiya şikayətinə baxılacaqdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi İddiaçı adından verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin müddəlarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tаrixli e-2-2(117)- 442/2025 nömrəli qətnaməsindən İddiaçı adından verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. İddiaçı adından verilmiş apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-134/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-134/2025
01.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver