Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-172/2025 03.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – pul tələbi) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 43147 manat borc, 325 manat vəkilə ödənilmiş haqq və 220 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-908/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı MMC (şirkət) və Cavabdeh (agent) arasında bağlanmış 04 yanvar 2017-ci il tarixli, 2269 nömrəli xidmət müqaviləsinə əsasən, bu müqavilənin predmetini Azərbaycan Respublikası ərazisində İddiaçı MMC-nin xidməti vasitəsilə X1 (ÖQM) vasitələrin yığılması məqsədilə agent əvvəlcədən şirkətin hesabına müəyyən miqdarda depozit formasında vəsait yatırmaqla limit əldə edir, həmin limit miqdarında ödəmələri X1 yığılmasını təşkil edir. 3.2-ci bəndinə əsasən tərəflər arasında bu müqavilənin 01 saylı əlavəsində göstərilən həcmdə ödənilən xidmət haqqı yalnız təsdiq olunmuş üzləşmə aktına və qanunvericilikdə nəzərdə tutulan digər sənədlərə əsasən, hər ay bitdikdən sonra, növbəti ayın 15-25 tarixləri arası agentə bank hesabı və ya nağd pulla təqdim ediləcəkdir. 8.1-ci bəndinə əsasən bu müqavilənin müddəti qüvvəyə mindiyi gündən etibarən 1 il müəyyən edilir. 8.2ci bəndinə əsasən müqavilənin müddətinin bitməsinə ən azı 15 gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilə eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, İddiaçı MMC və Cavabdeh (agent) arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 2269 nömrəli agent müqaviləsinə əsasən, agent tərəfindən 2023-cü il iyul ayı ərzində aşağıda adı çəkilən operatorlar üzrə 525 573 manat yığım sistemə daxil edilmiş, 1073.11 manat komissiya haqqı agentin xeyrinə hesablanmış, ayın əvvəlinə qalıq 109 919 manat, ay ərzində ödənilən məbləğ 588 243 manat, ay sonuna qalıq 47 249 manat təşkil etmişdir. Həmin aktın doğruluğu iddiaçı hüquqi şəxsin möhürü və tərəflərin imzaları ilə təsdiqlənmişdir.
3. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh (agent) 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək (dövr) arayışda adıçəkilən servislər üzrə 533 735 manat yığım sistemə daxil etmiş, 537 836 manat İddiaçı MMC-yə ödənilmiş, dövrün əvvəlinə olan qalıq nəzərə alınmaqla 43148 manat borcu qalmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, “cavabdehdən 43 147 manat borc və 220 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən 43147 manat borc, 325 manat vəkilə ödənilmiş haqq və 220 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 04 yanvar 2017-ci il tarixli, 2269 saylı xidmət müqaviləsinə əsasən Azərbaycan Respublikası ərazisində şirkətin xidməti vasitəsi ilə X1 vəsaitlərin yığılması məqsədi ilə, cavabdeh əvvəlcədən şirkətin hesabına müəyyən miqdarda depozit yatırtmaqla limit əldə edir, həmin limit miqdarında ödəmələrin yığılmasını təşkil edir. Həmin müqavilənin 1 saylı əlavəsinə görə tərəflər ödəmə qəbul məntəqələrindən yığılan pul vəsaitlərinin həcmini və buna uyğun olaraq agentə (cavabdehə) ödənilməli olan xidmət haqqının miqdarını müəyyən etmişlər. Tərəflər arasında imzlanamış xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə agent tərəfindən 2023-cü ilin iyul ayı ərzində, aktda göstərilən operatorlar üzrə 525.573 manat yığım sistemə daxil edilmiş, 1073.11 manat komissiya agentin xeyrinə hesablanmışdır. Üzləşmə aktına görə ayın sonuna 47.249 manat qalıq borc qalmışdır. Bundan başqa 2023-cü ilin dekabr ayında 2024-cü ilin iyul ayınadək olan dövr ərzində 533.735 manat yığım sistemə daxil edilmiş, 537.836 manat şirkətə ödənilmiş, dövrün əvvəlinə olan qalıq nəzərə alınmaqla agentin şirkətə 43.148 manat borcu qalmış və həmin məbləğ bu günə kimi şirkətə ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı qaydada müraciət edilsə də, cavabdeh buna məhəl qoymamış, borc məbləğini bu günə kimi ödəməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iİddiaçının vəkili verdiyi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş etmişdir. Qarşı tərəflə xidmət müqaviləsi imzalanmış, lakin cavabdeh tərəfindən ödənişlər həyata keçirilməmişdir. Onların müəssisəsinin müqavilə bağladığı tərəflər ödəməni fiziki şəkildə həyata keçirmiş və bu ödənişlər proqram təminatına işlənmişdir. Bundan əlavə vəkil xərci ilə bağlı məhkəməyə ərizə təqdim etmişlər. Buna görə də iddia tələbində nəzərdə tutulan məbləğlə yanaşı vəkil xərcinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Eyni zamanda iddiaçı şirkətin anbarında heç bir aparatın olmadığını, bundan əlavə olaraq cavabdehin aparatları istifadə edə bilməyəcəyi təqdirdə onların şirkət tərəfindən 20 faiz güzəştlə alınması məsələsi müqavilədə öz əksini tapmamışdır. Həmçinin, borcun ödənilməsinin aparat və kağızlarla əvəzləşdirilməsi məsələsi icra prosesində də həyata keçirilə bilər.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, onlar iddiaçı şirkətdən ödəmə terminalları almışlar. İlk dəfə 2016-cı ildə aparat almışlar. İddiaçı tərəfdən biri 4000 manatdan olmaqla cəmi 36 ədəd aparat almışlar. Aldıqları aparatları hazırda Mingəçevir şəhərində mağazalara, dayanacaqlara quraşdırmışlar, lakin iddiaçı tərəf onların proqram təminatına girişi dayandırdığından istifadə edilmir. Hər bir aparata bir proqram təminatı yazıla bilər, ona görə də aparatlar istifadəyə yararlı deyil. İddiaçı tərəfə olan borclarının bir hissəsini ödəmişlər. İddiaçı tərəflə razılığa gəlməyə çalışsalar da, iddiaçı tərəf bununla razılaşmamışdır. Bundan əlavə o, Moskva şəhərindən də aparatlar almışdır. Ona məxsus 6 aparat hazırda iddiaçı şirkətin anbarındadır. Borcunu qəbul edir, lakin borcu ödəməyə hazırda maddi imkanı yoxdur. İddiaçı şirkətlə müqavilə bağlayarkən şifahi razılaşmışlar ki, aparatları istifadə edə bilməyəcəkləri təqdirdə onları şirkət 20 faiz güzəştlə özü alacaqdır. Borcu aparat və aparat üçün istifadə edilən kağızla əvəzləşdirib ödəyə bilərlər. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-908/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək iddia Cavabdeh 43147 manat məbləğində borc, 200 manat vəkil xidmət haqqı və 219.44 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qəbul etdiyi qətnamədə göstərmişdir ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanması, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə cavabdehin qalıq borcunun 47 249 manat təşkil etməsi öz təsdiqini tapır. Bundan sonra iddiaçı tərəf cavabdehin 43 148 manat borcunun qaldığını bildirmiş, cavabdeh isə məhkəmə iclasında verdiyi izahatı ilə borcunun olduğunu qəbul etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf öz iddiasını əsaslandıraraq ilkin sübutlarını təqdim etmiş, cavabdeh isə borcunun olduğunu qəbul etmişdir. Bu səbəbdən məhkəmə əlavə araşdırma aparmamış və təqdim edilən sübutlar əsasında yekun məhkəmə qərarı çıxarılması nəticəsinə gəlmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən 43 147 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 789.1, 789.2, 789.3, 789.4, 792.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, OÖ/2269 saylı xidmət müqaviləsinin 3, 4.2-ci maddələrinin və həmin müqaviləyə əlavə olunmuş 01 saylı əlavənin 5-ci bəndinə əsasən, o, agent kimi göstərdiyi xidmətlər müqabilində operatorlar-servislər tərəfindən toplanmış ödənişlərdən faiz nisbətində xidmət haqqı (komissiya) almalıdır. Lakin iddiaçı şirkət yalnız 2023-cü ilin iyul ayı üzrə 1073 (bir min yetmiş üç) manat məbləğində komissiya haqqı ödəmiş, lakin qalan aylara dair xidmət haqqını ona ödəməmişdir. Halbuki, o, 2023-cü ilin iyul ayından 2024-cü ilin iyul ayına qədər olan dövr ərzində agent kimi fəaliyyət göstərmiş, bu müddət ərzində iddiaçı şirkətə xidmət göstərmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi maliyyə arayışında da bu fakt öz əksini tapmışdır. Qeyd olunan arayışa əsasən, 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyul ayına qədər olan dövr ərzində onun vasitəçiliyi ilə "xxxx" MMC-yə cəmi 537.836 (beş yüz otuz yeddi min səkkiz yüz otuz altı) manat ödəniş daxil olmuşdur. Müqaviləyə uyğun olaraq, bu məbləğə görə mənə ödənilməli olan komissiya haqqı 9681 (doqquz min altı yüz səksən bir) manat təşkil edir. Beləliklə, iddiaçı şirkətin ona qarşı 1 (bir) il müddətinə yaranmış komissiya öhdəliyini yerinə yetirməməsi faktı vardır. Bu borcun yalnız 1073 manatı ödənilmiş, 9681 manatlıq komissiya haqqı isə hələ də ödənilməmişdir. Bu isə müqavilə öhdəliklərinin birbaşa pozulmasıdır. Bu halları nəzərə alaraq, qarşılıqlı iddia təqdim etməyinə süni maneələrin yaranması və əsas tələblərinin məhkəməyə vaxtında təqdim olunmaması onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında verdiyi izahata əsasən bildirir ki, o, iddiaçı şirkətdən ilk dəfə 2016-cı ildə ödəniş terminalı (aparat) almışdır. Ümumilikdə 36 ədəd terminal əldə etmiş, hər biri 4000 (dörd min) manat dəyərində olmuşdur. Həmin terminallar hazırda Mingəçevir şəhərində müxtəlif dayanacaqlarda və mağazalarda quraşdırılmışdır. Qeyd edir ki, o, agentlik fəaliyyətini genişləndirmək və xidmət keyfiyyətini artırmaq məqsədilə yalnız iddiaçı şirkətlə kifayətlənməmişdir. Belə ki, əlavə olaraq Moskva şəhərindən də ödəniş aparatları almış və həmin cihazları iddiaçının saxlancına təhvil vermişdir. Həmin cihazları da borc əvəzinə, hər biri 2000 manat dəyərində olmaqla təhvil verməyə hazırdır. Bundan başqa, iddiaçı şirkətlə aramızda şifahi razılıq olmuşdur ki, gələcəkdə o, agent fəaliyyətinə xitam vermək qərarına gəldiyi təqdirdə, şirkət ona və MMC-yə məxsus bütün terminalları 20% güzəştlə geri alacaqdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-908/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən yazılı etiraz verilmiş, həmin etirazda qeyd edilmişdir ki, ...cavabdehin hazırkı mülahizələri əsassız olmaqla yanaşı məhkəməni yanıltmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında borcun olduğunu təsdiq və qəbul edən cavabdehin sonradan apellyasiya şikayəti verərək iddiaçının iddiasının tamamilə rədd edilməsini tələb etməsi məsuliyyətdən yayınmaq cəhdindən fərqli hal kimi qəbul edilməməlidir. Lakin Apellyasiya şikayətində qeyd olunan forma əsaslar ilə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi qanunvericilikdə qarşılıqlı iddianın verilmə imkanı üçün nəzərdə tutulmuş təməl prinsiplərə zidd olmaqla, nəyinki prosessual qənaəti təmin edə, tam əksinə məhkəmələrin lüzumsuz olaraq iş yükünün artmasına səbəb ola bilər. Üstəlik qeyd edirlər ki, cavabdehin şirkətə qarşı hər hansı pul tələbi barədə iddiası mövcuddursa, mülki məhkəmə icraatı qaydasında yeni iddia ilə məhkəməyə müraciət etmək hüququ itirilmir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ümumilikdə 36 ədəd terminal əldə etmiş, hər biri 4000 (dörd min) manat dəyərində olmuşdur. İddiaçı şirkətlə aralarında şifahi razılıq olmuşdur ki, gələcəkdə o agent fəaliyyətimə xitam vermək qərarına gəldiyim təqdirdə, şirkət ona və MMC-yə məxsus bütün terminalları 20% güzəştlə geri alacaqdır. Qeyd olunan xüsusatlar birinci instansiya məhkəməsində araşdırılmış və iddiaçı şirkətin anbarında heç bir aparatın olmadığı, bundan əlavə olaraq cavabdehin aparatları istifadə edə bilməyəcəyi təqdirdə şirkət tərəfindən 20 faiz güzəştlə alınması məsələsi müqavilədə öz əksini tapmamış, cavabdeh tərəfindən bu tələbini təsdiq edəcək hər hansı sübut məhkəmə araşdırmasına təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddia olunanlara dair hər hansı sübutun təqdim edilməməsi ilə yanaşı, hakim tərəfindən fasilə elan edilmiş, tərəflər arasında imzalanmış müqavilə detallı şəkildə təhlil edilmiş və iddia edilənlər ilə bağlı şirkət tərəfindən hər hansı öhdəliyin qəbul edilmədiyi işin halları ilə müəyyən edilmişdir. Bu səbəblə apellyasiya şikayətinin bu hissəsində də qeyd olunanları yalnız formal mülahizələr adlandırmaq mümkündür. Bundan başqa apellyator birinci instansiya məhkəməsinin qətnaməsi ilə və onun əsaslandırma hissəsi ilə tam şəkildə tanış olmamışdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2- 2(117)-908/2025 saylı qətnaməsində Mülki Məcəllənin 789.1, 789.2, 789.3, 789.4 və 792.1 maddələrinə istinad edilərək haqlı olaraq bildirilmişdir ki, tərəflər arasında olan münasibətlər ticarət nümayəndəsi haqqında münasibətlərdir. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alqı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Göründüyü kimi Agent tapşıranın adından və onun hesabına fəaliyyət göstərir, üstəlik bu fəaliyyət üzunmüddətli və davamlı olur. Burada fərqləndirilməli olan məqamlar agentin tapşıranın adından və hesabına çıxış etməsi və bu fəaliyyətin uzunmüddətli olmasıdır. Borc öhdəliyinə dair məsələlər isə ümumi öhdəliyin icra edilməməsinin nəticəsi olmaqla istənilən növ müqaviləyə tətbiq edilə bilər. tətbiq edilə bilər. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-908/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-908/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
28. Maddə 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
30. Maddə 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir.
31. Maddə 789.2. Həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. Aşağıdakılar ticarət agentləri deyildirlər: - 789.2.1. vasitəçilik fəaliyyəti və ya əqdlərin bağlanması ilə təsadüfdən-təsadüfə məşğul olan şəxslər; - 789.2.2. ticarət və xammal birjalarında işləyən şəxslər; - 789.2.3. tapşıranla əmək müqaviləsi bağlamış şəxslər.
32. Maddə 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır.
33. Maddə 789.4. Müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir.
34. Maddə 792.1. Ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2- 2(117)-908/2025 saylı qətnaməsi mübahisələndirilən hissəədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış 04 yanvar 2017-ci il tarixli, 2269 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Azərbaycan Respublikası ərazisində şirkətin xidməti vasitəsi ilə X1 vəsaitlərin yığılması məqsədi ilə cavabdeh əvvəlcədən şirkətin hesabına müəyyən miqdarda depozit yatırtmaqla limit əldə edir, həmin limit miqdarında ödəmələrin yığılmasını təşkil edir. Həmin müqavilənin 1 saylı əlavəsinə görə tərəflər ödəmə qəbul məntəqələrindən yığılan pul vəsaitlərinin həcmini və buna uyğun olaraq agentə (cavabdehə) ödənilməli olan xidmət haqqının miqdarını müəyyən etmişlər. Tərəflər arasında imzlanamış xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə agent tərəfindən 2023-cü ilin iyul ayı ərzində, aktda göstərilən operatorlar üzrə 525.573 manat yığım sistemə daxil edilmiş, 1073.11 manat komissiya agentin xeyrinə hesablanmışdır. Üzləşmə aktına görə ayın sonuna 47.249 manat qalıq borc qalmışdır. Bundan başqa 2023-cü ilin dekabr ayında 2024-cü ilin iyul ayınadək olan dövr ərzində 533.735 manat yığım sistemə daxil edilmiş, 537.836 manat şirkətə ödənilmiş, dövrün əvvəlinə olan qalıq nəzərə alınmaqla agentin şirkətə 43.148 manat borcu qalmış və həmin məbləğ bu günə kimi şirkətə ödənilməmişdir. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan X3 mübahisəni yuxarıda göstərilən qaydadada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
49. Kollegiya ilk öncə onu qeyd edir ki, cavabdeh təkrarən kollegiyanın iclasına gəlmədiyindən onun hazırkı iddiaya qarşı münasibətini və apellyasiya şikayəti ilə bağlı mövqeyini öyrənmək mümkün olmamışdır.
50. Mülki qanunvericilikdə tərəflərin müvafiq xidmətlərin göstərilməsinin təşkili və həyata keçirilməsi ilə bağlı bağladıqları qeyd edilən müqavilənin xarakteri və hüquqi əsasları baxımından ticarət nüayəndəsi (agenti) müqaviləsinin formasına uyğundur. Belə ki, müvafiq muzd müqabilində Tapşırıq alan Tapşıran şəxsə göstərdiyi xidmətlərin təşkili ilə bağlı hüquqi münasibət yaranmışdır. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin birinci instansiya məhkəməsininin iclasında verdiyi izahatları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında 04 yanvar 2017-ci il tarixli, 2269 nömrəli xidmət müqaviləsinin bağlanmasından və xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktının imzalanmasından ibarətdir.
51. Tərəflər arasında xidmət müqaviləsinin bağlanması, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə cavabdehin qalıq borcunun 47249 manat təşkil etməsi öz təsdiqini tapır. Bundan sonra iddiaçı tərəf cavabdehin 43148 manat borcunun qaldığını bildirmiş, cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatı ilə borcunun olduğunu qəbul etmişdir.
52. Kollegiya da tərəflər arasında təsdiqlənmiş həmin üzləşmə aktını mötəbər sübut kimi qəbul edir.
53. Eyni zamanda qarşılıqlı iddia tələbi verilməsi üçün birinci instansiya məhkəməsinə vəsatət təqdim etmiş, lakin məhkəmə iclasında işin mahiyyəti üzrə qərar çıxarılmasına etiraz etmədiyini bildirmiş, iddiaçının vəsatəti təmin edilməmişdir. Göründüyü kimi iddiaçı tərəf öz iddiasını əsaslandıraraq ilkin sübutlarını təqdim etmiş, cavabdeh isə borcunun olduğunu qəbul etmişdir.
54. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəflə bağlanmış müqavilə münasibətinə etibar edərək və inanaraq 32 ədəd online ödəmə aparatları almış, həmin aparatlar hazırda istifadəsiz qalmış, ona ziyan dəymişdir.
55. Kollegiya apellyasiya şikayətinin cavabdehin almış olduğu ödəniş aparatlarını borc əvəzinə, hər biri 2000 manat dəyərində olmaqla iddiaçıya təhvil verməyə hazır olması barədə dəlili bağlı qeyd edir ki, cavabdeh tərəflər arasında belə razılaşmanın olmasına air mötəbər sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir.
56. Bundan əlavə, apellyasiya şikayətinin gələcəkdə cavabdehin agent fəaliyyətinə xitam vermək qərarına gəldiyi təqdirdə, tərəflər arasında iddiaçının cavabdehə və MMC-yə məxsus bütün terminalları 20% güzəştlə geri alacağı barədə şifahi razılıq olmasına dair dəlili də əsassızdır. Belə ki, cavabdeh tərəflər arasında belə razılaşmanın olmasına dair sübutu da təqdim etməmiş (edə bilməmişdir).
57. Kollegiya apellyasiya şikayətinin iddiaçı şirkətin onların proqram təminatına çıxışını birtərəfli qaydada məhdudlaşdırması nəticəsində terminalların fəaliyyətinin dayandırılması və istifadə imkanının qalmaması barədə dəlili ilə də bağlı qeyd edir ki, cavabdeh həmin xüsusatları da təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
58. Yuxarıdada da qeyd edildiyi kimi, cavabdeh borcunun olduğununu birinci instansiya məhkəməsində icraat zamanı təsiqləmiş və bunu apellyasiya şikayətində də etiraf edir.
59. Belə ki cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ... iddiaçı tərəfə olan borcun bir hissəsi artıq ödənilmişdir. Qalan borcun bağlanması məqsədilə iddiaçı tərəflə razılığa gəlməyə çalışmışdır. Belə ki, istifadəyə yararsız vəziyyətdə olan 10 ədəd terminalın hər birinin 2000 (iki min) manat dəyərində qiymətləndirilməsi və borc əvəzinə iddiaçıya qaytarılması, eyni zamanda, ona məxsus MMC tərəfindən istehsal olunan kağız rulonlarının müəyyən qiymətlərlə iddiaçıya təklif olunması barədə qarşılıqlı razılaşma əldə edilməsinə cəhd göstərilmişdir. Lakin iddiaçı tərəf bu şifahi razılaşma ilə razılaşmamışdır.
60. Qeyd edilməlidir ki, müqavilə tərəfinin qarşı tərəfə təqsirli olaraq vurduğu ziyana görə məsuliyyət daşıyır. Lakin hazırkı mübahisə üzrə qeyd edilən online ödəmə aparatlarının alınması və ona görə iddiaçının bağlılığı tərəflər arasında bağlanmış xidmət müqaviləsinin predmetini təşkil etmir və bununla bağlı hər hansı bir müqavilə və ya qarşı tərəfin öhdəliyini özündə ifadə edən sənəd təqdim edilməmişdir. Ona görə də cavabdeh ona vurulmuş ziyan tələbi ilə bağlı ayrıca iddia qaldırmaq hüququnu özündə saxlayır.
61. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh 43147 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
62. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
66. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
67. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
69. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-908/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 908/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov