Məhkəmə qərarları › İş №2-2(107)-16/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-16/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-16/2025 29.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh və onun vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh (VÖEN: **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 19 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN: **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 38600 (otuz səkkiz min altı yüz) manat debitor borcu və 3045,69 (üç min qırx beş manat 69 qəpik) manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 41645,69 (qırx bir min altı yüz qırx beş manat 69 qəpik) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 214,94 (iki yüz on dörd manat 94 qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 13 nömrəli Komissiya Müqaviləsi bağlanmışdır. Müqavilədə iddiaçı Komitent cavabdeh isə Komisyonçu tərəf olaraq çıxış edir. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçı özünün Mallarının öz hesabına, lakin Cavabdehin adından satılması barədə müqavilələrin bağlanmasını Cavabdehə tapşırır və əvəzində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh isə bu müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürmüşdür. 3.4-cü yarımbəndə əsasən Cavabdeh alıcılarla bağladığı müqavilələrin icrasına görə İddiaçı qarşısında zəmanət verir və məsuliyyət daşıyır. Müqavilənin 5.3-cü bəndinə əsasən Cavabdeh siyahının yoxlanması üçün qalıq kimi göstərdiyi malları İddiaçının tələbi ilə ona təqdim etməzsə və ya yoxlama nəticəsində siyahıda qalıq kimi göstərilmiş malların Cavabdehdə olmadığı müəyyən edilərsə, təqdim edilməmiş və ya əskik gələn malların dəyəri Cavabdehin borclarına yazılır və ondan tutulur. Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli, 13 nömrəli komissiya müqaviləsinə əsasən ona verilmiş malları adları iddiaçıya məlum olmayan şəxslərə nisyə olaraq satmış, həmçinin pərakəndə satış zamanı malların dəyərini iddiaçıya ödəməmişdir. 14 dekabr 2022-ci il tarixli Üzləşmə aktına əsasən 38600 manat dəyərində təhvil verilmiş malın ödənişi Cavabdeh tərəfindən İddiaçıya ödənilməmiş və debitor borcu qalmışdır. Öhdəliyini icra etməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 30 aprel 2024-cü il tarixində Cavabdehə pretenziya məktubu göndərilsə də, Cavabdeh hərəkətsizlik göstərərək borcu ödəməmişdir. İşin Hüquqi halları Müqavilənin 9-cu bəndinə əsasən Müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyi tətbiq olunur və tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılacaq. Cavabdeh İddiaçıya 38600 manat dəyərində təhvil verilmiş malın ödənişini etməlidir. Əsas: Tərəflər arasında bağlanan xx.xx.2022–ci il tarixli, 13 nömrəli komissiya müqaviləsi və 14 dekabr 2022-ci il tarixli Üzləşmə aktı. Bundan əlavə, Cavabdeh İddiaçıya ödənməli olan məbləği gecikdirdiyinə görə İddiaçıya 3045,69 manat əldən çıxmış fayda ödəməlidir. Odur ki, Cavabdeh tərəfindən indiyədək ödənməmiş borc üzrə hesablanan dəbbə pulu məbləği 14 dekabr 2022-ci il tarixindən bu günədək, yəni 12 iyul 2024-cü il tarixinədək 576 gün təşkil edir və aşağıdakı qaydada hesablanır: 38600 x ((5% : 365) x 576)) : 100 = 3045,69 AZN. Beləliklə, hazırkı iddia tələbi cəmi 41439,48 manat təşkil edir və həmin iddia tələbinə əsasən 214,32 manat dövlət rüsumu ödənilmişdir (İddia ərizəsində iddia tələbinin əsaslandırılması üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 443, 445.7, 449.1, 809 və 819-cu maddələrinə istinad olunmuşdur).

2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 04 sentyabr 2024-cü il tаrixli, e-2- 2(117)-1030/2024 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin Qətnamədə qət oluinmuşdur ki: -“İddia təmin edilsin. Cavabdeh 38600 manat əsas, 3045,69 manat faiz borcu və 214,94 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin.” Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tələbin 38600 manat borcun ödənilməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kommissiya müqaviləsinə əsasən iddiaçı özünün (komitent) mallarının öz hesabına lakin cavabdehin (komisyonçu) adından satılması barədə müqavilələrin bağlanmasını cavabdehə tapşırmağı və əvəzində razılaşdırılmış muzd ödəməyi, sonuncu isə bu müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və ödənilməmiş 38600 manat borcu qalmışdır. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akta əsasən cavabdehin debitor borcunun 38600 manat olması təsdiqlənmişdir. Göründüyü kimi, cavabdeh qalıq 38600 manat borcun mövcudluğuna dair tərtib edilmiş üzləşmə aktına imza etməklə həmin məbləğdə borcun olmasını etiraf etmişdir. Bu səbəbdən 38600 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin 3045,69 manat əldən çıxmış faydanın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının vəkili məhkəmə iclasında tələ edilən 3045,69 manat əldən cıxmış faydanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələb etdiklərini bildirmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirdiyi halları, iddiaçının iddia ərizəsində istinad etdiyi müxtəlif qanunvericilik normalarını nəzərə alaraq, eləcə də tərəflər arasında bağlanmış müqavilədə faiz, cərimə məbləğləri nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, 3045,69 manat borc məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin konkret müddəti müəyyən olunmadığından qarşılıqlı üzləşmə aktının tərtib olunduğu xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 19 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 3055,83 manat təşkil edir. Məhkəmə tərəfindən adi hesablama aparıldıqda müəyyən olunduğu kimi qarşılıqlı üzləşmə aktının tərtib olunduğu xx.xx.2022ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə illik 5 %-lə hesablanmış faiz məbləği (38600 * 5% = 1930 manat – 1 il üçün, 1930 / 12 ay = 160,83 manat 1 aylıq faiz, 160,83 x 19 ay = 3055.83 manat) 3055,83 manat təşkil edir. İddiaçı isə 3045,69 manat tələb edir ki, məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi üzrə tələb olunan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 214,94 manat təşkil edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı onun tərəfindən ödənilmiş 214,94 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 214,94 manat sonuncudan tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi, 04 sentyabr 2024-cü il tаrixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsində gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 445.7, 448.1, 448.2, 752.1, 752.2 və 753.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

– 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024 cü il tarixli, e-2-2(117)- 1030/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1030/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Cavabdeh qarşı “38600 manat debitor borc, 3045,69 manat əldən çıxmış fayda və 214,94 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-1030/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 38600 manat əsas, 3045,69 manat faiz borcu və 214,94 manat dövlət rüsumu tutularaq İddiaçı QSC yə ödənilməsi qət edilmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırılır ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(117)-1030/2024 saylı kommersiya mübahisəsi üzrə məhkəmə çağırışlarından, sənədlərindən və ona rəsmi qaydada təqdim edilmədiyindən qətnaməsindən məlumatı olmamış və bu səbəbdən əvvəlcədən apellyasiya şikayətinin verilməsi mümkün olmamışdır. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin çağırışından sonra onun həmin qətnamədən məlumatı olmuş və bundan sonra o, apellyasiya şikayəti vermişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırıldığı halda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bununla belə, Şəki Kommersiya Məhkəməsi mübahisəli qətnaməni elektron kabinetə yerləşdirilməsi ilə bağlı ona elektron poçt, SMS və s. vasitələrlə məlumat verməmişdir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün bir aylıq prossesual müddət ötürülməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi İddiaçı QSC-nin iddia tələbini təmin edərkən işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını kommersiya iş üzrə düzgün tədbiq etməmiş və nəticədə hazırkı mübahisəli məhkəmə qətnaməsini qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, “məhkəmə tələbin 38600 manat borcun ödənilməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kommissiya müqaviləsinə əsasən iddiaçı özünün (komitent) mallarının öz hesabına lakin cavabdehin (komisyonçu) adından satılması barədə müqavilələrin bağlanmasını cavabdehə tapşırmağı və əvəzində razılaşdırılmış muzd ödəməyi, sonuncu isə bu müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və ödənilməmiş 38600 manat borcu qalmışdır. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akta əsasən cavabdehin debitor borcunun 38600 manat olması təsdiqlənmişdir. Göründüyü kimi, cavabdeh qalıq 38600 manat borcun mövcudluğuna dair tərtib edilmiş üzləşmə aktına imza etməklə, həmin məbləğdə borcun olmasını etiraf etmişdir. Bu səbəbdən 38600 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin 3045,69 manat əldən çıxmış faydanın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının vəkili məhkəmə iclasında tələ edilən 3045,69 manat əldən cıxmış faydanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələb etdiklərini bildirdi. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirdiyi halları, iddiaçının iddia ərizəsində istinad etdiyi müxtəlif qanunvericilik normalarını nəzərə alaraq, eləcə də tərəflər arasında bağlanmış müqavilədə faiz, cərimə məbləğləri nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, 3045,69 manat borc məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin konkret müddəti müəyyən olunmadığından qarşılıqlı üzləşmə aktının tərtib olunduğu xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 19 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 3055.83 manat təşkil edir. Məhkəmə tərəfindən adi hesablama aparıldıqda müəyyən olunduğu kimi qarşılıqlı üzləşmə aktının tərtib olunduğu xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024cü il tarixə illik 5 %-lə hesablanmış faiz məbləği (38600 * 5% = 1930 manat – 1 il üçün, 1930 / 12 ay = 160.83 manat 1 aylıq faiz, 160.83 x 19 ay = 3055.83 manat) 3055.83 manat təşkil edir. İddiaçı isə 3045,69 manat tələb edir ki, məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi üzrə tələb olunan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir”. Məhkəmə Kollegiyasının nəzərinə çatdırılır ki, yuxarıda qeyd etdiyi kimi onun e-2-2(117)-1030/2024 saylı kommersiya mübahisəsi üzrə məhkəmə sənədlərindən məlumatı olmadığından, iclaslarda iştirak edə və sübutları təqdim edə bilməmişdir. Halbuki, bu mübahisə hazırda işdə olan sənədlərlə və onun hazırda təqdim etdiyi sübutlarla müqaisəli şəkildə araşdırılmalıdır. Ona görə də, mövcud qətnamə işin faktiki hallarını əks etdirmir. İlk növbədə İddiaçı QSC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mülki-prossesual qanunvericilikdə nəzərdə tutulmuş pretenziya qaydasına əməl etməmişdir. Belə ki, iddiaçı elektron kabinetə əlavə etdiyi Elektron Məhkəmə Sistemində pretenziyalar bölməsindən çıxarışda cavabdeh tərəfə pul tələbinə dair pretenziya göndərilməsi göstərilmişdir. Lakin, bu göndəriş pretenziya qaydasına əməl olunması qənaətə gəlinməsinə əsas deyildir. Çünki, Azərbaycan Respublikası MPM-nin 150.1- 150.2-ci maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərə aid sənədlər onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırıldığı halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bununla belə, İddiaçı QSC mübahisəli pretenziyanın elektron kabinetə yerləşdirilməsi ilə bağlı ona elektron poçt, SMS və s. vasitələrlə məlumat verməmişdir. Bununla bağlı cavabdehə sistem vasitəsi ilə məlumat verilməsinə dair iş materiallarında sübut mövcud deyildir. İddia ərizəsi isə ümumiyyətlə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməmişdir. İddiaçı QSC cavabdehin elektron kabinetinə pretenziya məktubunun yerləşdirildiyi göstərilsə də, “Təsdiq olunmuş elektron ünvanı (e-mail)” bölməsi boşdur və SMS məlumatlandırma barədə məlumat mövcud deyildir. Ona görə də, cavabdehin elektron kabinetinə pretenziyanın yerləşdirilməsi barədə ona məlumatın verilməsinə dair iş materiallarında sübutlar mövcud olmadığından, iddiaçının məhkəməyə qədər pretenziya qaydasına əməl etməsi müəyyən edilmir. Mülki-prosessual qanunverciliyin tələblərinə əsasən isə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Bundan başqa, İddiaçı QSC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq müqavilə sənədləri ilə bərabər ərizəsinə xx.xx.2022-ci il tarixli üzləşmə aktı əlavə etmişdir və həmin aktda borc məbləği 38600 manat göstərilmişdir. Bununla əlaqədar bildirir ki, həmin tarixdən bu günədək tərəfindən iddiaçının hesabına “TAPAGRO” üzərindən ödənişlər edilmişdir və sözügedən ödənişlərin qeydiyyatı isə həm Kapital Bankda (sistem həmin bankın üzərindən işlədiyindən) və iddiaçı müəssisənin mühasibatlıq bazasında mövcuddur. Eyni zamanda üzləşmə aktından sonra apardığı həmin ödəniş sənədlərinin bir nüsxəsi isə onda mövcuddur və apellyasiya icraatı zamanı ödəniş sənədləri təqdim ediləcəkdir. Bundan əlavə tərəfindən həmin borcdan iddiaçı müəssisənin hesabına xx.xx.2023-cü il tarixdə 2000 manat və xx.xx.2023-cü il tarixdə 600 manat ödənilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixdən iddianın qaldırıldığı tarixədək onun tərəfindən aparılmış xidmət ödənişləri barədə məlumatlar İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, müqavilə şərtlərində nəzərdə tutulan 16,5 % bonuslar iddiaçı tərəfindən ona ödənilməmiş və ya tələb etdiyi borcda nəzərə almamışdır. Bu səbəbdən də hazırda tələb edilən və onun qəbul etmədiyi qeyri-müəyyən borc məbləği meydana gəlmişdir. Bir daha qeyd edir ki, mübahisəli məhkəmə qətnaməsi kimi digər məhkəmə sənədləri hesab edilən bildirişlərin elektron kabinetə yerləşdirilməsi ilə bağlı ona elektron qaydada, elektron poçt, SMS və s. vasitəsilə məlumat verilmədiyindən, məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Bu səbəbdən də iş üzrə maddi sübutların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər isə işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından - məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Mübahisələndirilməsinə baxmayaraq borcun yaranması və müəssisənin xeyrinə edilmiş ödənişlərin məhəməyə təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamışdır. Onun tərəfindən təqdim edilən ödənşlərlə bağlı sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir, əgər edilsə idi hazırda tələb olunan borc məbləği kifayət qədər az olacaqdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da onun mübahisələndirdiyi qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.

- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 11 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2-2(117)-1030/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə həm şifahi, həm də yazılı formada qanunverciliyin tələblərinə uyğun olaraq xəbərdarlıqlar edilmişdir. Belə ki, cavabdehin İddiaçıya ümumilikdə 60857,31 manat debitor borcu olmuşdur. Bu borc məbləğinin 38600 manat hissəsi 2021-ci il üzrə satılmış mallara görə, 22257,31 manat hissəsi 2022-ci ilin 09 dekabrında cavabdehin məsul olduğu anbarda keçirlən yoxlama zamanı aşkar edilmiş çatışmamazlıqlara görə yaranmışdır. Bu hallar barədə cavabdeh özü izahatlarında etiraf etmiş, borc məbləğlərini ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh 22257,31 manat borc məbləğini 2023-cü ilin iyul ayına kimi, 38600 manatı isə 2023-cü ilin sonuna kimi ödənilməsi barədə öhdəlik götürmüşdür. Bu öhdəliklərdən 22257,31 manat borc məbləğindən 2000 manatı ödəmişdir (hazırda apellyasiya şikayətinə əlavə eidlmiş” kvitansiya” bu barədədir). Onun ümümulikdə 58057,31 manat borcu qalmışdır. Buna görə də ona göndərilmiş pretenziya məktubunda 58058 manat borc məbləği istənilmişdir. Lakin sonradan Cavabdeh tərəfindən 20257,31 (22257,31-2000=20257,31) manat borc məbləğini məhkəmədən kənar ödəməsi ilə bağlı şifahi xahişi iddiaçının rəhbərliyi tərəfindən nəzərə alınaraq, məhkəmədə 38600 manat borcla bağlı iddia qaldırılması qərara alınmışdır. Hazırda cavabdeh tərəfindən yazılmış və imzalanmış izahat və öhdəlik məktubları, aparılmış yoxlama zamanı aşkarlanmış çatışmamazlıqlar barədə Üzləşmə Aktı da etiraza əlavə edilir. Bundan əlavə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 28 yanvar 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən ərizə təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və həmin ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya ümumilikdə 60857,31 manat debitor borcu olmuşdur. Bu borc məbləğinin 38600 manat hissəsi 2021-ci il üzrə satılmış mallara görə, 22257,31 manat hissəsi 2022-ci ilin 09 dekabrında cavabdehin məsul olduğu anbarda keçirlən yoxlama zamanı aşakar edilmiş çatışmamazlıqlara görə yaranmışdır. Bu hallar barədə cavabdeh özü izahatlarında etiraf etmiş, borc məbləğlərini ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 22257,31 manat borc məbləği 2023-cü ilin iyul ayına kimi, 38600 manat isə 2023-cü ilin sonuna kimi ödənilməsi barədə öhdəlik götürülmüşdür. Bu öhdəliklərdən 22257,31 manat borc məbləğindən 2000 manatı ödəmişdir və onun ümümulikdə 58057,31 borcu qalmışdır. Buna görə də ona göndərilmiş pretenziya məktubunda 58058 manat borc məbləği istənilmişdir. Lakin sonradan Cavabdeh tərəfindən 20257,31 (22257,31-2000=20257,31) manat borc məbləğini məhkəmədən kənar ödəməsi ilə bağlı şifahi xahişi iddiaçının rəhbərliyi tərəfindən nəzərə alınaraq, məhkəmədə 38600 manat borcla bağlı iddia qaldırılması qərara alınmışdır. Cavabdeh tərəfindən yazılmış və imzalanmış izahat və öhdəlik məktubları, aparılmış yoxlama zamanı aşakarlanmış çatışmamazlıqlar barədə Üzləşmə Aktı elektron məhkəmə sisteminə əlavə edilmişdir.

4. İş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh və onun vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, İddiaçı QSC 28 yanvar 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş Cavabdeh vəkili Vəkil2 da apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara əsaslanaraq, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı yönəlmiş hazırkı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 yanvar 2025-ci il tаrixli və 06 may 2025-ci il tarixli qərаrdаdlarına əsasən apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məlum ekspertizanın keçirilməsi ilə əlaqədar ekspert vəsatəti ilə tələb olunan sənədlərin ekspertizaya təqdim edilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunsa da, sonuncu tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanmış ərizələrdə qeyd olunmuşdur ki, “Cavabdehə komissiya müqaviləsi əsasında mallar verilən dövrdə Cəmiyyətin rəhbəri olmuş şəxslər sonradan işdən çıxarıldığından, onların dövrünə aid Cəmiyyətdə qalan bütün sənədlər məhkəməyə təqdim edilmişdir.” Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” Məlumatlarla həmin qərardadların icra edilməsinin mümkün olmaması və eyni zamanda, “xx.xx.2025-ci il tarixdə Mərkəzə daxil olmuş əlavə sənədlər hazırkı tədqiqat zamanı nəzərə alınmışdır. Lakin təqdim edilmiş sənədlər əsasında rəy verilməsi mümkün olmamışdır” qeyd edilməklə, kommersiya işi rəy verilmədən ekspertiza tərəfindən məhkəməyə geri qaytarılmışdır.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1030/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 808.1. Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. 808.3. Komissiya müqaviləsi müəyyən müddətə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər. 809.1. Komisyonçu tapşırılmış işi vicdanla aparmalı və komitentin mənafelərini qorumalıdır. 809.2. Komisyonçu əqdləri vicdanlı üçüncü şəxslərlə bağlamalı və komitentin razılığı olmadan üçüncü şəxslərə kredit verməməlidir. 809.3. Komisyonçu öz işlərinin gedişi, o cümlədən komisyon tapşırığının icrası gedişi barəsində komitentə məlumat verməlidir. 811.1. Komisyonçu əqdin müqavilə şərtləri haqqında, öz adından və sifarişçinin hesabına hərəkətləri yerinə yetirməsi haqqında komitentə məlumat verməyə borcludur. 812.1. Komitentin sərəncamı ilə komisyonçuya göndərilmiş komisyon malı zədələnmiş olduqda komisyonçu komitentin hüquqlarını müdafiə etməli, malın vəziyyəti barəsində sübutlar qayğısına qalmalı və bu barədə dərhal komitentə bildiriş verməlidir.

813. Komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi - qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, Cavabdeh apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)- 1030/2024 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh tutulan “38600 manat əsas” borc - 2600 manat hissəsində, “3045,69 manat faiz borcu” - tam hissədə və “214,94 manat dövlət rüsumu” - 16,94 manat hissəsində ləğv edilməli və həmin hissələrdə iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi müxtəlif adda məhsulların satışını həyata keçirmişdir. İş materiallarından görünür ki, iddiaçı (Komitent) İddiaçı QSC ilə cavabdeh (Komisyonçu) Cavabdeh arasında 22 mart 2022-ci ildə Komissiya müqaviləsi bağlanmış və həmin Müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlərinə görə: - Tərəflər arasında qarşılıqlı hesablaşma dövrü bir təqvim ayıdır. Lakin tərəflər istənilən dövr üçün qarşılıqlı hesablaşma apara bilərlər. Tərəflər müvafiq hesabat dövrü üzrə apardıqları qarşılıqlı hesablaşmanın nəticəsini Aktla rəsmiləşdirirlər (5.2-ci bənd); Hesabat dövründə Komisyonçu özündə olan, lakin satılmamış (pulu Komitentə ödənilməmiş) Malların siyahısını Komitentə təqdim etməlidir. Bu siyahıdakı məlumatların həqiqiliyinə görə məsuliyyət bütünlüklə Komisyonçunun üzərinə düşür. Komitent göstərilən mallara baxış keçirməklə həmin siyahıdakı məlumatları yoxlamaq hüququna malikdir. Əgər Komisyonçu siyahının yoxlanılmasını üçün qalıq kimi göstərdiyi malların Komitentin tələbi ilə ona təqdim təqdim etməzsə və ya yoxlama nəticəsində siyahıda qalıq kimi göstərilmiş malların Komisyonçuda olmadığı müəyyən edilərsə, təqdim edilməmiş və ya əskik gələn malların dəyəri həmin hesabat dövrü üçün Komisyonçunun borclarına yazılır və ondan tutulur (5.3cü bənd). İş materiallarında olan 20 aprel 2022-ci il tarixində tərtib edilərək, mətndə qeyd olunan şəxslər tərəfindən imzlanmış 20 aprel 2022-ci il tarixli Üzləşmə Aktında göstərilir ki, “aşağıda imza edənlər, İddiaçı QSC-nin nümayəndələri X6, X10 və Şəki (Turan qəsəbəsi) rayon mərkəzi anbarı üzrə maddi-məsul şəxs Cavabdeh (şəxsiyyət vəsiqəsi AZE AA*******) bu aktı tərtib edirlər ondan ötəri ki, Cavabdeh İddiaçı QSC-nə xx.xx.2022-ci il tarixinə satılan mallar üzrə 162979,50 (yüz altmış iki min doqquz yüz yetmiş doqquz manat 50 qəpik) manat məbləğində debitor borcu qalmışdır.” İş materiallarında olan 14 dekabr 2022-ci il tarixində tərtib edilərək, mətndə qeyd olunan şəxslər tərəfindən imzlanmış 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktında göstərilir ki, “aşağıda imza edənlər, İddiaçı QSC-nin nümayəndələri – maliyyə direktoru X1, satış departamentinin işçiləri X7, X2 və X10, Şəki (Turan qəsəbəsi) rayon mərkəzi anbarı üzrə maddi-məsul şəxs Cavabdeh (şəxsiyyət vəsiqəsi AZE AA*******) bu aktı tərtib edirlər ondan ötəri ki, Cavabdeh İddiaçı QSC-nə xx.xx.2022-ci il tarixinə satılan mallar üzrə 38600 (otuz səkkiz min altı yüz) manat məbləğində debitor borcu qalmışdır.” İş materiallarında olan 14 dekabr 2022-ci il tarixində tərtib edilərək, mətndə qeyd olunan şəxslər tərəfindən imzlanmış 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktında göstərilir ki, “aşağıda imza edənlər, İddiaçı QSC-nin nümayəndələri – maliyyə direktoru X1, satış departamentinin işçiləri X7, X10 və X2, Şəki (Turan qəsəbəsi) rayon mərkəzi anbarı üzrə maddi-məsul şəxs Cavabdeh (şəxsiyyət vəsiqəsi AZE AA*******) bu aktı tərtib edirlər ondan ötəri ki, 09 dekabr 2022-ci il tarixdə Şəki rayonu Turan qəsəbəsində yerləşən anbarda İddiaçı QSC-nin nümayəndələri Məmmədov Anar və Nəsirov Zamiq tərəfindən keçirilən audit yoxlaması zamanı aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: - NPK(S) 15+15+15(10) məhsulundan 10,447 ton * 1,28 AZN = 13372,2 AZN; NP(S) 20:20+14 məhsulundan 6,55 ton * 1,34 AZN = 8777 AZN; Fargo 18+18+18+ME məhsulundan 25kq * 4,14 AZN = 103,5 AZN; Humantinium (0,75) məhsulundan 0,75 kq * 6,2 AZN = 4,65 AZN. Ümumi məbləği 22257,31 AZN (iyirmi iki min iki yüz əlli yeddi manat 31 qəpik). Şəki Turan anbarının maddi-məsul şəxsi Cavabdeh, yerində aşkarlanmayan mallar haqqında Baş Ofisə məlumat verməyərək, bir qismini öz əkin sahəsinə işlətdiyini, qalan hissəsini isə nisyə satış etdiyini bildirdi.” İş materiallarından görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 13 oktyabr 2023-cü il tarixdə 993 nömrəli X11 ilə nağd şəkildə 2000 (iki min) manat məbləğində və 14 oktyabr 2023-cü il tarixdə isə bank kartı vasitəsi ilə 600 (altı yüz) manat məbləğində olmaqla, yuxarıda qeyd olunan 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktı tərtib edildikdən sonra ümümilikdə cəmi 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaiti ödəmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 19 iyul 2024cü ildə hazırkı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 38600 (otuz səkkiz min altı yüz) manat debitor borcu və 3045,69 (üç min qırx beş manat 69 qəpik) manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 41645,69 (qırx bir min altı yüz qırx beş manat 69 qəpik) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 214,94 (iki yüz on dörd manat 94 qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tаrixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsi ilə həmin iddia ərizəsi təmin edilərək, Cavabdeh 38600 manat əsas, 3045,69 manat faiz borcu və 214,94 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Lakin, Cavabdeh qətnamə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2- 2(117)-1030/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbində “38600 manat məbləğində əsas borcun” və eləcə də, “3045,69 manat məbləğində əldən çıxmış faydanın” tələb olunması 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktı ilə əsaslandırılmışdır və həmin Akt tərtib edildikdən sonra Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 13 oktyabr 2023-cü il tarixdə 2000 (iki min) manat və 14 oktyabr 2023-cü il tarixdə isə 600 (altı yüz) manat məbləğində olmaqla, ümümilikdə cəmi 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd etmək lazımdır ki, həmin ödənişlər barəsində birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddiaçı tərəfindən məhkəməyə heç bir məlumat verilməmiş, cavabdeh tərəf isə ümumiyyətlə birinci instansiya məhkəməsində aparılan məhkəmə icraatında iştirak etməmişdir. Bu barədə məlumatlar və sübutlar yalnız cavabdeh tərəfindən verilən apellyasiya şikayəti ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. İş materialları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan məlumatlarla müəyyən olunur ki, hazırkı iddia ərizəsi 19 iyul 2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və məhkəmə tərəfindən həmin tarixdə qəbul edilmiş qərardadla iş üzrə məhkəmə hazırlıq iclası 14 avqust 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə 14 avqust 2024-cü il tarixdə cavabdeh tərəfin iştirakı olmadan keçirilən hazırlıq iclasında qəbul edilmiş qərardadla isə iş üzrə 04 sentyabr 2024cü il tarixinə məhkəmə baxış iclası təyin edilmiş və həmin tarixdə cavabdeh tərəfin iştirakı olmadan keçirilən baxış iclasında qəbul edilmiş məlum qətnamə ilə iddia tələbi təmin edilmişdir. Odur ki, işin bu qeyd edilən halları nəzərə alınmaqla, cavabdeh tərəfin apellyasiya şikayəti ilə birlikdə təqdim etdiyi sənədlər sübut qismində nəzərə alınaraq qiymətləndirilmişdir. Məhkəmə kollegiyası, ilk növbədə, apellyasiya şikayətində mübahisələndirilən “38600 manat” məbləğində əsas borc tələbi ilə əlaqədar qeyd etməyi lazım bilir ki, tərəflər arasında mövcud olmuş işgüzar münasibətlərin xarakteri, iddia tələbi və həmin iddia tələbinin əsaslandırıldığı 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktında göstərilənlər nəzərə alınmaqla qeyd etməyi lazım bilir ki, zəruri maliyyə-mühasibatlıq sənədlərinin olmaması səbəbindən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəy verilməsindən imtina olunsa da, həqiqətən də iddiaçı tərəfin məhsullarının satışını həyata keçirməsi faktını, məlum Üzləşmə Aktını imzalaması faktını və tərəflər arasında işgüzar əlaqələrin olmasını təsdiq edən bu kimi digər xüsusatları cavabdehin etiraf etməsi - 14 dekabr 2022-ci il tarixinə “38600 manat” məbləğində borcun olmasının təsbit olunduğu 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktının mötəbər sübut kimi qəbul olunmasına əsas verir. Lakin, həmin Akt imzalandıqdan sonra yuxarıda qeyd olunan ümumilikdə cəmi 2600 manat pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi, bu qənaətə gəlməyə əsas verir ki, cavabdehin məlum Akt üzrə 38600 manat məbləğində deyil, cəmi 36000 manat məbləğində əsas borcu qalmışdır. Odur ki, məhkəmə kollegiyası, əsas borcun mübahisələndirildiyi hissə üzrə apellyasiya şikayətinin dəlillərini və işin konkret hallarını araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia tələbinin əsaslandırıldığı 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktı üzrə cavabdehdən iddiaçının xeyrinə 36000 manat məbləğində borc tutulmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası, ödənilməyən əsas borc məbləğ ilə əlaqədar birinci instansiya məhkəməsinin cavabdehdən tutulmasını qət etdiyi “3045,69 manat faiz borcunun” mübahisələndirilməsi üzrə apellyasiya şikayətinin dəlillərini və işin konkret hallarını araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsində iddiaçının xeyrinə cavabdehdən 14 dekabr 2022-ci il tarixinə “38600 manat” məbləğində borcun olmasının təsbit olunduğu 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktı üzrə “3045,69 manat faiz borcunu” tutmaqda - birinci instansiya məhkəməsi haqlı olmamış və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları və tərəflərin münasibətləri baxımından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 19 iyul 2024-cü ildə məhkəməyə təqdim etdiyi hazırkı iddia ərizəsi ilə 14 dekabr 2022-ci il tarixli Üzləşmə Aktında təsdiq olunan “38600 manat” məbləğində debitor borca görə “3045,69 (üç min qırx beş manat 69 qəpik) manat əldən çıxmış faydanı” tələb etməsinin əsaslılığı öz təsdiqini tapmamış və sübut olunmamışdır. Çünki, tərəflər arasında həmin borcun müəyyən edilərək təsdiq olunduğu məlum Üzləşmə Aktı 14 dekabr 2022-ci ildə tərtib edilsə də, iddiaçı həmin borc üzrə ağlabatan qısa bir müddət ərzində deyil, uzun bir müddət keçdikdən sonra, yəni 19 iyul 2024-cü ildə məhkəməyə müraciət etmiş və bununla da, ödənilməyən borca görə “əldən çıxmış fayda” qismində hər hansı bir itkiyə məruz qalmışdırsa belə, bu hal - iddiaçının öz hərəkətsizliyi nəticəsində yaranmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1); Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh tutulan “38600 manat əsas” borc - 2600 manat hissəsində və “3045,69 manat faiz borcu” - tam hissədə ləğv edilib, həmin hissələrdə iddia təmin edilməməlidir. Lakin, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin digər mübahisələndirilən hissələri üzrə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin digər mübahisələndirilən hissələrində ləğv edilməsi və yaxud, dəyişdirilməsi üçün əsas ola bilməz. Bu halda isə Cavabdeh (VÖEN: **********) tutulan borcun miqdarı 36000 (otuz altı min) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, Qanunvericiliyin tələbləri nəzərə alınmaqla, cavabdehdən tutulmalı olan cəmi 36000 manat məbləğində borcun məbləğinə mütənasib olan dövlət rüsumunun məbləği, yəni 198 (yüz doxsan səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi də ona aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh tutulan “38600 manat əsas” borc - 2600 manat hissəsində, “3045,69 manat faiz borcu” - tam hissədə və “214,94 manat dövlət rüsumu” - 16,94 manat hissəsində ləğv edilsin və həmin hissələrdə iddia təmin edilməsin. Cavabdeh (VÖEN: **********) 36000 (otuz altı min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 198 (yüz doxsan səkkiz) manat olmaqla, cəmi 36198 (otuz altı min yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-1030/2024 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar