Məhkəmə qərarları › İş №2-2(107)-2/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-2/2023

28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-2/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki şəhər İcra Hakimiyyəti) qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - "xxxx" MMC-nin vəkili Vəkil, Cavabdeh - X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki şəhər İcra Hakimiyyəti) qarşı “Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən cəmiyyətin uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində aparılan qanunsuz tikinti işlərinin dayandırılması, tikintinin cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi, torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10000 manat maddi və 5000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(117)- 2/2022 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. Şəki Şəhər İHB-nin 28 fevral 1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən 0,96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş, sonuncunun istifadə hüquqları xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış və A seriyalı 201307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır.

2. Eyni zamanda Şəki Şəhər İHB-nin 14 fevral 2014-cü il tarixli 1/27 nömrəli sərəncamı ilə S.Mümtaz küçəsinin qərbində, "xxxx" MMC-nin qarşısında yerləşən 26,85 kv.m torpaq sahəsi 20 il müddətinə sahibkarlıq məqsədilə X3 istifadəsinə verilmiş, həmin torpaq sahəsində sahiblarlıq fəaliyyəti ilə məşğul olması üçün qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmiş və tərəflər arasında 10 iyul 2014-cü il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır.

3. X6 iddia ərizəsi ilə Şəki İnzibat-İqtisadi Məhkəməsinə müraciət edərək Şəki Şəhər İHB-nin 14 fevral 2014-cü il tarixli 1/27 nömrəli sərəncamının 26,85 kv.m torpaq sahəsinin ayrılması hissəsinin dəyişdirilərək 96 kv. m göstərilməsini xahiş etmişdir.

4. Şəki İnzibat-İqtisadi Məhkəməsinin 16 aprel 2015-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Şəki Şəhər İHB-nin 14 fevral 2014-cü il tarixli 1/27 nömrəli sərəncamının 26,85 kv.m torpaq sahəsinin ayrılması hissəsi “72,9 kv.m torpaq sahəsinin ayrılması hissəsində dəyişdirilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibat-İqtisadi kollegiyasının 19 avqust 2015-ci il tarixli, 2-1(107)-179/2015 saylı qərarı ilə cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibat-İqtisadi Məhkəməsinin 16 aprel 2015-ci il tarixli qərarı ləğv edilərək yeni qərar qəbul edilmiş, iddiaçı X3 Şəki Şəhər İcra Hakimiyyətinə qarşı 14 fevral 2014-cü il tarixli, 1/27 nömrəli sərəncamının 26,85 kv.m torpaq sahəsinin ayrılması hissəsinin dəyişdirilərək 96 kv. m göstərilməsi barədə iddiası təmin ediməmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibat-İqtisadi kollegiyasının 19 avqust 2015-ci il tarixli, 2-1(107)-179/2015 saylı qərarından kassasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır.

7. Şəki şəhər İHB Aparatının xx.xx.2021-ci il tarixli 2/274 nörməli məktubu ilə müəyyən edilir ki, Şəki şəhər İH tərəfindən V.Beydullayevə icazəsiz apardığı tikinti işlərini dayandırması tövsiyə olunmuş, aşkar olunmuş pozuntular barədə tədbir görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentiliyinə müraciət olunmuşdur. Həmçinin icazəsiz apardığı tikinti işlərini dayandırması barədə dəfələrlə xəbərdarlıq edilməsinə, qanunamüvafiq qaydada iki dəfə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsinə baxmayaraq tikinti işlərini davam etdirdiyindən onun haqqında daha ciddi tədbirlərin görülməsi üçün Şəki şəhər rayon Polis şöbəsinə müraciət edilmişdir.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentiliyinin xx.xx.2020-ci il tarixli 0597 nömrəli qərarı ilə V.Beydullayev tərəfindən 0,10 m hündürlük səviyyəsində mişarlanmış əhəng daşı ilə hörgü işlərinin aparılması, tikintiyə icazəsinin olmaması müəyyən edilərək tikinti işlərinin dayandırılması qərara alınmışdır.

9. İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı Şəki Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən cəmiyyətin uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində aparılan qanunsuz tikinti işlərinin dayandırılması, tikintinin cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi, torpaqdan səmərəli istifadə etmək imkanını məhdudlaşdırdığına görə 10000 manat maddi və 5000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən 0.96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə Sim-Sim Əşya Bazarının uzunmüddətli istifadəyə verilmiş və hüququları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində uzun illərdir cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılır. Dəfələrlə onlar tərəfindən müvafiq qurumlara, o cümlədən, Şəki şəhər İcra Hakimiyyətinə müraciət olunaraq Vüqar Beydullayevin qanunsuz tikinti işləri aparılması bildirilmiş və köməklik göstərilməsi xahiş olunmuşdur. Müraciətlərdən sonra müvəqqəti olaraq tikinti işləri dayandırıılsa da, V.Beydullayev hazırda yenidən MMC-nin qanuni istifadəsində olan ərazidə qanunsuz olaraq tikinti işlərini davam etdirir. Cavabdeh qanunsuztikinti işləri apardığı üçün dəfələrlə barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Eyni zamanda sözügedən ərazi 110 kv-luq elektrik hava xətlərinin mühafizə zonasında yerləşir. Dövlət Şəhərsalma və Arxitextura Komitəsi Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubunda Vüqar Pirməmmədovun elektrik və magistral qaz xətlərinin mühafizə zolağında tikinti işləri apardığını bildirərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. MMC-nin müraciətinə Şəki şəhər İHB Aparatının xx.xx.2015-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Vüqar Beydullayevin 108 m sahədə özbaşına tikinti işləri apardığı müəyyən olunmuş, müvafiq akt tərtib olunaraq tikilinin sökülüb götürülməsi məqsədəmüvafiq bilinmişdir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə də əraziyə baxış keçirilmiş və həmin torpaq sahəsi 110 kv-luq yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşdiyindən tikinti işlərinin aparılmasının qeyri mümkün olduğu qeyd edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi mübahisəli əraziyə baxış keçirərək tikinti işlərinin dayandırılması barədə xx.xx.2020-ci il tarixli 0597 saylı qərar qəbul etmişdir. X15 bu qərarın tələbinə əməl etməmiş və tikinti işlərini dayandırmamışdır. Nəhayət xx.xx.2021-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin Baş memarı, Şimal-Qərb Regional Tikinti MüfəHişliyininin baş məsləhətçisi və Şəki Şəhər Rayon Polis Şöbəsinin 5 nömrəli inzibati ərazisinin sahə rəisinin iştirakı ilə yenidən əraziyə baxış keçirilərək tikinti işlərini dayandırmayacağı halda qanunamüvafiq tədbirlər görüləcəyi izah edilmiş və müvafiq akt tərtib olunmuşdur. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericliyin tələblərini kobud surətdə pozur, tətbiq edilən cəzalardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Belə ki, MMC mövcud problemlərə görə öz sahibkarlıq fəaliyyətini sərbəst şəkildə həyata keçirə bilmir. Bu isə həm MMC-yə, həm də dövlət büdcəsinin mənfəətinə mane olur. Ona görə də MMC-nin pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsi zəruridir.

11. Birinci instansiya məhkəməsiniun iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsiniun iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, ona ayrılan torpaq sahəsi ona məxsusdur, iddiaçı "xxxx"na heç bir aidiyyatı yoxdur. Onun tikilisi iddiaçının icarəsinə verilmiş torpaq sahəsində yerləşmir. Ekspert onun iştirakı olmadan araşdırma aparıb, gəlib onun obyektinin şəklini çəkib və gedib. Ekspert düzgün rəy verməyib, onun yeri orda deyil. Şəhər rəhbərliyi tərəfindən ona şifahi və yazılı xəbərdarlıqlar olunması isə doğru deyildir.

13. Birinci instansiya məhkəməsində işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

14. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 08 iyun 2022-ci il tarixli, e-2-2(117)-2/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş 0,96 ha torpaq sahəsində cavabdeh X6 tərəfindən inşa edilmiş tikili cavabdehin öz vəsaiti hesabına sökülməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manat hissəsi iddiaçı "xxxx" MMC-dən, 25 manat hissəsi cavabdeh X2 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/197 nömrəli ekspert rəyinə əsasən X6 tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür.

16. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən tikilmiş tikili iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşdiyindən, bununla da iddiaçının qanunla müəyyən edilmiş istifadə hüquqları pozulduğundan cavabdeh tərəfindən tikilmiş mübahisə predmeti olan tikili cavabdehin öz vəsaiti hesabına sökülməlidir.

17. Məhkəmə iddia tələbinin tikilinin dayandırılması ilə bağlı hissəsində hesab etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazidə tikinti işləri getmir, faktiki olaraq qapı-pəncərə sexi kimi istifadə edilir.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsindən səmərəli istifadə etmək imkanının hansı vaxtdan məhdudlaşdırılması, torpaq sahəsindən səmərəli istifadə etməklə nə qədər gəlir əldə edəcəyi, həmçinin bunun nəticəsində iddiaçıya məhz 10000 manat dəyərində maddi zərərin dəyməsinə dair hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

19. Məhkəmə 5000 manat mənəvi zərərin ödənilməsinə münasibətdə qeyd etmişdir ki, iş üzrə iddiaçı hüquqi şəxsdir. Hazırkı iş üzrə iddaçı hüquqi şəxs mənəvi zərərin tutulmasını tələb edir. Hüquqi şəxsə münasibətdə isə mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. Buna qanunla yol verilmir. Bu səbəbdən də iddia həmin hissədə də əsassız olduğundan rədd edilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 23.6, 139.1, 157.2, 157.8-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh X1 Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(117)- 2/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan çıxarılan bu qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, onların tikdirdiyi obyekt qanunidir. Həmin obyektin sökülməsi üçün əsas yoxdur. Obyektin sökülməsinə razı deyildir. Əksinə, iddiaçı ona ayrılmış öz torpaq sahəsindən istifadə etməyinə maneəçiliklər törədir. İddiaçının tələbi əsassızdır və rədd edilməlidir. O, hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Əksinə, onun obyekti şəhər memarlıq fonuna ziddiyət yaratdığından İHB-nın əməkdaşlarının göstərişi ilə ona obyekti sökərək obyektin arxasında yenidən bərpa edilməsi deyilmişdir. Qətnamədən belə çıxır ki, mənim insa etdirdiyim obyek Sim-Sim Əşıya Bazarı MMC-nin balansında yerləşir. İddiaçının iddiası əsassızdır və heç bir hüquq normasına uyğun deyildir. Onun belə bir tələblə iddia qaldırmaq hüququ yoxdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2- 2(117)-2/2022 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil Rəhim oğlu apellyasiya şikayətinə etiraz edərək şukayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etdi.

26. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki Şəhər İcra Hakimiyyəti məhkəmə kollegiyasına məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edildiyi hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

36. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, yerində baxış keçirib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(117)-2/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

50. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçi olmasa da, qanuni əsaslarla, yəni icarə əsasında mübahisə predmeti olan torpaq sahəsinə sahiblik edir və onun mülkiyyətçi olmasa da sahibliyində olan torpaq sahəsində başqası tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin sökülməsini tələb edir və bununla da hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ vardır.

51. İşin məhkəmə araşdırması zamanı Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X6 tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür. Mübahisə predmeti olan ərazidə tikinti işləri getmir, faktiki olaraq qapı-pəncərə sexi kimi istifadə edilir.

52. Bundan başqa işin apellyasiya baxışı zamanı Şəki Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssiləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir.

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 10/8215 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunur ki: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci İl tarixli, **********26 saylı mütəxəssis rəyinə əsasən, X4 tikinti məqsədi ilə icarəsinə verilmiş torpaq sahəsinin sxemlərində döngə və istinad nöqtələrinin koordinatlar olmadığından həmin torpaq sahəsinin X4 faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. - 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı mütəxəssis rəyinə əlavə edilmiş 1:1000 miqyaslı sxemdən görünür ki, cavabdeh X4 faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi iddiaçı "xxxx" MMC-nin sənəd üzrə olan torpaq sahəsinin daxilində yerləşir.

54. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhər İHBnin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən 0,96 ha torpaq sahəsi sahibkarlıq məqsədilə "xxxx" MMC-nin uzunmüddətli icarəsinə verilmiş, sonuncunun istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/197 nömrəli və 27 fevral 2023-cü il tarixli 10/8215 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, X6 tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsinin qərbində yerləşən torpaq sahəsində inşa edilən tikili Şəki şəhər İHB-nin xx.xx.1997-ci il tarixli 97 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş, RX seriyalı ******* nömrəli hüquqlarının Dövlət qeydiyyatından çıxarışda və A seriyalı 301307 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,96 ha torpaq sahəsində yerləşir və üst-üstə düşür.

55. Cavabdehin tikinti məqsədi ilə icarəsinə verilmiş torpaq sahəsinin sxemlərində döngə və istinad nöqtələrinin koordinatlar olmadığından həmin torpaq sahəsinin cavabdehin faktiki istifadə etdiyi tikili altında olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır.

56. İş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. (§ 35)

58. “X10rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

59. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Şəki şəhəri İHB-nin xx.xx.2014-cü il tarixli, 1/27 nömrəli sərəncamı ilə ona 20 il müddətinə verilmiş 26,85 kv.m torpaq sahəsi məhz S.Mümtaz küçəsinin qərbində, "xxxx" MMC-nin qarşısında yerləşir. Hazırkı vəziyyətdə cavabdehin icarə hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmadığından onun icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyildir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tikilmiş tikilinin özünün icarəsinə verilmiş torpaq sahəsində deyil, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsi öz təsdiqini tapmışdır.

60. Cavabdeh onun istifadəsinə verilmiş torpaq sahəsinin döngə və istinad nöqtələrinin koordinatlarını dair sübutları təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (§ 32).

61. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin təqdim etdiyi sənədlərdə torpaq sahəsi müxtəlif ölçülərdə göstərilmişdir.

62. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən tikilmiş tikili iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsində yerləşdiyindən, bununla da iddiaçının qanunla müəyyən edilmiş istifadə hüquqları pozulduğundan cavabdeh tərəfindən tikilmiş mübahisə predmeti olan tikili sonuncunun öz vəsaiti hesabına sökülməlidir.

63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

65. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

66. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

68. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

69. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(117)-2/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

71. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh X2 tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X8, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X6 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(117)-2/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh X2 tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X8, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar