Məhkəmə qərarları › İş №2-2(107)-14/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-14/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-14/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti - mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur) “müqavilələrin və səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları İddiaçı 25 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin və səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) arasında bağlanmış 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) saylı əlavə kredit müqaviləsinin, həmin müqavilələri pərdələmək üçün tərtib edilmiş 26 mart 2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun və onun nəticəsi olaraq "xxxx" İKB ASC-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus əsas vəsaitlərin, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmlərin ipotekaya qoyulması barədə təsdiq edilmiş 14 fevral 2012-ci il tarixli № 6-BİZ-2-0-46-12(G)-A saylı İpoteka Müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ASC-nin (bundan sonra “Səhmdar Cəmiyyət” adlanacaq) səhmdarlarından biridir. Səhmdar olduğu illər ərzində Səhmdar Cəmiyyət tərəfindən ona dividend ödənilməmişdir və bununla bağlı 2024-cü ilin iyun ayında Səhmdar Cəmiyyətə müraciət edərək səhmdar cəmiyyətin nizamnaməsinin, ASC-nin 2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illər üzrə maliyyə nəticələri haqqında hesabatların, Cəmiyyətin balansının və mənfəət vergisi bəyannaməsinin surətlərinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin ona təqdim olunmasını xahiş etmişdir. Bu müraciətlə əldə etdiyi 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan ona məlum olmuşdur ki, Səhmdar Cəmiyyətin ümumi yığıncağının müzakirəsinə çıxarılmadan 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) saylı əlavə kredit müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Səhmdar Cəmiyyətin əsas vəsaitləri, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmləri 14 fevral 2012-ci il tarixli №6-BİZ-2-0-46-12(G)-A saylı İpoteka Müqaviləsi ilə ipotekaya qoyulmuşdur. Səhmdar Cəmiyyətin daşınmaz əmlakı ipotekaya qoyularkən onun razılığı olmadığı halda kredit və girov müqavilələri imzalanmış və 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolu ilə edilmiş qanun pozuntusunu pərdələməyə çalışmışlar. Halbuki, o və digər səhmdarlar bu kredit və girov müqavilələrindən, nə də ki, yığıncaqdan ümumiyyətlə xəbərləri olmamışdır və bu yığıncaqla bağlı ona və digər səhmdarlara hər hansı bildiriş də göndərilməmişdir. Bütün bu müddət ərzində müqavilənin bağlanması səhmdarlardan sirr olaraq saxlanıldığından, protokolun və müqavilənin mövcudluğundan və Səhmdar Cəmiyyətin daşınmaz əmlakının ipoteka qoyulmasından xəbərsiz olmuşlar. 2012-ci ildə ipoteka müqaviləsinin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi ümumi yığıncağın keçirilməməsi və müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi idi. 26 mart 2012-ci il tarixli protokoldan aydın olmuşdur ki, Səhmdar Cəmiyyətə məxsus olan daşınar və daşınmaz əmlakların ipotekaya qoyulması ümumiyyətlə qeyd edilən tarixdə keçirilən ümumi yığıncağın gündəliyinə salınmamış, digər məsələlərin müzakirəsi adı ilə çıxışlar edilərkən Ağabək Hüseynov çıxış edərək bildirmişdir ki, Cəmiyyətin "xxxx" İKB ASC-yə uzun müddətdir ki, ödənilməyən kreditin olmasına baxmayaraq, Bank borcun restrukturizasiya edilməsinə və dövriyyə vəsaitlərinin artırılması üçün razılıq verildiyini və ümumi yığıncağın 26 mart 2012-ci il tarixli iclasına qədər artıq kredit müqaviləsinin bağlandığını bildirmişdir. Bundan sona o, bildirmişdir ki, kreditin bir hissəsinin təminatı olaraq Cəmiyyətin əsas səhmdarı "xxxx" MMC özünə məxsus Cavabdeh ASC-nin bütün səhmlərini "xxxx" İKB qarşısında girov qoymuşdur. Lakin bu girov yetərli deyildir. Cəmiyyətin dövriyyə vəsaitlərinin artırılması üçün Cəmiyyətin bütün əsas vəsaitləri yenidən yeni kreditin təminatı qismində Bank qarşısında girov qoyulmalıdır. Bir məsələni də məhkəmənin nəzərinə çatdırır ki, Cəmiyyətin Müşahidə Şurasının sədri olmuş Mətləb Hüseynov eyni zamanda "xxxx" İKB-nin problemli kreditlər şöbəsinin müdiri olmuşdur. Mətləb Hüseynov qardaşı Ağabək Hüseynovun qanunsuz əməllərinin ört-basdır edilməsində böyük rol oynamış, əlaqəli şəxslər olduqları halda qeyd edilən qanunsuz və əsassız müqavilələri bağlamışlar. Bütün bu qeyd etdiklərindən göründüyü kimi, cəmiyyətin daşınar və daşınmaz əmlakları bilərəkdən əlaqəli hüquqi şəxsə girov qoyulmaqla, gələcəkdə onların mülkiyyətinə verilməsi üçün edilmiş qanunsuzluqların gizlədilməsi üçün hazırlanmış plan olmuşdur. O, bu qeyd edilənlərdən yeni xəbər tutmuşdur. Bütün yuxarıda qeyd etdikləri isə Cəmiyyətin Müşahidə Şurasının, Cəmiyyətin baş direktorunun və "xxxx" İKB-nin iştirakı ilə olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) saylı əlavə kredit müqaviləsi, 14 fevral 2012-ci il tarixli №6-BİZ-2-0-46-12(G)-A saylı İpoteka Müqaviləsi və həmin müqavilələri pərdələmək üçün tərtib edilmiş 26 mart 2012-ci il tarixli protokol tamamilə əsassız və qanunsuzdur. Belə ki, həqiqətdə həmin müqavilələr ondan və digər səhmdarlardan gizlin saxlanılmış və 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağı ilə əlaqədar Səhmdar Cəmiyyət tərəfindən nə ona, nə də ki, digər səhmdarlara bildiriş göndərilməmiş və onların həmin müqavilələr və ümumi yığıncaq haqda məlumatları olmamışdır. Halbuki, Səhmdar Cəmiyyətə məxsus daşınmaz əmlakın ipotekaya qoyulması xüsusi əhəmiyyətli əqddir və bunun üçün uydurma deyil, həqiqi səhmdarların ümumi yığıncağı çağırılmalı və keçirilməli idi. Bunun üçün Səhmdar Cəmiyyət tərəfindən mətbuatda elan verilməli, səhmdarlara bildirişlər göndərilməli, bildirişdə yığıncağın gündəliyi verilməli, yığıncaq keçirilməli və sonda bu barədə məlumatlar açıqlanmalı idi. Səhmdar Cəmiyyətin əmlakı səhmdarların ümumi mülkiyyətidir və əmlak barəsində sərəncam vermək yalnız səhmdarların ümumi razılığı ilə mümkündür (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2, 99.3, 106-1.3, 99.4, 49-1.2, 337, 349, 347.1 və 354.2-ci maddələrinə və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 072 nömrəli Əmri ilə təsdiq edilmiş “İnvestisiya qiymətli kağızların emitentləri tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması və məlumatın açıqlanması Qaydaları”nın 1.3.1, 1.3.2, 2.5, 3.1, 3.2 və 3.3-cü maddələrinə istinad olunmuşdur). Göründüyü kimi, Cəmiyyətin Müşahidə Şurası və İcra Orqanı birbaşa maraqlarını təmin etmək məqsədi ilə qüvvədə olan qanunvericiliyin tələblərindən yayınmaq üçün ümumi yığıncaq keçirilmədən, Səhmdar Cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan ipoteka müqaviləsinin xüsusi əhəmiyyətli əqd kimi bağlanmasına razılıq vermədən, audit rəyi olmadan aidiyyəti (əlaqəli) şəxslə əqdin bağlanması üçün müəyyən edilmiş qanunvericiliyin digər normaları kobud şəkildə pozulmaqla, bu cür etibarsız protokol tərtib edilmiş və müqavilə bağlanmışdır. Beləliklə, onun 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsinin, 6b/20/46/12(Ə/1) saylı əlavə kredit müqaviləsinin və həmin müqavilələri pərdələmək üçün tərtib edilmiş 26 mart 2012-ci il tarixli protokolun və "xxxx" İKB-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus olan əsas vəsaitlərin, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmlərin ipotekaya qoyulması barədə təsdiq edilmiş 14 fevral 2012-ci il tarixli №6-BİZ-2-0-46-12(G)-A saylı İpoteka Müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək hüququ vardır. İş üzrə birinci instansiya məhkəməsində başlanmış məhkəmə prosesinin hazırlıq mərhələsində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı “müqavilələrin və səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi” barədə iddia tələbinə etiraz edərək, 31 iyul 2024cü ildə həmin iddia tələbi ilə bağlı yazılı “Etiraz”la məhkəməyə müraciət etmiş (Etirazla birlikdə məhkəmə qətnamələri, icra sənədləri və icra ilə bağlı digər sənədlər də məhkəməyə təqdim olunmuşdur) və həmin “Etirazı”nı onunla əsaslandırmışdır ki, 2 fevral 2012-ci il tarixli 6-BİZ-2-0-46-12 saylı kredit müqaviləsi üzrə kreditor "xxxx" İKB ASC dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 3.000.000 manat pulu 36 ay müddətinə illik 15%-lə borcalan Cavabdeh ASC-yə verməyi, borclu isə müəyyən edilmiş qaydada əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12(G)-A saylı girov müqaviləsinə əsasən Cavabdeh ASC-yə məxsus əsas vəsaitlər, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmlər kredit öhdəliyinin təminatı kimi girov qoyulmuşdur. Borclu bu kredit müqaviləsindən irəli gələn öhdəliyi tam şəkildə yerinə yetirmədiyindən, "xxxx" İKB ASC bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəmsində iddia qaldırmış və həmin məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə ******* manat əsas borc və xx.xx.2013-cü il tarixədək hesablanmış 407560,79 manat faiz borcu olmaqla, cəmi 3341973,79 manat pulun tutulması, tutmanın Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862%-i, yəni 380520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-yə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə ******* manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" İKB ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus olan avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Həmin qətnamə üzrə xx.xx.2015-ci il tarixdə icra vərəqəsi verilmiş və xx.xx.2015-ci il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qətnamənin icrası qaydasında Cavabdeh ASC-yə məxsus olmuş 87,5862 %, yəni 380520 ədad adi adlı sənədsiz səhmlər xx.xx.2015-ci il tarixdə 761040 manat dəyərində olmaqla "xxxx" İKB ASC-nin balansına keçmişdir. Həmçinin xx.xx.2016-cı il tarixli hərracın yekunları barədə protokol əsasında Cavabdeh ASC-yə məxsus avadanlıq, maşın və mexanizmlər 196998,9 manata bir başqa şəxsə satılmış və müəyyən ödənişlər çıxıldıqdan sonra 182927 manat kredit borcundan silinmişdir. Bununla da, qətnamə yuxarıda qeyd edilən qaydada qismən icra olunmuşdur. Hazırkı mübahisə üzrə İddiaçı iddia ərizəsindən görünür ki, onun iddia tələbi 3 hissədən ibarətdir: - “xx.xx.2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/l) saylı əlavə kredit müqaviləsinin, xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0- 46- 12(G)-A saylı girov müqaviləsinin və xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun etibarsızlığı”. İlk iki tələblə bağlı hesab edilir ki, müqavilələrin etibarsızılığı ilə əlaqədar iddia tələbinə hazırkı məhkəmədə baxılması prosessual qanunvericilik baxımından yol verilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi, həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən edilməsidir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ali Məhkəmə bu yanaşmasını həmin qərardadda onunla əsaslandırmışdır ki, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan, həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Odur ki, yuxarıda qeyd olunanlardan çıxış edərək hesab edilir ki, hazırda mlibahisələndirilən kredit və girov müqavilələri ilə bağlı bundan əvvəl məhkəmə qaydasında işə baxılarkən, həmin müqavilələrin etibarsızlığı ilə bağlı heç bir hal müəyyən edilməmiş və nəticədə məhkəmə tərəfindən bu müqavilələrin etibarlılığı tanınaraq müvafiq qətnamə çıxarılmışdır. Bu da onu deməyə əsas verir ki, həmin müqavilələri bu gün mübahisələndirməklə, bu formada iddia irəli sürülməsi birbaşa qanuni qüvvədə olan məhkəmə qətnaməsinin legitimliyini şübhə altına alır. İddia tələbinin sonuncu hissəsi olan xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun etibarsızlığı barədə iddiaçının iddiası isə əsaslı deyildir. Belə ki, adıçəkilən protokola diqət yetirildikdə müəyyən olunur ki, Cavabdeh ASC-nin ümumilikdə 92,07 faiz səhminə malik olan 70 nəfər səhmdar ümumi yığıcaqda iştirak edərək müvafiq qərar qəbul etmişlər. Mülki Məcəllənin 107-2.1-ci maddəsinə görə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Göründüyü kimi, Qanunvericiliyə əsasən ümumi yığıncaqda səhmlərin mülkiyyətçilərinin sayı minimal qaydada müəyyən edilməklə və qəbul ediləcək yekun qərara bir çox səhmdarların münasibətini öyrənməklə, onların iradəsinə uyğun qərar qəbul edilir. xx.xx.2012-ci il tarixdə keçirilmiş iclasda isə nəinki 60 faiz, hətta 92,07 faiz səhmə malik olan səhmdarlar iştirak etməklə, qəbul edilən qərarda 100 faizə nisbətdə əksəriyyətin mövqeyi bəlli olmuşdur. Yerdə qalan faiz dərəcəsinə uyğun olaraq səhmdarların (iddiaçının da həmçinin) orada iştirak etməməsi, həmin iclasın düzgün keçirilməməsi və onun qanunsuz olduğu anlamına gələ bilməz. Digər tərəfdən həmin iclasda iştirak edən səhmdarlar mütləq qaydada qərar qəbul etmişlər ki, həmin müqavilələr bəyənilərək təsdiq edilsin. Qeyd olunanlardan çıxış edərək hesab edilir ki, iddiaçının bu hissədə də iddiası təmin olunmamalıdır. Bundan əlavə, iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə “iddia müddətinin tətbiqi” barədə ərizə də təqdim edərək, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti - mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur) “müqavilələrin və səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməyərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddiaçı Cavabdeh ASCyə qarşı “xx.xx.2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12 (Ə/1) nömrəli əlavə kredit müqaviləsinin və həmin müqavilələri pərdələmək üçün tərtib edilmiş xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının protokolunun və onun nəticəsi olaraq "xxxx" İKB ASC-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus olan əsas vəsaitləri, o cümlədən, 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın mexanizmlərin ipotekaya qoyulması barədə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 6-BİZ-2- 0- 46-12(G)-A nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər”. Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsində İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin və səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır... 106-1.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 107-1.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2-ci maddəsinə əsasən, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.4-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Hazırkı iş üzrə iddiaçının iddiasına görə “əldə etdiyi 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan ona məlum olmuşdur ki, Səhmdar Cəmiyyət ümumi yığıncağın müzakirəsinə çıxarmadan, 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) nömrəli əlavə kredit müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Səhmdar Cəmiyyətin əsas vəsaitləri, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmlər 14 fevral 2012-ci il tarixli №6-BİZ2-0-46-12(G)-A nömrəli ipoteka müqaviləsi ilə ipotekaya qoymuşdur və onun bağlanmış qeyd edilən kredit müqavilələri və girov müqavilələrindən, həmçinin Səhmdar Cəmiyyətin ümumi yığıncağından xəbəri olmamışdır. Bütün bu müddət ərzində müqavilələrin bağlanması səhmdarlardan sirr olaraq saxlanıldığından, protokolun və müqavilənin mövcudluğundan və Səhmdar Cəmiyyətin daşınmaz əmlakının ipoteka qoyulmasından xəbərsiz olmuşdur. 2012-ci ildə ipoteka müqaviləsinin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi ümumi yığıncağın keçirilməməsi və müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi olmuşdur”. Lakin, məhkəmə araşdırması zamanı iş üzrə Cavabdeh ASC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən Cəmiyyətin ümumi yığıncağının keçirilməsi barədə dəvət məktubu (bildiriş) iddiaçıya göndərilmiş və iddiaçı iddia ərizəsində ona ümumi yığıncaq barədə bildiriş göndərilmədiyini yazsa da, məhkəmə iclasında verdiyi izahatında ona iclas barədə bildiriş gəldiyini və iclasın mövzusu ilə bağlı məlumat verildiyini qəbul etmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, iddiaçının ümumi yığıncağın keçirilməsindən məlumatı olsa da, yığıncaqda iştirak etməmiş, yığıncağın nəticələrinə dair tərtib edilmiş protokolda gündəliyə çıxarılan məsələlərə ("xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2012ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/2/46/12(Ə/1) nömrəli əlavə kredit müqaviləsinin təsdiq edilməsi, Cavabdeh ASC-nin bütün əsas vəsaitlərinin xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsinin təminatı olaraq banka girov qismində təklif edilməsi və girov müqaviləsinin imzalanmasının baş direktora həvalə edilməsi və s.) etirazını bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə Cavabdeh ASC-nin hərəkətləri qanunauyğun olmuş, sonuncu tərəfindən Cavabdeh ASCnin səhmdarı kimi İddiaçı cəmiyyətin səhmdarlarının ümumi yığıncağının keçirilməsi barədə qabaqcadan bildiriş göndərilmiş (iddiaçı bu halı məhkəmə iclasında etiraf etmişdir), lakin buna baxmayaraq iddiaçı ümumi yığıncaqda iştirak etməmiş və məlumatı olmasına baxmayaraq, yığıncağın nəticəsinə dair tərtib edilmiş protokola etirazını, protokolda təsdiqlənmiş məsələlərdən biri kimi “xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/2/46/12(Ə/1) nömrəli əlavə kredit müqaviləsinin təsdiq edilməsi, Cavabdeh ASC-nin bütün əsas vəsaitləri xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi təminatı olaraq banka girov qismində təklif edilməsi” hallarına dair etirazını həmin dövr üçün qarşı tərəfə bildirməmişdir və bununla bağlı belə bir sübut iş materiallarında mövcud deyildir. Göründüyü kimi, mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 6b/20/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/20/46/12 (Ə/1) nömrəli əlavə kredit müqaviləsi və "xxxx" İKB ASC-nin xeyrinə bağlanan Səhmdar Cəmiyyətə məxsus olan əsas vəsaitləri, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın mexanizmlərin ipotekaya qoyulması barədə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0- 46-12(G)-A nömrəli ipoteka müqaviləsi etibarlı olmaqla, tərəflərin həqiqi hüquqi maraqlarını əks etdirmiş, xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağı qanuna uyğun keçirilmiş və nəticələri protokollaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi “iddia müddətinin tətbiqi” barədə ərizə vermişdir. Məhkəmə həmin ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduqda, məhkəmə iddia müddətinin tətbiqi məsələsini araşdıraraq iddia tələbinə hüquqi qiymət verir. Hazırkı iş üzrə iddia tələbi əsassız olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi iddia müddətinin tətbiqinə görə deyil, iddianın əsassızlığına görə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə kredit və girov müqavilələrinin etibarlılığına qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Lakin, iddiaçı həmin işlər üzrə tərəf olmadığından, məhkəmə qeyd edilən tələblərə xitam verməmiş və mahiyyəti üzrə baxaraq qiymət vermişdir. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına və proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş mübahisənin və məhkəmə araşdırmasının predmeti olan müqavilələrin və ümumi yığıncağın protokolunun, məhkəmə aktlarının, icra vərəqəsinin, Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən çıxarışların və iş materiallarında olan digər sənədlərin məzmununa və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3, 106-1.1, 107-1.1, 107-1.2 və 107-1.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı 18 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmamış, mübahisəyə səhmdarların ümumi yığıncağının qanuni keçirilməsi və heç bir pozuntu olmaması kimi qiymət verərək, əsassız nəticəyə gəlmişdir. Halbuki, işin faktiki hallarından görünür ki, mübahisə xüsusi əhəmiyyətli əqdin bağlanmasından, həmin əqdin bağlanması halında mütləq tələblərə əməl edilməli olduğu halda, bu tələblərə əməl edilmədiyi və pozuntu faktlarının olması və səhmdarın hüququnun pozulması tam isbat edilir. Belə ki, 2024-cü ilin iyul ayında cavabdehə müraciət edilərək Cəmiyyətin nizamnaməsinin, ASC-nin 2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2012- 2013-2014-2015-2016 və 2017-ci illər üzrə maliyyə nəticələri haqqında hesabatların, cəmiyyətin balansının, mənfəət vergisi bəyannaməsinin surətlərinin, ASC-nin 2012-2013- 2014-2015-2016 və 2017-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin təqdim edilməsi xahiş olunmuşdur. Cavabdehin təqdim etdiyi 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan məlum olmuşdur ki, Səhmdar Cəmiyyət ümumi yığıncağın müzakirəsinə çıxarmadan 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) saylı əlavə kredit müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Səhmdar Cəmiyyətin əsas vəsaitləri, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq, maşın-mexanizmlər 14 fevral 2012-ci il tarixli №6-BİZ-2-0-46-12(G)-A saylı İpoteka Müqaviləsi ilə ipotekaya qoyulmuşdur. 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolu ilə Səhmdar Cəmiyyətin daşınmaz əmlakı ipotekaya qoyularkən imzalanmış kredit və girov müqavilələri ilə edilmiş qanun pozuntusunu pərdələməyə çalışmışlar. Halbuki, nə o, nə də digər səhmdarlar bu kredit və girov müqavilələrindən, nə də ki, yığıncağın gündəliyində belə bir məsələnin olmasından ümumiyyətlə xəbərləri olmamışdır və səhmdarlara göndərilmiş bildirişlərdə belə bir müzakirənin olmasından bəhs edilməmişdir. Bütün bu müddət ərzində müqavilənin bağlanması səhmdarlardan sirr olaraq saxlanılmış, protokolun və müqavilələrin mövcudluğundan və Səhmdar Cəmiyyətin daşınmaz əmlakının ipoteka qoyulmasından səhmdarlar xəbərsiz olmuşlar. 2012-ci ildə ipoteka müqaviləsinin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi ümumi yığıncağın keçirilməməsi və müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi idi. 26 mart 2012-ci il tarixli protokoldan ona aydın olmuşdur ki, Səhmdar Cəmiyyətə məxsus olan daşınar və daşınmaz əmlakların ipotekaya qoyulması ümumiyyətlə qeyd edilən tarixdə keçirilən ümumi yığıncağın gündəliyinə salınmamış, digər məsələlərin müzakirəsi adı ilə çıxışlar edilərkən, Ağabək Hüseynov çıxış edərək, “Cəmiyyətin "xxxx" İKB-yə uzun müddətdir ki, ödənilməyən kreditinin olmasına baxmayaraq, Bank restrukturizasiya edilməsinə və dövriyyə vəsaitlərinin artırılması üçün razılıq verildiyini və ümumi yığıncağın 26 mart 2012-ci il tarixli iclasına qədər artıq kredit müqaviləsinin bağlandığını” bildirmişdir. Bundan sonra Ağabək Hüseynov bildirmişdir ki, “kreditin bir hissəsinin təminatı olaraq Cəmiyyətin əsas səhmdarı Cavabdeh MMC özünə məxsus Cavabdeh ASC-nin bütün səhmlərini "xxxx" İKB qarşısında girov qoymuşdur. Lakin bu girov yetərli deyildir. Ona görə də, Cəmiyyətin dövriyyə vəsaitlərinin artırılması üçün cəmiyyətin bütün əsas vəsaitləri yenidən yeni kreditin təminatı qismində bank qarşısında girov qoyulmalıdır”. Bir məsələ də məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, Cəmiyyətin müşahidə şurasının sədri olmuş Elşən Babayev eyni zamanda "xxxx" İKBnin problemli kreditlər şöbəsinin müdiri olmuşdur. Elşən Babayevin əsas vəzifəsi Cəmiyyətin icra orqanın rəhbəri olan Ağabək Hüseynovun işinə nəzarət etmək olmuşdur. X10 öz maraqlarını "xxxx" İKB-nin problemli kreditlər şöbəsinin müdiri olduğu üçün "xxxx" İKB-nin maraqlarını üstün tutaraq Ağabek Hüseynovun qanunsuz əməllərinin ört-basdır edilməsində böyük rol oynamış, hər iki hüquqi şəxs əlaqəli şəxslər olduqları halda, qeyd edilən qanunsuz və əsassız müqavilələri bağlamışlar. Bütün bu qeyd etdiklərindən göründüyü kimi, cavabdeh Cəmiyyətin daşınar və daşınmaz əmlakları bilərəkdən qanunvericiliyin tələbi pozulmaqla əlaqəli hüquqi şəxsə girov qoyularaq, gələcəkdə onların mülkiyyətinə verilməsi üçün edilmiş qanunsuzluqların gizlədilməsi üçün hazırlanmış plan olmuşdur. Bütün yuxarıda qeyd etdikləri Cəmiyyətin Müşahidə Şurası, Cəmiyyətin baş direktorunun və "xxxx" İKB-nin iştirakı ilə olmuşdur. 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə/1) saylı əlavə kredit müqaviləsi, 14 fevral 2012-ci il tarixli №6-BİZ-2-0-4612(G)-A saylı İpoteka Müqaviləsi və həmin müqavilələri pərdələmək üçün tərtib edilmiş 26 mart 2012-ci il tarixli protokol tamamilə əsassız, qanunsuzdur. Məhkəmə isə bu faktlara və qanunvericiliyin pozulmasına biganə yanaşaraq, belə əsaslandırmağa çalışmışdır ki, ona bildiriş göndərilmiş və onun ümumi yığıncaqdan xəbəri olmuşdur. Məhkəmənin nəzərinə çatdırılır ki, iş materiallarında olan müqavilələrdən də göründüyü kimi, müqavilələr 02-14 fevral 2012-ci il tarixlərdə imzalanmış, ümumi yığıncağın protokolu isə 26 mart 2012-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, müqavilələr bağlanarkən Səhmdar Cəmiyyətin ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağının müsbət qərarı olmamışdır. Sonradan ümumi yığıncağın güdəliyinə daxil edilməyən məsələ müzakirəyə çıxarılmış və qərar qəbul edilmişdir. Halbuki, MM-nin 107-5.2-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməzdi. Lakin, məhkəmə qeyd edilən pozuntunu görməzdən gəlmiş, tətbiq edilməli normanı tətbiq etməmiş, ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə işin ədalətli araşdırılmasının tərəfdarı olsaydı, onda məlum olardı ki, həqiqətdə həmin müqavilələr bağlanarkən ondan və digər səhmdarlardan gizlin saxlanıldığını, 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağında gündəliyə daxil edilməyən məsələ barədə qərar qəbul edildiyini, həmin müqavilələr və protokol ilə bağlı hər hansı məlumat da açıqlanmadığını, həmin müqavilələr və ümumi yığıncaqda qəbul edilmiş qərarlardan xəbərsiz olduğunu müəyyən edə bilərdi. Lakin təəssüflər olsun ki, bu faktlara məhkəmə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, Səhmdar Cəmiyyətə məxsus daşınmaz əmlakın ipotekaya qoyulması xüsusi əhəmiyyətli əqddir və bunun üçün uydurma deyil, həqiqi səhmdarların ümumi yığıncağı çağırılmalı və keçirilməli idi. Səhmdarların ümumi yığıncağının gündəliyində müzakirə olunacaq məsələlərin dəqiq xülasəsi göstərilməli və həmin gündəlik üzrə qərar qəbul edilməli idi. Bunun üçün Səhmdar Cəmiyyət tərəfindən mətbuatda elan verilməli, səhmdarlara bildirişlər göndərilməli, bildirişdə yığıncağın gündəliyi verilməli, yığıncaq keçirilməli və sonda bu barədə məlumatlar açıqlanmalı idi. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə istinad edərək, açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edildiyi, xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərarın səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edildiyi və bu barədə məlumat açıqlandığını qeyd etsə də, cavabdeh tərəfindən qanunvericiliyin bu normasına əməl edib-etməməsini araşdırmadan qanunvericiliyin normasını özünə sərf edən şəkildə əsalandırmağa çalışmışdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə Cavabdeh ASC tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən Cəmiyyətin ümumi yığıncağının keçirilməsi barədə dəvət məktubu (bildiriş) iddiaçıya göndərilmiş, iddiaçı iddia ərizəsində ona ümumi yığıncaq barədə bildiriş göndərilmədiyini bildirsə də, məhkəmə iclasında verdiyi izahatında ona iclas barədə bildiriş gəldiyini və iclasın mövzusu ilə bağlı məlumat verildiyini qəbul etmişdir. Göründüyü kimi, iddiaçının ümumi yığıncağın keçirilməsindən məlumatı olsa da, yığıncaqda iştirak etməmiş, yığıncağın nəticələrinə dair tərtib edilmiş protokolda gündəliyə çıxarılan məsələlərə ("xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi və 6b/2/46/12(Ə/1) nömrəli əlavə kredit müqaviləsinin təsdiq edilməsi, Cavabdeh ASC-nin bütün əsas vəsaitləri xx.xx.2012-ci il tarixli 6b/2/46/12 nömrəli əsas kredit müqaviləsi təminatı olaraq banka girov qismində təklif edilməsi və girov müqaviləsinin imzalanmasının baş direktora həvalə edilməsi və s.) etirazını bildirməmişdir. Lakin o, məhkəmənin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məsələyə bu cür yanaşmanın hüquqi əsası yoxdur. Belə ki, ümumi yığıncaq barədə bildiriş göndərilməsi, yığıncaqda qəbul edilmiş qərarın mətni ilə tam məlumatlı olmaq anlamı daşıya bilməzdi. Məhkəmə isə belə əsaslandırmağa çalışmışdır ki, ona ümumi yığıncağın keçirilməsinə dair bildiriş göndərilmiş, yığıncağın nəticələrinə dair tərtib edilmiş protokolda gündəliyə çıxarılan məsələlərə girov və ipoteka müqavilələrin imzalanmasına etirazını bildirməmiş və bu hallara dair iş materiallarında sübut olmadığından, Cavabdeh ASC-nin hərəkətləri qanunauyğun olmuş, bağlanmış kredit və ipoteka müqavilələri etibarlı olmaqla tərəflərin həqiqi hüquqi maraqlarını əks etdirmiş, xx.xx.2012-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağı qanuna uyğun keçirilmiş və nəticələri protokollaşdırılmışdır. Məhkəmə unutmuşdur ki, 26 mart 2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan o, 2024-cü ilin iyul ayında xəbər tutmuş və indi mübahisələdirmişdir. 2012-ci ildə bilsəydi, elə onda da məsələyə münasibət bildirərdi. Qeyd edilən protokol kredit və ipoteka müqavilələri bağlandıqdan sonra tərtib edilmişdir. Bundan əlavə həmin protokolda gündəliyə daxil edilməyən məsələ barədə qərar qəbul edilmişdir ki, hansı ki, mülki qanunvericiliyin tələbinə birbaşa olaraq ziddir. Bütün bu qeyd etdikləri onu deməyə əsas verir ki, məhkəmə hazırkı mübahisənin ətraflı araşdırmasında, iş üçün əhəmiyyətli faktların müəyyən edilməsində maraqlı olmamış və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Səhmdar Cəmiyyətin əmlakı səhmdarların ümumi mülkiyyətidir və əmlak barəsində sərəncam vermək yalnız səhmdarların ümumi razılığı ilə mümkündür.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 09 yanvar 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayətini vermiş İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin, apellyasiya şikayəti vermiş İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Eyni zamanda, iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinin tələblərini nəzərə alaraq, apellyasiya şikayətini vermiş İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)- 900/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, İddiaçı hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını” xahiş etmiş olduğundan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 99.3. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. 102.3. Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 107-2.1. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 107-5.2. Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. 107-5.4. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları və işin konkret halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən təqdim olunmuş Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 2 (iki) manat olan cəmi 434452 (dörd yüz otuz dörd min dörd yüz əlli iki) ədəd X12 “AZ**********” dövlət qeydiyyat nömrəsi ilə Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrində qeydiyyata alınmış və 26 mart 2012-ci ildə Reyestr üzrə həmin səhmlər cəmi 380 nəfər səhmdara məxsus olmuşdur. Cavabdeh ASC-nin reyestrdə qeydə alınmış cəmi 434452 ədəd X11 6960 (altı min doqquz yüz altmış) ədədi, yəni 1,6020 faizi nisbətində hissəsi isə İddiaçı məxsusdur. Eləcə də, iş materiallarından görünür ki, borc verən "xxxx" İKB ASC (hal-hazırda "xxxx" ASC) ilə borcalan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 6-BİZ- 2-0-46-12 nömrəli kredit müqaviləsi əsasında dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə sonuncuya 36 ay müddətinə (illik 15%-lə) ******* manat məbləğində kredit verilmiş və bu kredit öhdəliyinin təminatı kimi borcalan Cavabdeh ASC-yə məxsus əsas vəsaitlərin, o cümlədən 83 adda, 86 ədəddən ibarət bina, avadanlıq və maşın-mexanizmlərin girov qoyulması barədə borcverən "xxxx" İKB ASC ilə borcalan Cavabdeh ASC arasında xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12(G)-A nömrəli girov müqaviləsi bağlanmışdır. Məlum Kredit müqaviləsi üzrə borcalan Cavabdeh ASC öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən borcverən "xxxx" İKB ASC tərəfindən “borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi” barədə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və Bakı şəhər Nəsimi Rayon Məhkəmsinin 17 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə ******* manat əsas borc və xx.xx.2013-cü il tarixədək hesablanmış 407560,79 manat faiz borcu olmaqla, cəmi 3341973,79 manat borcun tutulması və tutmanın Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862%-inə, yəni 380520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-yə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə ******* manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X3 ödənilməsi qət edilmişdir. Həmin Qətnamədən "xxxx" İKB ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus olan avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Yekun olaraq məlum qətnamələr qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və aparılan icra hərəkətləri nəticəsində Cavabdeh ASC-nin cavabdeh "xxxx" MMC-yə məxsus olmuş 87,5862 %, yəni 380520 ədəd adi adlı sənədsiz səhmləri xx.xx.2015-ci il tarixdə 761040 manat dəyərində olmaqla "xxxx" İKB ASC-nin balansına keçmişdir. Həmçinin, icra nəticəsində xx.xx.2016-cı il tarixli hərracın yekunları barədə protokol əsasında Cavabdeh ASC-yə məxsus avadanlıq, maşın və mexanizmlər 196998,9 manata hərracda satılmış və hərracdan əldə edilən həmin vəsaitdən müvafiq xərclər və ödənişlər çıxıldıqdan sonra qalan 182927 manat məbləğində pul vəsaiti borcalan Cavabdeh ASC-nin "xxxx" İKB ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilərək, məlum məhkəmə qətnaməsi ilə tutulan borcdan silinmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları və işin konkret halları ilə müəyyən edilmişdir ki, 26 mart 2012-ci ildə Cavabdeh ASC-nin X4 Yığıncağı keçirilmişdir. Bu yığıncağın keçirilməsi ilə əlaqədar səhmdarlara müvafiq qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş və baş tutmuş həmin Yığıncaqla əlaqədar 26 mart 2012-ci il tarixli 1 nömrəli Protokol tərtib edilmişdir. Həmin Protokoldan görünür ki, ASC-nin ümumilikdə 434452 ədəd mövcud səhmi üzrə 26 mart 2012-ci ildə keçirilən Yığıncaqda cəmi 400036 (dörd yüz min otuz altı) ədəd səhmin, yəni ümumi səhmlərin 92,07 faiz hissəsinin mülkiyyətçisi olan 70 nəfər səhmdar iştirak etmiş və gündəlikdə olan məsələlər müzakirə edilmişdir. Həmin Yığıncağın “Digər məsələlər” adlanan 5-ci hissəsində Cavabdeh ASC-nin inkişaf perspektivləri və müqavilələr üzrə mövcud öhdəlikləri və s. öhdəlikləri müzakirə edilərək, yekdilliklə - yəni, “lehinə” verilmiş 400036 səslə (“əleyhinə” səs verən olmamış və səsvermədə “bitərəf” qalan olmamışdır) aşağıda qeyd olunan qərar qəbul edilmişdir: “1. "xxxx" İKB ASC ilə Cavabdeh ASC arasında bağlanmış 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı əsas kredit müqaviləsi və 6b/20/46/12(Ə1) saylı əlavə kredit müqavilələri bəyənilərək təsdiq edilsin. 2. Cavabdeh ASC-nin bütün əsas vəsaitləri 02 fevral 2012-ci il tarixli 6b/20/46/12 saylı Əsas kredit müqaviləsi təminatı olaraq banka girov qismində təklif edilsin və girov müqaviləsinin imzalanması Baş Direktora həvalə edilsin. 3. Cəmiyyətin debitor və kreditor borclarının tərkibinin dəqiqləşdirilməsi baş mühasibə həvalə edilsin və qısa müddətdə arayış hazırlanaraq Müşahidə Şurasına və Təftiş komissiyasına təqdim edilsin.” Göründüyü kimi, yuxarıda qeyd olunan və iddiaçı tərəfindən mübahisələndirilərək “etibarsız sayılması” tələb olunan müqavilələr Cavabdeh ASC-nin səhmdarlarının xx.xx.2012-ci ildə keçirilən X6 müzakirəyə çıxarılmış və müzakirə zamanı həmin müqavilələrin “bəyənilərək, təsdiq edilməsi” barədə qərar qəbul edilmişdir. Sonradan isə həmin müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərin müvafiq qaydada yerinə yetirilməməsi səbəbindən, kreditor və ipotekasaxlayan "xxxx" İKB ASC tərəfindən kreditalan Cavabdeh ASC-yə və digərlərinə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və məhkəmənin həmin mübahisə üzrə qəbul etdiyi qanuni qüvvəsini alaraq icra olunmuş məhkəmə qətnamələri ilə məlum borc öhdəlikləri üzrə mübahisələndirilən müqavilələr əsasında iddiaçı Kreditorun tələbləri təmin olunmuşdur. Təbii ki, məlum müqavilələr qanunvericiliyin tələbləri baxımından düzgün bağlanmasaydı, kreditor "xxxx" İKB ASC-nin həmin müqavilələr əsasında verilən tələbləri işə baxmış məhkəmələr tərəfindən əsassız sayıla və təmin olunmaya bilərdi. Başqa sözlə, hazırkı mübahisə üzrə kredit və girov müqavilələrinin etibarlılığı və qanuniliyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də öz təsdiqini tapmışdır. Həmçinin, apellaysiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məlum müqavilələrin “bəyənilərək təsdiq edildiyi” Ümumi Yığıncaqda ümumi səhmlərin 92,07 faiz hissəsinin mülkiyyətçisi olan 70 nəfər səhmdar iştirak etmiş olduğundan və məlum qərar yekdillikə qəbul olunduğundan, ümumi səhmlərin 1,6020 faiz hissəsinə malik səhmdar olaraq iddiaçının həmin Yığıncaqda iştirak etməməsi – qeyd olunan Yığıncaqla əlaqədar tərtib edilmiş Protokolun etibarsız sayılması üçün əsas ola bilməz. Eyni zamanda, apellaysiya şikayətinin “... müqavilənin bağlanması səhmdarlardan sirr olaraq saxlanılması”, “protokolun və müqavilələrin mövcudluğundan və Səhmdar Cəmiyyətin daşınmaz əmlakının ipoteka qoyulmasından səhmdarların xəbərsiz olması” və “2012-ci ildə ipoteka müqaviləsinin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi ümumi yığıncağın keçirilməməsi və müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi” kimi dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məlum Yığıncaqla əlaqədar iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, həmin Yığıncaqla əlaqədar səhmdarlara müvafiq bildirişlər göndərilmiş, Yığıncaqda ümumi səhmlərin 92,07 faiz hissəsinin mülkiyyətçisi olan 70 nəfər səhmdar iştirak etmiş və iddiaçının 2024-cü ilin iyun ayında edilən ilk müraciəti əsasında mübahisələndirilən məlum Protokol ona təqdim edilmişdir. Bu hallar isə təsdiq edir ki, apellyasiya şikayətinin həmin qeyd olunan dəlilləri tamamilə əsassızdır və məlum Yığıncağın keçirilməsi, yığıncaqda müzakirə edilən məsələlər və yığıncaqla əlaqədar tərtib edilmiş Protokol - səhmdarlardan “sirr” kimi saxlanmamış və gizlədilməmişdir. Bundan əlavə, hazırkı mübahisə üzrə iddiaçı tərəfin tərtib etdiyi iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı 2024-cü ilin iyun ayında cavabdehə müraciət edərək, “Cəmiyyətin nizamnaməsinin, ASC-nin 2024-cü il Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinin surətinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncağının protokollarının surətlərinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illər üzrə maliyyə nəticələri haqqında hesabatların, cəmiyyətin balansının, mənfəət vergisi bəyannaməsinin surətlərinin, ASC-nin 2012-2013-2014-2015-2016 və 2017-ci illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqaviləsinin şərtləri ilə birlikdə surətlərinin təqdim edilməsini” xahiş etmişdir. Halbuki, iddiaçının səhmdar olaraq, bu kimi məlumatları müvafiq olaraq 2012-ci ildən 12 il və yaxud, 2017-ci ildən isə 7 il keçdikdən sonra deyil, daha əvvəllər, eləcə də hər bir il ərzində tələb edib almaq hüququ və imkanı olmuşdur. Nəzərə almaq lazımdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara görə iddiaçı qanuni əsaslarla yaradılaraq fəaliyyət göstərən MMC direktoru və eyni zamanda, 17 fevral 2016-cı ildən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN 1********) sahibkar olduğu üçün bu sahədə kifayət qədər təcrübəyə və biliyə malik olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli e-2-2(117)-900/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar