Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-147/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X8 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - X2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh - Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin müddəalarının dəyişdirilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, e-2-2(117)-442/2025 saylı qətnaməsindən Cavabdeh və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı “daşınmaz əmlakdan məcburi çıxarılma” tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdidaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş və tələbini dəyişdirmiş, xx.xx.2025-ci il tarixdə yenidən müraciət edərək, tələbini dəyişdirərək mülkiyyətçilər arasında qeyri-yaşayış sahəsinin icarəsi barədə xx.xx.2021-ci il tarixli müqavilədə dəyişiklik edilərək, müqavilənin 2.1-ci bəndinin “Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 2 il müddətinə qüvvədə olacaq”, 3.1-ci bəndinin “İcarəçi İcarəyəverənə hər ay 2000 manat (bütün vergi, sosial və digər xərclər çıxıldıqdan sonra) icarə haqqı ödəməlidir”, 3.2-ci bəndinin “İcarə haqqı xx.xx.2025-ci il tarixdən hesablanacaq. Yeni şərtlərlə Müqavilə bağlanan zaman, əvvəlki İcarə müqaviləsi üzrə ödənilmiş 1000 manat icarə haqları da nəzərə alınır və icarə haqqından çıxılır” kimi dəyişiklik edilməsini, 5.4.4-cü bəndinin qüvvədən düşmüş hesab edilməsi, qeyd edilən şərtlərlə müqavilənin bağlanması, vəkilin hüquqi yardımına görə ödənilən 1000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 100 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 iyul 2025-ci il tarixli, e-2-2(117)-442/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış 30 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndində dəyişiklik edilərək aylıq icarə haqqının məbləği 1594,50 (bir min beş yüz doxsan dörd manat əlli qəpik) manat (Ö.M.V daxil) müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh MMC-dən 500 manat vəkilin hüquqi xidmətinə görə haqq və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X3 ödəniməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, e-2-2(117)-442/2025 saylı qətnaməsindən Cavabdeh və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini belə əsaslandırmışır ki, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlakı əldə edərkən onun bu icarə müqaviləsindən heç bir halda xəbəri ola bilməzdi, ən azından alqı-satqı zaman həmin əmlakın yüklü olmamasına dair notariat ofisində arayış alındı (Forma-1), Bundan başqa iddiaçı həmin əmlakı almazdan öncə əvvəlki sahibi və onun həyat yoldaşı Vidadi iddiaçını tam şəkildə əmin etmişdilər ki, heç bir problem yoxdur, OBA Market də həmin ayın sonu oradan çıxırlar. İddiaçının bir sahibkar kimi bu yüklülükdən, icarə müqaviləsindən xəbəri olsaydı, mən heç zaman həmin əmlakı almazdı və alqı-satqı da qanuni əsaslarla gerçəkləşə bilməzdi. İşə baxan məhkəmə iddianı qismən təmin etmiş və qətnaməyə əsasən İddiaçı X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış 30 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndində dəyişiklik edilərək aylıq icarə haqqının məbləği 1594,50 (bir min beş yüz doxsan dörd manat əlli qəpik) manat (Ö.M.V daxil) müəyyən etmiş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə İcarə müqaviləsinin qiymətini, yəni icarə haqqında dəyişmiş və milli valyutanın inflyasiyasını nəzərə alaraq icarə haqqında dəyişiklik etmişdir. Belə qiymət dəyişikliyi iddiaçını qətiyyən qane etmir, belə ki, məhkəməyə təqdim etdiyim mütəxəssis rəyində də qeyd edilir ki, həmin daşınmaz əmlakın hazırda real icarə haqqı 1700-1900 manat təşkil edir. Məhkəmə tərəfindən yalnız icarə məbləğinin dəyişdirilməsi, müqavilə müddətinin və digər şərtlərin dəyişdirilmədən saxlanması bərabərlik prinsipini pozmuş və müqavilə tərəfi kimi məınim mülkiyyətdən maneəsiz istifadə imkanlarımı məhdudlaşdırmışdır. Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-442/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsinin tam ləğv edilməsi və iddianın tam təmin edilməsi ilə bağlı yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi hissəsində qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia həmin hissədə də təmin edilməməlidir. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunda birbaşa nəzərdə tutulmuş hüququdur. Mülki hüquq münasibətlərinin xüsusiyyəti ondadır ki, onlar bir-birindən heç bir asılılığı olmayan bərabər hüquqlu subyektlər arasında yaranır. Bütün bunlara əsasən müqavilə bağlayıb bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Şəxsin müqavilə bağlamaq haqqında iradəsi, yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirərək qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir ki, buna müqavilə azadlığı deyilir. Müqavilənin tərəflərdən birinin tələbi ilə dəyişdirilməsi aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Hazırki mülki iş üzrə müqavilənin Cavabdeh MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Belə olan halda, hazırki mülki iş üzrə cavabdeh tərəfindən icarə haqqının ödənilməsi ilə bağlı öhdəlik icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi halda və ya icarə obyektindən təyinatı üzrə istifadə edilmədiyi halda iddiaçı ümid etməyə haqqı çatanlardan məhrum olar və müqavilə cavabdeh tərəfindən pozulmuş olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında misal olaraq, Mülki Məcəllənin 719.7-ci maddəsində nəzərdə tutulan halları müqavilənin əhəmiyyətli pozuntusu olaraq qiymətləndirmişdir. Belə ki, Konstitusiya Məhkəməsi icarəçi tərəfindən icarə haqqının 2 və ya 3 aydan çox ödənilməməsi, icarəyə götürdüyü əmlakı əhəmiyyətli dərəcədə pisləşdirilməsi, müqaviləyə uyğun olmayan və icarəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadənin davam etdirilməsi, üçüncü şəxslərin qeyri-hüquqi istifadəsində saxlanılması, təhlükəyə məruz qoyması və s. kimi hallar müqavilənin əhəmiyyətli pozuntusu olaraq qiymətləndirmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsində icarə haqqının dəyişdirilməsi ilə bağlı şərt imperativ qaydada deyil, dispozitiv qaydada müəyyən edilmişdir. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndində nəzərdə tutulmuşdur ki, tərəflər razılığa gəlirlər ki, icarə müqaviləsinin bağlandığı andan 2 (iki) il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğində yenidən baxıla bilər. Hazırki mülki iş üzrəiddiaçı icarə müqaviləsinin dəyişdirilərək icarə haqqının artırılması tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndində nəzərdə tutulmuş həmin şərtə istinad edir. Mübahisələndirilən Qətnaməni qəbul edən məhkəmə də bu iddianı qismən təmin edərkən gəldiyi nəticəsini bu qaydada əsaslandırmışdır. Belə ki, iddiaçı müqavilənin həmin şərtinə istinad edərək məhkəməyə bildirmişdir ki, tərəflər arasında icarə müqaviləsinin bağlanılmasından 4 (dörd) il müddət keçməsinə və cavabdehə icarə haqqının artırılması ilə bağlı təklif göndərilməsinə baxmayaraq cavabdeh icarə haqqını artırmır. Göründüyü kimi, müqavilənin istinad edilən bəndində istifadə olunan dispozitiv ifadələr (“yenidən baxıla bilər”) ona dəlalət edir ki, inflyasiya dərəcəsinə uyğun olaraq icarə haqqına yenidən baxılması icarəçinin öhdəliyi kimi deyil, tərəflərin hüququ, yəni mümkün davranış imkanı kimi nəzərdə tutulmuşdur. Həmin bənd icarəçi olan cavabdehin üzərinə icarə haqqının məbləğinin artırılması ilə bağlı öhdəlik qoymur. Yalnız 2 (iki) il keçikdən sonra tərəflərin qarşılıqlı razılığı ilə icarə haqqının məbləğinə baxılması məsələsini tənzimləyir. Belə olan halda cavabdeh tərəfindən üzərinə icarə haqqının artırılması ilə bağlı öhdəlik götürülmədiyindən icarə haqqının artırılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyula bilməz. Məhkəmə kollegiyası nəzərə almalıdır ki, iddiaçı məhkəmə araşdırması zamanı özünü aldadılmış və əlverişsiz vəziyyətə düşmüş şəxs kimi təqdim etsə də, onu bu vəziyyətə salan şəxsi cavabdeh olaraq düzgün müəyyən etməmişdir. İddiaçı əmlakı alarkən həmin əmlakın Cavabdeh MMC-nin icarəsində olduğunu bilmiş, çünki əmlaka baxış keçirmişdir. İddiaçı icarə müqaviləsinin şərtlərini aydınlaşdırmadan, birbaşa Cavabdeh MMC-nin müvafiq strukturu ilə bütün məsələləri dəqiqləşdirmədən, sadəcə əmlakın əvvəlki sahibinin şifahi sözünə inanaraq həmin əmlakı əldə edib və bununla da əlverişsiz vəziyyətə düşdüyünü bildirirsə, belə olan halda Cavabdeh MMC-nin bu məsələdə hər hansı təqsiri yoxdur. X12 üzrə qüvvədə olan şərtlər iddiaçını əlverişsiz vəziyyətə salırsa və o maddi ziyana uğrayırsa, o alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı əmlakın əvvəlki sahibinə qarşı iddia qaldıra bilər və ya ona vurulmuş maddi ziyanın əvəzini əmlakın əvvəlki sahibindən məhkəmə qaydasında tələb edə bilər. Bu yanaşma daha ədalətli və qanuni olardı. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, e-2-2(117)-442/2025 saylı qətnaməsinin qismən (iddianın qismən təmin edilməsi hissəsində) ləğv edilməsi, iddianın təmin edilmiş hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X6 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə1 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, e-2-2(117)-442/2025 saylı qətnaməsi ləğv edilməli, iddia ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin məcəllənin 259.0-cı maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: - 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; (...). Tərəflər arasında iddia tələbini dəyişdirdikdən sonra işin mübahisələndirilən halı müqavilə müddəalarının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, iddiaçı mülkiyyətçilər arasında qeyri-yaşayış sahəsinin icarəsi barədə xx.xx.2021-ci il tarixli müqavilədə dəyişiklik edilərək, müqavilənin 2.1-ci bəndinin “Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 2 il müddətinə qüvvədə olacaq”, 3.1-ci bəndinin “İcarəçi İcarəyəverənə hər ay 2000 manat (bütün vergi, sosial və digər xərclər çıxıldıqdan sonra) icarə haqqı ödəməlidir”, 3.2-ci bəndinin “İcarə haqqı xx.xx.2025-ci il tarixdən hesablanacaq. Yeni şərtlərlə Müqavilə bağlanan zaman, əvvəlki İcarə müqaviləsi üzrə ödənilmiş 1000 manat icarə haqları da nəzərə alınır və icarə haqqından çıxılır” kimi dəyişiklik edilməsini, 5.4.4-cü bəndinin (həmin qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi ilə bağlı bənd) qüvvədən düşmüş hesab edilməsini tələb edir. İddiaçı əvvəl başqa tələblə çıxış etsə də, sonradan tələbini dəyişdirmiş, bu barədə məlumat cavabdehə elektron kabinet vasitəsilə çatdırılmış və cavabdeh qeyd edilən tələbə etirazını bildirmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Hazırkı işdən isə görünür ki, iddiaçı tərəf ərizəsi ilə həm iddianın əsasını, həm də predmetini dəyişdirmişdir. Belə olan halda bu cür ərizə yeni iddia ərizəsi kimi qəbul edilməli, yəni məhkəmədə yeni iddia qaldırılmalıdır. Belə ki, ilk iddia ərizəsində icarə müqaviləsi, onun qanuniliyi mübahisələndirilmiş, iddiaçı icarə müqaviləsindən məlumatı olmadığını, onun mülkiyyət hüquqlarının pozulduğunu iddia etmişdir. İkinci ərizədən göründüyü kimi, iddiaçı tərəf icarə müqaviləsini, onun qanuniliyini artıq qəbul edir, sadəcə müqavilənin müvafiq şərtlərinin dəyişdirilməsini xahiş etmiş, yəni yeni iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarında iddiaçının cavabdehə müqavilənin dəyişdirilməsi barədə təklifi və cavabdehin bu təklifə imtinasına dair heç bir məlumat yoxdur. Kollegiyanın iclasında da iddiaçı tərəf belə bir təkliflə çıxış etməsini sübut edə bilmədi, cavabdeh tərəf də onlara belə bir təklifin gəlmədiyini bildirdi. İddiaçı yeni iddia tələbinə dair pretenziya qaydasına əməl etməli idi. İş materiallarına əsasən iddiaçının pretenziya məktubu ilk iddia tələbinə dair olmuş, lakin yeni iddia tələbi ilə bağlı pretenziya qaydasına əməl olunmamışdır. Göründüyü kimi, iddiaçı hazırkı mübahisədə müqavilənin dəyişdirilməsi üçün mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya (Mülki Məcəllənin 423.2-ci maddəsi) əməl etmədən məhkəməyə müraciət etmişdir. Bu hal isə mülki prosessual qanunvericiliyin tələbinə görə, iddianın baxılmamış saxlanılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də, kollegiya hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4 və 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, e-2-2(117)-442/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı X2 Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli icarə müqaviləsinin müddəalarının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya iddianın bаxılmаmış sаxlаnılmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-147/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-147/2025
04.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver